Mədəniyyətin gender aspektləri

Mədəniyyətin gender təhlilində, genderin mədəni quruluşunda kişi və qadın təfəkkür üslubları, maskulin və femin dərketmə paradiqmaları münasibətlərini öyrənmək ayrıca bir əhəmiyət daşıyır. Androsentist bir cəmiyyətdə uzun müddət qadında məntiqi təfəkkür qabiliyyəti olmamasına dair təsəvvür formalaşmışdır. Bu imtiyaz isə kişiyə verilmişdi. Ancaq araşdırmalar artıq bu təsəvvürün əleyhinə nəticələr göstərir. Kişi məntiqinin hökm sürdüyü cəmiyyətdə qadın kişi təfəkkürü qaydalarını qəbul edərək sosiallaşır, o cümlədən, gender rolu və stereotiplərini mənimsəyir. Belə bir şəraitdə, daha doğrusu, maksulin məntiqin hökm sürdüyü dövrlərdə formalaşan dünyadərki gender asimmetriyasını təsbit edir. Kişi və qadın təfəkkür üslubları, dərketmə paradiqmaları münasibətini öyrənmək baxımından da bədii ədəbiyyat çox dəyərli vasitə və qaynaqdır.
Sosializmdən öncəki dövrü əks etdirən əsərlərdə cinslərarası münasibətlərdə gender bərabərsizliyi özünü daha açıq şəkildə göstərməkdədir. Bu münasibətlərin tənzimlənməsində ənənələrin rolu mühümdür. Cinslərarası münasibətlərdə şəraitin çox vaxt yalnız təfsiri, bu təfsirdən çıxan hökmlər iştirak edir. Qadının hüququ geniş deyil. Bununla belə, Azərbaycanın milli mentalitetinə xas olan qadına tarixi ehtiram ənənəsindən irəli gələrək bu əsərlərdə təsvir edilən cəmiyyətdə qadına hörmət duyğusu özünü daim hiss etdirir.
Bununla belə, qadın ictimai həyatın hələ kişilərlə bərabər iştirakçısı deyil. M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, N.Nərimanov və s. kimi müəlliflərin əsərlərində bu deyilənlər görünməkdədir. Bu əsərlərdən məlum olur ki, kənd, elat mühitində mövcud cinslərarası qarşılıqlı münasibətlərin məzmunu ilə şəhər mühitindəki, təəssübkeşliyin daha kəskin olduğu mühitdəki analoji münasibətlərin məzmunu arasında müəyyən fərq vardır. Belə ki, elat mühitində yaşayan qadınlar şəhərdəki, təəssübkeş mühitindəki həmcinslərinə nisbətən ictimai həyatda müəyyən azadlıqdan istifadə edə bilmişlər. Məsələn, M.F.Axundovun komediyalarında qadınlar kişilərin üstünlüyü, dominantlığı mövcud olan mühitdə zirəkdirlər, yeri gəldikdə, kişilərə ağıllı məsləhətlər verirlər. Ümumiyyətlə, M.F.Axundovun 1850-1855-ci illərdə yazdığı altı komediya «Hekayəti-Molla İbrahimxəlil kimyagər». «Hekayəti-müsyö Cordan həkim nəbatat və dərviş Məstəli şahcadukuni-məşhur», «Hekayəti xırs quldurbasan», «Sərgüzəşti-vəziri-xani-Lənkəran», «Sərgüzəşti-mərdi-xəsis» («Hacı Qara»), «Mürafiə vəkillərinin hekayəti» Azərbaycanın o zamankı sosiomədəni həyatının cins-rol münasibətləri baxımından xarakteristikasının canlı ifadəsidir. Bu mühitdə kişinin hökmü üstündür, ancaq qadının da mövqeyinə də yer verilir. Onun sosial statusu var.
C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povestində qadın hüquqsuzluğu qatı bədii boyalarla verilir. Xudayar Katda – Zeynəb qarşılıqlı münasibətlərində gender bərabərsizliyinin tipik təcəssümü təqdim edilir. «Ölülər» dramında İskəndər – Nazlı xətti cəmiyyətdəki mövcud cins-rol münasibətlərinin durumunu əks etdirir. Nazlı cəmiyyətin dərdlərini, ağrılarını duyan, ancaq doğru bir çıxış yolu tapa bilməyib içkiyə qapılan İskəndərin kiçik yaşlı bacısıdır. İskəndərin Nazlıya müraciətlə dediyi sözlər cəmiyyətdəki gender münasibətlərini xarakterizə edir: «Ey mənim gözəl, Nazlı bacım!.. Bir bax, həyətdə gün çıxıb: sən ki, o günü görməyəcəksən, nəyə lazımdır, onun işığı. Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?!». Bununla belə, Mirzə Cəlilin əsərlərində cəmiyyətdəki gender münasibətlərini daha sərt şəkildə, real duruma nisbətən daha kəskin şəkildə verildiyini deyə bilərik.
XX yüzilin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi mühitində «qadın azadlığı» məsələsinin qadın emansipasiyası ideyasının aktivləşməsi ilə bağlı M.Ə.Sabir qadın azadlığının boğulmasına qarşı kəskin bədii-satirik bir dil ilə mübarizə aparır. M.Ə.Sabir kiçik yaşlı qızların yaşlı, qoca kişilərə ərə verilməsini qamçılayır:
Ol gün ki, adaxladız, utandım,
Oğlandı dediz, ərin, inandım,
Ər böylə olurmuş?! İndi qandım,
Xandostu, amandı, qoyma gəldi!
Kirdarı yamandı, qoyma gəldi!
Qadının maarifdən, təhsildən məhrum qalmasını isə qadının öz dilində belə ifadə edir:
… Evimizdə var idi hər nə desən: Qatıq, ayran ilə qaymaq, nə yesən! Nə bilirdik nə zəhirmardı kitab? Biz olan evdə haçan vardı kitab?
Hüseyn Cavidin yaradıcılığında qadın azadlığı probleminin işlənməsi mərkəzdə durur. Böyük sənətkar bəşəriyyətin yüksəlişini, gerilikdən qurtuluşunu qadının cəmiyyətdə durumu ilə bağlayırdı: Qadın gülərsəşu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
H.Cavid yaradıcılığında cinslərarası münasibətlərin, gender sisteminin romantik şərhi verilir. Şairin ilham pərisi kimi baxdığı müsəlman Şərq qadınının cəmiyyətdə durumu heç də ürək açan deyil. Bu qadın eyni adlı şeirdə belə təqdim edilir:
Mən nə idim? Şərqin əzilmiş qadını! (Bir az sükut…) Mən nə idim? Uf, onu heç sormayınız! Varlığım bir quru heç.
«Varlığı heç olan» bu qadın gözəldir. Cəmiyyət həyatında yeri məhdud olsa da, seksual obyekt olaraq diqqət mərkəzində durur: «Vardı bir çox tapınanlar da mana // Çünki pək dilbər idim» — deyir. Artıq o qaranlıq günlər arxada qalır, şərq qadını azadlığına nail olur və «Şərqin azadə, gülər bir qızıyam» deyir. Deməli, cəmiyyət həyatında baş verən sosial-siyasi dəyişmələr gender sisteminin məzmununda əksini tapmışdır.
Bu muhitin qadını ərinin haqsızlığını duysa belə, yenə ona boyun əyir və sevgidə səmimidir, vəfalıdır. N.Nərimanovun «Nadir şah» dramındakı Gülcahan, İ.Şıxlının «Dəli Kür» romanındakı Zərnigar buna örnəkdirlər. «Dəli Kür»də Cahandar ağa – Şahnigar xanım xətti cəmiyyətdəki cinslərarası münasibətləri daha qabarıq açıb göstərir, mənalandırır. Ənənələr ilə yoğrulmuş Cahandar ağa dedi-qodu, iftira qarşısında dözməyərək bacısını qətlə yetirir. Onun cəmiyyətindəki «əsil kişi» və «əsil qadın» təsəvvürləri onu belə bir hərəkətə məcbur edir.
İ.Şıxlının «Ölən dünyam» romanı müasir Azərbaycan ədəbiyyatının ən böyük nailiyyətlərindən biridir. Roman XIX sonu – XX yüzilin əvvəllərində Azərbaycan sosiomədəni həyatının bədii təcəssümü olub, cinslərarası münasibətlərin müxtəlif çalar və təzahürü ilə müxtəlif səviyyəli və məzmunlu gender stereotipləri şəbəkəsi ilə zəngindir. «Ölən dünyam»dakı cəmiyyətdə qadın hüquqsuz deyil, hətta o, öz ağıl və bacarığı ilə bir nəslin başında durur. Əlbəttə, bu cəmiyyətdə gender bərabərsizliyi müəyyən səviyyədə özünü göstərir. Ancaq cinslərarası münasibətlərdə kəskin ziddiyyət və qarşıdurma yoxdur. Bu cəmiyyətdə əxlaqi dəyərlər öz sağlamlığını qorusa da, artıq bir təhlükə, yeni təsirlərin hücumu qarşısında olduğu da görünməkdədir.
Sosializm dövründə araşdırmanın əvvəlki qismində deyildiyi kimi, kişi və qadın münasibətlərinin məzmununda qadın obrazında yenilik baş verdi. Azərbaycan qadını ilk öncə hüquqi, sonra isə real hüquqi imkan və azadlıqlar qazandı. Qadın hüququnun genişlənməsində, hüquq baxımından kişi ilə bərabər olmasında partiya və hökumətin himayədarlığı, təşviqi mühüm rol oynadı. Məhz bu himayə sayəsində qadın tezliklə cəmiyyət həyatının fəal iştirakçısına çevrildi. Ancaq ictimai və xüsusi həyat sahəsinin ideologiyalaşdırılması, qadının istehsalata geniş ölçüdə cəlb olunması, əlavə yüklə yüklənməsi və s. yeni ayrıseçkiliyə gətirib çıxarır, gender bərabərsizliyinin bir qaynağını yaradırdı.
Sosializm dövründə cinslərarası münasibətlərdə, qadının sosial statusunun yüksəlişi bədii ədəbiyyatda da öz əksini tapdı. Bu baxımdan C.Cabbarlı və İ.Əfəndiyev yaradıcılıqlarının gender baxımından müqayisəli təhlili sosializm dövrü gender münasibətlərinə dair real təsəvvür yaratmağa imkan verir. C.Cabbarlı qadın adlarını daşıyan bir sıra hekayə («Dilarə», «Gülzar», «Dilbər», «Firuzə» və s.) və pyeslər («Sevil», «Almaz», Dönüş») yazmış, dövrün cinslərarası münasibətləri bu obrazların bədii ifadəsində əksini tapmışdır.
C.Cabbarlının «Sevil», «Almaz», «Dönüş» və s. kimi pyesləri qadın azadlığının reallaşmasını, XX yüzilin 20 – 30-cu illərində Azərbaycanda qadın hərəkatının gedişini əks etdirir. Bu baxımdan Sevil obrazı maraq doğurur. Öz hüququnu ilk öncə anlamayan, ərindən böyük insan tanımayan və küçəyə çadrasız çıxmayan Sevil çevrəsində baş verən hadisələrin, ictimai dəyişmələrin təsirilə çadrasını çıxarıb ictimai həyata atılır. Partiya və hökumətin qayğısı və müdaxiləsi Sevillərin hərəkətini, mübarizəsini təşviq edir, onları qoruyur. Almaz artıq mübarizədə bərkimiş, ictimai həyatda daha inamla iştirak edən qadın obrazıdır.
İ.Əfəndiyevin «Körpüsalanlar» romanı 1960-cı ildə yazılıb. Bu elə bir dövr idi ki, Qərbdə qadın hərəkatının – feminizmin yeni yüksəlişi başlamaqda, sovetlər ölkəsində, o cümlədən, Azərbaycanda onun təsirləri duyulmaqda idi. Romanda Səriyyə – Adil xətti Azərbaycanın sosiomədəni həyatında mövcud olan gender münasibətlərini əks etdirir. Adil hər baxımdan cəmiyyətdə kökləşmiş kişi təsəvvürlərinə cavab verən bir obrazdır. Yazıçı Adili Səriyyənin dili ilə belə təqdim edir: «Ortaboylu, yaraşıqlı bir oğlan idi. Olduqca təmiztarix, səliqəli geyinərdi. Məclislərdə, cəmiyyət içində özünü ləyaqətlə aparardı, artıq-əskik danışmazdı. Hamı onun çox ağıllı, hər şeyin yerini bilən bir Adam olduğunu, çox irəlilərə gedəcəyini söyləyirdi». Səriyyə də cəmiyyətin «əsil qadın» təsəvvürlərinə uyğun gənc bir qadın idi. Bir qadın olaraq dərin mühakimələrə dalmaq onun işi deyildi. Onun bu durumu mövcud gender stereotipini əks etdirirdi. O, Adilin «xoşbəxtlik» haqqında mühakimələrini dinləyərkən özü haqqında deyir: «Onun … sözlərini unutmadım. Lakin o sözlərin mahiyyətini dərk etmək, əsl xoşbəxtliyin nədən ibarət olduğunu anlamaq mənim gücüm çatan iş deyildi. Məni isə mühakimədən artıq duyğular cəlb edirdi».
Adilə görə qadın kişidən hər baxımdan, təhsil səviyyəsində, xarici görkəmdə bir pillə aşağı olmalı idi. Belə olduqda, ailə həyatında nizam mövcud olardı.
Onlar bir-birini sevərək evlənmişlər, rahat ailə həyatını pozacaq bir şey yoxdu. Ancaq Adil yol idarəsinə rəis təyin edildikdən, Səriyyənin də yol-körpü tikintisində fəal iştirakından sonra vəziyyət getdikcə dəyişməyə başlayır. Səriyyə ictimai həyatda öz yerini, ləyaqətini dərk etməyə başladıqca Adilin standart «qadın» və «kişi» təsəvvürləri ilə qarşılaşır, onların arasında gərginlik artaraq sonda ayrılırlar.
Əgər C.Cabbarlının Sevili, Almazı ictimai həyata partiya və hökumətin dəstəyi ilə atılırsa, İ.Əfəndiyevin Səriyyəsi cəmiyyətdə özünütəsdiqinə öz mübarizəsi ilə nail olur. Səriyyə tədricən irəliləyərək zamanı, cəmiyyəti və cəmiyyətdəki yerini dərk edə bilən qadın səviyyəsinə yüksəlir.
İkinci dünya müharibəsi illərində arxa cəbhədə gecə-gündüz həm qadın, həm də ənənəvi «kişi sahəsi»ndə kişi məşğuliyyətində çalışan qadınlarımızın bədii obrazı, qadının «kişi dözümü»nün, cəsurluğunun, ağrılı günlərdə keçirdiyi mənəvi-psixoloji və fiziki yaşantılarının bədii ifadəsi İ.Hüseynovun yaradıcılığında mühüm yer tutur. Yazıçı cəmiyyət həyatında qadınların kişilərlə bərabər sosial statusda iştiraka tamamilə haqlı olduqlarını təsirli, inandırıcı bədii boyalarla təqdim edir.
Bəhs olunan dövrdə Azərbaycanın Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanımana Əlibəyli, Xalidə Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər «qadın məsələsi» də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür üslubunun məhsulu olan qadın obrazları yaradılmışdır.
Bəhs olunan dövrdə Azərbaycanın musiqi incəsənəti də inkişaf mərhələsini keçirmişdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Arif Məlikov və b. görkəmli bəstəkarların yaradıcılığında «qadın azadlığı», «qadın məsələsi» mühüm yer tutur. Onların yaratdığı «Leyli və Məcnun», «Əsli və Kərəm», «Koroğlu», «Arşın mal alan», «O olmasın bu olsun» (Ü.Hacıbəyov), «Sevil» (F.Əmirov), «Şah İsmayıl», «Nərgiz» (M.Maqomayev), «Yeddi gözəl», «İldırımlı yollarla» (Q.Qarayev), «Məhəbbət əfsanəsi» (A.Məlikov) və s. kimi opera, operetta və balet əsərlərində qadın azadlığı, qadının yüksəlişi uğrunda mübarizə, qadının cəmiyyətdə və ailədəki durumu musiqi dili ilə yüksək səviyyədə ifadə olunmuşdur.
Bəhs olunan dövrün problemlərini, zövq və ideallarını əks etdirən bədii ədəbiyyat və musiqi əsərlərinin gender təhlili «məhdud hüquqlu qadın» obrazından «öz mübarizliyi ilə özünü təsdiqləyən qadın» obrazına doğru bir yüksəlişi izləməyə imkan verir.
XX yüzilin ikinci yarısında Qərbdə dil və ədəbiyyatın gender aspektinin öyrənilməsində əldə edilən elmipraktiki nailiyyətlər, dilin feminist tənqidi və feminist ədəbi tənqid kimi yeni istiqamətlərin müəyyənləşməsi ölkəmizdə də dil və ədəbiyyatın gender aspektini ətraflı şəkildə ortaya qoymaq üçün metodoloji-nəzəri imkanlar yaratdı. Bu baxımdan dilin feminist tənqidi və feminist ədəbi tənqid istiqamətlərinin təşəkkül və mahiyyətinə burada toxunmaq məqsədəuyğun xarakter daşıyır.
Mədəniyyətin inkişaf səviyyəsi insanın ləyaqət və azadlığına münasibətlə, insana bir şəxsiyyət olaraq özünüreallaşdırma imkanı verilməsi ilə sıx bağlıdır. Bu ləyaqət və azadlığın, özünüreallaşdırma imkanının təminat səviyyəsini isə etnik, irqi ayrıseçkilik, o cümlədən cins ayrıseçkiliyi yüksəlməyə qoymur. Qərbdəki feminizm və müxtəlif ölkələrdəki qadın hərəkatları da cins ayrıseçkiliyinin cəmiyyət həyatının müxtəlif sferalarında təzahürləri nəticəsində meydana gəlmişdi. XX yüzilin 60-cı illərindən başlayaraq Qərbdə feminizmin yeni yüksəlişi, elmi-fəlsəfi fikirdə yeni meyillərin ortaya çıxması nəticəsində dilin feminist tənqidi (feminist linqvistika və ya gender linqvistikası) və feminist ədəbi tənqid kimi yeni elmi istiqamətlər meydana gəldi.
Qərbdə XX yüzilin 60-70-ci illərində formalaşan dilin feminist tənqidinin meydana gəlməsi elmi ədəbiyyatda ekstralinqvistik (dilxarici) və intralinqvistik (dildaxili) xarakterli səbəblərlə əlaqələndirilir.
ABŞ və Avropada qadın hərəkatının yeni inkişaf mərhələsinə daxil olması, feminizm ideyalarının daha geniş yayılması, postmodernizm fəlsəfəsinin və «Koqnitiv təkamül»ün inkişafı ekstralinqvistik xarakterli səbəblər idi. XX yüzilin ortalarında (50 – 60-cı illərdə) dilçiliyin özündə də yeniliklər baş verdi: praqmatika, psixolinqvistika, kəmiyyət sosiolinqvistikası (və ya kvantitativ sosiolinqvistika), kommunikasiya nəzəriyyəsi kimi yeni elmi istiqamətlər yarandı. Dilçilik elmi tarixində ilk dəfə olaraq insanın biososial xüsusiyyətləri, o cümlədən cinsi ilə dil arasındakı qarşılıqlı əlaqəyə dair problemin öyrənilməsi diqqət mərkəzində durdu. Eyni zamanda bəhs olunan dövrdə elmdə strukturalizmdən praqmatika paradiqmasına keçildi. Strukturalizm «dili «özlüyündə və özü üçün» mövcud olan bir hadisə, qapalı struktur hesab edir», dilçilik elminin yalnız dildaxili hadisələri öyrənməli olduğunu, digər elmlərə ehtiyacı olmadığını irəli sürürdü. Praqmatika isə dil işarələri – dil vahidləri ilə bu vahidlərdən, işarələrdən istifadəedənlər arasındakı əlaqəni öyrənən yeni araşdırmalar idi.
Beləliklə, bu göstərilən səbəblər nəticəsində dilin feminist tənqidi kimi yeni elmi istiqamət formalaşdı. Nitqdə, dildə kişi və qadın xüsusiyyətlərinin ilk sistemli təsviri german və roman dilləri əsasında yerinə yetirildi. Robin Lakoffun «Dil və qadınların yeri» (1975-ci il, ingiliscə), Luiza Puşun «Alman dili kişi dilidir» (1984) və Senta Tremel – Pletsin alman dili materialları əsasında yazdığı «Qadın dili dəyişikliklər dilidir» (1995) adlı ktabları dilin feminist tənqidinə dair başlıca əsərlər kimi müəyyənləşdi.
Dilin feminist tənqidçiləri dildə «kişi» düşüncə tərzinin üstünlük təşkil etdiyini irəli sürərək buna qarşı çıxdılar. Onların iddiasına görə dildə dünyanın mənzərəsi kişi baxışından qeydə alınmış, dillərdə dünyanın gender mənzərəsinin əks olunması anlayışların eyniləşdirilməsi ilə təqdim edilmiş, qadın cinsini bildirən isimlər kişi cinsinə aid isimlərdən törədilmiş və maskulinlik ilə feminlik kəskin şəkildə bir-birindən ayrılmış, nəticədə onlar qarşı-qarşıya qoyulmuşdur. Dilin feminist tənqidçilərinin başlıca məqsədi dildə patriarxat şüurun tənqidi və dildə qadın obrazının kiçildilməsini dil və nitqdə mövcud olan seksist asimmetriyanı, dil androsentrizmini aradan qaldırmağa yönələn dil islahatını həyata keçirmək idi.
Qərbdə dil ilə bağlı müasir gender araşdırmalarında üç başlıca yanaşma müəyyənləşib. Birinci yanaşma «qadın» və «kişi» dilinin sırf sosial təbiətinin şərhini ifadə edir, kişi və qadın dilinin fərqlərini sosial hakimiyyətin yenidən bölgüsü ilə əlaqələndirir; ikinci yanaşma sosiopsixolinqvistik yanaşma olub, «qadın» və «kişi» dilini cinslərin dil davranışı xüsusiyyətlərinə endirir; üçüncü yanaşma isə cinslərin dil davranışlarındakı fərqin dərk edilə bilən aspektini əsas tutur.
Dilin feminist tənqidinin (gender linqvistikasının) nəzəri əsasını tənqidi dilçiliyin əsas konsepsiyaları, alman filoloqu, filosof və dilçisi V.Humboldtun (1767-1835) nəzəri baxışları və Sepir-Uorf hipotezi, yəni «dil nisbiliyi nəzəriyyəsi» təşkil edir. V.Humboldt dilin fasiləsiz yaradıcı proses, «fikri formalaşdıran orqan» və xalqın fərdi dünyagörüşünün, milli ruhun ifadəsi olmasına dair təlimi ortaya qoymuşdu. Ona görə, dil insanın fikir və davranışına, cəmiyyətin inkişafına təsir göstərir. İnsanın dünya haqqında təsəvvürləri sisteminin formalaşmasına dilin təsirinə dair Sepir-Uorf hipotezinə görə dil cəmiyyətin məhsulu olmaqla bərabər onun təfəkkürünü, mentallığını formalaşdıran vasitədir.
Müxtəlif dillərdə gender asimmetriyasını öyrənən feminist linqvistika, yaxud gender linqvistikası dilçilik elminin inkişafına, qadının sosial durumuna əhəmiyyətli təsir (müsbət anlamda) göstərdi. Gender linqvistikası «qadına dil vasitəsilə özünü başqa cür görməyə», dildə özünü başqa cür ifadə etməyə, sadəcə olaraq eşidilən, duyulan olmağa imkan verdi» və bu isə onun – gender linqvistikasının ən başlıca uğuru sayılır.
Dilin feminist tənqidinin ana xəttini dildə gender asimmetriyasını, cinsə görə ayrıseçkiliyi, bərabərsizliyi aradan qaldırmaq təşkil edir. Burada dildə cins qateqoriyasının varlığı məsələsi qarşıya çıxır. Məlumdur ki, cins kateqoriyası Hind-Avropa dilləri, Sami dilləri, Dravid dilləri üçün daha çox xarakterikdir. Ancaq türk dillərində, o cümlədən Azərbaycan dilində isə qrammatik cins kateqoriyası yoxdur və bu situasiya maraq doğurur, aktual əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan dili gender təhlili üçün olduqca zəngin bir məkandır və araşdırmalarını gözləyir.
Qərbdə dilin feminist tənqidi ilə təqribən eyni vaxtda feminist ədəbi tənqid də özünü göstərərək elmi istiqamət kimi formalaşdı. Bu ədəbi yaradıcılığın gender aspektini müasir tələblər səviyyəsində araşdırıb ortaya qoymaq idi.
Yüzillər boyu ədəbi əsərlərin yaradıcıları kişilər olmuşdu. Qadın müəlliflərin sayı isə olduqca məhdud idi. Kişi müəlliflərin əsərlərindəki həyat gerçəkliyinin bədii təsviri, obrazlar, surətlər, personajlar, o cümlədən qadın obrazları, mətndəki cinslərarası münasibətlər kişi düşüncəsinin, kişi bədii təfəkkürünün məhsulu idi. Dünyanın qadın gözü ilə əks etdirilməsi isə arxa plana keçirilmiş, hətta unudulmuşdu. Bütün bunlar ədəbiyyatda gender asimmetriyasını təsbit etmişdi.
Feminist ədəbi tənqidinin əsas məqsədi qadın müəllifliyi, qadın mütaliəsi və qadın yazı üslubu baxmından ciddi, etiraf olunmuşədəbi mətnlərin klassik qaydalarını yenidən dəyərləndirməkdən ibarət idi. Feminist ədəbi tənqid fəlsəfi-nəzəri baxımdan müxtəlif biçimdə özünü göstərsə də, onun müxtəlif növləri dünyada qadın varlığının xüsusi üsulunun və ona uyğun qadın reprezentativ strategiyaların qəbul edilməsində birləşirlər. Ümumiyyətlə, feminist ədəbi tənqid ədəbiyyata və yazı təcrübəsinə ənənəvi baxışların yenidən gözdən keçirilməsini və qadın ədəbiyyatı sosial tarixinin yaradılmasını qarşıya qoyur.
Elmi ədəbiyyatda araşdırmaçı Elizavet Qrossa əsaslanaraq feminist ədəbi tənqidin dörd əsas tərkib hissəsi müəyyənləşdirilir: 1. qadın ədəbiyyatı (müəllifin cinsinə xüsusi diqqət verilir); 2. qadın mütaliəsi (oxucunun qavrayışına diqqət yetirilir); 3. qadın yazısı (mətnin üslubuna diqqət yetirilir) və 4. qadın tərcümeyi halı (mətnin məzmununa diqqət yetirilir).
Keçən yüzilin sonunda feminist ədəbi tənqid ədəbiyyat nəzəriyyəsində və bütünlüklə mədəniyyətdə böyük təsir yaratdı. Antik dövrdən başlayaraq bir çox kişi və qadın müəlliflərin əsərləri feminist təhlildən keçirildi. Ədəbi mətnlər təhlilinin yeni strategiyası tətbiq edildi. Feminist ədəbi tənqidin nəzəri əsasında essensializmdən postmodernizmə doğru yeniləşmə özünü göstərdi: «Qadın ədəbiyyatı», «qadın mütaliəsi» və «qadın yazısı» essensialist məntiqə əsaslanırdı. Ancaq yüzilin sonunda feminist nəzəriyyə mərkəzdən uzaqlaşma meylli subyektin postmodernist konsepsiyası əsasında qadın subyektivləşməsinin essensialist olmayan lahiyəsini irəli sürdü. Ədəbiyyatda performativ gender identifikaiyası elmi ədəbiyyatda diqqətə dəyər lahiyə kimi göstərilir.
Ədəbiyyatın gender aspekti üzrə aparılan araşdırmalar nəticəsində qadın müəllifliyi və qadın ədəbi yaradıcılığı essensialist və postmodernist yanaşmalar kəsişməsində nəzəriyyələşdirildi. Mədəniyyətdə qadın subyektivliyi şərhinin iki əsas strategiyası olan feminizm və postmodernizmin konseptual qarşılaşması qəti şəkildə müəyyənləşdi. Hər iki strategiyanın qarşılıqlı münasibəti ədəbiyyat nəzəriyyəsində qadın subyektivliyi nəzəriyyələrini doğurdu. Bu isə bu istiqamətdə gələcək inkişafı müəyyən etdi.
Bu deyilənlərdən irəli gələrək XIX – XXI yüzillərdə Azərbaycanın sosiomədəni məkanında gender probleminin tarixini öyrənməkdə bəhs olunan dövrdə ortaya qoyulmuşədəbi-bədii əsərlər əvəzsiz rol oynayır. Gender yanaşmasından baxdığımız bu əsərlər üç müxtəlif ictimai-siyasi şəraitdə, üç müxtəlif sosial münasibətlər situasiyasında – sosializmdən əvvəl, sosializm dövrü və sosializmdən sonrakı dövrdə yaradılmış və hər şəraitin, dövrün sosiomədəni, siyasi-iqtisadi planda xüsusiyyətləri şəxslərarası, o cümlədən, cinslərarası münasibətlərdə öz əksini tapmışdır. Əlbəttə, burada bəhs olunan dövrdə yaradılmış bədii əsərlərin bütünlüklə araşdırmaya cəlb etmək imkanımız yoxdur. Ancaq bəzi örnəklərin təhlili əsasında fikrimizi müəyyənləşdirməyə çalışacağıq.
XX yüzilin ikinci yarısında dünya ölçüsündə özünü göstərən qadın hərəkatı Azərbaycanda da özünü hiss etdirir. Qadın cəmiyyət həyatının bütün sahələrində kişilərlə bərabər olmaq istəyir. Müasir dövrün bu tələbi İlyas Əfəndiyevin yaradıcılığında daha dolğun, daha yüksək səviyyədə əksini tapıb. Onun yaradıcılığının əsasını təşkil edən roman, povest, pyes və hekayələrində qadın azadlığı, hüququ, qadın statusu mərkəzdə durur.
Müəllif: Aygün Eyvazlı-ADMİU-nun müəllimi
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1

 

0 şərh