Qal sənə qurban

Qal, sənə qurban! — Məhşur Azərbaycan bəstəkar mahnısı.

Bəstəkar: Bəhram Nəsibov
Sözlərin müəllifi: Miryusif Manafov

Mahnının sözləri
Getmə, kimsəsizəm, qal, sənə qurban,
Bu dilsiz, ağızsız, lal sənə qurban!
Mənlə şirin danış, mənlə şirin gül,
Ələnsin ləblərə bal, sənə qurban!
Amandır, düşmənsin qəlbimə, ey yar,
Yanağından qara xal, sənə qurban!
Əgər üz çevirib, getsən uzağa,
Qalmaz bu aşiqdə hal, sənə qurban.

Yaranma tarixi
Birinci versiya
1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı pyes işləyir. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban!” adlı bir mahnı ifa olunur. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə qeyd edib.

İkinci versiya
1972-ci ildə Təranə Vəlizadənin həyat yoldaşı Eyvaz Həsənovla mübahisəsi, onun inciyərək öz atası evinə getməsi ilə nəticələnir. Bir müddət sonra qaynı və qaynanası Təranə Vəlizadəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə, əri Eyvaz Həsənovu baxımsız və səsi batmış görür. Xanımının geri dönüşünü görən Eyvəz Həsənov öz otağına keçir. Təranə Vəlizadə masanın üzərində şeir yazılmış bir kağız görür və kağızın üstündə məşhur “Qal, sənə qurban!” mahnısının sözləri yazılmış olur. Bu vaxt Təranə Vəlizadə zənn edir ki, bu şeiri Eyvaz Həsənov ona həsr edib.

Üçüncü versiya
Mahnının dördüncü bəndinə Bəhram Nəsibov tərəfindən edilən əlavələr nəticəsində müxtəlif təqdimatçılar Bəhram Nəsibovu həm bəstəkar həm də sözlərin müəllifi kimi göstərirlər. Bu hala daha çox Türkiyə mediasında rast gəlinir. Şair Vüqar Əhmədin açıqlmasına görə isə Bəhram Nəsibov, musiqi ilə yanaşı sözlərin də özünə məxsus olmasını qeyd edib.

Nəticə
Mahnı tarixdə ilk dəfə 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafovun teatr üçün işlədiyi “Süsən-sünbül” pyesində oxunub. Həmin şeirə Bəhram Nəsibov mahnı bəstələyib, lakin mahnının dördüncü bəndi Bəhram Nəsibovun əlavəsi hesab olunur. Çünki Pyesdəki orjinal mətndə həmin bənd yoxdur. Bu əlavə mahnıda ifa olunan: — “Amandır qəlbinə düşməsin əğyar, Yanağında qara xal, xal sənə qurban.” sözləridir. Eyvaz Həsənov və Təranə Vəlizadə münasibətlərindəki hadisədən sonra, Eyvaz Həsənov, bu mahnıya: — “Getmə kimsəsizəm, qal, sənə qurban. Bu dilsiz, ağızsız lal sənə qurban” bəndini əlavə edib. Eyvaz Həsənov mahnını ilk dəfə 1979-cu ildə ifa edib. Bəhram Nəsibovun musiqi təhsili olmadığına görə SSRİ dövründə müəllifin adının çəkilməsinə icazə verilməyib və bütün ifalarda mahnı xalq mahnısı kimi təqdim olunub. Sovet İttifaqı dağıldıqdan sonra mahnı öz həqiqi bəstəkarının adı ilə təqdim olunmağa başlayıb və şeirin müəllifi haqqında indiyədək dəqiq məlumat əldə edilməyib.
 

0 şərh