MOTSART VƏ ONLAR...

  • Musiqi
Avropa, əslində, 46 ölkədən ibarət, şərq və qərb hissələrinə bölünən bir coğrafi ərazi deyil. Renessans dövründən üzü bu yana bəstəkarların notlar üzərində cızdığı, rəssamların fırçayla, yazıçıların lələklə yaratdığı bir zövq sistemidir Avropa... Həmçinin kapitalist maraqlarına boyun əyərək soyuyan, qəddarlaşan bir soyuqluqdur Avropa...  Zaman keçdikcə Avropa zövq olaraq yalnız həmin bəstəkarların not dəftərlərinin arasında, rəssamların qurumuş fırçalarında qaldı. Venesiya, Milan, Vyana, Praqa, Münhen, Madrid, Moskva, Sankt-Peterburq bəstəkarları cəmi yeddi notla bir neçə əsr zövqə aid olan Avropanı, qəddar Avropadan -«Köhnə Dünya»dan qorudular…

Hazırda oxuduğunuz bu yazıda da həmin xilaskarların müəmma dolu həyatından bəhs edəcəyik… İlk olaraq kimdən başlayaq? Bəlkə… Cüzeppe Verdidən?   Motsart və Bax

Verdinin böyük tərki-dünyalığı

Avropa mədəniyyətinin beşiyi olan Milan şəhərindəki konservatoriya hazırda onun adını daşıyır. Təbii ki, «Traviata», «Riqoletta», «Otello», «Falsaff» və bunlardan başqa 22 operanın müəllifi olan, dünyada bəstəkarların ümumi sayından danışdıqda «Mən və Motsart» deyən Verdi buna layiqdir… Amma əvvəlcə xəyalən də olsa, gözlərimizi yumub XIX əsr Avropa qraflarının dəbdəbəli geyimlərinə bürünüb 1832-ci ilə səfər edək… Gözlərimizi açmağa tələsməyək. Milan Konservatoriyasına bərabər daxil olaq və oranın rektoru senyor Barzianinin otağının qapısını utana-utana döyən kənddən gəlmiş çəlimsiz bir oğlana baxaq. Oğlan direktordan konservatoriyaya yazılmasını xahiş edəcək. Direktor onu məzəmmət edib qəbul etməyəcək. Hə, indi gözümüzü açaq və Barzianinin otağından pərt halda çıxan həmin kəndli oğlanı yola salaq… Elə Milan Konservatoriyasının divarları da ona diqqətlə baxır. Çünki zaman keçəcək Barzianini çox insan əvəz edəcək və bu möhtəşəm bina həmin çəlimsiz oğlanın- Cüzeppe Verdinin adını daşıyacaq...

La Skalanın yetirməsi olan Verdi üçün hər bir hiss, yaşantı, öz-özlüyündə bir musiqi idi. Bəlkə də, Milan, İtaliya, elə Avropanın özü onun üçün sadəcə olaraq not sistemi idi… O, burada əslində yaşamırdı. Həmin notları yemləyirdi. 

Amma notların yemi ruhdur deyirlər… Ruh yeyilə-yeyilə nota çevrilir və onların yerdəyişməsi ilə böyük bir musiqinin əsasını qoyur… 1840-cı ilin ortalarında Verdi ard-arda arvadını, oğlunu və qızını itirir… Hamı elə düşünürdü ki, dəhşətli ailə faciəsi yaşayan və tək-tənha qalan Verdi üçün musiqi artıq bitib. Amma bu çox yanlış düşüncə idi. Çünki sevimli həyat yoldaşı və övladları öz ölümləri ilə Verdiyə ömürlük yaradıcılıq materialı verdilər. 87 yaş yaşayan Verdi ömrünün sonuna qədər həmin ölümlərin verdiyi dəhşəti xərclədi, musiqilərə çevirdi, amma xərclədikcə qurtara bilmədi. Dünyaya tanındı, hamının böyük nüfuz sahibi kimi hörmət etdiyi bir insan oldu. Amma həmin ölümlərin təsirindən qətiyyən çıxmadı. «Riqoletta» və «Traviatta» yarandı. Bu operalarda qızını və xanımını not üzərindən əzizlədi. Və… Yoruldu...

Şöhrətinin ən pik vaxtında Milandan uzaqlaşdı. Hamı Verdini daha böyük şəhərlərdə arayarkən, o, özünü kiçik bir kənddə tapdı. Malikanəsində xudmani bir həyəti var idi. Orada əkib-becərir, məhsul toplayırdı. Kənddə ilk dəfə olaraq Fransadan öyrəndiyi bir üsulla öz həyətində artezian quyusu qazdı. Kəndlilər onu tanımırdılar. Amma sonradan mahir «usta» olduğunu bildilər. Xahiş etdilər ki, onlar üçün də bu sərfəli suvarmanı — artezian quyusunu qazsın. Verdi həmin kənddə, demək olar ki, hamı üçün quyu qazdı...

Bir də ayıldı ki, artıq kənddə deyil. Həmin yeddi not əl-ələ verərək Verdi üçün elə bir quyu qazıb ki, ancaq böyük operalar onu həmin dərinlikdən çıxara bilərdi.

Verdi qayıdır və «Aida» operasından başlayaraq ard-arda xeyli operalar bəstələyərək Avropa səhnələrini yenidən fəth edir. Amma üzləşdiyi faciənin sarsıntısı bəstəkarla paralel irəliləyərək onu yenidən tənhalığa aparır. Cüzeppe Verdi Milan yaxınlığındakı bir kənddə saldığı malikanədə tək-tənha yaşayır. Hərdən kəndlilərlə söhbət edir, zarafatlaşır, pivə içir. Dostluq etdiyi qocalardan kimsə soruşmur ki, hərdən pianinoda ifa etdiyi hüzn dolu musiqiləri o niyə yalnız gecələr səsləndirir? Ümumiyyətlə, o ağrılı səslərin müəllifi kimdir… Xeyr, soruşmurdular.

Beləcə, «Falsaff»ı bəstələyəndən sonra o, təkliyə çəkilərək 11 ilini hamıdan uzaqda yaşadı. 1895-ci ildə yaşlı musiqiçilər üçün sığınacaq olaraq hazırladığı «Casa di Riposo»nu inşa etdirməyə başladı. Tikili 1899-cu ildə tamamlandı.

Dahi bəstəkar 1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda «Grand Hotel»in otağında dünyaya göz yumdu. Çünki, o, möhkəm xəstələnmişdi və son ümid kimi Milana köçürülmüşdü. C. Verdi ölərkən yalnız 20 adamın və kiçik hərbi birliyin qatıldığı səssiz və musiqisiz cənazə mərasimi vəsiyyət etdi. İstəyinə uyğun cənazə mərasimi keçirilsə də, bir ay sonra onun və həyat yoldaşı Cüzeppinanın tabutları Milandakı qəbiristanlıqda olan müvəqqəti məkanlarından çıxarılaraq böyük mərasimlə «Casa di Riposo»ya aparıldı. İtalyan kral ailəsi üzvlərinin, millət vəkillərinin, diplomatların da qatıldığı mərasimdə minlərlə adam «Nabukko» operasındakı məşhur ilahini xor halında səsləndirdi.

Motsartın masonluğu

Verdidən danışmışkən, onun sözündən çıxmayaq və bir az Motsartın həyat faciəsindən söhbət açaq. C.Verdinin yanına hələ təzəcə addımlar atan 18 yaşlı bir bəstəkar gəlir və özünün dahiliyinə zərrə qədər şübhə etmədən uzun-uzadı danışmağa başlayır. Verdi gənci diqqətlə dinləyir və təbəssümlə deyir:

— Sizin yaşınızda mən də özümü böyük musiqiçi sayırdım və həmişə deyirdim: «Mən». İyirmi beş yaşında artıq «Mən və Motsart», qırx yaşında isə «Motsart və mən» deyirdim. İndi isə sadəcə «Motsart» deyirəm.

Motsart, bəlkə də dünyada yeganə şəxsdir ki, onun ölümü ilə bağlı nə az, nə çox düz 150 versiya var. Bu versiyaların arasında ən çox səslənəni zəhərlənmədir. Prinsipcə doğrudur. Çünki hələ 5-6 yaşında boyu pianinoya çatmadığı vaxtlarda belə əvvəlcə Vyana səhnələrini, ondan sonra isə Avropanı fəth edən balaca Motsartı zəhərləməyə bir-iki dəfə cəhd olunmuşdu. Bu cəhdlərin bəzilərinin qarşısını bəstəkarın həm də meneceri olan atası almışdı. Amma atası Motsartı çox adamdan qorusa da masonlardan qoruya bilmədi. Fərziyyələrə görə, bu gün də dünyanı idarə edən mason təşkilatı Roma papasının, katolik kilsəsinin səyi nəticəsində cəmiyyətdə öz nüfuzunu itirən zaman Vyana masonları yenidən insanların rəğbətini qazanmaq üçün bir sıra tanınmış şəxsləri öz sıralarına dəvət edir və onları birbaşa yüksək dərəcə ilə görəvləndirirdilər. Amma təbii ki, təşkilatın qanunlarına uyğun olaraq onlardan susmaq, sirr saxlamaq və düzgünlük tələb olunurdu. Yalnız özlərinə məxsus olan xüsusi rəmzlərin sətiraltı şəkildə belə insanlara çatdırılmasına üzvlərin heç birinə icazə verilmirdi. Lakin Motsart böyük əsərlərindən sayılan «Sehrli fleyta»da gizli mason rəqəmləri olan 3, 6, 18-dən məqsədli şəkildə istifadə etdi. Təbii ki, sıravi izləyici bunları sezə bilməzdi. Amma Motsartın operada istifadə etdiyi gizli gedişlər-operadakı 3 sınaq mərhələsi, 3 qadın, 3 müdrik uşaq, əsərin əvvəlində 3 dəfə təkrar edilən akkordlar, 18 keşiş, 18 oturacaq, xorun ifa etdiyi mahının ilk hissəsinin 18 ölçülü olması masonların diqqətini çəkir.

Lakin Motsart digər masonların yolunun doğruluğuna şübhə edib və özünün «Mağara» adlı mason cəmiyyətini yaratmağa qərar verib. Bu barədə elə bəstəkarın özündən xəbər tutan Anton Ştadler adlı musiqiçi tez xəbəri masonlara çatdırıb və Motsartı zəhərləmək tapşırığı alıb. Bu versiyanın tərəfdarları masonlar Van Svitenvə Puhberqi «tələsik dəfn» mərasimi təşkil etməkdə günahlandırır. Onların fikrincə, bəstəkarın ümumi qəbirdə dəfn olunması da cinayətin izlərini itirmək niyyətilə bağlıdır. 

Bu fərziyyə 1910-cu ildə Herman Alvardtın «Mehr Licht» kitabında da inkişaf etdirilib. O, iddia edirdi ki, Motsartı öldürən masonların arxasında yəhudilər dayanıb. 1926-cı ildə isə bu iddianı Erix və Matilda Lüdendorflar da təkrarlayıb. 

Bu, təbii ki, müəmma dolu bir ömür sürən bəstəkarın ölümünün yalnız bir versiyasıdır. Amma bütün versiyaları birləşdirən ortaq bir cəhət var. Bu da necə ölüb-ölməməsindən asılı olmayaraq bu günə qədər onun qəbrinin yerinin dəqiq bilinməməsidir.

Versiyalardan birində deyilir ki, guya o zaman Motsartın qəbrinin yerini yaxın bir dostundan başqa kimsə bilmirmiş. Həmin dost da gecə ikən qəbri açaraq Motsartın başını bədənindən ayırır. Kəllə sümüyünü isə sevimli dostunun xatirəsinə ithaf olaraq 10 il öz evində saxlayır. Sonda onu başqa bir musiqiçiyə bağışlayır. Amma bu da Motsart haqqında açılmamış naməlum versiyalardan biri olaraq qaldı.

Mənbə: http://regionplus.az/
 

0 şərh