Aşıq Ədalət haqqında

1. Bir dəfə ona verilişlərin birində belə bir sual verirlər:
“Ədalət əmi, səni uşaqlığına qaytarsalar, gedərsən?
O, deyir:
“Yox. Ona görə ki, indi doyunca çörək yeyə bilirəm, uşaqlıqda çox aclıq çəkmişik.
2. Uşaq olanda müharibənin ən pis və aclıq vaxtlarında qonşunun bağına şəftəli oğurluğuna gedirlər. Ev yiyəsi gələndə hamı qaçır, Ədalət qalır. Adamlar onu döyməsin deyə yerə yıxılıb özünü ölülüyə vurur.
Vaqif Bayatlı, Aşıq Ədalət, Yusif Səmədoğlu
 
Aşıq Ədalət haqqında
3. Aşıq Ədalət lap yeniyetmə olanda Səməd Vurğun ona qulaq asıb və heyran qalıb. Bunun üçün onu başdan-ayağa geyindirib, Qazaxdan Bakıya gətiriblər. Həmişə ayaqyalın gəzən balaca Ədalətin dar ayaqqabıları onu incidirmiş. Səməd Vurğunun yanından çıxandan sonra ayaqqabılarını soyunub əlinə alır və asfaltla ayaqyalın yeriyir. Özü deyirmiş ki, heç Səməd Vurğuna fikir vermirdim. Ağlım ayaqlarımda qalmışdı ki, nə zaman çölə çıxıb soyunacam, ayağımın ağrıları kəsəcək.

Cavanlıq...

4. “Yeddi oğul istərəm” filminə çəkiləndən sonra Qazaxın yaşlı insanları, Ədalətə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:
— Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan...
Bu maraqlı deyil. Maraqlı odur ki, Ədalət israrla onları inandırmağa çalışır:
— Bir olan Allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.

Ədaləti Ədalət edən qara saz və ustadın papağı

5. Qazaxda nəvəsi Aşıq Ədalətdən şəp-şəp istəyir. Ustad, eləmə tənbəllik, gedir rayon mərkəzindəki mağazaya, deyir, nəvəmə şəp-şəp verin. Ayağının ölçüsü? Bilmirəm. Nəvəsini də özüylə gətirməyib. Uzun düşüncədən sonra qərara alır ki, bir vedrə şəp-şəpi aparsın evə, hansı nəvəsinin ayağına uyğun gəlsə onun pulunu versin, qalanını bir uşaqdan geri göndərsin. Beləliklə, Qazağın mərkəzi küçəsi… Aşıq Ədalət əlində bir vedrə şəp-şəp...

Oğlunun evində Aşıq Ədalətə aid guşə

6. Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə (dekada) dünya şöhrətli hind aktyoru Rac Kapur Aşıq Ədalətin ifasına heyran qalır. Küçəyə çıxıb maşınlara minəndə ona yaxınlaşıb tərcüməçi vasitəsiylə saz aləti haqqında soruşur. Deyir, bunun içində nə var? Ədalət deyir, heç nə! Rac Kapur inanmır:

— Axı burdan bir orkestrin səsi gəlirdi? Sən bir də çal, eşidim...
Ədalət sazı balaca kökləyib “Avara” filminin musiqisini necə çalırsa, Rac Kapur küçədəcə oynamağa başlayır...

Bir də gördün fotodu adam
7. Aşıq Ədalət ağır avtomobil qəzası keçirmişdi. Axsaqlığı ordan qalma idi. O, çox ağır vəziyyətdə olub. Hətta saz çala biləcəyi də sual altında qalıb. Ancaq bütün dostlar yığışıb ən yaxşı həkimləri tapırlar və onu xilas edirlər. Yenə əvvəlki kimi çalmağa başlayır. Özü bu barədə belə deyir:
— Gül kimicə ölüb canımı qurtarırdım bunlardan, gəlib məni təzədən yığdırdılar, gətirib qoydular səhnəyə, sazı da verdilər qucağıma ki, çalmalısan! Ay balam, mənə heç rahatlıq olmayacaq bu dünyada?!

Onu dəlicəsinə sevənlər vardı

8. Aşıq Ədalət həm də söyüşcüllüyü ilə məşhur olub. Ancaq tanıyanlar onun söyüşlərindən heç vaxt incimirdilər. Necə deyərlər, onun məclislərdə ən yüksək vəzifəli və nüfuzlu adamları da söymək icazəsi vardı.

Oğlu Hekayətlə

9. Oğlu Hekayət Nəsibov müsahibəsində deyir: “Son nəfəsinəcən yanındaydım. Son iki, üç gündə ümumiyyətlə yerindən qalxa bilmirdi, tam hərəkətsiz idi, əl-ayaq, bədən heç bir reaksiya vermirdi. Çox çətinliklə danışırdı. Ölümündən iki gün əvvəl onu qaldırıb ağlaya-ağlaya hamama apardım. Qaytarıb gətirib yerinə qoyanda gördüm, o da ağlayır. İkimiz də ağlaya-ağlaya bir-birimizə baxırdıq. Mən də bilirdim ki, sondu, özü də. Birdən qayıtdı mənə dedi ki, ağrın alım, ay Hekayət, ağlama...”
 
Aşıq Ədalət haqqında
 
10. Mütəxəssislərin dediyinə görə, o, bütün dastan və əhvalatlarla yanaşı 4 mindən çox şeir əzbər bilirmiş. Bu, fenomenal bir yaddaş idi. Aşıq Ədalət hansısa misranı unudanda onun əvəzinə elə birini tapıb oxuyurdu və ya deyirdi ki, orijinaldan əskik olmur, bəzən daha maraqlı çıxırdı.
 
 
Mənbə: kulis.az
 

0 şərh