Təlimdə nəzarət və qiymətləndirmə

Nəzarət təlim prosesinin mühüm ünsürlərindən biridir. Nəzarət yoxlama və qiymətləndirmə ilə birlikdə təlimin son pilləsini təşkil edir. Nəzarət dedikdə, əldə olunan nəticəni qarşıya qoyulmuş məqsədlə tutuşdurmaq başa düşülür. Müəllim həm təlim prosesinin gedişinə, həm də nəticəsinə (şagirdlərin bilik və bacarıqlarının səviyyəsinə) nəzarəti həyata keçirir.

Pedaqoji nəzarətin bir neçə funksiyası vardır: yoxlama funksiyası (mənimsəmə səviyyəsini üzə çıxarmaq), diaqnostik funksiya (çətinlikləri, onların səbəblərini müəyyən etmək), proqnostik funksiya (təlimi, mənimsəməni təkmilləşdirmək yollarını müəyyən etmək), tərbiyə funksiyası (məsuliyyət, özünə inam hissi formalaşdırmaq, müəllim və şagirdləri fəallaşdırmaq).

Təlimdə nəzarət bir çox cəhətdən əhəmiyyətlidir. O, həm şagird və müəllim üçün, həm də valideynlər, məktəb rəhbərliyi və dövlət üçün vacibdir. Şagird bu yolla öz təlim uğurları və ya uğursuzluqları haqda məlumat əldə edir (daxili əks əlaqə), təlimə səy və məsuliyyətini artırır. Müəllim şagirdlərin təlim səviyyəsi haqda məlumat alır (xarici əks əlaqə), öz iş metodlarını təkmilləşdirir. Valideynlər, məktəb rəhbərləri və dövlət orqanları nəzarət (yoxlama və qiymətlər) sayəsində təlim vəziyyəti ilə tanış olur, təlimə nəzarət və rəhbərliyi gücləndirirlər.

Nəzarət müxtəlif növlərdə olur. Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə cari (gündəlik), tematik (iri mövzu və bölmə üzrə), dövri (vaxtaşırı, rüblərin sonunda) və yekun nəzarəti (ilin sonunda) fərqləndirilir.

Təlimə nəzarət bir sıra metodlarla həyata keçirilir: sorğu, müsahibə, müşahidə, yoxlama yazı işləri, test yoxlamaları, əməli və qrafik işlərin icrası və s. (Bu haqda "Təlim metodları" mövzusunda bəhs edilmişdir).

Pedaqoji nəzarətin səmərəsi üçün ona bir sıra tələblər verilir:

a) nəzarət zamanı müəllim xeyirxah, diqqətli və qayğıkeş olmalı, pedaqoji takt, dözüm göstərməlidir. O, şagirdlərin səhvlərini səbirlə düzəltməli, bu zaman kobudluğa və əsəbiliyə yol verməməlidir;

b) nəzarət hərtərəfli olmalı, təlimin həm kəmiyyətini, həm də keyfiyyətini aşkara çıxarmağa yönəlməlidir;

c) nəzarət müntəzəm olmalıdır: müəllim təlimin bütün gedişində, dərs boyu şagirdin təliminə nəzarət etməli, onu tənzim etməlidir. Bu halda şagirdlərin təlimə məsuliyyəti, səyi və fəallığı artır;

ç) nəzarət konkret və müyəssər olmalıdır: aşkara çıxarılan müsbət və mənfi cəhətlərin nədən ibarət olması dəqiq müəyyən edilməli, verilən tapşırıqlar və məsləhətlər konkret və gücə uyğun olmalıdır. Bu, nəzarətin təsirini artırır.

Təlimdə nəzarət yoxlama, uçot və qiymətləndirmə ilə sıx bağlıdır. Yoxlama nəzarət vasitəsidir. Uçot nəzarətin müəyyən sənədlərdə (jurnal, imtahan vərəqi, müvəffəqiyyət cədvəli və s.) əksidir. Qiymət təlim müvəffəqiyyətinin kəmiyyət göstəricisi, balla ifadəsidir.

Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi. Qiymətləndirmə təlim prosesini tamamlayan pillədir. O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqəni təmin etməyə, müəllim və şagirdlərdə məsuliyyət hissini artırmağa, təlimi stimullaşdırmağa imkan verir. Hamı öz işinə verilən qiymətə qarşı böyük maraq və həssaslıq göstərir. Şagirdlərdə isə bu maraq daha güclü olur.

Qiymət çox incə bir pedaqoji vasitədir: o, şagirdləri həvəsləndirə də bilər, ruhdan sala da bilər. Hər şey qiymətin necə verilməsindən, onun ədalətli olub-olmamasından asılıdır. Müəllim qiymət verərkən bəzi şərtləri gözləməlidir:

a) qiymət obyektiv, ədalətli olmalı, şagirdin faktiki bilik və bacarıq səviy­yəsini düzgün əks etdirməlidir. Qiyməti şişirtmək və ya "kəsmək", bu zaman əliaçıqlıq və xəsislik etmək eyni dərəcədə zərərlidir: birinci halda uşaqlarda arxayınçılıq, ikinci halda isə inamsızlıq baş verir;

b) verilən qiymət şagirdlər tərəfindən dərk olunmalıdır: müəllim qiyməti (rəqəmi) sadəcə elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni şagirdə nə üçün "2" və ya "3" ("4", "5") aldığını sözlə xarakterizə etməlidir. Bu halda şagird öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təqsirləndirməz;

c) qiymətləndirmə zamanı şagirdin təkcə nəyi öyrənməsini deyil, həm də necə öyrənməsini - şüurlu, yoxsa mexaniki öyrəndiyini, materialı dərk etdiyini, yoxsa əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, əzbərçiliklə mübarizədə, şagirdlərin təlimə şüurlu yanaşmalarında mühüm rol oynayır;

ç) qiymətləndirmədə şagirdin təlimdə, dərs boyu fəaliyyəti nəzərə alınmalıdır. Təkcə keçmiş mövzuya görə qiymət verdikdə şagird arxayınlaşır və dərs boyu fəallıq göstərmir. Bunu nəzərə alıb bir çox müəllimlər qiyməti dərsin sonunda (şagirdin dərsdəki fəaliyyəti əsasında) elan edirlər.

Qiymət meyarları. Biliyi qiymətləndirmək üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir. Məsələn, Şərqi Avropa ölkələrində 5 bal ("5" pis, "1" isə yüksək qiymət sayılır). Bolqarıstanda 6 bal, İtaliya və Hollandiyada 11 bal, Fransa və İranda 20 bal, ABŞ-da 100 bal qiyməti işlədilir.

Məktəbimizin tarixində müxtəlif dövrlərdə müxtəlif qiymət sistemi olmuşdur: 1920-ci illərdə 2 bal (kafi, qeyri-kafi), 30-cu illərdə 5 bal (sözlə), 40-cı illərdən etibarən rəqəmlə 5 bal qiyməti, 1989-cu ildən isə 4 bal (5,4,3,2) qiyməti tətbiq olunmuşdur. Hazırda orta məktəblərimizdə 9 bal, ali məktəblərimizdə isə 100 bal sistemi eksperimentdən keçirilir.

Qiymət balları müxtəlif göstəricilər əsasında verilir. Qiymətləndirmədə nəzərə alınan cəhətlər (göstəricilər) bunlardır: a) biliyin həcmi (proqram materialı tam və ya qismən mənimsənilib?); b) biliyin dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib?); c) biliyin tətbiqi (şagird nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin ifadə olunması (şagird fikirlərini düzgün, ədəbi dildə ifadə edə bilirmi?). Bu göstəricilərdən çıxış edərək qiymət meyarları aşağıdakı kimi müəyyən olunur:

"5" (əla) o halda verilir ki, şagird proqram materialını tam bilsin, şüurlu dərk etsin, biliyi müstəqil tətbiq etsin, onu düzgün ədəbi qaydada ifadə edə bilsin.

"4" (yaxşı) o halda verilir ki, şagird "5" qiymət üçün nəzərdə tutulan tələbləri ödəsin, lakin bəzi cüzi səhvlərə (məs., danışığında və ya yazıda əhəmiyyətsiz səhvlərə) yol versin.

"3" (kafi) o halda verilir ki, şagird proqram materialını əsasən bilsin, nəzəri biliyi müəllimin köməkliyi ilə tətbiq etsin, şifahi və ya yazılı nitqində kobud səhvlərə yol versin.

"2" (qeyri-kafi) o halda verilir ki, şagird materialın çox hissəsini bilməsin, müəllimin yardımçı suallarına inamsız cavab versin, biliyini tətbiq edə bilməsin, fikirlərini ifadə edərkən çoxlu kobud səhvlərə yol versin.

Şagirdin gündəlik qiymətləri əsasında yekun qiymətlər çıxarılır. Qiymətlər qarışıq olarsa (həm "2", "3", həm də "4", "5"), bu halda orta qiymət çıxarmaq düzgün olmaz. Bəzi fənlərdən (dillər, riyaziyyat) son qiymətlərə üstünlük vermək olar, çünki bu fənlərdə (xüsusən çalışmalar, cümlə təhlili, məsələ həllində) əvvəlki biliklər də üzə çıxır. Lakin ictimai, humanitar fənlərdə bu qaydanı tətbiq etmək düzgün olmaz. Bu fənlərdən müəllim yekun qiymətləri çıxararkən iri mövzu və bölmələr üzrə şagirdlərin biliyini aşkara çıxarmağa və qiymətləndirməyə çalışmalıdır.

 

0 şərh