Bizik! / Afaq Şıxlı

Bəzən ətək kəsən, bəzən əl tutan,
Sonuncu tikəni bölən də bizik!
Torpağı pay verən, düşmənə satan,
Torpağın qədrini bilən də bizik!

Özgəyə yol verib, özü  yol azan,
Gah quyudan çəkən, gah quyu qazan,
Misli görünməmiş tarixlər yazan,
Tarixi yaddaşdan silən də bizik!

Haqdan danışanı asırıq dardan,
Namusu qoruyub keçirik ardan.
Özü-öz halına baxıb kənardan 
Ağlayan da bizik, gülən də bizik!

Yoxsuldan, yetimdən dayanıb gendə,
Kefi kök gəzirik çöldə, çəməndə...
Göylərə əl açıb,  dara düşəndə, 
Allahın yoluna gələn də bizik!

Təzadlar içində üzürük, nədən
Yola gedə bilmir bir başla bədən?
Vətəni tərk edib qürbətə gedən, 
Vətənin yolunda ölən də bizik!


Afaq Şıxlı
 

6 şərh

naninka
Acı gərçəklər…
pascal
Gözəl… Başqa sözlə bu şeiri, «millətimizin xarakteristikası» da adlandırmaq olar.
Paylaşdığına görə, sağ ol, member.  
Ferbara
Vətənin yolunda ölənlər öldü.
İndiyə qalan xalq namərd bir göldü.
Hər kəs ki, bu gölün üstə yeridi
Nə qayıda bildi, nə də ki, üzdü.
pascal
Ferbara, bu nə beytdir elə? :)
Ferbara
Şərhin nəzm formasında yazılmışıdı. :)