Körpə qoxusu

 

 Döyüş meydanındakı kimsəsiz bir evə girdi

Qəlbi nifrətlə dolu, hirsli Azəri əsgəri.

Ətrafına göz gəzdirdi,

            Gördü küncdəki beşiyi...

Başqa heç kimsə yox idi,

                        uçuq daxma bomboş idi.

Mərmilərin gurultusu,

             güllə-boran səsindən

                        Əsgər sanki sərxoş idi.

 

Qan vurmuşdu beyninə,

            Dünən qolu üstündə ölən bir dostunun

                                           kitelini geyinmişdi əyninə.

Bu kiteli geyinəndə söz vermişdi özünə:

            “Sənin qanını alacam!

                        Düşmənlərə aman yoxdur,

                                       Hamısını qıracam...”

 

Dəli kimi yaxınlaşdı beşiyə,

            dolu kimi mərmi yağırdı eşiyə,

Amma onun qulaqları gurultunu eşitmirdi,

            Hirsi, nifrəti, qəzəbi

                                   insafını gəmirirdi.

 

Beşikdə bir uşaq vardı.

Beş-altı aylıq olardı.

Hənirtini hiss eləyib ağlamağını kəsmişdi,

                        Hıçqırtısı kəsməmişdi...

 

Əyilib beşikdəki körpəni aldı əsgər qucağına,

Körpədən gələn süd iyi nələr salmadı yadına...

 

...O da bir ata idi, onun da bir oğlu vardı,

Məktəbdə müəllim işləyib ailəsini saxlayardı...

 

Körpədən gələn süd iyi sanki onu ayıltmışdı.

Bir andaca hirsi soyumuş, insanlığı qayıtmışdı.

 

Bağrına basdı körpəni,

             Lənət oxudu zamana,

                        Müharibəni salanlara,           

                                   Insanlara qıyanlara.

Lənətlər yağdırırdı,

Körpəni bağrına basıb vəhşitək bağırırdı.

 

Dizlərinin taqəti kəsilmişdi,

                         boş daxmada diz üstündə çökmüşdü.

Bağrına basıb körpəni acgözlüklə qoxladı.

Pırtlaşıq bığı,saqqalı körpəni qıdıqladı.

Körpə güldü...

 Əsgərinsə yanağından bir damla göz yaşı axdı...

 

 

 

           

           

 

 

 

 

 

 

 

0 şərh