Zina-Ehtiras-Sevgi

Əzəldən bizə haram buyurulub zina,
onun gizlisi də günah, aşkarı da günah.
Quranda bir neçə ayə də var bu barədə,
bu da əlavə qorxu, təşviş yaradır hərədə.
Yazılır ki, zinakara gərək 40 çubuq
zərbəsi vurula.
Özü də bu ilkin cəzadır,
axirətdə isə ona əsl divan qurular.
Zina – yəni qanunsuz cinsi əlaqə.
Zinanın bir neçə yüngül forması da var
bundan əlavə.
Var təmas zinası, var göz zinası,
var fikir zinası, var söz zinası.
Hamısının da kökündə durur qadağa, şər.
Hamısı da əsas zinaya tutulur bərabər.
Çünki eyni cür, eyni adda səslənir hamısı,
təxminən, elə bu cür də anlaşılır mənası.
Biri xəyali təmasdır, biri fiziki təmas,
zina – deməli ağıla üstün gəlib şəhvət, ehtiras.
O qədər güclü hissdir ki, bu miras,
hətta Adəm babamızı da çıxarıb yolundan.
Unudub Allahı, tutanda Həvvanın qolundan.
Heyrət, heyrət!
Tanrının öz yaratdığı deyilmi bu ecazkar təbiət?!
Gözəlliyi görməməkmi olar,
sevgiyə, istəyə “yox” deməkmi olar?
Biz də Adəmdən törəmələrik,
yəqin peyğəmbər babamızdan
dözümlü də ola bilmərik.
Tanrı özü bəxş etməyibmi bizə
cəzbedici gözəlliyi, cilvəni, ehtirası?
Bəs niyə qabağımızı qılınc kimi kəsir
axirətin imtahanı, qiyamətin qisası?
Sən ey gözəlliyi, sevgini
Tanrı qədər uca tutan,
işvə - nazdan doymayan,
sevgiyə can atan insan.
Bu cür qadağaların hamısı
cahillik dövrü üçün yazılıb, inan.
Sevgidə günah işlədə bilməz
gözəllikdən zövq alan,
istəyinə əsir olan,
təfəkkürü dərin insan.
Allah ki, seviləndir, sevəndir.
O Əkbərdir, Kərimdir, ümid verəndir.
Allah həm də Rəhimdir, Rəhmandır,
deməli bizi bağışlayandır.
Axı o hər şeyi duyandır, görəndir.
Əgər ürəkdən vurulubsansa, sevilirsənsə,
Tanrı səni bağışlayar, inan,
Tanrını həqiqətə, sevgiyə inandırmaq asan!

May, 2006
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
 
 

0 şərh