"Z" hərfi ilə başlayan tarix terminləri

zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı süklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.

zahid — tərki-dünya, dünyəvi həyatdan könüllü imtina edib, adamsız yerlərdə, təklikdə, səhra yerlərdə məskunlaşan insan. Təklikdə dərvişlik həyatı sürən (hər şeydən imtina edən) zahid Allahla mənəvi birliyə qovuşmağa çalışırdı.

Zakir Qasım bəy (1784 — 1857) — Azərbaycan şairi, Şuşada yoxsullaşmış zadəgan ailəsində doğulmuşdur. Zakirin ədəbi irsi müxtəlif janrlarda və mövzularda yazılmış şer və təmsillərdən ibarətdir. Şairin bir çox əsərləri onun sağlığında işıq üzü görməmişdir. Onun siyasi satirasının hədəfi xalqı qarət edən çar məmurları, tamahkar tacirlər və din xadimləridir. Onun mövzu genişliyi və dilinin xəlqiliyi ilə seçilən şerləri indi də xalq arasında böyük populyarlığa malikdir.

Zaqafqaziya komissarlığı — 1917-ci il noyabrın 15-də Tiflisdə yaradılmış Zaqafqaziya hökuməti. Rusiyada Oktyabr çevrilişindən və Müəssislər Məclisinin çağırılmasından sonra bölgəni anarxiyadan xilas etmək məqsədilə Gürcüstan Sosial-Demokrat (menşeviklər) Partiyasının, «Müsavat»ın, «Daşnaksütyun „un və eserlərin nümayəndələri Rusiyanın bolşevik hökumətinin hakimiyyətini tanımaqdan imtina etdilər və Zaqafqaziyanın müstəqil hökumətini — Zaqafqaziya komissarlığını yaratdılar. Zaqafqaziya komissarlığının tərkibinə Gürcüstandan Y.P.Gegeçkori (sədr), A.Çxenkeli, Azərbaycandan — Fətəli xan Xoyski, M.Y.Cəfərov, X.Məlikaslanov, Ermənistandan -T.Ter-Qazaryan, X.Karçiqyan, A.Ağacanyan, sağ eserlərdən isə D.Donskoy və b. daxil oldular. Zaqafqaziyada yalmz Baksovetin hakimiyyəti altında olan Bakı Zaqafqaziya komissarlığına tabe deyildi. 1917-ci il dekabrın 5-də Zaqafqaziya komissarlığı Ərzincanda Osmanlı imperiyası ilə separat barışıq imzaladı. 1917-ci il dekabrın 17-də Türkiyə komandanlığı Zaqafqaziya komissarlığına separat sülh müqaviləsini imzalamaq haqqında danışıqlara başlamağı təklif etdi. Ərzincan barışığına əsasən, 1917-ci ilin sonları — 1918-ci ilin əvvəllərində tərxis olunan çar ordusunun silah, sursat və paltarının xeyli hissəsi gürcü, erməni və bolşevik hərbi birliklərinin əlinə keçdi. Zaqafqaziya komissarlığının Azərbaycan fraksiyası silahın bərabər bölüşdürülməsini tələb etdi. Zaqafqaziya komissarlığının tərxis olunan alaylardan birinin silahının azərbaycanlıların sərəncamına verilməsi haqqında fərmanına uyğun olaraq 1918-ci ilin yanvarında Şamxorda həmin tədbir həyata keçirildi. Tərk-silah prosesində toqquşma baş verdi, hər iki tərəfdən ölən və yaralananlar oldu. Şaumyanın başçılığı ilə Bakı Soveti “əksinqilabçı» azərbaycanlılarla mübarizəni gücləndirmək və azərbaycanlılara qarşı «mart qırğını»nı təşkil etmək üçün bundan bəhanə kimi istifadə elədi. 1918-ci ilin fevralında Zaqafqaziya komissarlığı Zaqafqaziya Seymi ilə əvəz olundu.

Zaqafqaziya Seymi — 1918-ci il fevralın 28-də Zaqafqaziya komissarlığı Zaqafqaziya Seymi ilə əvəz olundu. Zaqafqaziya Seymi iqamətgahı Tiflisdə olan bölgə parlamenli idi. Zaqafqaziya Seymi Y.P.Gegeçkorinin başçılığı ilə hökumət təşkil etdi. Zaqafqaziya Seymi hökumətinin Osmanlı imperiyası ilə separat danışıqlara hazırlaşdığı dövrdə Rusiya imperiyası ilə Almaniya arasında Brest separat sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə, Ərdəhan, Qars və Batum Osmanlı imperiyasına verilirdi. Zaqafqaziya Seymi Brest sülhünü tanımadı, lakin Brest sülhünün şərtlərinə əsaslanan Türkiyə Ərdəhan, Qars və Batumu təxirə salınmadan boşaltmaq haqqında Zaqafqaziya Seyminə ultimatum verdi. Trabzonda 1918-ci il martın 14-də başlanmış danışıqlar zamanı türk qoşunları Ərdəhan, Qars və Batumu tutdular. Bununla yanaşı, Bakıda mart qırğınından sonra Bakı Sovetinin qoşunları aprelin 14-də Lənkəranı, aprelin 19-da Şamaxını, aprelin 21-də Salyanı, aprelin 23-də Qubanı ələ keçirdi və buradakı azərbaycanlı əhalisinə qanlı divan tutdu. Müsəlman fraksiyasının təzyiqi ilə Zaqafqaziya Seyminin 1918-ci il aprelin 22-də keçirilən geniş yığıncağında müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının elan edilməsi haqqında qətnamə qəbul olundu. Elə həmin iclasda Gegeckori istefaya çıxdı və A.İ.Çxenkelinin başçılığı ilə yeni hökumət təşkil olundu. 1918-ci ilin aprelində general Şıxlinskinin komandanlığı ilə "Əlahiddə Azərbaycan korpusu«nun təşkilinə başlanıldı. Korpusun əsasını çar ordusunda »vəhşi diviziya" kimi tanınan tatar alayı təşkil edirdi. 1918-ci il mayın 11-də Batumda Zaqafqaziya Seymi ilə Türkiyə arasında danışıqlar bərpa edildi. Zaqafqaziya Seymi Türkiyənin Qars, Ərdəhan və Batum vilayətlərinə olan tam hakimiyyətini tanımaq məcburiyyətində qaldı. Danışıqlar zamanı alman generalı fon Kressin təzyiqi ilə Zaqafqaziya Seyminin gürcü fraksiyası Zaqafqaziya Respublikası tərkibindən çıxmaq və Gürcüstanı müstəqil elan etmək qərarına gəldi. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası oldu və Zaqafqaziya Respublikasının dağılması faktını bəyan etdi. Bundan az sonra Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması elan olundu.

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) -Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR-dən ibarət dövlət qurumu (1922  -  36). ZSFSR-i yaradarkən bolşeviklər əsasən Cənubi Qafqaz respublikalarında milli xüsusiyyətləri maksimum dərəcədə azaltmaq və bununla da onları Moskvadan asılı vəziyyətdə saxlamaq məqsədi güdürdülər. 1922-ci il martın 12-də Azərbaycan, Ermənistan və Gürcüstanın kommunist partiyaları nümayəndələrinin konfransı RK(b)P Qafqaz bürosunun hazırladığı ittifaq müqaviləsinin mətnini təsdiq etdi. İttifaq Soveti və Ali İqtisadi Şura yaradıldı. Zaqafqaziya sovetlərinin Bakıda 1922-ci il dekabrın 10-da keçirilən I qurultayında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) yaradılması elan edildi, ZSFSR-in konstitusiyası qəbul olundu və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (ZaqMİK) seçildi. Formal olaraq ZSFSR RSFSR, Ukrayna SSR və Belorusiya SSR ilə birlikdə SSRİ-nin təsisçilərindən biri sayılırdı. 1931-ci ildə Q.Musabəyov Zaqafqaziya Federasiyası Xalq Komissarları Sovetinin sədri oldu. 1936-cı il dekabrın 5-də qəbul olunmuş SSRİ Konstitusiyasına görə, ZSFSR ləğv edildi və Zaqafqaziya müttəfiq respublikaları, o cümlədən Azərbaycan SSR birbaşa SSRİ-nin tərkibinə daxil oldu.

Zaqatala üsyanı (1863) — üsyanın səbəbləri Zaqatala (keçmiş Car-Balakən) dairəsində sosial münasibətlərin mürəkkəbliyi, çarizmin sərt müstəmləkəçilik siyasəti, əhalinin zorla xristianlaşdırılması və camaatın yuxarı təbəqələrinin marağına toxunan feodal asılı münasibətlərinin gələcəkdə ləğv edilməsi idi. 1863-cü ilin iyununda başlayan üsyana yerli əhali arasında böyük nüfüza malik olan çar ordusunun keçmiş zabiti Hacı Murtuz rəhbərlik edirdi. 1863-cü il iyunun 5-də üsyançıların düşərgəsində Hacı Murtuz imam elan edildi. İyunun 5-dən 6-na keçən gecə üsyançılar Zaqatala qalasına uğursuz hücuma başladılar. Tezliklə üsyan amansızcasına yatırıldı. Çar məhkəməsinin hökmü ilə 18 üsyançı asıldı, mindən artıq adam katorqaya sürgün edildi, onların evləri uçuruldu, torpaqları müsadirə edildi.

Zama — Şimali Afrikada Karfagen şəhərindən 120 km cənub-şərqdə şəhər. E.ə. 202-ci il oktyabrın 19-da Zama şəhəri yaxınlığında Afrikalı Ssipionun başçılıq etdiyi Roma legionları ilə Hannibalın başçılıq etdiyi Karfagen qoşunları arasında döyüş olmuşdur. Numidiya hökmdarı Masinissanın romalılar tərəfinə keçməsi və Roma süvarilərinin sayca üstünlüyü (2 min nəfərə qarşı 6 min) Zama yaxınlığındakı döyüşdə həlledici rol oynamışdır. Süvarilərin karfagenlilərə arxadan zərbə endirmələri nəticəsində onların qoşunları darmadağın edildi. Zama yaxınlığındakı döyüş 2-ci Pun müharibəsinin taleyini birdəfəlik romalıların xeyrinə həll etdi.

Zaratuştra (yun. Zoroastr) — Spitamanın nəslindən olan peyğəmbər; yeni dinin zoroastrizmin (zərdüştiliyin) banisi idi. Güman edilir ki, Avestanın ən qədim hissələrindən olan Qathaların tərtibçisi Zaratuştranın özü olmuşdur. Zaratuştranın yaşadığı dövr və yer indiyədək tarixçilər arasında mübahisə mövzusu olaraq qalır. Tarixçilərin çoxu bu fikirlə razılaşır ki, Zaratuştra e.ə. 1000 — 600-cü illər arasında yaşamışdır. Tarixçilərə görə, Zaratuştranın vətəni Mərkəzi Asiyada, İranın şərqində, ya da Cənubi Azərbaycanda olmuşdur. Zaratuştranın vətəninin Azərbaycanda lokallaşdırılmasının səbəbi onunla izah olunur ki, erkən orta əsrlərdə əsas zərdüşü ziyarətgahlarından olan Adurquşnasp od məbədi Cənubi Azərbaycan ərazisində yerləşən keçmiş Atropatenada idi. Burada çoxlu zərdüşti kahinləri -maqları olan bir çox başqa od məbədləri də var idi. Orta əsrlərdə Yaxın Şərqdə Zaratuştranı Zərdüşt adlandırırdılar.

Zemstvo yığıncağı — XVI əsrin ortaları -XVII əsrin sonlarında Rusiyada silklərin nümayəndələrindən ibarət təsisat. Müqəddəs kilsənin, Boyar Dumasının, «hökmdar sarayı»nın üzvlərindən, eləcə də seçkili və əyalət zadəganlarından və şəhərin yuxarı təbəqələrindən ibarət idi. Zemstvo yığıncağında xarici siyasət, maliyyə, vergi qoyulması və s. kimi mühüm dövlət əhəmiyyətli məsələlərə baxılırdı. Çar hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı olaraq Zemstvo yığıncaqları getdikcə daha az, özü də yalnız hökumətin təşəbbüsü ilə çağırılmağa başlandı. Zevs — qədim yunan mifologiyası və dinində baş allah. Öz atasını — titan Kronosu devirən Zevsə allahların və insanların atası və çarı kimi etiqad edildi. İldınmsaçan Zevs ilk növbədə ildırımın və şimşəyin hesabına bütün səma hadisələrinə nəzarət edirdi. Sonralar həm də ictimai asayişin qoruyucusu hesab edildi. Olimp dağı Zevsin daimi yaşadığı yer sayılır. Qədim Romada Zevsə sitayiş yerli Yupiter allahına sitayişlə eyniləşdirilirdi.

zəkat — ehtiyacı olan müsəlmanların nəfinə alınan vergi. Zəkatı yalnız iş qabiliyyəti olan yaşlı kişilər əkinlərdən, üzümlüklərdən və xurma ağaclarından, mal-qaradan, qızıl və gümüşdən, əmtəədən verirdilər. Əkinçilik məhsullarının yığımı başa çatan zaman məhsulun 1/10-i qədər, qalan mallardan isə təqvim ili ərzində onların 1/40-i qədər zəkat alınırdı. Yoxsullar, kasıblar, zəkat yığanlar, təltifə layiq adamlar, imkansız borclular, evlərinə qayıtmağa vəsaiti olmayan gəlmələr zəkat almaq hüququna malik idilər. Kənd təsərrüfatı məhsullarından alınan zəkat çox vaxt «uşr» adlanırdı. Qızıl, gümüş, qiymətli daşlar, dəniz məhsulları və dəfinədən onların 1/5-i qədər alınan zəkat adətən «xüms» adlanırdı və dövlət xəzinəsinə daxil olurdu. Buna görə də əksər hallarda zəkat deyəndə mal-qaradan, puldan və əmtəədən alınan vergi başa düşülürdü.

Zərdabi Həsənbəy Məlikov (1842 — 1907) — «Zərdabi» təxəllüsü ilə tanınan görkəmli Azərbaycan maarifçisi, pedaqoq, alim-bioloq; Zərdab kəndində doğulmuşdur. Orta təhsilini Şamaxı və Tiflisdə almışdır. Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Bakı məktəblərində təbiət tarixini tədris edən Zərdabi şagirdlərə cəsarətlə Darvin nəzəriyyəsini izah etmişdir. Zərdabi öz xalqının maariflənməsinin qızğın mübarizi idi. Maariflənmənin əsas vasitəsini Azərbaycan dilində qəzetin çıxarılmasında görürdü. 1875-ci ildə "Əkinçi" qəzetinin əsasını qoydu. Bu qəzet demokratik və maarifçi ideyaları təbliğ edir, kəndlilərə məsləhətlər verir, kəndli cəmiyyətləri yaratmağa çağırırdı. 1896 — 1907-ci illərdə «Kaspi» qəzetində əməkdaşlıq etmişdir. XX əsrin əvvəllərində Zərdabi «Türk mahnıları toplusu»nu nəşr etdirmişdir. Zərdabi astronomiya, biologiya, təbiətşünaslıq və kənd təsərrüfatına dair bir çox əsərlərin müəllifidir. Bakı Dumasının deputatı, onun təhsil komissiyasının üzvü olmuşdur.

Zərdüşt — Avesta peyğəmbəri Zaratuştranın (Zoroastrın) adının orta farsca ifadəsi.

Zərdüştilər — zərdüştiliyin davamçıları. Xalq arasında bəzən onları «atəşpərəstlər» adlandırırdılar, belə ki, onlar Ahura Mazdanın mücəssəməsi saydıqları atəşə sitayiş edirdilər. Zərdüştilər Ahura Mazdanın şərəfinə od məbədləri tikirdilər. Qədimlərdə Mərkəzi Asiyada, Azərbaycanda və İranda çoxlu zərdüşti icmaları var idi. Azərbaycanda zərdüştiliyə etiqad kaspi və müklər tayfaları arasında yayılmışdı. Erkən orta əsrlərdə zərdüştiliyin əsas mərkəzlərindən biri Atropatena idi. Od məbədbri Qafqaz Albaniyasında da var idi və onların bəziləri dövrümüzədək qalmışdır. Yanan təbii qaz sızan Abşeron yarımadasında da zərdüştilər od məbədləri inşa edirdilər. Orta əsrlərdə zərdüştilik çoxlu od məbədləri və maqların olduğu Muğan ərazisində də yayılmışdı. Bu ərazilərin ərəblər tərəfindən fəth olunmasından və burada islamın yayılmasından sonra onlar hələ öz varlıqlarını itirməmişdilər. Lakin sonralar ərəblər zərdüştiləri sıxışdırmağa başladılar. Cənubi Azərbaycanda zərdüşti icması ən çoxu X əsrədək mövcud olmuşdur. Qazan xanın islahatlarından sonra Cənubi Azərbaycanda zərdüştilər haqqında mənbələrdə artıq daha heç bir məlumat verilmir. Müsəlmanlar tərəfindən təqib olunduqlarından zərdüştilərin bir qismi İrandan Hindistana köçmüş və orada «parslar» adı ilə tanınmışlar. Zərdüştilərin az bir qismi İran ərazisində qalmışdır, burada onlar «gebrlər» adı ilə tanınırlar.

zərdüştilik (zoroastrizm) — dualistik (ikili, yəni iki əsas allahın olduğunu qəbul edən) din; Zərdüşt (Zoroastr) tərəfindən Midiyanın şərqində və ya Mərkəzi Asiyada yaradılmışdır. Zərdüştiliyə görə, Ahura Mazda işıq, həyat və doğruluq mücəssəməsi olan xeyir allahı idi. O hələ dünya yaranmazdan əvvəl var idi və daim şər, qaranlıq və ölüm təcəssüm etdirən Anqra Manyu ilə mübarizə aparırdı. Xeyir allahları Ameşa Spenta, yazatlar və b. Ahura Mazdanın rəhbərliyi altında, şər allahları — Dayvlar (divlər) isə Anqra Manyunun rəhbərliyi altında idilər. Zərdüştilik təliminə görə, insan Ahura Mazda tərəfindən yaradılıb, amma öz düşüncə və hərəkətlərində müstəqildir, ona görə də şər qüvvə təsiri altına düşə bilər. «Xeyir düşüncəli», «xeyir sözlü» və «xeyir əməlli» mömin zərdüştinin vəzifəsi Anqra Manyu və onun köməkçiləri olan şər ruhlara qarşı mübarizə aparmaqdır. Axırda Xeyir Şər üzərində qələbə çalacaq və bununla da xeyirxahlıq bərqərar olacaq.
Yaranmasından az sonra zərdüştilik Midiyada, Farsda və digər İran və qeyri-iran ölkələrində yayıldı. E.ə. VII əsrdə dünyada ilk dəfə olaraq zərdüştilik Midiyada rəsm dövlət dini oldu. Ahura Mazdaya səcdə etmək üçün zərdüştilər onun mücəssəməsi sayılan od məbədləri inşa edirdilər. Maqlar zərdüştilik kahinləri idilər. Zərdüştilərin müqəddəs kitabı Avesta idi. Zərdüştilik yəhudilik, xristianlıq, buddizm və qədim yunan fəlsəfəsinin inkişafına böyük təsir göstərmişdir. Erkən orta əsrlərdə zərdüştiliyin əsas mərkəzlərindən biri Atropatena idi. Baş od məbədi Adurquşnasp buradaydı və orada çoxlu maq var idi. Dövlət dini kimi zərdüştiliyin formalaşması Sasanilərin dövründə başa çatdı. V əsrdə Sasani şahı II Yəzdigird Qafqaz Albaniyasında zərdüştiliyi zorla yaymaq məqsədi ilə ölkəyə 300 maq göndərib onlara əmr etmişdi ki, burada od məbədləri inşa etsinlər. Sasanilər dövləti ərəblər tərəfindən fəth edildikdən sonra zərdüştilik hələ xeyli müddət burada əhəmiyyətli rol oynamışdır.

zikkurat — Qədim Mesopotamiyada çiy kərpicdən hörülən, üçdən yeddiyə qədər pilləkən və maili keçidlər ilə birləşən yarusları olan ayin qülləsi. Hər yarusun öz rəngi var idi və allaha doğru gedən yolun simvolu hesab olunurdu. Zikkuratın üst meydançasında bayram mərasimlərinin keçirildiyi və kahinlərin ulduzları izlədiyi məbəd var idi.

zimmilər (ər. "əhl əl-zimmi" — «himayə olunmuş») — müsəlmanların hakimiyyətini qəbul edən, cizyə ödəyən və buna görə müsəlmanların himayədarlığını (xarici düşmənlərdən müdafiə, şəxsiyyətlərinin və əmlaklarının qorunması) qazanan başqa din nümayəndələri.

ziyalılar — cəmiyyətin əqli peşəkarlıqla, əsas etibarilə mürəkkəb, yaradıcı əməklə məşğul olan təbəqəsi.

ziyarət, zəvvarlıq — ibadət məqsədi ilə müqəddəs yerlərə getmək. Zəvvarlıq lap qədim zamanlardan mövcuddur və indiyədək olan bir çox dinlərdə qəbul edilmişdir.

Zoroastr — Avesta peyğəmbəri Zaratuştranın (Zərdüştün) adının yunanca ifadəsi.

Zubov Valerian Aleksandroviç — Rusiya generalı. Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu. Müqavimət göstərməyin mənasızlığını görən bakılı Hüseynqulu xan iyunun 13-də Bakı qalasının açarlarını Zubova təqdim etdi. Şamaxıya tərəf hərəkət edən Zubov Şamaxı xanı Mustafaya məktub və hədiyyələr göndərdi və cavab aldı ki, xanın özü Zubovu qarşılamağa çıxacaq. Rus qoşunları Qurdbulaq yaylası yaxınlığında, sonra isə Pirsaatda düşərgə saldılar. Qarabağlı İbrahimxəlil xan öz nümayəndələrini hədiyyələrlə Zubovun düşərgəsinə göndərib Rusiyaya itaət etdiyini bildirdi. Lakin elə həmin zamanda İbrahimxəlil xan Zubova qarşı sui-qəsd təşkil etdi, amma qəsdin üstü açıldı. Əsirlikdən qaçan qubalı Şeyxəli xan da mübarizəni davam etdirdi. O, Rusiyaya qarşı koalisiya yaratdı və Quba xanlığındakı Alpan kəndi yaxınlığında 500 nəfərlik rus qoşun dəstəsini darmadağın etdi. Oktyabrın 21-də rus qoşunlarının bir dəstəsi Gəncə xanlığını zəbt etdi. Lakin II Yekaterinanın 1796-cı ilin noyabrında qəfil ölümü şəraiti tamamilə dəyişdirdi. Onun yerinə keçən oğlu imperator I Pavel rus qoşunlarının Azərbaycanın şimal xanlıqlarından çıxarılması haqqında əmr verdi. Rus qoşunlarının çıxarılması 1797-ci ilin yazında başa çatdı. Rus qoşunları Azərbaycandan çıxarılan kimi Ağa Məhəmməd şah yenidən buraya soxuldu.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
 

0 şərh