Azərbaycan ərəbləri

Ərəblər ilk dəfə 7-ci əsrin 40-cı illərində Qafqaza daxil olmuşdur. Ərəb ordusunun Qafqazda ələ keçirdiyi ilk ən böyük yaşayış məntəqəsi Dvin şəhəri idi. Ərəblər 653-cü ildə isə Arrana daxil olaraq Bərdə və Beyləqanı, 654-cü ildə Bələncər şəhərini ələ keçirdi. 692 və 693-cü ildə ərəblər xəzərlərlə şiddətli döyüşlərdən sonra Dərbəndi ələ keçirsələr də xəzərlər tezliklə şəhəri geri qaytara bildi. Ərəblər nəhayət 714-cü ildə Dərbəndi ələ keçirərək burada möhkəmləndilər. Dərbənd uğrunda xəzərlər və ərəblər arasında uzun müddət davam edən müharibələr başlandı. Dərbənd, beləcə, ərəblər üçün xəzərlərə qarşı mübarizədə mühüm bir dayağa çevrildi. Buradan ərəb dəstələri Qafqazın müxtəlif bölgələrinə, o cümlədən Şimali Dağıstana göndərilmiş və Volqanın aşağı axınlarına qədər çatmışdılar (Volkova, 1983:42).
Bu müharibələrdə qalib gəlmək üçün ərəblərə Azərbaycanda etnik dayaq yaratmaq vacib idi. Buna görə regiona ərəb əhalisinin köçü başlandı.
Azərbaycan ərəbləri
Ərəblərin Azərbaycana köçürülməsi
Ərəblərin Qafqazda uzun müddət davam edən hərbi əməliyyatları zamanı bölgənin bəzi ərazilərində ərəb qarnizonları yerləşdirildi və hərbi istehkamlar tikildi. 9-cu əsr ərəb tarixçisi Əl-Bəlazuri bu barədə belə yazmışdı: “Xəlifə Hişamın (724–743) başçılığı ilə Məsləmə (xəlifənin qardaşı) Dərbəndi ələ keçirdi. Şəhərin əhalisi bu hücum ərəfəsində Dağıstanın mərkəzinə doğru qaçmağa başladı. Şəhəri işğal edən Məsləmə özünə etnik dayaq yaratmaq üçün 24 min suriyalı ailəni Dərbəndə yerləşdirdi. Məsləmə Dərbəndə gətirilən ərəbləri yeddi kvartala böldü və hərəsində Hüms, Dəməşq, Fələstin, Əlcəzair, Mosuldan olan ərəbləri yerləşdirdi. Dərbənddə yaşayan xəzərlər üçün şəhərin şimalında xüsusi bir xəzər məhəlləsi ayrıldı.”
Ərəb tarixçiləri Dağıstanla yanaşı Şərqi Zaqafqaziyanın digər bölgələrində də ərəb əhalisinin yerləşdirildiyi barədə yazırlar. Bərdə şəhəri Zaqafqaziyada əksər ərəb valilərinin iqamətgahı idi və bura çox sayıda ərəb əhali köçürülmüşdü. Bundan başqa xəlifənin Azərbaycan valisi Yezid ibn Üsayd Şirvanda Böyük və Kiçik Arcil şəhərlərini qurdu və burada Fələstin ərəblərini məskunlaşdırdı (Volkova, 1983:44). Ərəb komandiri Mərvan ərəb əsgərlərinin məskunlaşma mərkəzlərindən biri kimi Marağa şəhərini göstərirdi. Bundan başqa ərəb tarixçisi Əl-Yaqubi Bəsrədən olan minlərlə ərəbin Azərbaycanda məskunlaşdığını qeyd edir. Əməvilər dövründəki köçürülmə Abbasilər zamanında da davam etdirildi. Xəlifə Harun ər-Rəşidin hakimiyyəti dövründə (786–809) Azərbaycanın şərq bölgələrində ərəb əhalisinin əsas hissəsini təşkil edən rəbiələrin köçü başlandı.
Qeyd etmək lazımdır ki, Əməvilər sülaləsinin hakimiyyəti dövründə şimalda (Suriya) yaşayan ərəb tayfaları, Abbasilər dövründə isə cənubda (əsasən Yəmən) yaşayan ərəb tayfaları köçürülürdü. Məsələn, xəlifə əl-Mansurun (754-775) dövründə Yəməndən Azərbaycana köç başlandı. 755-ci ildə Terek çayından Kür çayına qədər ərazidə Suriya və Ərəbistandan gətirilən 7 min ərəb ailəsi məskunlaşdırıldı. Belarus tarixçisi Karpoviçin fikrincə, ərəblər Azərbaycanın şimal-şərqinə (Şabran və Müşkür) ilk dəfə 763-cü ildə köçürülüb. İkinci kütləvi köç Arran hökmdarı Yusif ibn Rəşid və Yezid ibn Məzyədin dövründə başladı. Bu zaman Şirvana minlərlə ərəb ailəsi köçürüldü. Harun ər-Rəşidin dövründə (786–809) ərəblərin Azərbaycana köçü zəiflədi. Xəlifə Məmunun (809-813) Arrana hakim kimi Xalid ibn Yezidi təyin etməsindən sonra ərəb köçü yenidən sürətləndi. Ziya Bünyadovun fikrincə, bu ərəb ailələri Azərbaycana köçürülən sonuncu ərəblər idi.
19-cu əsrdə Zaqafqaziyada ərəblərin yaşadığı ərazilər
18-ci əsrin 19-cu əsrin birinci yarısına aid mənbələrində indiki Azərbaycanın şərq hissəsində bir çox köçəri və oturuşmuş ərəb kəndləri var idi. Bu ərəblər müəyyən dərəcədə ənənəvi etnik görünüşünü, dilini və bəzi mədəni xüsusiyyətlərini qoruyub saxlamışdı. Belə ərəb qrupları Azərbaycanda əsasən Muğan (onların əsas köçəri düşərgələri burada yerləşirdi) və Şirvan regionunda yaşayırdı. Bu regionlardan başqa digər ərazilərdə də oturaq formasına keçid etmiş ərəb kəndləri mövcud idi.
Azərbaycan ərəbləri
Quba uyezdində ərəblərin məskunlaşdığı 2 ədəd Ərəb adlı kənd mövcud idi. Bu kəndlərdən biri Vəlvələ çayının şimalında, digəri isə Gilgil və Ataçayın kəsişməsində yerləşir. Hazırda bu kəndlər Xaçmaz rayonuna daxil olan Ərəb kəndi və Siyəzən rayonuna daxil olan Böyük Həmyə (vaxtilə adı Ərəb Həmyə olub) kəndi olduğu hesab edilir. Bundan başqa Nuxa uyezdində Ərəbocağı (indiki Ağdaş rayonuna daxildir) adlı kəndin əhalisi 18-ci əsrin ikinci yarısına qədər ərəb dilində danışa bilirdi .
19-cu əsrin əvvəllərində Qafqaza səyahət edən alman şərqşünası və səyyahı Yulius Klaprotun dediklərinə görə, Şirvanda ərəb xilafəti dövründən burada məskunlaşdıqlarına inanılan bir neçə ərəb yaşayış məntəqəsi mövcud idi. XIX əsrin əvvəllərində bu ərəblərin çoxu yerli azərbaycanlılarla qarışsalar da adlarını qorudular. 19-cu əsrin əvvəllərində Qafqazda “ərəb” milli identifikasiyasını daşıyan çox sayıda kənd adları vardı. 1802-ci ildə Gürcüstan rəsmi sənədlərində Borçalıda Ərəbli kəndi mövcud idi, ərəblərlə bağlı digər regionlarda olduğu kimi burada da əhalinin milliyəti “tatar” olaraq göstərilmişdi. Əhalisi 63 nəfərdən ibarət olan Ərəbli kəndi Gəncə şəhərinin yaxınlığında, əhalisi 104 nəfərdən ibarət olan Ərəbli kəndi isə Lori mahalında yerləşirdi. Burada da kəndlərin əhalisi “tatar” idi (Volkova, 1983:48). Azərbaycan ərəbləri haqqında ən müfəssəl məlumatı Dağıstan tarixçisi Mirzə Həsən Əlqədari verir. Əlqədari əsərlərində Dərbənd, Quba, Şamaxı və Nuxa uyezdlərində yaşayan ərəblərin məskunlaşdıqları kəndlərin siyahısını qeyd edir. Əlqədarinin qeyd etdiyi ərəb kəndləri siyahısında indiki Tabasaran rayonunda yerləşən Dərvaq kəndi də var. Bu kənd Qafqazda ərəb dilinin qaldığı son ərazi idi. Bu kəndin sakinlərinin anlatdıqlarına görə, ötən əsrin əvvəllərinə qədər bu kənddə özünəməxsus bir dildə danışılıb (Əlqədari, 1929:24). Maraqlıdır ki, Dağıstanda yerləşən bu kəndin əhalisi də ərəb dilini itirərək türkləşir. Hazırda bu kənd Tabasaran rayonunda azərbaycanlılar yaşayan ən böyük kəndlərdən biridir.
19-cu əsrdə Azərbaycan ərəbləri haqqında statistik materiallar
1859-1864-cü illərdə Nikolay Zeydlitz tərəfindən hazırlanan vilayətin kameral təsviri əsasında tərtib olunmuş “Bakı əyalətinin etnoqrafik eskizi” əsərində ərəb kəndlərinin və köçəri tayfaların siyahısı verilmişdir: “Ərəb Balaoğlan tayfanın bir hissəsi Bakı uyezdində, böyük bir hissəsi isə Cavad uyezdində yaşayırdı. Ərəbuşağı, Ərəb Əbdülkərim, Ərəb Məmmədağalı, Ərəb Qardaşbəyli, Ərəb Bəbirxanlı tayfaları Cavad uyezdində köçəri həyat sürürdü. Ərəb Cəbirli və Ərəb Şahverdi Göyçay və Şamaxı uyezdlərində, Ərəb Mehdibəy, Ərəb Sarvan və Ərəb Xanədan Göyçay uyezdində, Ərəb Qədim tayfası isə Şamaxı uyezdində köçəri həyat sürürdü. Oturaq ərəblər isə ölkənin əsasən şimal və cənub hissələrində yaşayırdılar. Lənkəran uyezdində yerləşən Ərəb kəndi (indiki Masallıya aiddir), Quba uyezdində yerləşən Ərəb Babalı (indiki Xaçmaz rayonunun Qaraqaşlı kəndi ərazisində mövcud olub) Ərəb Keymuraz (indiki Xaçmaz rayonunun Keymərəz kəndi), Ərəbhacı (indiki Quba), Ərəb Hamiyə (indiki Siyəzən rayonunun Böyük Həmyə kəndi) Ərəbəliməmməd (Quba uyezdi, indiki yerləşdiyi ərazi məlum deyil) oturaq ərəblər yaşayan kəndlər idi.” Bakı quberniyasındakı kameral təsvirinə əsasən adı çəkilən köçəri və oturaq kəndlərdə 1680 təsərrüfatda ümumi olaraq 9881 nəfər əhali yaşayırdı (Genko, 1941:90). Əhalisi mənşəcə ərəb hesab edilən yaşayış məntəqələri və köçəri düşərgələr haqqında ən dolğun məlumatı 1886-cı ildə Zaqafqaziya bölgəsi əhalisinin aşağıdakı cədvəlində görmək mümkündür.
Göründüyü kimi 1864-1886-cı illərdə Azərbaycanda ərəblərin sayı 13,5 min nəfərə qədər artmışdır. Əlbəttə ki, bu rəqəmi qeyd edərkən nəzərə almaq lazımdır ki, bu zaman zərfində bu kəndlərdə yaşayan ərəblər hamısı türkləşmişdi, buna baxmayaraq rəsmi siyahıyaalınmada onlar öz milliyətini ərəb kimi göstərdilər.
 
Azərbaycan ərəblərinin yaşam tərzi
Azərbaycan ərəbləri 18-ci əsrdə köçəri və oturaq həyat keçirən qruplara bölünürdü. Köçəri ərəblər əsasən Azərbaycanın mərkəzi, Muğan çölündə və Qəbristan (indiki Qobustan rayonu ərazisinin tarixi adı) mahalında hərəkət edirdi. Burada məskunlaşmış ərəblər qışda mal-qaralarını Muğanda yemləyirdilər, yay otlaqları isə Şamaxı, Ağsunun dağlıq əraziləri və Talış regionun cənub-qərb yamacları idi. 1723-cü ildə Bakının tutulmasında iştirak edən alman əsilli rus generalı İohan Gerberin yazdıqlarına görə, yerli ərəblər maldarlıq və atçılıqla məşğul olurdu (Kosven və Xaşayev, 1958 :118). Gerber öz əsərində ərəblərin dəvəçiliklə məşğul olması haqqında məlumat vermir. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində ərəblərin təsərrüfatı barədə məlumat verən qaynaqlarda Azərbaycan ərəblərinin əsas məşğuliyyəti kimi dəvəçilik göstərilir .
19-cu əsrdə Azərbaycanın qərb bölgələrində yaşayan ərəblərin iqtisadiyyatında əsas yeri isə köçəri maldarlıq tuturdu. Nuxa uyezdində Ərəb Şəki tayfası qışı Kürün yaxınlığında keçirdirdi, yayda isə ərəblərin eyni bölgədəki Padar kəndi yaxınlığına köçü başlayırdı (bu kəndin Ağdaşın Qəribli kəndi olduğu güman edilir). Mal-qaranın qış otlaqlarına köçü sentyabr ayının sonunda başlayırdı. İlk olaraq köçəri ərəblər qış otlaqlarına hərəkət edirdi, oktyabr ayının sonunda onlara oturaq ərəb tayfaları da qoşulurdu. Aprelin ortalarında isə qış otlaqlarını tərk edən ərəblər mal-qaranı yay otlaqları olan əlverişli ərazilərə doğru sürməyə başlayırdı.
Muğan və Şirvanda yaşayan ərəblərin (xüsusən də köçəri ərəblərin) məşğuliyyəti dəvəçilik idi. Dəvəçilik peşəsi təxminən 1200 il əvvəl Ərəbistan yarımadasından bura köçən ərəblərin mirası kimi qalmışdı (Bünyadov, 2007:223). 1880-ci illərdə dəvəçilik təsərrüfatı ölkənin şərq hissəsində geniş yayılmışdı. Məsələn, Qəbristan mahalında yaşayan ərəb tayfalarında 1300-dən çox dəvə var idi. Ərəblər dəvəni əti ilə yanaşı yunundan müxtəlif məişət əşyaları hazırlamaq üçün istifadə edirdi. Buna baxmayaraq ərəblər üçün dəvələr əsasən nəqliyyat vasitəsi kimi vacib idi. Şamaxı və Göyçay uyezdlərində yaşayan Ərəb Şahverdi, Ərəb Cəbirli, Ərəb Şam və Ərəb Qədim tayfalarında dəvə ilə yük daşıma ticarəti (çarvadarlıq) geniş yayılmışdı. Bu tayfalardan olan ərəblər dəvələrlə Bakı quberniyasından Zaqafqaziyanın müxtəlif yerlərinə yük daşıyırdı. Azərbaycanın daxilində xüsusən duz və neft dəvələrlə daşınırdı. Göyçay ərəbləri bu malları Zaqafqaziya dəmir yolunun Ucar stansiyasında, Qəbristan ərəbləri isə bu malları Bakı quberniyasında alaraq digər regionlarda satırdı. Maraqlısı odur ki, ərəblər puldan istifadə etmirdi və satdıqları mal əvəzində düyü, fındıq, meyvə götürürdü.
Dəvəçilikdən başqa Azərbaycanın bəzi ərəb kəndlərinin sakinləri (məsələn, Ərəb Şahverdi) atçılıqla məşğul olurdular. Bir sıra kəndlərdə suvarma əkinçiliyi inkişaf etdirilmiş, həm də çəltikçilik vacib sahə olmuşdu. Xüsusilə, Ərəb Şamlı kəndinin sakinlərinin Pirsaat çayı yaxınlığında müəyyən əraziləri var idi və burada onlar çəltikçiliklə məşğul olurdu. Oturaq ərəb kəndlərində isə kiçik üzüm bağları salınmışdı. Xüsusən oturaq ərəb kəndlərində bəzi sənətkarlıq sahələri geniş yayılmışdı. Göyçayın Ərəb Cəbirli kənd sakinləri kömürdən istifadə edirdi. Bu kəndin sakinləri əldə edilən kömürü Bakının mis və dəmir tökmə müəssisələrinə satırdılar. Ərəb tayfalarının bir ortaq xüsusiyyəti də hər birində yun məhsullarının (kilim, xalça) geniş istifadə olunması idi. Bu xalçalardan ən məşhuru Ərəb Qədim xalçası idi. Qobustan rayonunun Ərəbqədim kəndində xalçaçılıq ənənəsi indi də qalır. Təəssüf ki, Azərbaycan ərəblərinin ailə həyatı və mədəniyyətini xarakterizə edən heç bir material yoxdur.
Din
Azərbaycan ərəblərinin demək olar ki, hamısı sünni müsəlman olublar .
Dil
Alman əsilli rus generalı İohan Gerberin yazdıqlarına görə, Azərbaycan ərəbləri ərəb və türk sözlərindən ibarət olan qarışıq bir dildə danışırdılar (Kosven və Xaşayev, 1958:118). Alman iqtisadçı Hagemeyster də öz əsərində Azərbaycanda bəzi kənd sakinlərinin bir-biri ilə korlanmış ərəb dilində danışdığını qeyd edir. Bu məlumatı Azərbaycan tarixçisi Ziya Bünyadov da təsdiq edir (Bünyadov, 2007: 223). Hər iki alim öz əsərlərində Şirvan ərəblərinin “tatar dili”ni bildiklərini bildirir. Azərbaycan tarixşünaslığının banisi Abbasqulu Ağa Bakıxanov XIX əsrin ortalarına qədər Azərbaycanda ərəblərin böyük hissəsinin ana dillərini itirdiyini qeyd edir. Bakıxanovun fikrincə, Şirvan uyezdində yaşayan ərəblərin yalnız bir qrupu ərəb dilindən məişətdə istifadə edirdi. Nuxa və Şamaxı uyezdlərində yaşayan ərəblərin köçəri və etnik təcrid olunması ilə türkləşmə prosesi nisbətən gec baş verdi. Bu regionda yaşayan ərəblər azərbaycanlılarla (nəinki şiələrlə, eləcə də sünnilərlə) evlənmirdilər. Ancaq bu vəziyyət onların ətrafdakı əhali ilə ünsiyyət dili olan Azərbaycan dilini bilməsinə mane olmurdu. Azərbaycan ərəblərinin türkləşməsi prosesi 19-cu əsrin sonlarına yaxın başa çatdı. Bu vaxta qədər demək olar ki, bütün ərəb kəndləri ana dilini itirdi (Volkova, 1983:51). 1905-ci ildə aparılan statistikada Bakı quberniyasında 6 kişi və 5 qadın ana dili kimi ərəb dilini göstərir. Sovet hakimiyyəti qurulduqdan sonra 1926-cı ildə aparılan ilk statistikada Azərbaycan SSR-də 7, Ermənistan SSR-də isə 2 nəfər ana dili kimi ərəb dilini qeyd etmişdi.
Ərəblərdən qalma toponimlər
7-8-ci əsrlərdə Azərbaycana köçürülən ərəb qəbilələri imtiyazlara sahib olmasına və dillərinin rəsmi dil olmasına baxmayaraq, Azərbaycandakı etnik prosesdə əhəmiyyətli dəyişikliklər edə bilmədi. XIV əsrə qədər ərəblərin bir hissəsi türklər, bir hissəsi (xüsusən şimal şərq) isə tatlar tərəfindən assimilyasiya edildi. Buna baxmayaraq, ərəblər Azərbaycan xalqının etnogenezinin və dilinin formalaşmasında güclü təsirini qorumağı bacardı. Bundan başqa regionun adının Azərbaycan adlanması da ərəblərin fars toponimini təhrif etməsi ilə yaranıb. Abbasqulu ağa Bakıxanovun “Gülistani-İrəm” əsərində bununla bağlı belə bir məlumat qeyd edir: “Ehtimala görə, Azərbaycan sözü “Azər-Babəkan” sözünün ərəbcələşdirilmiş formasıdır. “Riyazüssəyahə” əsərinin müəllifi Hacı Zeynalabdin Şirvani də Azərbaycanı Azərbayəkanın ərəbcələşmiş halı hesab edir. Bu söz qədim fars dilində atəşgah anlamını verir”.
Ərəblərin gəlişi ilə Azərbaycanda yeni şəhərlərin əsası qoyuldu. İlk qurulan şəhərlərdən biri Qazax idi (o dövrdə şəhərin adı Kasal adlanırdı) (Bünyadov, 2007:217) Ərəblər tərəfindən əsası qoyulan şəhərlərdən biri də Gəncə olmuşdu. Gəncə şəhərini 859-ci ildə Məhəmməd ibn Xalid ibn Yəzid ibn Məzyəd saldı və onun adını ərazidən tapılan xəzinəyə görə Gəncə qoydu (Gəncə fars dilində xəzinə anlamını verir) (Bünyadov,2007:205). Ərəblər tərəfindən əsası qoyulan şəhərlərdən biri də Quba idi. Şəhərə bu ad Mədinə yaxınlığındakı Quba şəhərindən gələn ərəb tayfaları tərəfindən verildi. Bu faktı öz əsərlərində Quba şəhərini təsvir edən görkəmli azərbaycanlı səyyahı Zeynalabdin Şirvani də təsdiq edir: “Qədimdə ərəb tayfalarından biri Qubaya köçərək burada məskunlaşır. Bu dövrdə şəhər ətrafı bölgə regionda olan qalanın adı ilə Bade Firuz – Qubad adlanırdı. Firuz-Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə oxşar olduğu üçün onu Quba adlandırırlar.” (Aşurbəyli, 2006:51). Qubada təkcə şəhər mərkəzi yox, eyni zamanda ətraf kəndlərdə də ərəb təsiri güclü idi. Məsələn, Quba rayonuna daxil olan Afruca və Fırıq kəndləri də ərəb mənşəli sayılırlar (Qeybullayev, 1991:188).
Orta əsrlərdə Azərbaycanda məskunlaşmış ərəb qəbilələri köçdükləri bölgələrin adları ilə çağırılırdı. Məsələn: Şam, Kufə, Bəsrə, Xillə, Xeybər Ərəb Şamlı, Ərəb Qubalı (hazırda Kürdəmirdə bu adla kənd mövcuddur, Ərəb Bəsrə (hazırda Yevlaxda bu adla kənd mövcuddur), Ərəb Xillə, Zarat-Xeybəri (hazırda Şamaxıda bu adla kənd mövcuddur) və s. (Qeybullayev, 1991:188-189).13 əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək saxlanıb qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyin paytaxtı olan Hillə şəhərindən Azərbaycana köçüb gəlmiş rəbiə tayfaları kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salmışdı. Onun müasir adı ilə yanaşı, heç bir dəyişikliyə uğramayan köhnə adı Xilə də qalmışdır. Bu ada Azərbaycanın digər rayonlarında (məsələn, Neftçalanın Xıllı qəsəbəsi və keçmiş Qazıməmməd rayonuna daxil olan Dağ Xıllı kəndi) rast gəlmək olar. Abşerondakı Əmircan kəndi də (köhnə adı Xilə) İraqdakı Hillə şəhərinin adı ilə adlandırılmışdır.
Azərbaycanda coğrafi adlarla yanaşı ərəb qəbilələrinin adı ilə bağlı olan yaşayış məntəqələri də mövcud olub. Məsələn, Şəkinin Cunud-2 və Baqqal kəndlərinin sakinləri Məhəmməd peyğəmbərin mənsub olduğu Qüreyş qəbiləsindən idi (Volkova, 1983:45). Qaradağ rayonuna daxil olan Şubanı qəsəbəsinin adı da Şeyban adlı ərəb qəbiləsindən qalıb .
Ərəblərdən qalma etnonimlər
Vaxtilə ərəblərin məskən saldıqları yaşayış məntəqələrinin adında indiyədək “ərəb” sözü qalmışdır. Həmin kəndlərin bəziləri indi də özünü “ərəb” adlandırır və onlar, antropoloji cəhətdən başqalarından aydın fərqlənirlər. Azərbaycanda Sovet hakimiyyətinin ilk dönəmlərində şərqdən qərbə doğru həmin kəndlər bu formada yerləşmişdi: Quba – Ərəbli, Ərəbkeymuraz, Ərəbdəhnə, Ərəbhacı; Şamaxı – Ərəblər, Ərəbuşağı, Ərəbqədim, Ərəbşamlı, Ərəbşahverdi; Kürdəmir – Ərəbqiyaslı, Ərəbçəltikçi, Ərəbsarvan; Göyçay – Ərəbcərbirli, Ərəbxana, Ərəbmehdibəy, Ərəbşahverdi; Salyan – Ərəbbəbirxan, Ərəbqardaşxan; Lənkəran – Ərəb; Ağdaş – Ərəb, Ərəbkükel, Ərəbbəsrə, Ərəbocaq, Ərəbşəkil, Ərəbşeyx; Laçın – Ərəb, Ərəbli; Gədəbəy – Ərəbli və bir çox başqaları (Bünyadov,2007:223).
Bu kəndlərin bəzisi hazırda mövcud deyil, digərləri isə 1930-40-cı illərdə Azərbaycan respublikasında yeni yaradılan rayonların tərkibinə keçmişdir. Hazırda Azərbaycanda “ərəb” identifikasıyasını saxlayan kəndlər aşağıdakı kimidir.

  •     Ağdaş – Ərəb, Ərəbocağı, Ərəbşəki (Keçmiş adı Qəribli olmuşdur). (Əliyeva, 2007: 263).
  •     Ağsu – Ərəbmehdibəyli, Ərəbsarvan, Ərəbuşağı.
  •     Cəbrayıl – Ərəbyatağı.
  •     Göyçay – Ərəbcəbirli, Ərəbşahverdi.
  •     Xaçmaz – Ərəb.
  •     Kürdəmir – Ərəbxana (Keçmiş adı Ərəb Xanədan olub). Ərəb Qubalı (Ərəbkufəli adınının təhrif olunmuş formasıdır), Çöl Ərəb kəndi. (Əliyeva, 2007: 262).
  •     Qobustan – Ərəbqədim (Keçmiş adı Köhnə Ərəb olmuşdur), Ərəbşalbaş (Keçmiş adı Ərəbcəbirli olmuşdur), Ərəbşahverdi. (Əliyeva, 2007: 262-263).
  •     Laçın – Ərəb.
  •     Masallı – Ərəb.
  •     Neftçala – Ərəbqardaşbəyli.
  •     Şabran – Ərəblər.
  •     Şərur – Ərəbyengicə.
  •     Yevlax – Ərəbbəsrə (Keçmiş adı İkinci Ərəbşəki olmuşdur) (Əliyeva, 2007: 261).

Azərbaycanda yuxarıda göstərilən ərəb etnonimlərinə əlavə olaraq ərəb coğrafi terminlərindən əmələ gələn bir sıra oykonimlər mövcuddur. Ancaq bütün bu terminlərin mənşəyi, təbii ki, ərəb qəbilələri ilə əlaqələndirilə bilməz. Onlardan bəziləri müxtəlif dövrlərdə ərəb dilindən götürülmüş və fonetik uyğunlaşma ilə Azərbaycan dilinin toponimiyasına keçmişdir.
Nəticə
Azərbaycan ərəbləri 19-cu əsrin sonunda tarixdən silinsələr də onların qoyduğu miras indi də qalmaqdadır. Bu miras xüsusilə Azərbaycan dilində özünü göstərir. Azərbaycan dili təkcə türkdilli, irandilli, qafqazdilli yox, eləcə də ərəbdilli substratdan formalaşmış bir dildir. 2009-cu ildə Azərbaycana gələrək ADA universitetində “Azərbaycan dilinin ərəb kökləri” mövzusunda çıxış edən Qahirə Universitetinin professoru Hani əs Sisi qeyd edir: “Bu gün Azərbaycan dilində ərəb kökləri olan 10 minə yaxın söz var. Maraqlısı budur ki, sizin dilinizdə ərəblərin özü tərəfindən istifadə edilməyən ölmüş sözlər və ifadələr mövcuddur”. Bundan başqa Azərbaycan adı coğrafi bir ad olaraq, həmçinin xalqın böyük əksəriyyətinin mənsub olduğu islam dini ərəblərin mirası hesab edilə bilər. Bu miras isə Azərbaycan xalqı var olduqca yaşayacaq.
 
 
Müəllif: Tural Həmid
Mənbə: azlogos.eu
 

0 şərh