Endrü Cekson (ANDREW JACKSON)

Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi.

15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uoks- hou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin mad­di çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.

1780-ci ildə hərbi əməliyyatlar Uokshouya da gəlib ça­tır. Burada baş vermiş ağır döyüşlərdə Ceksonlar ailəsinin böyük oğlu Uilyam həlak olur. Ağır dərdə dözməyən Eli- zabet tezliklə vəfat edir. 1782-ci ildə məktəbi bitirən Endrü pedaqoji kadrlar çatışmadığı üçün həmin məktəbdə müəllim kimi fəaliyyət göstərir. Lakin o, on yeddi yaşında doğma Uokshounu tərk edir.

Müstəqil həyata qədəm qoyan Endrü hüquqşünas ol­mağa qərar verir. Hüquqşünaslıq Şimali Amerikada artıq hörmətli peşə hesab edilir, istər ictimai nüfuz, istərsə də yaxşı təminatlı həyatın qarantına çevrilirdi. Cənubi Ka­rolinanın Solsberi şəhərciyində Makkeyin hüquq konto­runda praktika keçən Endrü vəkillik fəaliyyətinə başlayır, iki il sonra ştatın Ali Məhkəməsinə üzv seçilir. Təcrübəli vəkillərin çoxluq təşkil etdiyi Solsberidə uğur qazanmaq onun üçün çətin idi. Ona görə Qərbə köçməyi qərara alır və 1788-ci ildə Neşvill qəsəbəsində məskunlaşır. Qısa müddət ərzində böyük hörmətlə yanaşı var dövlət də toplaya bilir. 24 yaşlı Cekson Neşvill sakini, tanınmış ailədən olan Raşel Rabardsla ailə qurur.

XVIII əsrin 90-cı illərində Cənub-Qərb bölgəsi sürətlə inkişaf edirdi. Artıq burada yaşayan əhalinin sayı 76.000 nəfərə çatırdı. Bu baxımdan ərazinin müstəqil ştata çevrilməsi gündəmə gəlir (federal qanunvericiliyə əsasən əhalisinin sayı 60 mini keçdikdə əraziyə ştat statusu verilə bilər). 1796-cı ildə çağırılan konventdə əraziyə ştat statusu verildi və Tennessi adlandırıldı. Cekson bu prosesdə fəallıq göstərmiş və haqlı olaraq İttifaqa daxil edilmiş Tennessidən Nümayəndələr Palatasına üzv seçilmişdir. Növbəti il o, Şta­tı senatda təmsil edir.

Lakin Cekson yalnız altı ay senatorluq edir. 1798-ci ilin yazında biznes ortağı Devid Allison həbs edildikdə is­tefa verərək Neşvillə qayıdır. Az bir zamanda işlərini qay­daya salır. İşgüzar sahibkar, varlı quldar Cekson ştatın Ali Məhkəməsinə üzv seçilir.

E.Ceksonun karyerasında növbəti mərhələ Tennessi legislaturasında milis general-mayoru seçilməsidir. Lakin, o, hərbi xidmətlə yanaşı siyasi fəaliyyət də göstərir, belə ki, 35 yaşlı general Şimali Amerikada Avropa müstəmləkə torpaq­ları və hindular yaşayan ərazilər hesabına ABŞ ərazisinin genişləndirilməsi arzusunda olduğunu bildirir. Onun bu istəyi sülhsevər prezident Ceffersondan dəstək almır.

1812-ci ildə prezident Medison İngiltərəyə müharibə elan etdi. Müharibəyə qatılan İngiltərə hökuməti hindu qəbilələrini ələ alaraq onların ABŞ-a qarşı qiyama qalxma­sına nail olur. 1813-cü ilin əvvəllərindən iki alay formalaş­dıran Cekson Cənub-qərbdə hindu qiyamlarını yatırmağa göndərilir. Hindularla amansız döyüşlərdə bir-birinin ardın­ca qələbə qazanan Cekson bəzi qəbilələri tamamilə məhv edir, qiyam amansızlıqla yatırılır. Hindulara məxsus 23 milyon akr torpaq sahəsi ABŞ-a birləşdirilir. Bundan razı qalan Konqres Ceksona ordu generalı rütbəsi verir. Qorx­maz, cəsur bir döyüşçü olması ona «Qoca Hikari» ləqəbi qazandırır.

Əldə etdiyi uğurlar Ceksona şöhrət gətirsə də bəzi dairələrdə buna barmaqarası baxır, primitiv silahlarla döyüşən hindular üzərindəki qələbələri böyük rəşadət hesab etmirdilər. Lakin ingilis nizami orduları üzərində, xüsusilə Yeni Orlean yaxınlığındakı qələbəsi onun bacarıqlı hərbçi olduğunu təsdiq edərək generalı milli qəhrəmana çevirdi.

1818-ci ildə Florida ABŞ-a birləşdirildikdən sonra pre­zident Monro, onu yeni ştatın qubernatoru təyin edir. Lakin general tezliklə istefa verir, üç il sonra isə ordudan gedir. Yaxınlarına yazdığı məktublarında qalan həyatını dinc fer- merlik fəaliyyətinə həsr etmək arzusunda olduğunu bildi­rir. Lakin yaxın dostları, xüsusilə Tennessi ştatının varlı şəxsləri J.Levis, C.Overton və C.İton onun növbəti prezi­dent seçkilərinə namizədliyini verməsini istəyirlər.

1824-cü il seçkilərində E.Cekson C.K.Adams, U.Krou- ford və H.Kleylə birgə namizədliyini irəli sürür. Seçkilərdə birincilik qazansa da zəruri olan minimum səs həddini aşa bilmir və seçkilər Nümayəndələr Palatasına keçirilir. H.Kleyin səslərini Adamsa verməsi sonuncunun prezident seçilməsi ilə nəticələnir. Məğlubiyyətdən məyus olan Cek­son Adamsı və onun dövlət katibi təyin etdiyi H.Kleyi gizli sövdələşmədə günahlandırır.

Qeyd edək ki, gərgin keçən seçkilər siyasi qüvvələrin yenidən qütbləşməsinə səbəb olmuşdur. Adams-Kley qrup­laşması milli respublikaçılar, 1832-ci ildən viqlər adlandırı­lan partiyanın yaranması ilə nəticələnir. Cekson tərəfdarları, xüsusilə C.Kalxaun və M.Van Burenin təşəbbüsü ilə de­mokrat respublikaçılar və ya sadəcə demokrat adlandırılan partiyanı təsis edirlər.

1828-ci il seçkilərinə ciddi hazırlaşan demokratlar yeni təbliğat taktikalarından istifadə edirlər. Artıq namizəd proq­ramını seçicilərlə birbaşa təmas yaratmaqla, mitinqlərdə açıqlayır, mətbuatdan geniş istifadə olunur. Bu tədbirlər bəhrəsini verir və Cekson Adamsa böyük üstünlüklə qalib gələrək prezident seçilir.

İnauqurasiya nitqində demokratik islahatların zəruri­liyindən danışan yeni prezident bu işə ilk olaraq dövlət məmurlarının dəyişdirilməsi ilə başlayır. Cekson hələ 12 il əvvəl prezident Monroya yazdığı məktubunda partiya mənsubluğuna görə dövlət vəzifələrinin paylanmasının əleyhinə çıxırdı: «Hər bir halda partiya marağı və partiya mənsubluğu kənara qovulmalıdır… Böyük və güclü millət rəhbəri özünü partiya mənsubluğu ilə buxovlamamalıdır». Buna baxmayaraq sonrakı fəaliyyətində əvvəl dediklərinə riayət etmir, tərəfdarlarını vacib vəzifələrə təyin edir. Bunu o, Adamsın dövründə kadrların korrupsiya və rüşvətxorluğa qurşanması ilə izah edirdi. Hadisələrin sonrakı inkişafı onun haqlı olduğunu göstərdi. Təkcə hərbi dəniz nazirliyində aparılan yoxlamalar ildə bir milyon dollar yeyinti olduğunu üzə çıxartdı.

Ceksonun siyasi rəqibləri islahatların keçirilməsinə müqavimət göstərir, təyin etdiyi kadrların Konqresdə təsdiq olunmasına maneçilik törədirdilər. Tədricən prezidentin fəaliyyəti demokrat partiyasının daxilində narazılıqla qarşı­lanmağa başladı. Xüsusilə federal hakimiyyətin hüquqları­nı ştatların suverenliyindən üstün tutması partiyanın vitse- prezident Kalxaunun başçılıq etdiyi cənub qanadının ciddi etirazına səbəb oldu. Konstitusiyanı özünəməxsus şəkildə şərh edən Kalxaun, ştatların İttifaqdan ayrılması hüququ­nu özündə saxladığını iddia edirdi. Prezident isə onun bu təfsiri ilə qətiyyən razılaşmırdı. Fikir ayrılığı, müharibəylə sonuclanacaq quldarlıq problemi gündəmə gəlməmiş, par­tiya daxili ikitirəliyin yaranmasına səbəb oldu.

Partiyadaxili ixtilaflar Ceksonun nüfuzuna ziyan vur­mur. Onun yeni formalaşan kiçik burjuaziyanın mənafeyini güdən maliyyə sistemində apardığı islahatlar, Konqres qa­nunlarına veto qoymaqla Milli Bankın monopoliyasının qarşısını alması cəmiyyətdə ona islahatçı-prezident imici qazandırmışdı.

1832-ci il seçkilərində Ceksonun əsas rəqibi H.Kley olur. Gərgin keçən seçkilərdə Cekson böyük üstünlüklə ikinci müddətə prezident seçildi. Qeyd edək ki, seçkilərdə üçüncü siyasi qüvvə kimi çıxış edən Antimason partiyası ciddi uğur qazanmadı və bu ümumiyyətlə ABŞ-da bərqərar olmuş iki partiyalı sistemə əsaslı dəyişiklik gətirmədi. On­ların nümayəndəsi Floyd seçimçilər kollegiyasında Cekson və Kleyin topladıqları 219 və 49 səsə qarşı yalnız 11 səs ala bilmişdi.

Cekson ikinci prezidentlik müddətində də götürdüyü kursun fundamental xarakter daşıdığına inanır və başladı­ğı demokratik islahatları özünəməxsus inadkarlıqla davam etdirirdi.

Cekson prezidentlik müddətinin başa çatmasından çox əvvəl daha seçilmək niyyətində olmadığını bildirir və siya­si varis qayğısına qalır. Məhz onun istəyilə demokratların mayda keçirilən Konventində M.Van Buren prezidentliyə namizəd göstərilir. Elə onun böyük köməyi nəticəsində də M.Van Buren ABŞ-ın növbəti prezidenti se­çilir.

Tennessiyə qayıdan eks-prezident Ermitaj malikanəsində yaşayır. Buradakı mənzərə heç də ürəkaçan deyildi. Səkkiz illik prezidentliyi müddətində oğulluğu Endrü-kiçiyə tap­şırdığı böyük təsərrüfat iflas həddinə çatmışdı. Buna səbəb bir tərəfdən 1834-cü ildə Ermitajda baş vermiş yanğın idisə, digər tərəfdən oğulluğunun işə soyuq yanaşması, spirtli içkilərlə aludə olmasıydı. Təsərrüfata rəhbərliyi ələ alan eks-prezidentə tədricən vəziyyəti sabitləşdirmək nəsib olur.

Təsərrüfatla ciddi məşğul olması, ona ölkədə gedən si­yasi prosesləri izləməyə mane olmamışdır. Xüsusilə 1844- cü il seçkilərində, siyasi əlaqələrindən, partiya daxilində hələ də mövcud olan böyük nüfuzundan istifadə edərək C.Polkun prezident seçilməsinə yardımçı olmuşdur.

1845-ci ilin əvvəllərindən Ceksonun səhhəti pisləşir. Qısa müddətdə hərəkət qabiliyyətini itirən qoca general xüsusi quraşdırılmış kreslodan istifadə edir. Bu ərəfədə onun əhval-ruhiyyəsini yüksəldən yalnız Texasın ilhaq olunması idi. Var-dövlətinin böyük hissəsinin Endrü-kiçiyə və nəvələrinə, şəxsi silah-sursatlarının yaxın dostlarına verilməsini vəsiyyət edir.

E.Cekson 8 iyun 1845-ci ildə 78 yaşında vəfat etmiş­dir. İki gün sonra düzənlənən dəfn mərasimində onu son mənzilə yola salmağa üç mindən çox adam toplanmışdı.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh