Ceyms Monro (JAMES MONROE)

ABŞ-ın 5-ci prezidenti Ceyms Monro 1758-ci il ap­relin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Vaşinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın digər nüfuzlu siyasətçilərindən fərqli olaraq, atası Spens Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi. Ceyms ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin yanında alır. 16 yaşında Virciniyanın paytaxtı Uilyamsburqa gələrək «Uilyam ənd Meri» kollecində təhsilini davam et­dirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental or­dunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik şəhadətnaməsi alır. Bacarıq və cəsarətinə görə fərqlənən Ceymsə 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, ona Qərb ərazisində böyük torpaq sahələri verilmişdir.

1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altın­da hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq əlaqələri saxlamışdır.

1782-ci ildə Virciniya qanunvericilik məclisinə üzv seçilən Monro, siyasi fəaliyyətə başlayır. 1786-cı ilədək, ştatin nümayəndəsi kimi, iclaslarını Nyu-Yorkda keçirən Konfederasiya Konqresinin iştirakçısı olur. Nyu-Yorkda yaşadığı vaxt (16 fevral 1786-cı ildə) müflis olmuş Vest­Hind plantatorunun qızı Elizabet Konraytla ailə qurur. Həmən ilin dekabr ayında anasının şərəfinə Elizabet adlan­dırılan ilk övladları dünyaya gəlir.

1787-ci ildə Filadelfiyada keçirilən Konstitusiya Konventinin üzvü olmasa da Virciniya ştatının Konventdəki nümayəndəsi kimi konstitusiyanın əleyhinə çıxış edir. Nümayəndələr palatasına seçkilərdə C.Medisona məğlub olmasına baxmayaraq, 1790-cı ildə Virciniya parlamen­ti onu senator seçir. Fransaya səfir göndərilənədək dörd il müddətində senator olur.

Onun Fransada səfir kimi fəaliyyəti qənaətbəxş olmur və 29 iyul 1796-cı ildə xarici işlər naziri Timoti Pikerinq tərəfindən geri çağırılır. Səfirlik fəaliyyətinin kəskin tənqid olunması onun siyasi nüfuzuna xələl gətirmir. Monro 1799- cu ildə Virciniya Ştatının qubernatoru seçilir və 1802-ci ilə qədər bu vəzifədə çalışır. Dostu T.Cefferson Birləşmiş Ştatların prezidenti seçildikdən sonra Vaşinqtona qayıdan Monro 1809-cu ilədək siyasi fəaliyyətini burada davam etdirmişdir. 1803-cü ildə yenidən Parisə səfər edərək, bu­rada R.Livinqstonla birlikdə Luiziananın alınması danı­şıqlarında iştirak edir. Lakin Qərbi Floridanın İspaniyadan alınması və Londonda İngiltərə ilə münasibətlərin nizam­lanması haqqında Uilyam Pinkni ilə birgə aparılan danı­şıqların uğursuzluqla nəticələnməsi onun siyasi reytinqinin aşağı düşməsinə səbəb olur. Bu ona 1808-ci il prezident seçkilərində namizədliyini irəli sürməyə mane olur. O, 1788-ci ildə olduğu kimi, bu dəfə də Medisona məğlub olur və bu, iki siyasətçi arasında münasibətlərin korlanmasına gətirib çıxarır.

C.Monro 1811-ci ildə yenidən Virciniya ştatının qu­bernatoru seçilir. Cefferson Medisonla onu barışdırdıqdan sonra, prezident 1811-ci ilin mart ayında Monronu Robert Smitin yerinə xarici işlər naziri təyin edir. C.Medisonun prezidentliyi müddətində, ABŞ-ın xarici siyasəti, xüsusilə İngiltərə ilə münasibətlər, məhz Monronun fəaliyyəti ilə müəyyənləşmişdir. İngiltərə ilə aparılan müharibə ərəfəsində Con Armstronq müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu vəzifə də C.Monroya tapşırı­lır. Yeni Orlean və Plattsburqda ABŞ ordusunun qələbələri, eyni zamanda Kent sülhünün bağlanması onun siyasi möv­qeyini daha da möhkəmləndirir.

O, partiyadakı tərəfdarlarının böyük köməyi sayəsində Respublikaçılar partiyasının 1816-cı il prezident seçkilərinə namizədini müəyyənləşdirməyə həsr olunmuş konqresində Medison hökumətində maliyyə naziri olmuş Uilyam Kro- uforda kiçik üstünlüklə (65: 54) qalib gələrək partiyanın namizədi olur. Prezident seçkiləri Monronu xüsusi narahat etmirdi. Belə ki, müharibədən sonra federalistlər partiya­sı praktiki olaraq öz fəaliyyətini dayandırmışdı. Nəticədə o, federalistlərin namizədi Rufus Kinqə böyük üstünlüklə (183: 34) qalib gələrək prezident olur.

Ceyms Monronun səkkiz illik prezidentlik dövrü «xoş əhval-ruhiyyələr dövrü» («The era Good feelings») kimi xarakterizə edilir. Bu hər şeydən əvvəl onun prezident­liyi dövründə partiyalar arası ziddiyyətlərin olmaması ilə əlaqədardır. Prezidentin partiyalar fövqündə dayanması prinsipini əsas tutan Monro istər şəxsi, istərsə də fraksi­yalar arası münasibətlərlə bağlı qarşıdurmalarda iştirak etməməsidir. Bu mövqeyi onun kabinetə olan münasibətində də özünü göstərmişdir.

İspaniya ilə bağlanmış müqaviləni Monro hökumətinin böyük uğuru hesab etmək olar. 24 fevral 1819-cu ildə Monro tərəfindən imzalanan Transkontinental müqavilə haqlı olaraq Adams-Onis müqaviləsi adlanır. Xarici işlər naziri Adamsın gərgin fəaliyyəti sayəsində bağlanmış bu müqaviləyə əsasən bütün Florida ABŞ-a birləşdirilmişdi.

1820-ci ildə keçirilən prezident seçkiləri ötən seçki­lərdən fərqli olaraq sakit keçmişdir. Respublikaçıların rəsmi namizədi kimi çıxış edən Monronun rəqibi müstəqil respub­likaçı C.K.Adams olmuşdur. C.Monro böyük üstünlüklə (234: 1) ikinci müddətə prezident seçilmişdir. Bu dövr bir çox beynəlxalq-siyasi hadisələrlə zəngin olmuşdur.

Xatırladaq ki, İspaniyanın Avropada gedən Napoleon müharibələrinə cəlb olunması onun Latın Amerikasındakı müstəmləkələrini itirməsi ilə nəticələnir. Müharibələr sona çatdıqda Müqəddəs İttifaqda birləşmiş dövlətlər İspaniya­nın öz əski müstəmləkələrindəki ağalığını bərpa etməsinə kömək göstərirlər. Bu, ABŞ-ın ciddi etirazı ilə qarşılanır. Bununla əlaqədar 2 dekabr 1823-cü ildə Ceyms Monro Konqresə məktub göndərir. Sonradan «Monro doktrina- sı» adını almış məktubda dünyanın Avropa və Amerika sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni za­manda Avropadan Amerikanın daxili işlərinə qarışmamaq tələb olunurdu.

Xələflərinin qoyduğu ənənəyə sadiq qalan Monro 1824-cü il prezident seçkilərində iştirak etmir. Ömrünün son illəri maddi çətinliklər içərisində keçir. 1830-cu il 23 sentyabrda həyat yoldaşı vəfat etdikdən sonra, Nyu-Yorka qayıdaraq kiçik qızı Mariya Hesterin yanında yaşayır. 4 iyul 1831-ci ildə, Birləşmiş Ştatların İstiqlaliyyət Bəyannaməsinin 55-ci ildönümü günü vəfat edir.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh