Endrü Conson (ANDREW JOHNSON)

Linkolnun qətlindən bir gün sonra 1865-ci il aprelin 15- də vitse-prezident Endrü Conson prezident səlahiyyətlərinin icrasına başladı. Vətəndaş Müharibəsi Şimallıların qələbəsi ilə başa çatsa da, ölkənin gələcək taleyi qeyri-müəyyən olaraq qalırdı. İttifaqdan ayrılmış ştatların statusu necə olacağı bilinmirdi. Rekonstruksiyanın (ayrılmış ştatların İttifaqa qaytarılması) kimin, Konqresin yoxsa preziden­tin səlahiyyətlərinə aid olması, azadlıq əldə etmiş qulla­rın statusu problemi həllini gözləyirdi. Təəssüf ki, Conson müxtəlif səbəblər üzündən bu problemlərin öhdəsindən gələ bilmədi.

Endrü Conson

Hələ 4 mart 1865-ci ildə, Prezidentin andiçmə mərasimində göstərdiyi fərdi xüsusiyyətləri onun vəzifəsini layiqincə yerinə yetirəcəyini şübhə altına alırdı. Respubli­kaçı Linkolna hər mənada yaxşı köməkçi hesab edilən Ten- nessili demokrat, vitse-prezident kimi ilk çıxışını edərkən sərxoş olmuşdu. Onun bu vəzifəyə namizəd göstərilməsinin bir neçə səbəbi vardı. Əvvəla respublikaçılar bununla İtti­faqa sadiq demokratların səsini almaq istəyirdilər. Digər tərəfdən Conson Tennessi ştatının hərbi qubernatoru olarkən fəaliyyəti ilə radikal respublikaçıların rəğbətini qa­zanmışdı.

Endrü Conson 29 dekabr 1808-ci ildə Şimali Karolina­nın Reyley şəhərində dünyaya gəlib. Üç yaşı olarkən ata­sını itirən Endrü anasının himayəsində böyümüş, heç vaxt məktəbə getməmişdir. O, 14 yaşında ikən dərzi C.Selbinin yanında şagird olur. Müqaviləyə əsasən yetkinlik yaşınadək usta yanında qalmalı olan Conson iki il sonra emalatxana­dan qaçaraq balaca Kartic şəhərində özəl dərzixana açır.

1826-cı ildə Texasın Qrinvell şəhərinə köçən Conson, burada aldığı ikimərtəbəli malikanədə işini davam etdirir. Elə həmin il yerli çəkməçi qizi Elayza Mak-Kardl ilə ailə qurmuş və bu nikahdan onların beş övladı olmuşdur. Gec də olsa təhsil almasına həyat yoldaşının böyük təsiri olur.

Consonun yerli siyasətdə iştirakı da uğurlu olmuşdur. Gələcək prezident parlaq siyasi karyera edə bilməsini Ame­rika demokratiyasının nailiyyəti hesab edirdi. Artıq 21 yaşında o, Qrinvill şəhər sovetinin üzvü, sonra isə meri seçilir. 1834-cü ildə ştat parlamentində siyasi fəaliyyətini davam etdirir. Doqquz il sonra isə Va şinqtonda, Nümayəndələr Pa­latasında ştatı təmsil edir.

Siyasi irəliləyişi ilə yanaşı şəxsi biznesi də sürətlə inki­şaf edir. Onun kiçik dərzixanası böyük müəssisəyə çevrilir və sahibinə gəlir gətirir.

1852-ci ilə qədər Konqresdə fəaliyyət göstərdikdən sonra, Conson Tennessi qubernatoru seçilir. İki seçki müddətində bu vəzifədə çalişir. Konqresə keçirilən növbəti seçkilərdə Tennessini Senatda təmsil etmişdir. Qeyd edək ki, Vətəndaş Müharibəsi ərəfəsində Cənub ştatlarını Senat­da təmsil edən yeganə şəxs olmuşdur.

1862-ci ildə prezident Linkolnun əmri ilə briqada ge­neralı rütbəsi almış və Tennessinin hərbi qubernatoru təyin edilmişdir.

E.Consonun prezident kimi gördüyü ilk iş qiyam işti­rakçılarına amnistiya elan etməsi oldu. 29 may 1865-ci ildə imzalanmış akta əsasən amnistiya fərdi qaydada aparılırdı. 20.000 dollardan artıq kapitala malik hər bir qiyam iştirak­çısı prezidentə əfv olunması üçün şəxsən ərizə ilə müraciət etməli idi. Bu onun Cənub aristokratiyasına dərin nifrətinin göstəricisi idi. Bir neçə ay ərzində artıq 13.000 nəfər əfv edilmişdi.

Lakin Consonun Cənub ştatlarına müvəqqəti quber­natorlar təyin etməsi radikal respublikaçıların narazılığına səbəb oldu. Çünki yeni qubernatorların əksəriyyəti köhnə quldar plantatorlar idi. Prezidentin rekonstruksiya planına əsasən quldarlıq ləğv edilsə də, qaradərililərə heç bir siya- si-iqtisadi azadlıq verilmirdi. Hətta vaxtilə general Şerman tərəfindən döyüşlərdə iştirak etmiş zəncilərə verilən torpaq­lar da geri alınmalı idi.

Consonun yeritdiyi bu siyasət Cənubda razılıqla qar­şılanırdı. Prezident ilk əvvəl Konqresdə də dəstəklənirdi. O, Konqresə göndərdiyi illik hesabatda tutduğu mövqe­ni Cənub ştatlarının İttifaqdan leqal olaraq çıxmadıqla­rı ilə əsaslandırır və bu yolla ştatların İttifaqa qayıtması­nı sürətləndirdiyini bildirirdi. Lakin Konqres, xüsusilə də radikal respublikaçıların tələbi ilə zəncilərin hüquqları­nın müdafiəsinə yönəlmiş iki qanun layihəsini prezidentə təqdim etdi.

Qanun layihələrinə, xüsusilə zəncilərə seçki hüquqları verilməsini nəzərdə tutan «Vətəndaş hüquqları haqqında Bill»ə qəti etirazını bildirən prezident hər iki qanuna veto qoydu. Bu isə Konqreslə prezident arasında ziddiyyətlərin yaranmasına səbəb oldu.

1867-ci ilin yanvarında Konqres Kolumbiya dairəsində zəncilərə seçki hüququ verən qanunu qəbul etdi. Lakin prezident bu qanunu ştatların konstitusiya hüquqlarının pozulması kimi dəyərləndirib, ona veto qoydu. Cavab olaraq Konqres 2/3 səs çoxluğu ilə vetonu ləğv etdi. Bu prezidentlə Konqres arasındakı münasibətlərin tam pozul­ması ilə nəticələndi.

1867-ci ilin fevralından başlayaraq Konqres rekons­truksiya ilə bağlı bir neçə qanun qəbul etdi. Bu qanunlara əsasən Cənub beş hərbi dairəyə bölünməli və bu dairələrə Şimallı generallar başçılıq etməli idi. Zəruri halda onlar hərbi hüquqlarından istifadə edə bilərdilər. Bu, Conson siyasətinin tam iflası demək idi.

Lakin prezident hələ də Konqresə inadla müqavimət göstərirdi. O, iki hərbi dairənin rəhbərini, xüsusilə də Se- natin razılığı olmadan hərbi nazir Edvin Stentonu tutduq­ları vəzifədən kənarlaşdırdıqda Nümayəndələr Palatası prezidenti impiçment qaydasında mühakiməyə qərar verdi. Beləliklə ABŞ tarixində ilk və hələlik yeganə dəfə prezi­dent qanuni qaydada mühakimə edildi.

1867-ci ilin mayında Senatda impiçment məsələsinə görə səsvermə keçirildi. Yeddi respublikaçının gözlənilmədən prezidentin lehinə səs verməsi Consonu vəzifədən kənarlaşdırılma biabırçılığından qurtardı. (Pre­zidentin senatda impiçment qaydasında mühakiməsi üçün edilən təklif 2/3 səs çoxluğu almalıdır).

Baş verənlərdən sonra Conson rekonstruksiya məsələsində Konqreslə qarşıdurmaya getmədi. Lakin o, tut­duğu siyasi kursun doğruluğuna, Konstitusiya çərçivəsində olmasına qəti şəkildə inanırdı.

Conson xarici siyasətdə, xarici işlər naziri Uilyam Syuar- dın məqsədyönlü və düşünülmüş fəaliyyəti nəticəsində bəzi uğurlar qazanmışdır. O, diplomatik təzyiq vasitələrindən istifadə edərək fransız qoşunlarının Meksikadan çıxarılma­sına nail olmuş, bununla Meksika xalqının müstəqilliyini bərpa etməsinə kömək göstərmişdir. Syuardın hazırladı­ğı plana görə Karib hövzəsindəki bəzi adaların satın alın­ması Senatda dəstəklənməsə də, Birləşmiş Ştatlar 1868-ci ildə Rusiyaya 7,2 milyon dollar ödəməklə strateji cəhətdən əhəmiyyətli və zəngin xammal ehtiyatına malik Alyaskanı özünə birləşdirir.

Cənubda böyük hörmətə malik olmasına baxmayaraq təkrar seçkilərdə Consonun namizədliyi irəli sürülmədi. Vəzifədən getdikdən sonra da şöhrətpərəst eks-prezident aktiv siyasətdən kənarda qalmır. Qrinvillə qayıdan kimi yenidən fəaliyyətə başlayaraq seçkili orqanlarda təmsil olunmağa cəhd göstərir. Bir neçə məğlubiyyətdən sonra 1874-cü ildə Tennessi senatına seçilir. Növbəti il isə vaxtilə onu vəzifədən uzaqlaşdırmaq istəyən Nümayəndələr Pa­latasına daxil olur. Lakin buradakı fəaliyyəti uzun çəkmir. E.Conson 1875-ci il 31 iyulda beyninə qan sızması nəticəsində vəfat edir.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh