Martin Van Buren

Dünyanın bir çox dillərində özünə vətəndaşlıq hüqu­qu qazanmış «Okey» sözünün qəribə yaranma tarixçəsi var. İstər xalq, istərsə də siyasi dairələrdə böyük nüfu­za malik Ceksonun prezidentlik müddəti bitdikdən sonra növbəti prezidentin kim olacağı ictimaiyyət arasında geniş müzakirə edilir, qəzetlər ətraflı şərhlər verirdilər. Ceksonun yaxın ətrafına daxil olan Martin Van Buren bu vəzifəyə ən şanslı namizəd hesab edilirdi. Hətta qəzetlərdən biri ona Kinderhuk şəhərində anadan olduğu üçün «Qoca Kinder­huk» («Old Kinderhook»), və ya sadəcə «O. K» ləqəbi ve­rir. İlk anda «ən uğurlu variant» mənasında işlənən «O. K» hərf birləşməsi sonradan «hər şey əladır» mənasını alır.

Martin Van Buren 5 dekabr 1782-ci ildə Nyu-York ya­xınlığındakı Kinderhuk şəhərində anadan olub. Sonralar yazdığı memuarlarında əcdadlarının Amerikaya 1633-cü ildə Hollandiyadan gəldiyini bildirirdi. Nüfuzlu fermer və meyxana sahibi olan atası Avraam Van Buren işgüzarlığı sayəsində böyük sərvət toplaya bilmişdi. Anası Mariya van Alen (Hoes) həmçinin holland əsilli olub tanınmış ailədən çıxmışdı. Martin ailənin beş uşağından üçüncüsü, eyni za­manda böyük oğul idi. İbtidai təhsilini əsasən latın dilini tədris edən məktəbdə alaraq, 14 yaşında ikən vəkil olmaq məqsədilə dəftərxanada işləməyə başlayır. O, dövrün tanın­mış vəkillərindən biri Frensis Silvesterin yanında praktika keçdikdən sonra müstəqil fəaliyyət göstərir. 1803-cü ildə məhkəmədə işləməyə başlarkən, artıq yerli siyasətdə Cefferson tərəfdarı kimi tanınırdı. 1807-ci ildə anasının uzaq qohumu Hanna Hoeslə ailə həyatı qurmuşdur.

30 yaşında Nyu-York senatına seçilən Van Buren doğ­ma ştatın siyasi həyatında əhəmiyyətli rol oynayır. 1821-ci ildə Nyu-York Konstitusiya konventində ştatın siyasi siste­minin demokratikləşməsi uğrunda fəal mübarizə aparır. Elə həmin il ştatı Vaşinqtonda təmsil edəcək iki senatordan biri seçilir.

Prezident Adamsın yeritdiyi siyasi kursa müxalif ol­ması onu Ceksonla yaxınlaşmağa sövq edir. 1828-ci ildə yenidən senator seçilsə də mandatdan imtina edərək Nyu- York qubernatoru seçkilərində namizədliyini irəli sürür. Bu siyasi gedişdə onun məqsədi, paralel olaraq keçirilən prezi­dent seçkilərində Ceksonun namizədliyini təbliğ etmək idi. O, qubernator seçilsə də, 1829-cu ilin martında Ceksonun qurduğu kabinetdə xarici işlər naziri vəzifəsini tutur.

Prezidentin yaxın silahdaşı kimi 1831-ci ildə istefaya gedərək ona kabineti yenidən qurmaq imkanı yaradır. Van Buren İngiltərədə səfir təyin edilsə də, senatda olan müxalif qüvvələr buna razılıq vermir. Lakin çox keçmir ki, Cekso­nun Van Buren haqqında daha ciddi fikirdə olduğu aşkar olur. Prezident onu özünün siyasi varisi görmək istəyirdi.

1836-cı ildə Ceksonun arzusuna uyğun olaraq Van Buren və Kentukki ştatından Riçard Consonun uyğun olaraq pre­zident və vitse-prezidentliyə namizədlikləri irəli sürülür.

Cekson və Van Burenin siyasi rəqibləri artıq viqlər par­tiyasında birləşsələr də seçkilərə vahid namizədlə gedə bilmədilər. Belə ki, 1836-cı il seçkilərində Ohayo şta­tından olan U.H.Harrisonla birgə Tennessili H.L.Uayt, Massaçusetsdən D.Uebster, Cənubi Karolinadan U.P.Man- qam da seçkiyə qoşuldular. Səslərin bölünməsi Van Bure­nin qələbəsini təmin etmiş oldu.

Bəziləri Van Burenin gələcək fəaliyyətini sadəcə Cek­sonun üçüncü prezidentlik müddəti olacağını deyirdilər. Lakin verilən proqnozların əksinə olaraq, Van Buren bir çox məsələlərin həllinə özünəməxsus tərzdə yanaşırdı. Müharibələrin artıq tarixə çevrilməsi onu İngiltərə ilə mü­layim davranmağa sövq edirdi.

1836-cı ildə baş vermiş iqtisadi böhran onun nüfuzuna böyük zərbə vurmuşdur. Qırxıncı illərə qədər davam etmiş iqtisadi böhran, onun növbəti seçkilərdə uğur qazanmama- sının başlıca səbəbi olmuşdur. Buna baxmayaraq Van Buren prezidentliyi dövründə qarşıya çıxan bir çox problemləri müvəffəqiyyətlə həll edir. 1837-ci ilin qışında Niaqara ça­yında, 1838-ci ilin qışında isə şimal-şərq sərhəd zolağın­da İngiltərəylə, hər ikisi müharibə ilə nəticələnə biləcək qarşıdurma yaranır. Hər iki halda general Uinfild Skottun rəhbərliyi altında qoşunları Kanada ilə sərhəd bölgəsinə göndərən prezident ona münaqişədən yayınmaq və dostluq münasibətləri yaratmağı tapşırır. Bununla o, nəinki labüd müharibənin qarşısını alır, eyni zamanda Birləşmiş Ştatlar­la Kanada arasında mübahisəli sərhəd problemini birdəfəlik həll edir.

Təəssüf ki, Van Buren bu uğurlardan səmərəli yarar­lana bilmir. 1840-cı il seçkilərində demokratların güclü köməyinə baxmayaraq viqlər partiyasının nümayəndəsi Uilyam Harrisona məğlub olur. Ümumi səsvermədə 46,8 % səs toplasa da, seçimçilər kollegiyasındakı səsvermədə pis nəticə göstərir (60: 234).

Belə ağır məğlubiyyətə uğraması onu heç də ruhdan sal­mır. Nyu-Yorkdakı fermasında yaşayan Van Buren yenidən siyasətə qayıtmaq haqqında düşünür. Bu məqsədlə 1842­ci ildə Birləşmiş Ştatlara səfərə çıxır. Lakin Texasın ilhaq edilməsinin əleyhdarı olması onun 1844-cü il prezident seçkilərində qələbə çalacağını şübhə altına salır və demok­ratlar ehtiyat varianta əl ataraq C.Polkun namizədliyini irəli sürürlər.

Van Buren yenidən öz malikanəsinə çəkilir. C.Polkun si­yasi xəttinin cəmiyyətdə birmənali qarşılanmaması, quldar­lığın ləğvi ilə əlaqədar partiya daxilində ikitirəliyin yaran­masına biganə qala bilməyən qoca siyasətçi 1848-ci il pre­zident seçkilərində namizədliyini irəli sürür. O, seçkilərdə yalnız üçüncü yeri tutsa da, nəticədən razı idi. Məhz onun sayəsində quldarlıq problemi ilk dəfə olaraq seçkiönü mübarizənin əsas amilinə çevrilirdi. Bu, eyni zamanda Şi­mal və Cənub arasında münaqişələrin başlanmasına rəvac vermişdir. Quldarlığın barışmaz əleyhdarı olan Van Buren ümumilikdə 10 % səs toplasa da Cənub ştatlarında bir səs belə ala bilmir.

Bu, Van Burenin milli siyasətdə sonuncu böyük çıxı­şı idi. 1853-55-ci illərdə Avropaya səyahətə çıxır və eyni zamanda tamamlaya bilmədiyi bioqrafiyasını yazmaqla məşğul olur. Burada o, siyasi partiyalara və müasir partiyalı dövlətə olan inamını bir daha təsdiq edir.

Ömrünün son illərini Kinderhukdakı Lindenvald malikanəsində keçirir. O, 24 iyul 1862-ci ildə, vətəndaş müharibəsinin qızğın vaxtında vəfat edir.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh