Kiyev knyazları

Knyaz Oleqdən (879-912) sonra Kiyev taxına əvvəl knyaz İqor (912-945), onun öldürülməsindən sonra dul qalmış arvadı Olqa (945-957) oturmuşdur. Knyaginya Olqa dövləti yalnız oğlu Svyatoslav İqoroviç (957-972) həddi-büluğa çatana kimi idarə etmişdir. Ryurikin nəslindən olan Ryurikoviçlər sülaləsi XVI əsrin sonlarına kimi, yəni 7,5 yüz il Rusiyanı idarə etmişdir.
Tarixçilərin böyük əksəriyyəti Kiyev Rusunun tarixini xronoloji cəhətdən şərti olaraq üç dövrə bölmüşdür. Birinci IX əsrdən X əsrin ortalarına kimi davam etmiş birinci Kiyev knyazları, ikinci X əsrin ikinci yarısından XI əsrin birinci yarısına kimi davam etmiş I Vladimir və Yaroslav Mudrının Kiyev dövlətinin çiçəklənməsi, üçüncü XI əsrin ikinci yarısından XII əsrin əvvəllərinə kimi davam etmiş feodal dağınıqlığına keçid dövrü.
Kiyev Rusunun ticarət tərəfdaşı qüdrətli Bizans imperiyası idi. Kiyev knyazları dəfələrlə cənub qonşularına yürüşlər təşkil etmişdir. Hələ 860-cı ildə Kiyevdə knyazlıq edən Askold və Dir Bizansa yürüş təşkil etmişdir. 911-ci ildə knyaz Oleq öz qoşunu ilə Konstantinopolun (Tsarqrad) divarına dayanmışdır. Yürüş nəticəsində salnaməçinin verdiyi məlumata əsasən, yunanlarla rus və yunan dillərində olmaqla iki nüsxədən ibarət müqavilə bağlanmışdır. Bu isə rus yazı sənətinin xristianlığın qəbulundan çox əvvəl yarandığını göstərir. Müqaviləyə əsasən, rus tacirləri bir ay ərzində yunanların hesabına Konstantinopolda yaşamaq hüququna sahib idi, yalnız şəhərdə silahsız gəzə bilərdilər. Bir şərtlə ki, tacirlər öz səfərləri haqqında qabaqcadan Bizans imperatorunu xəbərdar etməli və özləri ilə yazılı sənəd daşımalı idi. Oleqin knyazlığı dövründə bağlanmış bu müqavilə Rusda yığılan malların daşınıb Bizans bazarlarında satılmasına imkan yaradırdı.
Məhz Oleqin knyazlığı zamanı drevlyan, severyan və rodimiç tayfaları Kiyev dövlətinə qatılaraq ona xərac verməyə başladı.
 
İqorun knyazlığı zamanı 944-cü ildə Bizansla daha az güzəştli şərtlərlə müqavilə yenilənmişdir. Salnaməçi belə rəvayət edir ki, işğal edilən torpaqlardan xəracı varyaq Sveneld toplayırdı. Onun hədsiz varlanması knyaz İqorun drujinasını qıcıqlandırmışdır. Odur ki, onlar knyazı xərac toplamağa yönəlt- mişdirlər. Topladığı yükü Kiyevə yola salan İqor daha çox xərac əldə etmək məqsədi ilə kiçik bir dəstə ilə yenidən drevlyanların torpağına gəlib əlavə xərac tələb etmişdir.
Veçeyə toplaşan drevlyanlar qərara aldılar ki, xərac verməsinlər. Onlar Veçədə çıxan qərara əsasən, hücum edib knyaz İqoru öldürdülər, dəstəsini isə qırdılar. Əslində ayrı-ayrı slavyan torpaqlarında ümumi qərarlar qəbul edən Veçe yığıncaqlarının mövcud olması Kiyev Rusunda dövlətçiliyin formalaşmasından xəbər verir.
İqorun ölümündən sonra onun dul arvadı Olqa ərinin ölümünə görə drev-lyanlardan və onların knyazı Maladan amansız qisas alır. Drevlyanların paytaxtı İskorosten (indiki Korosten şəhəri) yandırıldı, təqribən beş min nəfər yanğın nəticəsində həlak oldu.
Drevlyanları cəzalandıran Olqa, eyni zamanda xərac toplanmasını qaydaya saldı. Xəracın miqdarı və toplanış yeri dəqiq müəyyən edildi. Ümumən Olqa-nın dövründə Kiyev dövlətinin daxili və xarici nüfuzu xeyli möhkəmlənmiş, Olqa isə Konstantinopolda xristianlığı qəbul edən ilk rus knyazı olmuşdur. Məhz İqor və Olqanın knyazlığı dövründə tiverlilər, uliçlər və qəti olaraq drevlyanlar yaşadığı ərazilər Kiyevə birləşdirilmişdir.
Olqa və İqorun oğlu Svyatoslav (964-972) tarixçilər tərəfindən müxtəlif cür qiymətləndirilmişdir. Bir qrup onu istedadlı sərkərdə və dövlət xadimi kimi, başqa bir qrup isə məqsədi yalnız müharibələr olan macəraçı knyaz kimi səciyyələndirmişdir. Salnamədə qeyd edildiyi kimi, bütün ömrü yürüşlərdə keçən knyaz bir tərəfdən Rusu köçəri peçeneqlərin basqınından qorumalı, başqa bir tərəfdən digər ölkələrə uzanan ticarət yollarını qorumalı idi. Çoxsaylı hücumları sayəsində Svyatoslav vyatiçlərin torpaqlarını birləşdirmiş, Volqa Bulqarıstanını, Xəzər xaqanlığını məğlub edərək, Taman yarımadasındakı Tmutarakanı ələ keçirmiş, peçeneqlərin basqınlarının qarşısını almışdır. Knyaz Bizansla daha uğurlu müharibə aparmaq və əlverişli ticarət yollarına sahib olmaq məqsədilə dövlətin paytaxtını Dunay üzərindəki Pereyaslavla köçürməyi belə nəzərdə tuturdu. Lakin Bizansla müharibə uğursuz olmuşdur, 100 minlik yunan ordusu tərəfindən mühasirə edilən knyaz çətinliklə mühasirədən çıxıb Rusa getməyə məcbur olmuşdur. Bizansla hücum etməmək haqqında müqavilə bağlanmış, Dunay torpaqları geri qaytarılmışdır. 972-ci ildə Kiyevə qayıdan knyaz Svyatoslav Dnepr keçidində peçeneqlərin qəfil hücumuna düşərək öldürülmüşdür.
Svyatoslavın ölümündən sonra onun böyük oğlu Yaropolk (972-980) böyük knyaz oldu. Onun qardaşı Oleq Drevlyan torpağına sahib oldu. Svyatoslavın qulluqçusu Maluşidən olan üçüncü oğlu Vladimir Novqoroda sahib oldu. Qardaşlar arasındakı çəkişmə, nəhayət, I Vladimirin (980-1015) böyük knyaz olması ilə başa çatmışdır. I Vladimirin knyazlığı zamanı şərq slavyanlarının bütün torpaqları Kiyev Rusuna birləşdirilmişdir. Dövlət aparatının möhkəmləndirilməsinə başlandı. Knyaz oğlanları və böyük drujinaçılar iri mərkəzlərin idarəçiliyinə təyin olundu. Köçəri peçeneq basqınlarından qorunmaq məqsədi ilə Desn, Osetr, Sul, Stuqn çayları boyunca bir çox qalalar inşa edildi.
Ölkəni böyük Kiyev knyazının qardaş və oğlanları olan canişinlər idarə edirdi və onların idarə etdiyi ərazilər nahiyələr («волости») adlanırdı. Nahiyələrin sərhədləri elə müəyyən olunurdu ki, onlar keçmiş tayfa ittifaqlarının hüdudları daxilində olsun. Sərhədlər yeni ərazilərin mənimsənilməsi və ya knyaz oğlanları arasındakı ailə çəkişməsi əsasında dəyişə bilərdi.
 
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı,  «Təhsil», 2021
 

0 şərh