Qaliç-Volın knyazlığı

Keçmiş Vladimir-Volın torpaqları əsasında təşəkkül tapmış Qaliç-Volın knyazlığı Rusun qərb və cənub-qərb sərhədlərində yerləşmişdir. XI-XII əsrlərdə Vladimir-Volını böyük Kiyev knyazının göndərdiyi ikinci dərəcəli knyazlar idarə edirdi. Burada böyük knyaz Svyatoslav Yaroslaviçin canişini kimi gənc Vladimir Monomax hakimiyyətdə olmuşdur.
Qaliç-Volın təsərrüfat, ticarət və ətraf dünya ilə siyasi əlaqələrin əlverişli olduğu ərazidə yerləşmişdi. Onun sərhədləri bir tərəfdən Karpat dağlarının önünə və Dunayın axınına dayanırdı. Buradan Macarıstana, Bolqarıstana, Dunay çayı vasitəsilə Avropanın mərkəzinə, Balkan ölkələri və Bizansa ticarət yolları uzanırdı. Şimaldan, şimal-şərq və şərqdən bu torpaqlar Kiyev knyazlığı ilə qonşu idi ki, onlar da əvvəlki gücünü itirsə də, qonşularını qüdrətli Rostov-Suzdal knyazlarının basqınından qoruyurdu.
Bu ərazidə vahid Rus dövlətinin mövcud olduğu illərdə bir sıra iri şəhərlər, o cümlədən I Vladimirin şərəfinə adlandırılmış Vladimir-Volın şəhəri inkişaf edib möhkəmlənmişdir. Şəhər uzun illər böyük knyaz canişininin iqamətgahı olmuşdur. Eyni zamanda, duz ticarətinin mərkəzinə çevrilmiş Qaliçdə XII əsrin ortalarından güclü boyar dəstəsi və fəal şəhər təbəqəsi yaranmışdır. Vaxtı ilə az əhəmiyyət kəsb edən Vladimir-Volın ömürlük Yaroslav Mudrının vaxtsız vəfat etmiş böyük oğlu Vladimirin soyundan olan Rostislav Vladimiro-viçə verilmişdir. Artıq Peremışl, Doroqobuj, Terebovl, Bujesk, Turiysk, Çer-ven, Lutsk, Xolm kimi şəhərlər Rostislaviçlərə məxsus idi. Zənginliyi və gözəlliyi ilə seçiliş bu şəhərlər daş qalaları, iç binaları ilə diqqəti cəlb edirdi. Nə vaxtsa bu şəhərlərin çoxu Vladimir, sonra isə Yaroslav Mudrı tərəfindən Polşadan ələ keçirilmişdir. Onlar Rusun tərkibinə daxil olaraq sonradan iki böyük şəhər — Vladimir-Volın və Qaliçlə birlikdə müstəqil Qaliç-Volın knyazlığının dayağı olmuşdur.
XII-XIII əsrlərin qovuşuğunda knyaz Roman Mstislaviç Volınski Volın və Qaliç knyazlıqlarını birləşdirərək Rusun cənub-qərbində böyük və qüdrətli Qaliç-Volın knyazlığını yaratmışdır. Bu baş tutana kimi Qaliç-Volın torpaqları xeyli dramatik hadisələrin, knyazlar, boyarlar arasındakı qanlı çəkişmənin, xarici dövlətlərin, xüsusilə macar və polyakların siyasi münaqişələrə müdaxiləsinin şahidi olmuşdur.
Uzun mübarizədən sonra Qaliç taxtına Yuri Dalqorukinin qızı Olqa ilə evli olan ağıllı, döyüşkən Yaroslav Osmomısl sahib olmuşdur. Məhz onun zamanı Qaliç knyazlığı özünün zənginliyi, Macarıstan, Polşa, Bizansla əlaqələri sayəsində önə çıxmışdır.
Qaliç knyazlığı Rostislaviçlərin möhkəm hakimiyyəti altında olduğu kimi, Volın knyazlığında, Vladimir şəhərində Monomax soyu hökmdarlıq edirdi. Burada Monomaxın nəvəsi İzyaslav Mstislaviç knyazlıq edirdi. Sonra Mo-nomaxoviçlər Volın knyazlığını bir neçə udel knyazlıqlarına böldülər.
XII əsrin sonlarından başlayaraq digər böyük rus dövlət-knyazlıqda da birləşməyə, mərkəzləşdirilmiş hakimiyyətə meyil meydana çıxmağa başlamışdır. Xüsusilə bu xətti knyaz Roman Mstislaviç daha qətiyyətlə həyata keçirmişdir. Şəhərlilərə, kiçik torpaq sahiblərinə arxalanmış knyaz boyarların müqavimətini qıraraq udel knyazlarını özünə tabe etmişdir. Yaroslav Osmomıslın ölümündən sonra Qaliçdəki hakimiyyət çəkişməsindən istifadə edərək 1199-cu ildə Roman Mstislaviç Volın və Qaliçi birləşdirmişdir. Sonradan o, Kiyev böyük knyazı olaraq Almaniya imperiyasının ərazisinə bərabər olan böyük torpaqlara sahib olmuşdur. Roman Mstislaviç Yaroslav Osmomısl kimi mərkəzləşdirilmiş hakimiyyət siyasətini davam etdirərək boyarların separatizmini qıraraq şəhərlərin inkişafına şərait yaratmışdır. Fransa, İngiltərə və Avropanın digər dövlətlərində meydana gəlməkdə olan mərkəzləşdirilmiş hakimiyyət siyasəti yolu ilə davam edən böyük rus knyazlıqlarının hökmdarları torpaq münasibətlərinə əsasən onlardan asılı olan kiçik torpaq sahiblərinə və inkişaf etməkdə olan şəhərlərə arxalanırdı.

Roman Mstislaviçin siyasətini onun oğlu, Monomaxlar nəslinin beşinci budağı Daniil Romanoviç davam etdirmişdir. 1205-ci ildə atası vəfat etdikdə onun cəmi dörd yaşı olmuşdur. Qaliç-Volın boyarları baş qaldırdığı üçün kn-yaginya azyaşlı varislə Polşaya qaçmağa məcbur olmuşdur. Boyarlar Qaliçdə knyazlıq etməyə İqor Severskinin oğlanlarını dəvət etmişdir. Hakimiyyət mübarizəsi nəticəsində bir çox boyar ailəsi öldürülmüş, ən çox isə sadə adamlar döyüş meydanında, təsərrüfatları isə arxa cəbhədə məhv olmuşdur.
1211-ci ildə Daniil Qaliçə dönsə də, boyarlar onu və anasını yenidən qovaraq hakimiyyəti öz tərəfdarına vermişdi ki, bu bütün Ryurikoviçlər arasında narazılığa səbəb olmuşdur. Yalnız 1221-ci ildə Daniil Volın taxtını geri qaytarmış, 1234-cü ildə isə Qaliçdə möhkəmlənmişdir. İstedadlı sərkərdə olan knyazın şəxsi qəhrəmanlığı haqqında əfsanələr danışılmaqdadır. Zəngin Qaliç boyarları ilə mübarizədə Daniil Romanoviç şəhərlilərə və drunijanaya arxalanmışdır. Lakin Daniil Romanoviç knyazlıqda möhkəmləndikdən sonra da boyarlar onun mərkəzləşdirilmiş hakimiyyət siyasətinə qarşı mübarizə apararaq Macarıstan və yaxud Polşa ilə gizli sövdələşərək knyazlığın siyasi və hərbi gücünü sarsıtmağa səy göstərmişdir.


Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı,  «Təhsil», 2021
 

0 şərh