Üçüncü Dövlət Duması. P.A.Stolıpinin islahatları

Üçüncü Dövlət Duması nəzərdə tutulduğu kimi beş il fəaliyyət göstərmiş ilk duma kimi tarixə düşmüşdür. 1907-ci il noyabrın 1-də çağrılmış və əvvəlki duma ilə müqayisədə tərkibinə görə daha mühafizəkar olan üçüncü Dumaya seçilmiş 442 deputat yerindən 146 yer sağlara, 155 yer oktyabristlər və onlara yaxın olan qruplara, 108 yer kadetlər və onların tərəfdaşlarına, 13 yer trudo-viklərə və 20 yer sosial-demokatlara məxsus idi. Dumanın mərkəzi 17 Oktyabr İttifaqı, sədri isə oktyabrist N.A.Xomyakov seçilmişdir. 1910-cu ilin martında onu partiyanın lideri A.İ.Quçkov əvəz etdi, bir il sonra isə parlamentin sədri oktyabrist M.V.Rodzyanko seçildi ki, sonra o, Dördüncü Dumanın da (1912-1917) sədri oldu. Üçüncü Dumanın fəaliyyət dövrü siyasi həyatın yeni reallığı olan hökumətlə deputat korpusu arasında kompromis əldə edərək çalışmağa doğru yönəlmişdi. Seçilmiş deputatların çoxu hökumətə «cinayətkarlar dəstəsi» kimi baxmayaraq, mövcud dövlət quruluşunu «qaranlıq çarlıq» hesab etmirdilər.

Hökumət Dumanın müzakirəsinə bir sıra qanun layihəsi təqdim etmişdi. Onlar ölkə həyatını əhatə edən və əsasən iqtisadi, sosial xarakterli məsələlərdən ibarət olan müxtəlif səpkili problemlərdən bəhs edirdi. Bunlar içərisində mərkəzi yeri aqrar məsələ tuturdu. İnqilabi qarışıqlıq dövründə rəsmi ideologiyaya görə hakimiyyətin ənənəvi dayağı olan kəndlilər çox halda mülkiyyətin bölünməsi məqsədilə hökumət əleyhinə çıxan qüvvələri müdafiə etdilər. Belə fövqəladə vəziyyətdə Rusiya tarixinin ön səhnəsinə güclü fiqur Pyotr Arkad-yeviç Stolıpin (1862-1911) çıxdı. Rusiya mühafizəkarlarının yeni nəslinin 366 nümayəndəsi olan P.Stolıpinin fikrincə, dövlət quruluşunun ənənəvi əsasını müdafiə etmək məqsədilə cəmiyyətin sosial təbiətini dəyişdirərək sosial barışın təbii bazasını təşkil edən çox kültləvi möhkəm mülkiyyət sahibləri hazırlamaq vacib idi. Bunun üçün təkcə təsərrüfat fəaliyyətini yenidən qurmaq deyil, rus icması şəraitində məhsulun bərabərlik əsasında bölüşdürülməsindən fərqli olaraq bazar iqtisadiyyatı elementlərini nəzərdə tutan, Avropa istiqamətli yeni sosial-mədəni tip kəndlilər yetişdirmək tələb olunurdu. Bu nəhəng vəzifə uzun perspektiv üçün nəzərdə tutulmuşdu. Stolıpinin günahı deyildi ki, Rusiya tarixi bu zamanı təqdim edə bilməmişdi.

1862-ci ildə əsil-nəcabətli zadəgan ailəsində doğulmuş P.A.Stolıpin uşaqlığını Moskva yaxınlığındakı Srednikov, sonra Kovno (Kaunas) altındakı Kolnoberj mülklərində keçirmişdi. Vilno (Vilnüs) şəhərində gimnaziyanı bitirərək Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirən P.Stolıpin 1884-cü ildə Əkinçilik və Dövlət Əmlakı Nazirliyinin Əkinçilik Departamentində əmək fəaliyyətinə başlamışdır. 1889-cu ildə Daxili İşlər Nazirliyində xidmətə başlayan P.Stolı-pini Koven qəzası zadəganlarının rəhbəri, 1902-ci ildə Qrodnı qubernatoru, 1903-cü ildə isə Saratov qubernatoru təyin etmişlər. Bu vəzifədə onu 1905-ci il inqilabi dalğası qarşılamışdır ki, Balaşovsk qəzasında o təkbaşına həyəcan qaldırmış kütlənin qarşısına çıxaraq onları sakitləşdirməyə müvəffəq olmuşdur.

    • 1906-cı il aprelin 26-da P.A.Stolıpini daxili işlər naziri, iyulun 8-də isə həm də Nazirlər Şurasının sədri vəzifələrinə təyin etdilər.
    • 1907-ci ildə ölkədəki inqilab dalğası aşağı düşsə də, sona çatmamışdı. Yalnız 1908-ci ilin yanvarından 1910-cu ilin mayına kimi ölkədə 19 957 terror aktı qeydə alınmış, 7634 nəfər ziyan çəkmişdi. 1905-1907-ci illər arasında isə inqilabçı terrorçuların fəaliyyəti nəticəsində 10 min nəfərə yaxın adam öldürülmüş və ya yaralanmışdı.

Qarşıda duran başlıca vəzifə kəndlilərin torpaqdan istifadə və torpaq sahibliyi qaydasını dəyişdirmək idi. P.A.Stolıpin xeyli zaman idi ki, icmanın zərərli olduğunu başa düşmüşdü. İki məsələni — təşkilati-hüququ və iqtsadi vəzifəni həll etmək tələb olunurdu. Əvvəla, kəndlilərin əsassız və arxaik hüquqi məhdudiyyətlərini aradan qaldırmaq, ikincisi, xüsusi kiçik aqrar təsərrüfatların inkişafına şərait yaratmaq lazım idi. İcmanın saxlanılması kəndlilərin kənd təsərrüfatı istehsalının aşağı olmasına, əhalinin çoxsaylı qrupunun yox-sulluğuna səbəb olurdu. Stolıpinin islahatı çar fərmanları ilə elan olunurdu ki, bu da onun əməli olaraq həyata keçirilməsini təmin edirdi. İslahat torpaq üzərində xüsusi mülkiyyətin toxunulmazlığı prinsipinə əsaslanırdı ki, onu da zorla özgəninkiləşdirmək olmazdı.

    • 1906-cı il avqustun 12-də imperator ailəsinin mülkiyyəti olan udel kənd təsərrüfatı torpaqlarının Kəndli Bankına verilməsinə dair fərman işıq üzü gördü. Avqustun 27-də xəzinə torpaqlarının satılması qaydası haqqında, sentyabrın 19-da Altaydakı imperatorun xüsusi mülkiyyəti olan dövlət torpaqlarının kəndlilərə satılması qaydası haqqında fərmanlar meydana gəldi. Oktyabrın 19-da Kəndli Bankına icazə verilirdi ki, pay torpağı girov qoyulmaq şərtilə kəndlilərə borc versin, bu isə kəndlilərin torpaq üzərində şəxsi mülkiyyətinin tanınması demək idi. Bu qərarlarla əkinçilərin sıx olduğu aqrar rayonlardan köçürülməsini təmin edən proqramı həyata keçirmək məqsədilə milli torpaq fondunun yaradılması nəzərdə tutulmuşdu. Əsasən Avropa Rusiyasının mərkəzi quberniyalarından kəndlilərin ucqarlara köçürülməsi nəzərdə tutulmuşdu. 1906-cı ilin oktyabrın 5-də kəndli təbəqəsi üçün mövcud olan bütün məhdudiyyətlərin ləğv edilməsinə dair fərman çıxdı ki, bu da kəndlilərin hüququ statusunu dəyişdirdi. Bu vaxtdan etibarən kəndlilər dövlət və hərbi qulluq, təhsil müəssisələrində bütün vətəndaşlarla bərabər hüquqa malik olurdu.

1906-cı il noyabrın 9-da ən başlıca qərar — icmanın köləliyindən azad edilmək haqqında fərman meydan çıxmışdır. Hər bir kəndli ona hələ bu fərmana kimi təhkim olunmuş müvəqqəti torpaq payı ilə, indi şəxsi mülkiyyətə çevrilmiş torpaq payı ilə icmadan azad çıxmaq hüququ alırdı. Kəndlilər əvvəl də icmadan üzvlərin razılığı və ödənc haqqını ödədikdən sonra ayrıla bilərdi. Artıq vəziyyət dəyişilmişdi. 1906-cı il noyabrın 9-da qəbul edilmiş fərman göstərir ki, hakimiyyət icmanın saxlanılmasına dair köhnə siyasətdən əl çəkərək xırda xüsusi mülkiyyətin müdafiəsinə keçmişdi.

Üçüncü Dövlət Dumasında hökumət oktyabristlər və millətçilərin şəxsində ciddi tərəfdarlara malik idi. Kadetlər partiyasının sağa istiqamətlənməsi nəticəsində ziyalıların görkəmli nümayəndələrinin bir hissəsinin soldan rus liberalizminin strateji və taktiki mövqeyinə meyil etməsi baş vermişdi. Dumanın fəaliyyətində mərkəzi yeri yenə aqrar məsələ tuturdu. Qanunvericiliyə uyğun olaraq 1907-ci il yanvarın 1-dən qüvvəyə minən 1906-cı il noyabrın 9-da elan edilmiş fərmanı təsdiq etmək tələb olunurdu. Dumanın torpaq komissiyasında əlavə olunaraq təsdiq edilmiş qərar 1908-ci il oktyabrın 23-də ümumi sessiyada müzakirə edilməyə başlandı. Deputatların təqribən yarısı, yəni 213 nəfər çıxış üçün yazılmışdı. Qanunun həyata keçirilməsi faktı real olmasa idi, onu Dumadan keçirmək mümkün olmazdı. Beş il ərzində fəaliyyət göstərmiş Üçüncü Dövlət Duması xalq maarifi, ordunun möhkəmləndirilməsi, yerli özünüidarəçilik sahəsində bir sıra vacib qanun layihələri qəbul etmişdi.

1911-ci il avqustun sonunda Kiyevdə 1861-ci il kəndli islahatının 50 illiyi münasibətilə II Aleksandra qoyulmuş abidənin açılışı münasibətilə təntənəli tədbir keçirilirdi. Şənlikdə çar ailəsi, imperiyanın vəzifəli şəxsləri iştirak edirdi. Sentyabrın 1-də təntənəli tədbirin son günü Kiyev şəhər teatrında N.A.Rimski-Korsakovun «Çar Saltane haqqında əfsanə» («Сказка о царе Салтане») operası gedirdi. Çar böyük qızları, nazirlər, generallar, Kiyev cəmiyyətinin üst təbəqəsinin nümayəndələri ilə tamaşada iştirak edirdi. İkinci fasilə vaxtı təqribən saat 23:30 dəqiqədə birinci sıradakı oturacağın yanında dayanmış hökumətin başçısına yaxınlaşan frak geyinmiş gənc adam ona iki dəfə atəş açdı. Kiyev klinikalarından birinə yerləşdirilən Stolıpin bir neçə gün həyatla ölüm arasında mübarizə etdikdən sonra sentyabrın 5-i axşam saat 10:00-da vəfat etdi. Dörd gündən sonra Pyotr Arkadiyeviç Kiyev-Peçersk böyük monastrında dəfn edildi.

Hökumətin başçısını qətlə yetirən 24 yaşlı D.Q.Boqrov Kiyevin varlı yəhudi mənzil sahibkarının oğlu olub, bir neçə il gizli polislə əməkdaşlıq etmişdir. O gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1910-cu ildə oranı bitirmişdir. Gimnaziya illərində gizli eser-anarxist ədəbiyyatla tanış olan gənc yeniyetmə 1905-ci ildə gimnaziyanı bitirərkən sərt radikal əhvali-ruhiyyədə olmuşdu. Universitetdə tələbə olarkən Kiyevin anarxist kommunistləri ilə yaxınlaşan D.Boqrov gizli yığıncaqlarda iştirak edərək terror aktları planlaşdırmaqla məşğul olmuşdur. 1907-ci ildə könüllü surətdə Kiyevin mühafizə şöbəsinin casusu olaraq polisə gizli yığıncağın iştirakçılarının adını, planını təqdim etmişdir. Bu fəaliyyətlə bir neçə il məşğul olaraq əvəzində pul yardımı almışdı. Polislə əlaqəsi ona imperiyanın ali şəxslərinin iştirak etdiyi teatra daxil olmağa kömək etmişdir.

Kompleks şəklində hüququ, inzibati və maliyyə tədbirlərindən ibarət olan Stolıpinin islahatı faktiki olaraq 1907-ci ildən həyata keçirilməyə başlamışdır. Onun məqsədi iki başlıca torpaq quruculuğu vəzifəsini həll etmək idi: köhnə kənd təsərrüfatı regionu olan Avropa Rusiyasında kəndli pay torpaqlarını onların şəxsi mülkiyyəti kimi təsbit etmək. Belə ki, burada çox halda torpaq sahəsi və mülkü bir-birini əvəz edir, hökumət isə kəsik və xutorların ayrılmasını müdafiə edirdi. Bu yolla kəndli özünə tam torpaq sahəsini ya kəsiklərini mövcud olduğu kənd rayonunda, ya da xutorların olduğu onun kənarında ala bilərdi. Bu məsələ başa çatdıqdan sonra kəndli öz torpağı haqqında istədiyi qərarı verə bilərdi: satmaq, icarəyə vermək və ya banka qoymaq. İslahat illərində təqribən 200 min kəsik və 1,5 mln. xutor təsərrüfatı meydana gəlmişdi ki, onlar da 10%-dən çox kəndliləri əhatə etmişdir.

1906-cı ildən başlayaraq hökumət torpaq bazarında fəal ekspansionist siyasət həyata keçirməyə başlamışdı. Kəndli bankı 1906-cı ilin yanvarından1907-ci ilin martına kimi təqribən 9 mln. desyatin torpağı əhatə edən 7617 mülk almışdı. Avropa Rusiyasının ümumi kənd təsərrüfatı torpaq fondu isə təqribən 280 mln. desyatin təşkil edirdi. Kəndli bankının əldə etdiyi torpaqlar güzəştli qiymətlərlə ya kəndlilərə satılır və yaxud icarəyə verilirdi.

İkinci mühüm vəzifə Sibir, Altay kimi yeni aqrar rayonlarda kəndliləri torpaqla təmin etməkdən ibarət idi. Lakin burada torpaqlar paylanmırdı, əlverişli şərtlərlə yəni, bir desyatini 4 rubl olmaq üzrə 49 il müddətində ödəmək şərtilə kəndlilərə formal olaraq satılırdı. Həm də hökumət kəndlilərin Sibirə köçməsinin yol xərcini ödəyirdi ki, bu da şərq rayonlarında əməkçi əhalinin artmasına şərait yaratmışdı. Məsələn, 1897-ci ildən 1914-cü ilə kimi Avropa Rusiyasının əhalisi 26% artaraq 94 mln. nəfərdən 128 mln. nəfərə çatmışdısa, eyni dövrdə Sibir əhalisi 43% artaraq 5,7 mln. nəfərdən 10 mln. nəfərə çatmışdı. Bunların böyük əksəriyyəti Stolıpinin islahat pro-qamı ilə gəlmiş kəndlilər olmuşdu. Yalnız yeddi ildə yəni, 1906-cı ildən 1912-ci ilə kimi Sibirə 2,2 milyondan çox adam yerləşmişdi. Köçənlərin ümumi sayı bu dövrdə təqribən üç milyon nəfər olmuşdur ki, onların da bir hissəsi geri dönmüşdü.

Bir çox iddiaya baxmayaraq, Stolıpin icmanın zor gücünə dağıdılması siyasətini yeritməmişdir. İslahatın əsasını könüllülük prinsipi təşkil etmişdir. Torpaqların yeni istifadə qaydasına keçmək istəməyən kəndliləri dövlət bu işə məcbur etməmişdir. Stolıpin əmin idi ki, vaxt və canlı nümunə kəndlilər arasında fərdi təsərrüfatlara marağın əsas şərtləridir. Dövlət isə maliyyə və icra tədbirlərilə yalnız bu meyli həvəsləndirir.

 

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh