1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsi

Krım müharibəsindəki məğlubiyyət Rusiya imperiyasının beynəlxalq nüfuzuna ciddi zərbə vurmuşdu. 1856-cı il Paris sülh müqaviləsinə görə, Qara dəniz bitərəf elan olunmuşdu. Rusiya Qara dəniz sularında hərbi donanma və hərbi dəniz cəbhəxanası saxlamaq hüququndan məhrum olmuş, Osmanlı dövlətinin daxili işlərinə qarışmamaq öhdəliyini üzərinə götürmüşdü. Qərb dövlətləri XVIII əsrin ikinci yarısı Böyük Yekaterinann dövründən Qara dəniz sahillərində möhkəmlənmiş Rusiyanı bundan məhrum etmək məqsədi güdürdülər. Lakin Rusiya onun üçün həyati əhəmiyyət kəsb edən bu ərazilərdən əl çəkmək fikrində deyildi. 1871-ci ildə Paris müqaviləsi etibarsız elan olundu.

I Nikolay və onun dəyişməz xarici işlər naziri qraf K.V.Nesselrodun üç onillik ərzində həyata keçirdikləri xarici siyasət kursu xarici təcrid və hərbi məğlubiyyətlə yekunlaşmışdı. Rusiya diplomatiyası onun dövlət maraqlarına zidd olan ideoloji tezisin əsirinə çevrilmişdi. İmperator I Nikolaya görə, dünya dövlətləri iki — özündən və özgə qruplardan ibarətdir. Ənənəvi mütləqiyyət quruluşlu dövlətlər birinci qrupa daxil idi ki, onlar da qayda-qanunu yaradırdı. Müxtəlif parlamentlərin və azadlıqların mövcud olduğu ikinci qrup ölkələr isə qarışıqlıq yayırdı. İmperiyanın dövlət maraqlarının ideoloji yanaşma ilə birləşdirilməsi başqalarının gözündə Rusiyanın qaranlıq və irticanın keşiyində duran «bədheybət» («монстр») kimi tanınmasına səbəb olmuşdu. 1849-cu ildə rus ordusunun Macarıstana daxil olması ölkənin nüfuzuna ciddi xələl gətirmişdi. Bu hərəkət mənəvi-siyasi itkidən başqa Rusiya üçün heç bir nəticə verməmişdir. Krım müharibəsi ərəfəsində isə bir neçə il əvvəl rus ordusunun əməliyyatları əsasında xilas olan Avstriya hakimiyyəti düşmən cəbhəsində yer tutmuşdu. Bu fakt 1815-ci il Vyana konqresinin qəbul etdiyi «legitimlik prinsipi»nin mənasızlığını I Nikolaya xatırlatmışdır.

1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsi

Krım müharibəsindən sonra imperator II Aleksandr ölkəni təcrid vəziyyətindən çıxarmaq məqsədilə 1856-cı ildə knyaz A.M.Qorçakovu (1798-1883) xarici işlər naziri təyin etmişdir. Knyaz Aleksandr Mixayloviç Qorçakov qədim zadəgan nəslindən olub, atası general-mayor knyaz Mixail Alekseyeviç Qorçakov bir çox hərbi kampaniyaların, o cümlədən 1812-ci il Vətən müharibəsinin iştirakçısı olmuşdur. Aleksandr Mixayloviç A.S.Puşkinlə bir vaxtda Tsarskoselsk liseyində təhsil almışdır. 1820-ci ildə diplomatik fəaliyyətə başlayaraq London, Roma, Berlin, Vyanadakı Rusiya səfirliklərində çalışmışdır.

A.M.Qorçakov yeni xarici işlər naziri təyin olunduqdan sonra onun qarşısında uğursuz müharibədən sonra Rusiyanın beynəlxalq nüfuzunu bərpa etmək, müttəfiqləri səfərbər edərək Paris sülhünün alçaldıcı maddələrindən azad olmaq vəzifələri dayanmışdı. Bu məsələləri həll etmək məqsədilə Rusiya diplomatiyası son dərəcə ehtiyatlı addımlar atmalı idi, çünki ölkədə başlamış islahatlar bir tərəfdən sakitlik tələb edirdi, başqa birtərəfdən isə imperiya qüdrətli Qərb dövlətlərinin birləşmiş qüvvələri qarşısında hələ çox zəif idi. XIX əsrin 50-ci illərinin sonunda İtaliyada hakimiyyət üstündə Fransa ilə Avstriya (1867-ci ildən Avstriya-Macarıstan) arasında ziddiyyətlər kəskinləşdikdə Rusiya diplomatiyası fəallaşdı. Rusiya mübahisəli məsələnin həllində arbitr kimi çıxış edərək Parisi müdafiə etdi. Fransız imperatoru III Napoleon rus çarına dostluq münasibəti nümayiş etdirməyə başladı, 1867-ci ildə II Aleksandr Parisə səfər etdikdə onu təntənə ilə qarşılayaraq, Fransanın Krım müharibəsində iştirakını rəsmi olaraq «səhv» kimi qiymətləndirdi.

Lakin bir neçə səbəbə görə Fransa-Rusiya geosiyasi alyansının yaranması otuz ildən artıq təxirə düşmüşdü. XIX əsrin 50-60-cı illərində iki əsas problem bu yolda keçilməz sədd təşkil etmişdi. Birincisi, Fransa 1856-cı il Paris sülh müqaviləsinin şərtlərinə yenidən baxmaqdan imtina edirdi. İkincisi isə köhnə və xəstə «Polşa məsələsi» idi.

50-ci illərin ikinci yarısından başlayaraq Rusiyanın mərkəzi hakimiyyəti Polşa ölkəsinə münasibətini dəyişdirmişdi. II Aleksandr çalışırdı ki, köhnə inciklikləri unudub imperiyanın bu təlatümlü regionunu sakitləşdirsin. 1830-1831-ci il üsyanının iştirakçıları tamamilə əfv edilmiş, Vatikanla 1847-ci ildə imzalanmış Polşada katolik kilsəsinin işlərini idarə etmək hüququ verən konkordat bərpa edilmiş, məktəb işləri polyakların idarəçiliyinə verilmiş, Varşavada Tibb Akademiyası açılmışdır. Yerli təsərrüfat ehtiyaclarını qarşılamaq məqsədilə bütün Polşa quberniyalarında şöbələri olmaq hüququ ilə mərkəzi Polşa Əkinçilik Şurası yaratmağa icazə verilmişdir. Polşadakı canişin knyaz M.D.Qorçakov polyaklara rəğbət göstərərək inzibati qərarların qəbulunda əhalinin əhvali-ruhiyyəsini nəzərə almağa səy göstərirdi. Lakin bütün bu tədbirlər Peterburqun gözlədiyi nəticəni vermədi, polyak ictimai qrupları özlərinin Anti-Rusiya fəaliyyətini daha da artırdılar. Eyni zamanda Qərbi Avropanın bir çox ölkəsinin paytaxtlarında, o cümlədən Parisdə güclü mühacir polyak cəmiyyətləri fəaliyyət göstərirdi. Onların arasında polyak əslzadələrinin mənafeyini müdafiə edən «ağ partiyalar» və xırda əkinçi və xidmət adamlarını əhatə edən «qır-mızılar» mövcud idi. Polşa mühacirətinin rəhbərləri polyakların müstəqillik tələbi ilə yanaşı, Rusiyanın qərb ərazilərinə də gələcək «böyük Polşa»nın tərkibinə qatmaq üçün iddia irəli sürürdülər. III Napoleon hökuməti özünün ictimai nüfuzunu qorumaq məqsədilə «Polşa məsələsinə» rəğbətlə yanaşırdı.

Rusiyanı zəiflətmək məqsədilə polyak kartından istifadə edən İngiltərənin Baş naziri Palmerston 1862-ci ilin martında palataların ümumi iclasında «polyak azadlığı» haqqında alovlu bir nitq söyləmişdir. Fransada da belə bir məzmunlu çıxışlar səslənsə də, onlar Polşaya görə döyüşmək fikrindən çox uzaq idi. Məqsəd «Polşa məsələsi»ni şişirtməklə Rusiyanın güclənməsinin qarşısının alınmasından ibarət idi.

1861-ci ilin fevralında kütlə ilə rusiyalı əsgərlər arasında toqquşma baş verdi, altı nəfər öldürüldü. 1863-cü ilin əvvəlində Polşa rayonlarında silahlı üsyan başladı. Yanvarın 10-dan 11-nə keçən gecə Polşanın ərazisində yerləşən rus hərbi qarnizonuna hücum başladı. Bunun ardınca imperiyanın idarələri, pravoslav məbədləri, Rusiyanın cəsusu hesab edilən sadə adamların evləri basqına uğradı. Təqribən bir il yarım xaricdən aldığı müasir silahlarla təhciz olunan üsyançılar fəaliyyətlərini davam etdirdilər. Yalnız 1864-cü ilin mayında üsyançıların müqaviməti qırılmışdı.

1863-cü il Polşa hadisələri Rusiyanın xarici siyasət kursunda dəyişikliyə səbəb oldu. Paris və Londonla dostluq münasibətləri baş tutmadıqdan sonra Polşa məsələsində Rusiyanın tərəfində olan Prussiya ilə yaxınlaşma başladı. 1863-cü ildə Berlinlə Peterburq arasında üsyançıları sərhəd boyunca təqib edərək Rusiyaya verməyi öhdəsinə götürən hərbi konvensiya imzalanmışdır. Prussiya razılaşdırma şərtlərinə sözsüz əməl etmişdir.

II Aleksandrın anası Prussiya şahzadəsi olduğu üçün Romanovlar və Qo-qensollerlərin qohumluq əlaqələri Peterburqla Berlin arasında dostluq münasibətlərinin yaranmasını asanlaşdırmışdır. 1862-ci ildən Prussiya hökumətinin və Xarici İşlər Nazirliyinin rəhbəri olan Otto fon Bismark (1815-1898) Prussiyanın 1859-1862-ci illərdə Rusiyada səfiri olmuşdur və o dəfələrlə

çara, knyaz Qorçakova bildirmişdir ki, Rusiya ilə dostluq onun «müqəddəs arzusu»dur. Çar və A.M.Qorçakov da belə hesab edirdi ki, Rusiyanın Avropadakı yeganə müttəfiqi Prussiya ola bilər. Təsadüfi deyil ki, 1864-cü ildə Prussiya Avstriya ilə birlikdə Danimarkaya hücum edib onun cənub əyalətlərini zəbt etdilər. 1866-cı ildə Avstriya-Prussiya müharibəsi başladı, Avstriya məğlub oldu, 32 knyazlıq, qraflıq və krallıqdan ibarət olan Almaniyanın daxilində daha böyük olan Prussiyanın mövqeyi xeyli möhkəmləndi.

1870-ci ildə fransız-pruss müharibəsi başladıqda Rusiya bitərəflik elan edərək Fransaya kömək etmədi. Napoleon Fransası məğlub edildikdən sonra Rusiya hökuməti adından nota ilə çıxış edən knyaz Qorçakov xarici dövlətlərin nəzərinə çatdırdı ki, Rusiya Qara dənizdə donanmaya malik olmamaq vəzifəsini öz üzərindən götürərək hərbi gəmilər inşa etməyə başlayır. Beləliklə, 1856-cı il Paris müqaviləsi qüvvəsini itirmiş oldu.

1871-ci il yanvarın 18-də prussların işğal etdiyi fransız kralının şəhər kənarındakı Versal iqamətgahında Prussiya kralı Vilhelmin Almaniya imperatoru I Vilhelm kimi elan edilməsi baş tutmuşdur. Vahid və qüdrətli Almaniya dövləti yarandı, Bismark imperiyasının Birinci naziri olaraq sözdə Rusiya ilə dostluq əlaqələrindən bəhs edirdi. Bu mövqeyi II Aleksandr və knyaz A.M.Qorçakov müdafiə edirdi. Hadisələrin ardıcıllığı göstərdi ki, Rusiya bu dostluq münasibətlərinə səmimi yaxınlaşdığı halda, kansler Bismarkın mövqeyi dəyişkən olmuşdur. 1873-cü ildə Berlində üç imperatorun — Almaniya, Avstriya və Rusiya görüşündə «Üç imperatorun ittifaqı» («Союз трех императоров») adını almış müqavilə imzalanmışdır. Rusiya çarı II Aleksandr, Almaniya imperatoru I Vilhelm və Avstriya-Macarıstan imperatoru Frans-İosif tərəflərin hər hansı biri təhlükəyə məruz qaldıqda qarşılıqlı kömək etməyi öz öhdələrinə alırdı. Tez bir zamanda müttəfiqlər arasında ciddi fikir ayrılığı meydana çıxmışdır. Almaniyanın kansleri Fransaya yeni zərbə vuraraq onu böyük dövlət kimi məhv edib imperiyanın ərazilərinə sahib olmaq məqsədi güdürdü. Odur ki, 1875-ci ildə Rusiya Bismarkı xəbərdar etdi ki, Fransanın yenidən darmadağın edilməsinə razı ola bilməz. Rusiyanın qəti mövqeyi Bismarkın geri addım atmasına səbəb oldu. Üç ildən sonra Rusiya ilə Osmanlı Bolqarıstan uğrunda müharibədən sonra Rusiya-Almaniya münasibətləri yeni bir sınaq qarşısında dayanmışdır.

Rusiya imperiyası ilə Osmanlı Türkiyəsi arasındakı münasibətlər daim gərgin olmuşdur. Bu əsasən xarici siyasət maraqları ilə bağlı idi. Bosfor və Dardanel boğazlarına osmanlılar nəzarət etdiyi üçün Rusiya donanması Qara dənizdə sərbəst hərəkət edə bilmirdi. Boğazlardan keçmək üçün rus hərbi gəmiləri Osmanlı hökumətinin razılığını almalı, ticarət gəmiləri isə yüksək vergi ödəməli idilər.

Eyni zamanda, Osmanlı dövləti Qafqazdakı azadlıq hərəkatını müdafiə edərək ona mənəvi, maddi və hərbi yardım etmişdir. Bu xüsusilə Şeyx Şamil hərəkatı zamanı özünü açıq büruzə vermişdir. Şimali Qafqazda Şamilə qarşı müharibə başa çatdıqdan sonra orada heç bir hərbi əməliyyat aparılmasa da, Osmanlı dövlətinin özündə fəaliyyət göstərən müxtəlif dini qruplar Qafqazda ruslara qarşı «Müqəddəs müharibə» (cihad) şüarlarını səsləndirirdi ki, bu da Rusiyada narahatlıq doğururdu.

Peterburqla İstanbulun arasındakı münasibətlərin kəskinləşmə səbəblərindən biri də milli-dini məsələ olmuşdur. Osmanlı ərazisində yaşayan əhalinin böyük əksəriyyəti islam dininə etiqad edirdi. İmperiyanın ərazisində həm də başqa xalqların, o cümlədən bolqar, serb, yunan, erməni, yəhudilərin nümayəndələri yaşayırdı ki, onlar da başqa dinlərə xidmət edirdilər. Bu xalqların nümayəndələrinin zaman-zaman sıxışdırılıb təqib edilməsi iddiası ilə Rusiya hökuməti onlara himayədarlıq etməyə səy göstərirdi.

XIX əsrin 70-ci illərində Balkanlarda türklərlə bolqarlar arasında qanlı toqquşmalar baş vermiş, on minlərlə bolqar öldürülmüş, bir çox kəndlər yerli-dibli dağıdılmışdır. Bolqarlarla yanaşı, türklərin hakimiyyəti altında olan qaradağlılar və serblərin bir hissəsi də qanlı toqquşmalardan öz nəsibini almışdır. Baş verənlərlə barışmaq istəməyən Rusiya Avropa dövlətlərinin köməyi ilə vəziyyəti nəzarət altına almağa səy göstərdi. Lakin London, Paris, Berlin və Vyana məsələyə qarışmaq məqsədindən çox uzaq idi. Onlar bir tərəfdən məsələnin Osmanlı dövlətinin daxili işi olduğunu əsas gətirir, başqa bir tərəfdən, «irticaçı çarizm»lə heç bir həmrəyliyin mümkün olmadığını qeyd edirdilər.

Rusiya hökuməti Osmanlıdan slavyanların təqib edilməsini dayandırmağı tələb edərək 1876-cı ilin payızında danışıqlara başladı. Danışıqlar heç bir nəticə vermədiyi üçün II Aleksandr 1877-ci il aprelin 12-də Osmanlı dövlətinə müharibə elan etdi. Hərbi əməliyyatlar Balkanalar və Cənubi Qafqazda davam edirdi. Balkanlarda əsas rus ordusunun komandanı çarın qardaşı böyük knyaz Nikolay Nikolayeviç, Cənubi Qafqazdakı orduya komandan çarın kiçik qardaşı böyük knyaz Mixail Nikolayeviç təyin olundu. II Aleksandr özü orduya gələrək yeddi ay ən mürəkkəb əməliyyatlar vaxtı onlarla birlikdə oldu. İngiltərə və Fransa tərəfindən hər cür kömək alan türklərlə müharibə doqquz ay davam etdi və Rusiyaya 30 min itki hesabına başa gəldi. 1877-ci il iyunun 15-nə keçən gecə rus birlikləri Dunayı keçib iyunun 25-də Bolqarıstanın qədim paytaxtı Tırnovonu tutdu. Şimali Bolqarıstan türklərdən əsasən təmizləndi. 1877-ci il iyulun əvvəlində rus ordusu Şipka aşırımını tutdu. Süleyman paşanın 38 minlik türk ordusu aşırımı qoruyan general N.Q.Stoletovun beş minlik, o cümlədən iki min bolqar vətənpərvəri olan qoşunla qarşı-qarşıya gəlmişdir. Avqustun 9-12-si arasında türklər aşırıma dəfələrlə hücum etsə də, onu ələ keçirə bilmədilər. Tezliklə köməyə gələn rus ordusu əks-hücuma keçib düşməni geri oturtdu. Rus ordusu 500 nəfəri bolqarlar olmaq üzrə 4 min nəfərə yaxın əsgərini itirdi və yaxud yaralandı.

1877-ci il iyuldan noyabra kimi bolqar şəhəri Plevnada ağır döyüşlər baş verdi. Bir neçə hücumdan sonra türklərin sahib olduğu Plevnanı ala bilməyən ruslar onu mühasirə etdilər. Rus ordusu, eyni zamanda, Plevna ətrafındakı istehkamları bir-bir ələ keçirdilər. 1877-ci noyabrın 28-də Osman paşanın 50 minlik qoşunu mühasirəni yarmağa cəhd etsə də, buna nail ola bilməyərək əsir düşdülər. Plevna uğrunda döyüşlərdə 10 mindən çox rus əsgəri həyatını itirmişdir.

Qafqaz cəbhəsində 1877-ci ilin yazında hücuma keçən rus ordusu oktyabr ayında türk qoşununu məğlub edib Osmanlının içərilərinə doğru bir neçə yüz kilometr irəlilədilər.

1877-ci ilin sonunda hücuma keçən rus ordusu dekabrın 23-də Sofiyanı, yanvarın 3-4-də Fillippopolu, 8-də Andrianopolu ələ keçirdi. Osmanlı imperiyasının paytaxtı İstanbula yüz kilometrdən də az məsafə qalmışdır. Sultan II Əbdül-Həmid və ətrafı həyəcan içərisində paytaxtdan qaçdılar.

İngilis eskadrası Mərmərə dənizinə daxil olaraq İstanbulun reydində durdu. İngilis hökuməti nota təqdim edərək Rusiyanı müharibə ilə hədələdi. Avstriya-Macarıstan da eyni mövqe tutdu. Belə şəraitdə II Aleksandr geri addım atmağa məcbur oldu. Fevralın 19-da San-Stefano adlanan yerdə Rusiya ilə Osmanlı arasında sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən, Krım müharibəsi vaxtı itirilən Bessarabiyanın cənub hissəsi və Qafqazdakı Qars vilayəti Rusiyaya birləşdirildi. Türklər Balkanlardakı slavyan ölkələrinin müstəqilliyini tanıdı. Lakin Qərb dövlətlərinin tələbilə 1878-ci il iyunun 1-də Berlində açılan beynəlxalq konqresdə San-Stefano sülhünün şərtlərinə yenidən baxıldı. İngiltərə, Avstriya-Macarıstan, Fransa və İtaliya bir cəbhədə Rusiyaya qarşı çıxış etdilər. İyulun 1-də imzalanmış traktatda Bolqarıstanın cənub sərhədləri şimala — Balkan dağ silsiləsinə doğru çəkilərək Osmanlı dövlətinin vassalı elan olundu. Yeni meydana gələn vassal Bolqarıstanı illik bac ödəməli və dövlətin başçısı Sultan olmalı idi. Bolqarıstanın cənub hissəsi Şərqi Rumeli əyaləti adı ilə Osmanlının tərkibində qalırdı. Rusiyanın təklifi ilə əyaləti böyük dövlətlərin razılığı ilə Sultanın təyin etdiyi xristian beş il ərzində idarə etməli idi. Məhz Rusiyanın köməyi ilə bu ərazi 1885-ci ildə Bolqarıstana birləşdirilmiş, 1908-ci ildə isə Bolqarıstan özünü müstəqil elan etmişdir. Osmanlı imperiyası Çernoqoriya, Serbiya və Rumıniyanın müstəqilliyini tanımışdı. Türklər müsəlmanlarla xristianların hüquqlarını bərabərləşdirmək məqsədilə ölkədə islahatlar aparmağı öz üzərinə götürmüşdü. Berlin traktatı mürəkkəb Balkan problemini həll edə bilmədi və nəticədə onilliklər boyu gərginlik mərkəzi olaraq Birinci Dünya müharibəsinə gətirib çıxardı.

XIX əsrin II yarısında Rusiya imperiyasının ərazi formalaşması başa çatmışdı. Son olaraq Xəzər dənizinin şərq sahillərindəki əhalisi az olan ucsuz-bucaqsız ərazi onun tərkibinə daxil edilmişdir. Ruslar tədricən Orta Asiyanın şimalındakı çöllərdə məskunlaşmağa başlamışdır. I Pyotrun dövründə İrtış çayında Omsk və Semipalatinsk şəhər-qalaları salınmışdır. Anna İvanovnanın hakimiyyəti zamanı köçəri tayfaların böyük əksəriyyəti Rusiyanın təbəəliyini qəbul edərək imperiyanın sərhədlərini qorumağa başlamışdır. XIX əsrin ortalarında müasir Qazaxıstanın böyük hissəsi Rusiyanın tərkibinə daxil olmuşdur. Cənuba doğru — Aral dənizi rayonunda, ondan da cənuba — Amudərya və Sır-dərya çayları boyu ərazilərdə Rusiyaya düşmən münasibət bəsləyən üç dövlət yerləşirdi. Rusiyanın sərhədlərinə yaxın olan Kokand xanlığı böyük əraziyə və Kokand, Daşkənd, Xocənd, Qulyab kimi iri Orta Asiya şəhərlərinə sahib idi. Dövləti idarə edən xan qonşulara müharibələr elan edir, rus qəsəbələrinə, hərbi qalalara, tacirlərə hücum edərək rusları əsir götürüb qul kimi satırdı. II Aleksandr əraziyə nəzarəti ələ almaq məqsədilə rus qoşununu səfərbər etmişdir. 1865-ci il mayın 17-də ruslar Daşkənd, 24-də Xocənd şəhərlərini işğal etdilər. Ərazisinin böyük bir hissəsini itirən Kokand xanlığında üsyan yayıldı, tezliklə rus ordusu bütün ölkəni işğal etdi. 1876-cı ildə Kokand xanlığı ləğv olundu, Daşkənd mərkəz olmaqla Türküstan general qubernatorluğu təsis olundu.

Orta Asiyanın ikinci böyük dövləti olan Buxara əmirliyinin Kokanda kömək etməsi iddiası ilə rus ordusu hərbi əməliyyatları Buxaranın ərazisinə keçirərək Səmərqənd şəhərini işğal etdilər. Əmir sülh istəməyə məcbur oldu, 1868-ci ildə bağlanmış sülhə əsasən rus ordusunun işğal etdiyi ərazilər Rusiyanın tərkibinə ilhaq edildi. Başqa yerlərdə imperatora tabe olmaq şərtilə əmirin hakimiyyəti qalırdı.

Kokand və Buxara işğal edildikdən sonra Orta Asiyanın böyük hissəsi Rusiya imperiyasına ilhaq edilmişdir. Amudərya çayının aşağı axarlarında, Qaraqum və Qızılqum isti səhraları ilə əhatə olunmuş Xivə xanlığı yerləşirdi. 1873-cü ilin yazında 12 minlik rus qoşunu 3 istiqamətdə Xivəyə hücum etdi, 1873-cü il mayın 29-da bir neçə top atəşindən sonra rus əsgərləri təntənəli sürətdə Xivəyə daxil oldular. Xivə xanı Türküstan general qubernatorluğunun tərkibinə daxil edilmiş Amudəryanın sağ sahillərinin Rusiya tərəfindən işğalını qəbul etdi, özünü Rusiya çarının vassalı elan etdi.

Orta Asiyanın işğal edilməsilə Rusiya imperiyası böyük bir əraziyə sahib oldu. Rusiya bu ərazilərdə insanların daxili qayda-qanununu, adət-ənənəsini, dinini, əmin-amanlığını saxlamaq məqsədilə Buxara əmirliyi və Xivə xanlığının dövlət təsisatlarını saxladı. Onlar Rusiyanın tərkibinə muxtar dövlət qurumları kimi daxil oldu. Orta Asiyanın Rusiyaya ilhaq edilməsi bu yerlərin sakinləri olan müxtəlif xalqların həyatında dərin iz qoymuşdur. Yolların, məktəblərin, suvarma kanallarının tikintisi sayəsində Orta Asiya tədricən Rusiyadaxili təsərrüfat həyatının bir hissəsinə çevrilmiş, yerli sənaye müəssisələri, pambıqtəmizləmə, yağ zavodları meydana gəldi.

XIX əsrin son onilliklərində Avropada yeni geosiyasi vəziyyətə meydana gəlmiş, iki dövlət yaranmışdır. Savoysk sülaləsi başçılığı ilə İtaliya dövləti bərqərar olmuşdu. Qoqensoller sülaləsi Prussiyanın bayrağı altında birləşmiş Almaniya imperiyasını təşkil etmişdir ki, bu Rusiyanın maraq dairəsini narahat edirdi. XIX əsrin böyük hissəsində hər iki sülalənin qohumluq əlaqələrinə görə Peterburqla Berlin arasında dostluq əlaqələri davam etmişdir. I Nikolayın arvadı, II Aleksandrın anası Prussiya şahzadəsi Aleksandra Fyodorovna rus adını qəbul etmiş Şarlotta-Karolina idi. Almaniya imperiyasının birinci imperatoru I Vilhelm II Aleksandrın dayısı olurdu. XIX əsrin 60-cı illərində Prussiya Almaniyasının birliyi uğrunda mübarizə apardıqda, 1870-1871-ci illərdə Fransa-Prussiya müharibəsində Fransanı məğlub edərək Almaniya imperiyasını elan etdikdə Rusiya dost bitərəflik nümayiş etdirmişdir.

XIX əsrin 70-ci illərinin sonlarından Rusiya ilə Almaniya arasındakı bu «qəlb dostluğu» ciddi sınaq qarşısında qalmışdır. 1878-ci il Berlin konqresində Avropa dövlətləri Rusiyanın 1877-1878-ci il rus-türk müharibəsində əldə edilən çətin qələbəni heç etmək məqsədilə ona qarşı vahid cəbhədə yer almışdır. Məlum olmuşdu ki, Almaniya beynəlxalq məsələlərdə öz şərq qonşusuna rəğbət hissi ilə yanaşmaqdan çox uzaqdır. Almaniyanın imperiya maraqlarını önə çəkməsi Rusiyanın və çar II Aleksandrın ümidinin boşa çıxmasına səbəb olmuşdur.

1881-ci ildə taxta çıxan III Aleksandrda Anti-Almaniya rəyi formalaşmışdır. Bu da əsasən Prussiya ilə bağlı olmuşdur. XIX əsrdə geosiyasi məsələlərlə bağlı qərarlar dünyanın aparıcı siyasi mərkəzləri olan London, Paris, Peterburq və Vyanada qəbul olunurdu. Əsrin ortalarında Berlin də bu mərkəzlərə qoşulmuşdur. Yalnız əsrin sonlarından daha iki ölkə — Yaponiya və ABŞ siyasi cəhətdən dünyada rəhbər mövqeyə malik dövlətlərin sırasına daxil olmuşdur.

Rusiyanın dünyanın qüdrətli dövlətləri ilə münasibətləri mürəkkəb olaraq qalırdı. Böyük Rusiya imperiyası, onun yavaş-yavaş cənub və şərq istiqamətində genişlənməsi aparıcı dünya dövlətlərini narahat edirdi. Krım müharibəsi Rusiya-Fransa, Rusiya-İngiltərə münasibətlərinə mənfi təsir göstərərək uzun müddət İngiltərə və Fransa ilə yaxınlaşmağa mane olmuşdur. III Napoleonun Rusiyaya rəsmi xoş münasibət göstərməsinə baxmayaraq, 1870-ci ildə

Prussiyaya məğlub olduqdan sonra bir müddət Avropa siyasətində əsas rol oynamaqdan təcrid olmuşdu.

Rusiyanın İngiltərə ilə də münasibətləri gərgin olaraq qalırdı. Londonun Asiyadakı istilaları Peterburqun etirazı ilə müşahidə olunurdu. 1837-1901-ci illər arasında İngiltərənin taxtının sahibi kraliça Viktoriya əqidəli rusofob idi. Krım müharibəsinə yola düşən hərbi eskadranı öz yaxtasında sonuncu mayaka kimi müşayiət edən kraliça bütün dünyaya göstərmək istəmişdir ki, bu yalnız Britaniyanın deyil, onun həm də şəxsi müharibəsidir. 60-cı illərdə Baş nazir İzrael Rusiyanın Əfqanıstan və Hindistanın sərhədlərinə doğru genişlənməsini Britaniya imperiyası üçün böyük təhlükə hesab edirdi ki, bu mövqeyi kraliça Viktoriya da bölüşürdü.

XIX əsrin ortalarında Rusiyanın Orta Asiyanı işğal edərək Xəzər dənizinin şərqinə doğru irəliləməsi Britaniyaya məxsus Hindistanın sərhədlərinə yaxınlaşmaq demək idi. Tezliklə Mərv rayonunda yaranan ziddiyyət az qala iki dövlət arasında müharibəyə səbəb oldu. 1885-ci ilin əvvəlində ingilislər tərəfindən silahlandırılmış əfqan dəstəsi Kuşka qalası ətrafındakı yaxın ərazini ələ keçirərək rus ordusunun yerləşdiyi mövqeyi təhlükə altına aldılar. Çarın əmri ilə rus qoşunları əfqanları qovdu, ingilis təlimatçılar əsir düşdü. İngilis tərəfi üzr tələb etsə də, III Aleksandr soyuqqanlığını qoruyaraq hətta sərhəd dəstəsinin rəisini Georgiyev xaçı ilə mükafatlandırdı. XIX əsrdə İngiltərə-Rusiya arasındakı soyuq münasibətləri hətta iki qohum olan Romanovlar və Hannoverlər sülaləsi də dəyişə bilməmişdir. Rusiyanın vəliəhd arvadının, 1881-ci ildən imperatriçə Marii Fyodorovnanın böyük bacısı Danimarka şahzadəsi Aleksandra Viktoriyanın böyük oğlu, ingilis taxtının varisi Uels hersoqu Albert-Eduardın, 1901-ci ildə kral VII Eduardın arvadı idi. 1874-cü ildə II Aleksandrın yeganə qızı Mariya Aleksandrovna Viktoriyanın ikinci oğlu Edinburq hersoqu Alfredə ərə getmişdir. 1884-cü ildə kraliçanın nəvəsi, Ges-sen şahzadəsi Yelizaveta III Aleksandrın qardaşı, böyük knyaz Sergey Alek-sandroviçə ərə getmişdir. Nəhayət, 1894-cü ilin noyabrında gənc çar II Nikolay ingilis monarxının kiçik nəvəsi, şahzadə Alisa Gessenskaya ilə nişanlanmışdır ki, o sonradan Aleksandra Fyodorovna kimi rus çariçası olmuşdur. Rusiya ilə İngiltərə arasında dövlətlərarası münasibətlər yalnız XX əsrin əvvəllərində yaxınlaşmışdır ki, bu da 1907-ci ildəki İngiltərə-Rusiya ittifaqının yaranması ilə başa çatmışdır.

Anti-Almaniya mövqeyinə baxmayaraq III Aleksandr taxta çıxdıqdan sonra «Üç imperator ittifaqı»nın yenilənməsinə razı olmuşdur. 1881-ci ilin iyununda imzalanmış yeni müqavilədə nəzərdə tutulmuşdu ki, hər hansı üç dövlətdən biri dördüncü dövlətlə müharibə təhlükəsi ilə üzləşdikdə müttəfiq dövlətlər xoşməqsədli bitərəflik nümayiş etdirməyə borcludur. Türkiyə ilə müharibə olarsa, ərazi dəyişikliyi yalnız tərəflərin razılığı ilə mümkündür. Bu Rusiya üçün əlverişli olmasa da, dünya ölkələrindən təcrid vəziyyətdə qalmamaq üçün müqaviləni qəbul etmişdir.

1882-ci ildə Avropanın siyasi həyatında mühüm hadisə baş vermişdi. Almaniya, Avstriya-Macarıstan və İtaliya gizli «Üçlər İttifaqı»nı («Тройственный союз») yaratdılar. Öz üzərinə ümumi qaydada yalnız əxlaqi öhdəçilik götürmüş «Üç imperatorun ittifaqı»ndan fərqli olaraq yeni yaranan təsisat hərbi-strateji koalisiya olub birbaşa Fransaya və qismən də Rusiyaya qarşı yönəlmişdir. Müqavilə iştirakçıları Üçlər İttifaqının hər hansı birinə qarşı yönəldilmiş razılaşdırma iştirak etməməyə, hərbi əməliyyatlar zamanı bir-birinə hərbi kömək etməyi öz üzərinə götürmüşdür. Bu müqavilə 1915-ci ildə İtaliyanın Antanta tərəfinə keçməsinə kimi dəfələrlə uzadılmışdır.

Balkanlarda Rusiya ilə Avstriya-Macarıstanın mənafeyinin toqquşması Rusiyanın 1887-ci ildə Almaniya ilə üç il müddətinə gizli müqavilə bağlamağa sövq etmişdir. Kansler Bismark Fransaya qarşı müharibə təhlükəsi qarşısında ölkənin şərqdən təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı, Rusiya özünü sığortalayırdı.

1890-cı ildə Almaniyada vəziyyət əsaslı surətdə dəyişilmişdi. Təkəbbürlü, bədrəftar, sərt bir insan olan II Vilhelm Almaniya imperiyasının başçısı oldu. Rusiya ilə dinc münasibətlərin tərəfdarı yaşlı Bismark istefaya göndərildi. Rusiya ilə Almaniya arasında amansız gömrük müharibəsi başladı.

1887-ci ildə Rusiyanı daha «sözəbaxan» etmək məqsədilə Bismark imperiyasının iqtisadi qüdrətini nümayiş etdirərək Rusiya mallarına, birinci növbədə taxıla qoyulan gömrük vergisini 70% artırdı. Reyxbank Rusiya qiymətli kağızlarının alınmasına avans verməyi və onları girov kimi qəbul etməyi dayandırdı. Rusiya dövlətinin istiqrazlarının və xüsusi kompaniyaların qiymətli kağızlarının dəyəri Berlin birjasında sürətlə aşağı düşdü. Rusiya öz növbəsində alman mallarının gömrük vergsini artıraraq almanlara ölkənin qərb quberniyalarında xüsusi mülkiyyətə sahib olmağı qadağan etmişdi. Rusiyanın dövlət və aksioner qiymətli kağızları 90-cı illərin əvvəllərindən başlayaraq Parisdəki fond bazarına yönəldildi. Almaniyanın iqtisadi basqısı heç bir siyasi nəticə vermədi, əksinə, Rusiyada Almaniya əleyhinə münasibət daha da qızışdı. Nəticədə, Berlinlə Peterburq arasında üç il müddətinə imzalanmış müqavilə uzadılmadı. Bismarkın istefasından sonra kayzer və onun «birinci naziri» kansler L.Kaprivi Almaniyanı Rusiya ilə dövlətlərarası əlaqələrlə bağlamaq məqsədindən çox uzaq idilər. Berlin Rusiyanın yerinə Avropada Vyana ilə dostluq əlaqələrinə üstünlük verirdi. Alman diplomatiyası gələcəkdə özünün keçmiş rəqibi Fransa ilə Rusiyanın yaxınlaşması ehtimalını nəzərə almamışdı.

XIX əsrin 90-cı illərinin əvvəllərində Rusiya imperiyasının Qərb sərhədlərində qüdrətli siyasi və hərbi strateji gücə malik Almaniya-Avstriya ittifaqı dayanmışdı. Qohumluq əlaqələrinə baxmayaraq, Almaniya üçün Vyana əsas tərəfdaş və yaxın müttəfiq olmuşdur. Belə bir şəraitdə Rusiya gözlənilməz bir addım ataraq Fransa respublikası ilə hərbi-siyasi ittifaq bağladı. Fransada xeyli rusiyalı dissident və taxt əleyhdarlarının yerləşməsinə baxmayaraq, dövlət mənafeyi çar III Aleksandrı mühafizəkar iradəsindən əl çəkib bu ölkə ilə yaxınlaşmağa sövq etmişdi. 1891-ci ilin avqustunda hər iki ölkə siyasi ittifaq təşkil edərək sülh naminə bütün kəskin beynəlxalq məsələlərdə məsləhətləşməyi vəd etdilər. 1892-ci ilin avqustunda Rusiya və Fransa hərbi konvensiya imzaladı. Birinci maddədə qeyd olunurdu: «Əgər, Fransa Almaniyanın müdafiə etdiyi Almaniya və ya İtaliya tərəfindən hücuma məruz qalarsa, Rusiya malik olduğu bütün ordudan Almaniya üzərinə hücum üçün istifadə etməli idi. Əgər Rusiya Almaniyanın müdafiə etdiyi Almaniya və ya Avstriyanın hücumuna məruz qalarsa, Fransa malik olduğu bütün ordudan Almaniya üzərinə hücum üçün istifadə etməlidir». Beynəlxalq müqavilədə göstərilirdi ki, Fransa Almaniyaya qarşı 1300 min, Rusiya 700-dən 800 minə kimi ordu çıxarmalıdır. Peterburqun təklifi ilə fransız-rus ittifaqı gizli qalmalı idi. Belə bir ciddi beynəlxalq müqaviləni uzun zaman gizli saxlamaq mümkün deyildi. Odur ki, bir neçə ildən sonra Fransa və Rusiya öz müttəfiqlik borcunu rəsmi bəyan etmişdir.

1894-cü ilin aprelində taxtın varisi Nikolay Aleksandroviç Gessen şahzadəsi Alisa ilə nişanlandıqdan sonra Fransa ittifaqın gələcəyi üçün xeyli narahat oldu. III Aleksandr birmənalı olaraq elan etmişdi ki, «Üçlər İttifaqı qaldıqca bizim Almaniya ilə yaxınlaşmağımız mükün deyil».

1894-cü ilin oktyabrında Rusiyanın yeni hökmdarı II Nikolay hakimiyyətə başlamışdı. III Aleksandrın yas mərasimində iştirak edən Fransa nümayəndəliyinin başçısı general P.Buadefri qəbul edən yeni çar bildirmişdi ki, həm daxili, həm də xarici siyasətdə atasının işini hörmətlə davam etdirəcək.

XIX əsrin sonlarında Rusiyada hakimiyyətə yeni monarxın gəlməsi Böyük Britaniyanın siyasi dairələrinin Rusiya ilə bağlı mövqeyinin dəyişilməsinə şərait yaratmışdır. Xüsusilə kraliça Viktoriya sevimli nəvəsi Alisa və gənc Nikolayla şəxsən tanış olduqdan sonra ənənəvi rusofobiya mövqeyini dəyişməyə başladı. 1894-cü il noyabrın 14-də II Nikolayın nikah mərasimi münasibətilə hakimiyyəti dövründə ilk dəfə bütün rusiyalı diplomatların iştirakı ilə Vindzor qəsrində təmtəraqlı qəbul təşkil etmişdir. Uşaqlıq illərində Alisaya analıq etmiş yaşlı kraliça Viktoriyaya II Nikolay da böyük hörmətlə yanaşırdı. Ancaq qohumluq rəğbəti öz yerində, dövlətin mənafeyi çara görə hər şeydən üstün idi. XIX əsrin axırlarında dünya miqyasında Rusiyanın mövqeyi möhkəm idi. Onun təqribən 900 min nəfərlik ən böyük quru qoşunları, İngiltərə və Fransadan sonra dünyada üçüncü donanması mövcud olmuşdur. Müasir hərbi-texniki silahlarla müqayisədə qabaqcıl dünya dövlətlərindən geri qalsa da, bu fərqi azaltmağa səy göstərirdi.

 

 

Müəllif: Tahir Baxşəliyev 

Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

 

 

0 şərh