Məişət zorakılığı

Adətən həyatda bir mənəvi dəyər formasında mövcud olan nəsnələr var, bir də həyatımız boyu adətkərdəliyimizdən artıq norma kimi qəbul etdiyimiz hallar. Ailə-məişət zəminində qadınlara qarşı törədilən zorakılıq şəksiz 2-cilər sırasındadır. Çünki bu eybəcərliyi heç bir dəyərlə əlaqələndirmək olmaz. Hətta qadın hansısa formada səhvə yol veribsə, ailə ənənələrinə zidd olan hərəkət edibsə belə, zorakılıq yolverilməzdir. İlk dəfə bu haqda yazım hələ qəzetdə işlədiyim zaman - 1995-cı ildə çıxıb. O zaman xatırlayıram ki, materialın ruhu da olduqca pessimist notlara köklənmişdi.Mənimçün mənim özümə doğru yönəldilən zorakılıq sonsuz uçuruma aparan yolun başlanğıcı idi. Hətta son, daha doğrusu çıxış kimi suisidi göstərməkdən belə çəkinməmişdim. Nədənsə bu məqamın fərqinə nə məsul katibim, nə də redaktorum varmamışdı.

Bəlkə də cəmiyyətimizdə qadının kişi köləliyinidən azadlıq vasitəsi kimi intihara əl atması boşanmadan daha məqbul variant kimi qəbul olunur. Absurddur... Razıyam sizinlə. Lakin bir həqiqətdir. Valideynlər, ağsaqqallar, ağbirçəklər, dəxli olanlar və olmayanlar-hamı bir ağızdan - «boşanıb, neyneyəcəksən, barış getsin, qismətinə bu çıxıb daha»-deyə «təskinlik» verirlər. Ətrafa baxıram - əslində yaxın qonşum da, can-ciyər rəfiqəm də, lap elə doğma ata-anam belə ailədə zorakılıq problemilə kiminsə dilindən deyil, şəxsən tanışdırlar. Lakin ailəni hər xırda şeyə görə dağıtmaq olmaz - deyə hamıda bir növ dözümlülük kompleksi formalaşıb. Biz dözürük. Bizim dözümlülüyümüzə baxıb, cəmiyyət və qanunlar da dözür. Biz isə nədənsə hərəkəti özümüzdən deyil, məhz qanunlardan və elə ətrafımızdakı cəmiyyətdən gözləyirik. Bax, burada qapalı dairə yaranır.

Susmaq həmişə qızıldırmı? - Nə edək? Üsyanmı? Kimə və nəyə qarşı? 2003-cu ildə ABŞ-ın ölkəmizdəki səfirliyinin xəttilə həyata keçirilən xüsusi proqram üzrə qadınlara qarşı zorakılıq mövzusunda araşdırma aparmaq imkanı əldə etdim. Nə aydınlaşdırdım? Amerikalı qadın üçün zorakılıq utanc verici bir hiss deyil. Doğrudur, bu halla qarşılaşmaqdan heç kəs qürur da duymur. Lakin amerikalı qadın bu problemi ictimai mənada dərk edir. O başa düşür ki, bu gün özü sussa, sabah eyni bədbəxtçilik yaxınının, qızının, nəvəsinin də başına gələ bilər. O danışır, haqqını tələb edir, həyatında nəyisə dəyişdirməyə çalışır. Bəs biz nə edirik? Adi televiziya proqramlarına baxaq. Çox populyar qadın proqramının aparıcısı bir dəfə mənimlə şəxsi söhbəti zamanı «adam bir qəhrəman da tapa bilmir ki, gəlib, ərinin ona əl qapldırdığını etiraf etsin» -deyə şikayətləndi. «Sən özün şəxsən zorakılıqla üzləşmisən» - deyə ona sual verdim. Əlbəttə... Dəfələrlə... Hətta əlindəki çapıq da bu nəvazişdən yadigar imiş. «Bəs sən özün , hüquqlarını bilən, həyatının  sahibi sayıla biləjək qadın belə bu etirafı etmək cəsarətini özündə tapa bilmirsənsə, başqalarından nə gözləyirsən?» - dedim ona. Və o saat da öz həyatım, və öz dözümlülük prinsiplərim yada düşdü. 1 dəfə uşaqların xatirinə. Bir dəfə valideynlərin xatirinə, bir dəfə daha nəyə görəsə....Uşaq vaxtı lap südlü sıyıq yemək üçün mənə verilən andları xatırlatdı mənə bu prinsiplərim.

Mən 20 gün ərzində Amerikada qadınlara qarşı zorakılığın köklərini araşdırmaq üçün çox insanla ünsiyyətdə oldum. Axırda o cəsarəti tapıb, o buzu sındıraraq, «mən də sizlərdən biriyəm, gəlin birgə fikirləşək» - deyə bildim. Təcrübəm əlbəttə ki, etalon sayıla bilməz. Lakin istənilən halda əminəm ki, əgər biz qadın jurnalistlər respondentlərimizlə özümüz arasında səmimilik baryeri yarada bilməsək, bütün səylərimiz puça çıxacaq. Kimisə öyrədərək, gəl zorakılıqdan, bu saat dəbdə olan gender ayrı-seçkiliyindən danışaq - desək də, tamaşaçılar bunu sadəcə bir oyun kimi qəbul edəcəklər.Opra Uinfri kimi bütün dünyada tok-şou janrının şəksiz kraliçəsi hesab edilən aparıcının başlıca peşəkar silahı onun səmimiliyidir. O boşanmışlara öz acı təjrübəsindən, zorakılığa məruz qalanlara hələ 14 yaşında ikən atalığının onu seksual təqib etməsindən danışmasaydı, bu qədər inam qazana bilməzdi. Opra veriliş zamanı əlçatmaz ulduz, dünyanın ən varlı qadını, popuryar aparıcı deyil, həyatın acı-şirinini dadmış bizlərdən biri kimi qarşımızda durur. Budur Opranın sirri. Gəlin etiraf edək ki, Azərbayjan teleməkanınıda mayası bu cür səmimiliklə yoğrulan qadın proqramları yox dərəcəsindədir.

0 şərh