Ronaldo Luis Nazario da Lima

Məşhur futbol ulduzu Ronaldo... Ronaldo mənim ən xoşuma gələn futbolçudu, futbol dili ilə desək, idolumdu. Neçə vaxtı onun haqqında yazmaq istəyirdim, amma heç cürə vaxt tapa bilmirdim. Hələ də vaxt tapa bilmirəm. Bu gün anspress.com-da Ronaldo haqqında yazılmış məqaləyə rast gəldim, çox xoşuma gəldiyi üçün onu sizinlə paylaşmaq istəyirəm. Bu yazı tamamilə copy-paste əsasında yazıldığından xahiş edirəm ki minus verməyəsiniz, plus verməsəniz də olar.


Təyyarənin mühərriyi uğuldayaraq ağır-ağır hərəkətə gəlir. Ronaldonun sağ tərəfində əyləşmiş komanda yoldaşı Roberto Karlos artıq yuxuya gedərək astadan xoruldayır. Tündməcaz Karlos iki şeyin pərəstişkarıdır: Braziliya cadugərliyi hesab olunan makumbunun, bir də şəkər qamışından çəkilən arağın. 1998-ci il may ayının 28-i idi. Həmin gün Ronaldo da Lima təyyarə ilə Fransada keçiriləcək Dünya çempionatına uçurdu. Azarkeşlərinin nəzərində Ronaldo Braziliya yığmasının ümidiydi. Bəli, Ronaldo kütlələrin ümidini doğrultmalı idi. Və bu məsuliyyətin ağırlığı onu qorxuya salırdı. Axı hər halda, onun hələ iyirmi iki yaşı vardı.

Ronaldonun öhdəsinə böyük tələblər qoyulmuşdu. Hər şey bir yana, onu Parisə bütün Brazilya yola saldı. Son bir neçə ildə Ronaldo Braziliyanın milli qəhrəmanı oldu. Budur, indi 160 milyonluq bir ölkə ondan möcüzə gözləyirdi. "Yeni Pele"nin şərəfinə qəbullar təşkil edilir, dualar oxunurdu, makumbu kahinləri Ronaldonun şərəfinə dini ayinlər keçirirdi. Hətta prezidentin özü ona uğurlar dilədi. Və təbii ki, əgər bu oyunda qələbə qazana bilməsə, azarkeşləri ona lənət oxuyardı.

Ronaldo bilirdi ki, oyunu Milanda da diqqətlə izləyəcəklər; axı "İnter" ondan ötrü 30 milyon dolları əbəs yerə ödəməmişdi və təbii ki, həmin klubun prezidenti qazandıqlarının dəyərdən düşməməsində çox maraqlı idi. Elə "Nike"ın da bunda marağı vardı, bundan başqa o, en qədər reklam, radio və teleşirkət və s. ilə də əlaqələr yaratmışdı.

Braziliyanın yoxsul məhəllələrinin sakinlərinin nəzərində Ronaldo qəhrəman idi, ahalı saat taxıb lovğalananlar onu futbol terminatoru, yaxud da pul qazanmaq üçün yaxşı sazlanmış maşın hesab edirdi. Bütün bunları nəzərinə gətirdikcə, götür-qoy etdikcə Ronaldo oturduğu sərnişin kreslosuna sıxılır və... qorxurdu.

...Makumbu pərəstişkarı Roberto Karlos yuxudan ayıldı, üstünə saldığı iri yun şala tərəf dartındı, burnunun altında nəsə donquldandı. Gözlərini ovuşdurub qonşusuna baxdı. Ronaldo sanki onu üzən fikirlər zəncirindən xilas oldu. Az sonra Roberto yenə olub-keçənlərə qayıdaraq, mübahisə etməyə başladı. O, inandırmağa çalışırdı ki, Braziliya yığmasında baş verən xoşagəlməz hadisə hələ onlar təyyarədə olduqları vaxtdan bünövrə tutmuşdu, çünki hələ o vaxt mərkəzi hücumçunun, lap elə superulduzun özünün də üzünün rəngi-ruhu və gözlərinin ifadəsi ona yaxşı təsir bağışlamamışdı. Amma yox, Roberto Karlos yanılırdı, bütün bunlar daha əvvəl başlamışdı. Əlbəttə, Ronaldonu tanıyan hər kəs həmin hadisə barədə özünə uyğun mühakimə yürüdürdü.

...Demək olar, yaxın-uzaq qohumları, dost-tanışlarının hamısı iş-güclərini atıb Dünya çempionatında Ronaldoya azarkeşlik etmək üçün Parisə yola düşdü. Hətta qayğısını oğlundan əskik etməyən anası Sonya Barata Nazariu da Lima da gedirdi. Ronaldonun gözəl, həm də təkəbbürlü nişanlısı Susanna Verner də artıq mehmanxanada özünə yer tutdu - o həm də Dünya çempionatından "TV Globo"ya reportaj verməli idi. Az keçmiş, onun xeyirxah dostu, məşhur braziliyalı jurnalist Pedro Byal da Parisə gəlib çatdı. Beləcə, Ronaldo üçün daha bir təhlükəli süjet qurulurdu. Amma hələ ki bu süjetin personayları təyyarə ilə əhvalatın baş verəcəyi yerə gəlir, aeroportun binasından çıxır, taksi sifariş verir, mehmanxanada otaqlarının açarını alırdılar. Braziliya yığması Şarl de Qoll aeroportundan iyirmi mil aralıda yerləşən "Şato de La Romen" qərargahında yerbəyer oldular. Təkcə əsas qəhrəman çatışmırdı, amma yox, indi onun da təyyarəsi yerə enməkdəydi.

Aeroportda Ronaldonu qarşılamaq istəyənlər çoxdan gözləyirdilər. Odur ki, təyyarə yerə enən kimi fotokameralar şaqqıldadı, jurnalistlər onu sual atəşinə tutdular:

- Siz qələbə qazanmaq ümidi ilə gəlmisiniz?

- Əlbəttə.

- Ölkənizdəki dostlarınıza, yaxud qohumlarınıza nə çatdırmaq istərdiniz?

- Qoy bilsinlər ki, onları çox sevirəm. Və bütün Braziliyanın məndən gözlədiyi işi edəcəyəm, biz Fransadan “qızıl”ı alacağıq!

Ronaldo məhz ondan gözlənilən sözləri dedi, bir sözlə, mətbuat konfransı xeyli uğurlu alındı. Jurnalistlərə gəldikdə isə, onlar həmişə olduğu kimi özlərindən əvvəlki həmkarlarının dediklərini təkrarladılar. Yəni yazdılar ki, yoxsullar məhəlləsində boya-başa çatan kasıb bir oğlan indi milyonçu və superulduz olub, Ronaldo yüksəlişdədir, həyatda çox şeyə nail olub, ən başlıcası isə hələ qabaqdadır. Əslinə baxanda, Ronaldonun keçmişinin heç kəsə dəxli yox idi və əgər jurnalistlər onun haqqında lazımi qədər öyrənsəydilər, onda 1998-ci ilin 12 iyul günündə Parisin "Stad de Frans" stadionunun meydançasında baş verənlər heç kəsi təəccübləndirməzdi.

...O, doğrudan da, yoxsulluq içində böyümüşdü. Özü də belə yoxsulluq Avropaya deyil, Braziliyaya xas olan yoxsulluq idi. Elə bir yoxsulluq ki nəsildən-nəslə keçən irsi xəstəlik kimi qurtulmaq üçün nicat yolu görünmürdü.

Onların yaşadığı fanerlərdən və ağ dəmirdən quraşdırılmış evlərində nə kanalizasiya, nə isti su, nə soyuducu, nə də telefon vardı, olan-qalan ancaq iki qaz plitəsi, bir də elektrik rozetkası idi. Ət yalnız bayramdan-bayrama, elektrik isə fasilələrlə olurdu. Yaşadıqları rayonda nadir hallarda görünən bahalı maşınların arxasınca yüyürüşərdilər, çünki imkanlı ailələrdən olan gənc adamlar "Makdonalds"dan aldıqları kartof-frilərini Ronaldo kimi balaca oğlanlara tullayar və elədiklərindən həzz alardılar.

Onun heç nəyi, adicə ailəsi belə (Ronaldonun on bir yaşı olanda atası anasını atmışdı) yox idi. Küçələrdə veyil-veyil gəzə-gəzə böyümüşdü. Əlbəttə, o hər hansı maşın altına düşə, bandaya qoşula, yaxud küçə uşaqlarını üsulluca güllə ilə vuran "ölüm eskadronu"nun qurbanına çevrilə bilərdi. Və nəhayət, narkotiklərə qurşana da bilərdi - məgər Bentu Ribeyru kimi ucqar rayonda Ronaldo kimi balaca oğlanların başına azmı pisliklər gəlmişdi? Amma Ronaldo yaşadı, özü də futbolun sayəsində!

...Günün istisindən qızmış küçə. Balaca-balaca oğlan uşaqları topu bir-birinə ötürə-ötürə, o tərəf- bu tərəfə qaçışa-qaçışa futbol oynayırlar. Futbol Braziliyada, az qala, din qədər böyük nüfuza malik oyundur, Braziliyada, demək olar, hamı oynayır. Bir kənarda, təxminən, dörd yaşlarında yöndəmsiz, koppuş bir oğlan uşağı plastik topla əlləşir. Bu balaca oğlan Ronaldodur. Ondan komandaya elə də xeyir yoxdur, amma o öz-özü ilə oynayır və gündən-günə daha artıq inadkarlıqla ötürmələri və zərbələri məşq edir, öyrənirdi. Beləliklə, bir il, sonra daha çox illər ötdü. Və gördüyümüz mənzərə tamamilə dəyişdi. Dünənin yöndəmsiz, ağırtərpənişli oğlanı artıq həyətdə futbol oynayan bütün komandaların arzuladığı kimi, inadcıl, fişəng kimi cəld oyunçu oldu. Ronaldo gah topu divara çırpır, gah küçəboyu qovurdu, bir sözlə, futbolu öyrənmək həvəsiylə o hər əziyyətə qatlaşırdı, amma özü də başa düşmürdü ki, qəti surətdə, tər tökənə qədər məşq edir. Əslində, burada başqa bir məqam da vardı. Məsələ bunda idi ki, onun anası bütün günü işdə itib-batırdı, Ronaldonusa oyunlarda iştirak etməyə qəbul etmirdilər. Odur ki, kimsəsiz qalan oğlan bütün gününü topla keçirirdi. Nəticədə, onun ayaq əzələləri inkişaf etdi, bərkidi. Bəli, oğlan nəinki tamam dəyişdi, həm də başqalarının ona qarşı münasibətlərini dəyişmələrinə nail oldu, amma istedadı ona Tanrı bəxş etdi. Sonra nələrin baş verməsi isə hamıya bəlli oldu: kasıb "Sosial Ramos Klub" (o vaxt Ronaldonun cəmi on bir yaşı vardı); gənclər liqasının bombardiri; az tanınmış "San Kristian" klubu; 14 yaşlı yeniyetmə ilə kontrakt bağlayan futbol agentləri Martins və Pitta. "Kruzeyro" adlı ilk divizion klubu, Hollandiyanın "PSV", İspaniyanın "Barselona", Milanın "İnter" futbol klubları. 30 minlik, 4 milyonluq, 20 milyonluq, 50 milyonluq dəyərində kontraktlar. Və bütün bunlara o, cəmi yeddi il ərzində nail olmuşdu.

1998-ci ildə Dünya çempionatında iştirak etməyə gələndə bir vaxtlar Braziliyanın 2-ci dərəcəli futbol klublarında qollar vuran Ronaldodan əsər-əlamət qalmamışdı. Dantistlər və imic mütəxəssisləri onu qəşəng oğlana, reklamçılar və kütləvi mediaçılar isə seks-simvola çevirmişdilər. Əvvəllər Ronaldo, demək olar, eybəcər idi: irəli çıxmış əyri dişləri, darağa yatmayan biz-biz çıxan pırtlaşıq saçları vardı - qızlar ondan yan qaçırdı, hətta Ronaldo özünə rəfiqə belə tapa bilmirdi.

İndi Ronaldo yüzminlərlə dollar pulu xeyriyyəçiliyə sərf edir, amma Braziliya komandalarında onunla birgə oynayanlar onu hələ də ümidsiz dilənçi olan "yekədiş" kimi xatırlayırlar. O, komanda yoldaşlarından qamburger istəyir, məşqçisindən ona təzə ket-çəkmə almasını xahiş edir, jurnalistlərlə pivə içirdi. Ronaldo, demək olar, hər qəpiyinə qənaət edərdi, yalnız bunun hesabına özünə birotaqlı mənzil ala bildi. Nəhayət, bir dəfə o, restorana gedib ofisianta gileyləndi ki, gəncdir, istedadlı futbolçudur, amma evində nə boşqabı, nə də çəngəl-bıçağı var. Axırda müəssisənin meneceri istədiklərini ona hədiyyə etdi.

On səkkiz yaşına qədər Ronaldo özünün böyük, məxmər oyuncaq ayısı ilə yatırdı. Hətta sadəlövhlüyündən jurnalistlərə demişdi ki, hərdən yataqda yerinə işəyir. Özü də bu o vaxta təsadüf edirdi ki, Ronaldo artıq "İnter"də oynayırdı, dərhal İtaliyada ona "enurez" (yerinibulayan - red.) adı qoydular.

Ronaldo, demək olar, heç nə oxumur, heç nə də bilmirdi, hətta Hamletin kim olduğundan belə xəbəri yox idi. Məşqlərdən azad olduğu vaxtlarda Braziliyanın ümidi olan bu cavan oğlan ya sekslə məşğul olmağa, ya da kompüter oyunları ilə başını qatmağa üstünlük verirdi. O, xeyirxah və sadəxasiyyətli cavan idi; bununla yanaşı, ona heç də ağılsız demək olmazdı. Ronaldonun problemi onda idi ki, o bir təkanla birdən-birə futbol Olimpinə yüksəlmişdi. Yəni onun böyüməyə, yetişməyə vaxtı olmamışdı - onun həmyaşıdları özlərini hələ xaraktercə möhkəmləndirəndə, təkmilləşdirəndə Ronaldo artıq bir-birinin ardınca matçlarda qələbələr qazanır, yerdə qalan vaxtını əyləncələrə sərf edirdı.

Ronaldo işlərini özü qurmurdu: onun işlərini, reklam kontraktlarını və vaxtını hər kontraktdan on faiz özünə götürən agentlər planlaşdırırdılar. Əlbəttə, belə rejim gənc futbolçu üçün tamamilə əlverişli idi. Amma Dünya çempionatı kimi ət maşınından keçməyin nə demək olduğunu o hələ bilmirdi. Kimsə yazmışdı ki, Ronaldo böyük Peleni - Braziliyaya üç dəfə dünya çempionluğu gətirən nəhəng futbolçunu yamsılaya bilər. İstedad hər şey demək deyil, əsl çempionun dəmir iradəsi və özünü saxlaya bilmək bacarığı olmalıdır. Bir dəfə belə məqalələrdən biri Ronaldonun əlinə keçdi. Yazının müəllifi göstərirdi ki, bu futbolçunu çox yükləmək olmaz. Əks halda, o, yana bilər və karyerasına indi narkotik maddələrə qurşanmış ağıldankəm Maradona kimi son qoya bilər. Ronaldo bu qeydi oxudu və sonra kövrəlib-ağladı. Bəli, Ronaldo kövrəlib-ağladı. Qəzeti isə saxladı və həmin qəzet indiyədək çemodanlarının birinın dibində qalır. "Yana bilər" - bu söz yekədiş idmançıya çox təsir etmişdi.

...Dünya çempionatı başlayır: braziliyalılar Şotlandiyanı tar-mar edir, Mərakeşi ağladır (yeri gəlmişkən, bu oyunda Ronaldo həyatında ən ciddi zədə aldı) və Norveç yığmasına məğlub olurlar. Çiliyə qarşı matçda "yekədiş" rəqib komandanın qapısından iki top keçirməyə müvəffəq olur və Braziliya yığmasının məşqçisi sakitləşir. Ronaldonun özündə olmaması məşqçinin gözündən yayınmır, amma düşünür ki, hər şey yolunu tapacaq...

Məşqçi Zaqalo Dünya çempionatlarında Braziliyanı dəfələrlə qələbəyə çatdırmışdı. O öz işini əla bilirdi, amma bu dəfə səhv etmiş, oyunçusunu duya bilməmişdi: Ronaldonun və Braziliya komandasının pis xəbərləri indi-indi başlayırdı.

Ronaldo özünü narahat hiss edirdi. Əslində, onu komanda yoldaşlarından biri, "Vəhşi" ləqəbi qazanmış qəddar Edmundo qorxudurdu. Və bu da səbəbsiz deyildi. "Vəhşi" hər şeydən çox oyunda qalmaqal, dava-dalaş düşməsinə şərait yaradır və bundan xoşlanırdı. Dünya çempionatı ərəfəsində o, yolda bir nəfəri basıb-döymüşdü (istintaqı yarımçıq kəsib ört-basdır etmişdilər ki, Edmundo yığmaya düşsün). Bundan əvvəl isə, bir dəfə oyunun lap qızğın çağında Edmundo bir telejurnalisti ayaqları ilə əzişdirmişdi. İndi "Vəhşi" altdan-altdan Ronaldoya göz qoyurdu, onunsa bu, xoşuna gəlmirdi. Otaq qonşusunun gecələr vudu ayinlərini icra etməsi də Ronaldonun xoşuna gəlmirdi. Qonşu ətrafda hər yana mumdan və qana bulaşmış toyuq lələklərindən düzəldilmiş fiqurlar düzmüşdü və bu, Ronaldoya xoş gəlmirdi.

Amma ən pisi başqa idi: qəzetlər Susanna Vernerin jurnalist Pedro Byal ilə məhəbbət macərası haqda yazmağa başlamışdı. Bu xəbər hər pərdədə çalındı, o isə məşqçisi Zaqalonun lütfkarlığı sayəsində dustaq həyatı yaşayır, heç olmasa, ikicə saatlığa mehmanxananı tərk edə bilmirdi ki, Byalla məsələni ayırd etsin.

Əlbəttə, belə şey kimə xoş ola bilərdi? Axı necə olsa, söhbət onun nişanlısından gedirdi. Hətta jurnalistlərin hesabına görə, onun əlaqədə olduğu qadınların sayı yüzü aşsa da, Ronaldo Susanna Vernerə xüsusi münasibət bəsləyirdi.

Məşhur Rio-de Janeyro şəhərinin ucqarlarında böyüyən oğlanların hamısının yalnız bir qadın idealı vardı, paxlalı bitki plantasiyaları arasında böyüyən ətli-canlı, bəslənmiş mulat qadınları. Bunun tam əksinə olaraq, Ronaldonun arzuladığı qadın sarışın olmalıydı. Lap boyaq vasitəsilə olsa da, hökmən sarışın olmalıydı. Bəyaz dəri, iri gözlər, balaca döşlər və ən əsası - yanbızları yekə! Hələ on yeddi yaşından Ronaldo belə qızların "kolleksiyasını" toplayırdı və onlarla hər görüşdən məmnun qalırdı.
Ronaldo onun dişlərini qaydaya salan həkim qıza, agentləri Martins və Pitt cənablarına, eləcə də ona saçlarını dibindən qırxdırmağı məsləhət bilən vizayistinə (yeri gəlmişkən, bundan sonra onun işləri qaydasınca getdi) minnətdar idi. On beş yaşında Ronaldo qonşusu Kelli Kristina Peres üçün meyvə oğurlayırdı. Hətta ona yeni "Ford-Eskort" da vəd etmişdi - amma məşhurlaşandan sonra. Bir dəfə həmin qız jurnalistlərə demişdi: "İndi o, əvvəlki kimi qorxunc deyil. Ronaldonun öz stili var, görkəmcə atletlərə bənzəyir. Oh, kaş ki mən onu tanıyanda belə olaydı! Axı əvvəllər adam onun üzünə baxmaq belə istəmirdi..".

O, doğrudan da, məşhurlaşdı. Və onun yeni dişləri çıxdı. Kelli Kristina Peres isə hələ də piyada gəzir. O biri qızlara gəldikdə, Ronaldo onlara sevgidən başqa heç nə vəd etməmişdi. Əslində, onlara elə bu da bəs idi: Ronaldonun məşuqəsi olmaq şərəfi onlara Braziliya televiziyasında, yaxud model biznesində karyera qazanmaqda kömək edirdi.

Nadya, Viviana, Lusiya… Braziliyada onları "ronaldinalar" adlandırırdılar. Bu qızları, həqiqətən, dəyişik salmaq olardı: hamısı açıq rəngdə saçları, iri gözləri… olan sarışınlar. Kənardan baxan güman edərdi ki, Ronaldo eyni məhəbbət macərasını iki yüzüncü dəfə yaşayır. O, Braziliyada yaşaya bilmirdi, harda olsalar, anası Sonya ona ev rahatlığı yaradırdı, onunla birgə Hollandiyaya, Barselonaya gedirdi.

Qızlar Ronaldo üçün Braziliyanın bir hissəsi idi. Və növbəti "ronaldina" həmişə onlarla birgə yaşayırdı. Bu o vaxta qədər davam etdi ki, Sonya özünə Braziliyada polis işləyən qoçaq bir boyfrend tapdı. Onda Ronaldo Rio-de-Janeyroda ona böyük bir ev aldı. Bu ev ona beş yüz min dollara başa gəldi.

Ronaldonun bütün qızları, adətən, dar mini-yubkalar və tor corablar geyinir, yuxudan gec oyanmağı, gündə beş dəfə sekslə məşğul olmağı, sonra təzə paltar geyinməyi xoşlayır, Ronaldoyla kompüter oyunları oynayır və axırda onlar da evlənməyi tələb edirdilər. Bundan sonra Nadya (ya da ki Viviana) yenidən model biznesində karyera qazanmaq üçün Braziliyaya qayıdırdı. Ronaldinonun isə boynundan hansısa bir Lusiya asılırdı və bununla hər şey yenidən başlanırdı.

Amma Susanna Vernerlə hər şey tamam başqa cür oldu. Heç kəs başından yuxarı tullana bilməz. Ronaldo milyonçu və superulduz oldu, amma Braziliya isteblişmentinin nəzərində o elə "məhəllə uşağı" olaraq qaldı. Hətta çempion olandan sonra mötəbər bir rayonda ev almaq istəyəndə, gələcək qonşuları etiraz etdilər - onlara görə, çempion çox kobud, ədəbsiz idi. Susanna isə elitar təbəqədən çıxanlara mənsub idi: sarışın, incə və zərif idi, bahalı evdə böyümüşdü, qadın futbolunu əla oynayır və televiziyada özünə karyera qazanmışdı. Onların arasındakı məhəbbət macərası Braziliya serialına bənzəyirdi; təsadüfi görüş, ilk baxışdan vurğunluq - məhəbbətini izharetmə. Bu barədə Braziliyanın bütün bulvar qəzetləri yazırdı, əslində, hər şey yazıldığından daha romantik idi.

...Onlar gecə klubunda tanış olmuşdular. Səhərə qədər rəqs etmişdilər, axırda Ronaldo Susannadan telefon nömrəsini soruşmuşdu. Qız onu başından etmişdi: - Yenicə tanış olduğum adamlara telefon nömrəsi vermək xasiyyətim deyil. Sən demə, qızın özünün məhəbbət macərası varmış, seçdiyi oğlan isə çox qısqanc imiş. Ronaldo Susannanı yaddan çıxara bilmirdi. Yarım ildən sonra Ronaldo öyrənə bildi ki, qızın sevgilisi motosiklet qəzasına uğrayıb. Elə onda Ronaldo qızın telefon nömrəsini ələ keçirə bildi. Əvvəlcə qız onun səsini tanımadı, yalnız sonra onunla görüşünü xatırladı və kövrəldi. Həmin axşamı onlar bir yerdə keçirdilər, sonra dəniz gəzintisinə çıxdılar. Ronaldo Susannagilin evində oldu… Və Ronaldo onu öz nişanlısı adlandırmağa başladı, qız buna etiraz etmədi. Qərara aldılar ki, evlənsinlər, amma toy gününü təyin etmək heç cür alınmırdı.

Ronaldoya elə gəlirdi, onların işləri təəccübdoğuracaq dərəcədə yaxşı gedir. Onu narahat edən yalnız o idi ki, çəkilişlərdə Susannanı başqa adamlar da qucaqlayır, öpürdülər. Kinolar öz yerində, hələ üstəlik, Byalla bağlı söz-söhbətlər də bir tərəfdən problem yaratdı. Bütün bunlar onun heç xoşuna gəlmirdi.

Bir də ki məsələ təkcə Susannada və Pedro Byalda deyildi. Ronaldoya mənəvi dayaq olmaq üçün qohumlarının, demək olar, hamısı Fransaya gəlmişdi (onların biletlərinə Ronaldo iki yüz min dollara qədər xərc çəkmişdi). Məsələ bundaydı ki, Parisdə yerbəyer olan kimi qohumları bir-birləri ilə dalaşmağa başladılar. Atası ilə anası münasibətləri ayırd edirdilər - onların bir-birlərinə deməli çox sözləri var idi. Nelio ailəni qəpiksiz qoyaraq atmışdı, hələ üstəlik jurnalistlərə demişdi: "Ronaldo adını mənim keçmiş həyat yoldaşımın mamaçasının şərəfinə qazanıb". Sonya məhz bu sözlərini ərinin yadına saldı və əvəzində, ərinin uzun-uzadı izahatlarına qulaq asmalı oldu; guya, polis işçiləri onun maşınını saxlamış və bir qramdan çox heroin aşkar etmişlər. Nelio inandırmağa çalışırdı ki, hər şey əvvəldən hazırlanmış qurğu olub və bu məkrli işi məhz Sonyanın indiki əri təşkil edib.

Dalaşıb-qurtarandan sonra keçmiş ər-arvad Ronaldoya zəng edib bir-birlərindən gileylənməyə başladılar. Əlbəttə, telefonda onları barışdırmaq asan iş deyildi. Yarım il əvvəl onlara görə Braziliyada ora-bura qaçmaqdan, vurnuxmaqdan Ronaldo, az qala, "İnter"də futbol mövsümünü ötürəcəkdi; o, anasının yeni boyfrendi ilə tanış oldu, sonra atasının narkotiklərlə bağlı məsələsini yoluna qoydu. Budur, indi yenə valideynlərinin əlinə keçmişdi. Onlar dalaşır, Ronaldo onları sakitləşdirməyə çalışırdı, telefonun dəstəyini yerə qoyan kimi Susanna barədə düşünməyə başlayırdı.

Pedro Byal müsahibə götürmək üçün Ronaldonun yanına gəldi. Onlar kişi kimi söhbət etdilər. Bu ərəfədə Argentina qəzetlərindən biri böyük bir məqalə dərc etdi. Məqalə belə başlayırdı: "Pedro Byal Braziliya futbolsevərlərinin xoşbəxtliyinə mane olur. Ronaldo ilə Susannanın barışdığına baxmayaraq, Byal hələ də onların mübahisələrində üçüncü olaraq qalmaqdadır. Byalın yaşı onların hər ikisininki qədərdir. Onlarla gözəl-göyçək qadınları olan keçmiş hərbi müxbirin qarşısında kim davam gətirə bilər?". Pedro Byal and içdi ki, onunla Susanna arasında heç nə olmayıb, bu yalnız argentinalıların fitnəsidir və rəqib komandaya Braziliyanın ən yaxşı futbolçusunu yolundan çıxarmaq vacibdir. Ronaldo Byala inandı, di gəl, indi də Susanna onu qısqanmağa başladı. Onlar telefonla danışdılar, Susanna əsəbiləşib dəstəyi çırpdı.

Bu dəfə məsələ daha ciddi şəkil aldı. Dünya çempionatı - 98-dən əvvəl Ronaldo tennis turnirində iştirak etdi. Burada onu Anna Kurnikova ilə tanış etdilər. Onlar öpüşdülər və elə həmin vaxt paparasilər hər şeyi əbədiləşdirdilər. Ronaldonun yeni qız dostu olması barədə məqalələr yazıldı. Beləliklə, onun Susanna ilə məhəbbət macərası laxlamağa başladı (onsuz da Ronaldo mehmanxanadan çıxıb onun yanına getməyə macal tapa bilmirdi). Ronaldo özü də hiss edirdi ki, həyat fəlsəfəsi çat verir.

Bu yaxınlarda verdiyi bir müsahibəsindən elə də çox vaxt keçməmişdi:

- Məni Allah özü seçib. Tanrının mənə yazığı gəlib ki, sağlam olum, varlı olum və yaxşı futbol oynayım.

Bəli, belə olmuşdu, amma indi hər şey məhv olmaqdaydı. Yəni əsəbləri oynamışdı, bədəni ağrıyırdı. Braziliya yığması, nəhayət ki, finala çatmışdı, amma onun ən yaxşı oyunçusu lap xarab olmuşdu. Ona soyuqdəyməyə qarşı kokteyllər və ağrıkəsicilər içirirdilər (amma onların dəqiq resepti sirr olaraq qalır - açıqlanması lazım bilinmdi); həkimlər inandırırdılar ki, səhhəti qaydasına düşmək üzrədir. Braziliya yığmasının məşqçisi buna çox inanmaq istəyirdi. Ronaldo onun ən yaxşı oyunçularından idi. Zaqalo onu çox gözəl anlayırdı və görürdü ki, Ronaldo meydançaya, demək olar, tək ayaqla çıxır, hər dəfə məşq hərəkətləri zamanı ağrıdan üz-gözü əyilir.

"Yekədiş" həyata çox sadə baxırdı. Onun elmlə yüklənməmiş beyni belə qurulmuşdu. Buna baxmayaraq, bir katolik olaraq, Ronaldo bilirdi ki, həyatda hər şeyin əvəzi ödənilməlidir. İndi evdəkilər tərəfindən sarsıdıldığı, sevdiyi qız tərəfindən atıldığı bir vaxtda istər-istəməz məşqçilərinin ona dedikləri yadına düşürdü. Axı istər holland "PSV"də, istərsə də "Barselona"da təkrar-təkrar ona deyirdilər ki, ağlını başına toplamağın vaxtı çoxdan çatıb. Özünü pulqazanan maşına döndərmək olmaz. Əzizlərini, doğmalarını görmək üçün hər həftə təyyarə ilə Avropadan Braziliyaya uçmaq, gecə klublarına çəkilmək və bazar günləri yenidən meydançaya çıxmaq olmaz. Zədələrini müalicəsiz buraxmaq, ağına-bozuna baxmadan siması ilə alver etmək, agentləri lazım bilir deyə, mühüm matçlardan əvvəl, az qala, bütün dünyanı gəzib-dolaşmaq olmaz. Ronaldo hələ cavan idi, onun yaşında yolundan azmaq, karyerasını alt-üst etmək asan olur.

Amma Ronaldo özünü o qədər əzgin, dilxor hiss edirdi ki, bu dəfə də məşqçisinin sözündən çıxdı. Əlinə fürsət keçən kimi, mehmanxanadan qaçdı və düz, Susanna yaşayan evə yollandı. Olub-keçənləri izah etmək, aydınlaşdırmaq, nəhayət, bir-birini inandırmaq mümkün olmadı. Əvəzində, əsəbləri tarıma çəkilmiş Ronaldo hönkürdü. Az sonra qız da ağlamağa başladı. Beləcə, qırx dəqiqə keçdi, amma cavanlar bunu hiss etmədilər. Artıq vaxt qalmamışdı. Ronaldo mehmanxanaya qayıtdı, özü də necə? - Burnu şişmiş, gözləri qızarmış vəziyyətdə. Təbii ki, məşqçi Zaqaloya bu xoş gəlmədi. Axı hər halda, bir gündən sonra yekun oyununun keçiriləcəyi gözlənirdi və Braziliya Fransa ilə medal uğrunda mübarizə aparacaqdı - onun superulduzu Ronaldo isə yenə də özündə deyildi.

1998-ci ilin 12 iyulu idi. Həmin gün adi vaxtlarda olduğu kimi başladı, amma günortadan keçmiş dəhşətə çevrildi. Baş verənlər haqda şahidlər müxtəlif cür danışırdılar. Makumbu həvəskarı olan Roberto Karlosun dediyinə görə, qonşusunun öz otağında öz-özünə anlaşılmaz surətdə nəsə donquldanması onu narahat edirmiş. Çevrilib baxanda Ronaldonun döşəmədə qıc olmuş vəziyyətdə çırpındığını görüb. Sonralar o, hekayətini dəyişərək, inandırmağa çalışırdı ki, Ronaldonu vanna otağında tapıb. Yalnız on beş dəqiqədən sonra Ronaldo özünə gəlib. Saat 3:30-da onu oyundan xaric edib, yerinə ehtiyat oyunçu təyin etdilər. Təxminən, axşam saat altıda yollardakı tıxacları birtəhər yararaq, Ronaldonu gətirən maşın "Klinik de Lil" tibb mərkəzinə çatdı. Həkimlər onu bir saatdan artıq müayinə etdilər. Amma bir az əvvəlki tutmanın əlamətlərini tapa bilmədilər. Onlar, ümumiyyətlə, narahatlığa səbəb ola biləcək heç nə aşkar edə bilmədilər.

Saat səkkizin yarısında Ronaldo stadiona gəldi. Səkkiz on beşdə məşqçi Zaqalo qaydanı pozsa da, FIFA nümayəndələrinin razılığını alaraq, onu əsas heyətə daxil etdi. Səkkiz iyirmidə Ronaldonu yenidən titrətmə tutdu. Braziliya komandasının həkimi ona sakitləşdirici dərmanlar içirtdi.
Nəhayət, Ronaldo meydançaya çıxdı. Komanda yoldaşlarına elə gəldi ki, o heç cür ayıla bilmir. "Yekədiş"in özünün oyundan sonra söylədiyinə görə isə, özündə miqren, ürəkbulanma və mədəsində ağrılar ona əziyyət verirmiş.

Matçdan sonra Ronaldo jurnalistlərə gileylənirdi: "Çox təzyiq göstərirdilər. Məndə qəribə bir hiss oyanmışdı: elə bilirdim ki, bütün Braziliya ancaq mənə ümid edir. Bir ildən artıqdır, istirahət günlərim olmur. Ona görə də indi biraylığa vətənimə gedib əylənmək, dincəlmək, ən əsası, futbol fikrini başımdan atmaq istəyirəm. Çünki artıq doymuşam".

Beləliklə, Ronaldo Rio-de-Janeyroya qayıtdı. Və hər şey yenidən başlandı. Ronaldo istədiyi kimi dincəldi, əyləndi, sonra yenə matçlarla dolu əvvəlki həyatı başlandı. Özünü ələ aldı, daha nə böyük, nə də kiçik xoşagəlməzliklər onu narahat etmirdi. Amma hələ də arzuolunmaz macəralar ondan əl çəkmirdi.

Hər şeydən əvvəl, aydın oldu ki, Rioya qayıdandan sonra yerli polislər onu oğurlamaq istəyiblər. Futbolçunun müqabilində onlar pul tələb etmək fikrində idilər. Ən böyük xoşagəlməzlik o idi ki, Ronaldonu oğurlamaq istəyən quldur polislər onun atalığı ilə bir idarədə işləyirdilər. 1999-cu ilin 21 noyabrında isə Ronaldo İtaliya çempionatının matçında yerə yıxıldı. Onun sağ dizinin vətərində çat aşkar etdilər.

Ronaldo bu dəfə də aldığı zədəni sonadək müalicə etdirmədi və onun bu səhvi düz, 143 gündən sonra "Lasio"ya qarşı oyunun gedişində özünü büruzə verdi: Ronaldonun sağ dizinin vətəri tamamilə qırıldı. Komandaya təhkim olunmuş həkimlərin qənaətinə görə, Ronaldonun idmana yenidən qayıtması üçün 55 faiz ümid yeri qalmışdı.

Bəli, Ronaldonun yeni həyatı belə başlandı. Və bu həyatda, fasiləsiz zəhmət və cüzi əyləncə vardı. Ronaldo müalicə olundu, sağlamlığını bərpa etdirdi, məşqlərə getdi. Onun üzərində işləyən həkimlər Ronaldodakı iradənin gücünə heyran qaldılar. İki il də ötüb-keçdi. Ronaldo İtaliya çempionatında rəqib qapısından top keçirə bildi. Bu müddət ərzində o özü də dəyişmiş, başqalaşmış, ən azı, "böyümüşdü".

... Çoxdan idi, Susanna Verner onunla deyildi. Onların arasındakı münasibət pozulmuş, son məqamda "yox" dərəcəsinə enmişdi. Ronaldonun menecerləri onun həyatını qaydasına salmaq niyyəti ilə tələsik, "yekədiş"i 18 yaşlı gözəl Milena Dominquşla evləndirməyi qərara aldılar.
Sadə toy məclisi, daha sonra ailə qayğıları... Oğlu bir yaşına çatanda Ronaldo boşanmaq qərarına gəldi. O zaman qayınanası, az qala, dünyanın bütün tənbehlərini onun üstünə yağdırdı: "Ronaldo ailəmizin ən böyük səhvidir. Bəlkə də o, futbol dahisidir. Amma bu dahi vaxtını fahişələrlə keçirir. O mənim qızımla düşük qadınlar kimi rəftar etdi".

Yenə də Ronaldonun rəfiqələri dünyanın hər yerində çıxan qəzetlərə müsahibələr verməyə başladılar. Braziliyanın ən yaxşı futbolçusu ilə olan intriqalar, əvvəlki illərdə olduğu kimi, onların istər podiumda, istərsə də Braziliya televiziyasında karyera qazanmalarına çox kömək edirdi. Hazırda o, ikinci dəfə evlənməyə hazırlaşır - model Daniela Sikarelli onun seçdiyi qızdır.

Ronaldo yenə də dünyanın ən çox pul ödənilən futbolçusudur. "Real"a Ronaldo 52 milyon avroya başa gəlmişdi. Roman Abramoviç "Real"ın ulduzunu tovlayb, "Çelsi"yə aparmaq üçün ona həftədə 230 min funt-sterlinq vəd edirdi.

Futbol bilicilərinin gümanları özünü doğrultdu, amma yarıyadək. Yəni Ronaldo, doğrudan da, belə erkən qazandığı şöhrətin öhdəsindən gələ bilmədi. O yıxıldı, amma qalxmaq üçün özündə iradə tapdı: "yekədiş" çoxlarının zənn etdiyindən dəyanətli çıxdı. Hələ oyunlar davam edəcək...


 

 

23 şərh

bankir
«Danadiş» dünya futbol tarixində ən parlaq oyunçulardandır. 31 dekabr 2011 öz karyerasını qurtaracaq.
Sizcə indi Braziliyada oynayan Ronaldo ilə protuqaliyalı Kriştiano Ronaldonu müqayisə etmək olarmı?
Türkəl
İdol — futbol dilində deyil, latın dili mənşəli sözdür, bir çox dillərdə işlədilir və ümumi işlək sözdür.
r9perviz
Sözün mənşəyini yazdığınıza görə çox sağ olun, amma Ronaldo mənim futbol idolumdu…
r9perviz

Dünya Çempionatlarının ən sərrast hücümçusu Ronaldo ən azı 2014-cü ilə kimi bu titulu əlində saxlayacaq...

Westsider
Futbol tarixində ən yaxşı oyunçulardan biri… Təəssüflər olsun ki, ayağındakı zədələr və son illərin piyləşmə prosesi onun bacarıqlarını tam şəkildə görməyimizə imkan vermədi..

Kriştiano Ronaldodan daha yaxşı futbolçu olub, hər halda. Subyektiv fikrim:)
r9perviz
Həmişə Ronaldonu digər futbolçularla müqayisə edəndə belə cavab verirəm: «Ronaldo 21 yaşında 2 dəfə dünyanın ən yaxşı oyunçusu seçilmişdi. Daha da parlaya bilərdi, təəssüf ki zədələndi»
Türkəl
Ronaldonun 2000-ci ildə İnterin heyətində Latsioya qarşı oyunda zədələnməsi heç vaxt yadımdan çıxmayacaq. İkinci hissədə meydana çıxdıqdan bir neçə dəqiqə sonra, sevdiyi nöqtəsində fint edərkən damarını dartıldı və yerə yıxılaraq ağlamağa başadı. Bu Mark-Vivien Foe'nin ölümündən sonra futbol maçında görüyüm ən şokedici an idi.


Westsider
Hardasa 7 il əvvəl dostumla Ronaldonun kassetinə baxırdıq. Əsasən Interdəki illərini göstərirdilər. O vaxtdan Inter komandasına azarkeşlik etməyə başladım. 2006-cı il Materazzinin hərəkətinə qədər.

Kriştiano bunun yanında uşaqdır, Kakanı ümumiyyətlə qeyd etməyə dəyməz… Messi… Messini bağlaya bildilər bu il. Kriştianonu da bağladılar. Amma Luis Ronaldonu bağlaya bilmirdilər.
Türkəl
Materazzinin «hərəkəti» olduqca şişirdilib. Çox futbolçu yaşıl meydanda rəqibə qarşı kobud sözlər işlədir. Materazzi sadəcə olaraq Zidanın cavabını verdi. Günah Materazzinin «pereferisca puttana tu sorella» sözlərini «siz hamınız terrorsitsiniz» kimi şərh edən ingilis mətbuatında oldu.
Westsider
Zidan mənim ən sevimli futbolçum olmasaydı vecimə olmazdı:)

Materazzinin nə dediyini isə heç kim bilmir. Amma inanmıram Zidan onu terrorist sözünə görəvursun. Ana-bacı söyüşü söydüyü variantına daha çox inanıram
Türkəl
Materazzi bunu özü etiraf edib, Zidan ona «Görürəm ki, dalımca çox qaçırsan, yəqin oyundan sonra mənim futbolkamı almaq istəyirsən» deyəndə, itlayan ona yuxarıda yazdığım ifadə, yəni «sənin pozğun bacına daha çox üstünlük verərdim» şəklində cavab verdi. Sonra baş verənlərdən hamı xəbərdardır. Zidan həmin insidentə görə Materazzidən başqa hamıdan üzr istədi. 2 həftə bundan qabaq Materazzi bildirdi ki, bu günə kimi Zidanın üzr istəməsini gözləyirdim, amma artıq buna ehtiyac duymuram.
r9perviz
Futbolda elƏ hadisələr çox olur, amma məncə həmin hadisələr elə stadionda qalsa daha yaxşı olar.
r9perviz
Ronaldonun karyerasının qızıl dövrü, ilk sezonda 47 qol. Messi Ronaldoya məxsus bu rekordu neçə illərdən sonra məhz bu il təkrarladı.



Magicboy
Ronaldo əla futbolçu olub, amma heç də Messi və ya Ronaldinyodan güclü olmayıb… Deyirsən Ronaldo 21 yaşında iki dəfə dünyanın ən yaxşı futbolçusu seçilib. Birincisi bu mükafat son 20 ildir ki verilir. Ona görə də əvvəlki futbolçularla müqayisə etmək yersizdir. İkincisi, əgər Ronaldo Barcelonaya transfer olmasaydı o, heç vaxt 21 yaşına kimi bu mükafatı əldə edə bilməzdi… Heç kimə o vaxtlar holland çempionatında çoxlu qol vurduğuna görə mükafat vermirdilər. Ona qalsa Nistelroy ya da bu il Suarezi də ilin ən yaxşısı seçərdilər. Barcelonada keçirdiyi bir mövsüm ona iki mükafatı hədiyyə etdi. Barcelonada da yanında Covanni, Fiqo, Stoiçkov kimi ulduzlar oynayıb. Pula görə getdi İnterə, orda da zibilə döndü. Braziliya yığması olmasaydı bu gün Ronaldonun adı it dəftərində belə yox idi… Braziliyada da yanında Rivaldo, Karlos, Kafu, Ronaldinyo kimi futbolçular oynayıb. Amma Messinin yanında kim oynayıb? Mançesterin bəyənmədiyi Tevez, bu-gün sabah Reala transfer olacaq deyə açarını itirmiş, bir qəpiyə belə dəyməyən Benfikalı Di Maria, boş qapı ustası, ləmbə Hiquain… Üstəlik də Messi, hücumçu deyil yarımmüdafiəçi kimi oynayırdı… Bir sözlə, futbol komanda oyunudu..
Fransa ilə final oyununda hələ də heç kim bilmir nə olmuşdu bunlara… O gecə hirsimdən yata bilmirdim… Hamı kimi, mən də Braziliyanın udacağını gözləyirdim… Oyun  hətta 10-0 da qurtara bilərdi. Fransızlar deyəsən özləri də təəccüb qalmışdılar Braziliyanın oyununa… Boş qapıları vura bilmirdilər…
Türkəl
ha-ha, boş qapıları onların azsaylı milli futbolçularından biri olan Qivarş bura bilmirdi. Onu da ondan sonra yığmaya heç kəs çağırmadı.
r9perviz

Mən Ronaldonu ondan əvvəlki futbolçularla yox, ondan sonrakı futbolçularla müqayisə edirəm. İnterə pula görə keçdi, daha sonra zədələndi və daha da parlaya bilmədi.
Messinin yanında kim var? Messi Xavi və İniestanın əlindən tutduğu uşaqdı, Xavi və İniestanın sayəsində Messi bu il o qədər qol vurdu. Argentinada onun əlindən tutan olmadı və Messi qol vurmadan çempionatı tərk etdi.
1998-ci ilin final oyununda Brazilyaya nə olduğunu deyə bilmərəm, amma Ronaldoya nə olduğu yuxarıda yazılıb. Oyundan bir gün əvvəl Ronaldo ölə bilərdi, həkimlər güclə onu həyata qaytarmışdılar. Final oyununda isə o xəstə-xəstə çıxış etmişdi.

Westsider
Magicboy, Pərvizin videosuna bax və Ronaldonun qollarını Messininkilərlə müqayisə et. Qolların yarısı qapıçı da aldadılaraq vurulub, ən azından buna görə Ronaldo Messidən üstündür. Amma Messi kişi adamdır, sonacan oynayır, yıxılmır. Kriştiano kimi)

P.S. Mən Real azarkeşiyəm, amma Messini Krişdən üstün tuturam)))
Magicboy
Nə isə Westsider görürəm futboldan başın çıxmır, ona görə sənlə mübahisə etmək mənə yaraşmaz… r9perviz, men də şərhimdə Ronaldonun əlindən tutanların siyahısın yazmışam. Sən də onları oxu… Messinin niyə qol vurmadığının səbəbini də yazmışam. Yəni bu boyda saytda məndən başqa heç kimin futboldan anlayışı yoxdur??? Təəssüflər Kayzen, təəssüflər :))
r9perviz
Futbol anlayışımız var ki, futboldan yazmışıq. Sən demişkən, futbol komanda oyunudu, çox adam əziyyət çəkir, çox vaxt da məşhurlaşan qolun müəllifi olur. Ronaldo da kifayət qədər həm öz fərdi ustalığı əsasında, həm də komanda yoldaşlarının əməyi sayəsində qollar vurub, məşhurlaşıb. Ronaldo mənim tanıdığım ilk və ən yaxşı futbolçudu, ona görə də heç kimi ondan üstün görmürəm. Amma istənilən digər oyunçuları istədiyin qədər müzakirə və müqayisə edə bilərəm. Kifayət qədər futboldan başım çıxır, ən azından bu cavan yaşımda 4 DÇ yola salmışam.
Westsider
Qaqaş sözlərinə fikir ver. Kimin mənə yaraşıb-yaraşmadığını özüm bilərəm, ok?! Təhqirə yol vermə, mən səninlə necə danışıram, sən mənə necə cavab verirsən.
Türkəl
Nə sizdən ağıllıyam, nə də futboldan sizin qədər başım çıxır. Amma mübahisəni burada bitrisəniz yaxşı olar. Bura mübahisə yeri deyil, bundan uzağa getmək lazım deyil.
Türkəl
İllər keçdi, hamınız böyüdünüz, amma yenə də futbolçuları müqayisə etməkdən əl çəkmədiniz. Başa düşmürsüz hərə özünə görə individualdır, onları müqaisə etmək onlara qarşı hörmətsizlikdir.
r9perviz
Futbolçuları ki müqayisə etmədin, onda futbolun nə ləzzəti?  :)