KAŞ və BƏLKƏ

Bir səhər oyanasan və görəsən ki, buludlar rəngini dəyişib. Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən içəri və görəsən ki, qoca bir qadın dayanıb, amma, nə gileylənir, nə də yorğundu. Salamlaşıb keçəsən...

 Tıxacsız yollarda gedəsən, dəqiq dayanacaqlarda saxlayalar avtobuslar. Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir...

Sonra o qız əl eləyə, sağollaşa,  sənə həyatın yaşıl işığını yandıra. İşə gedib hirslənmədən adamların üzünün saflığında çiməsən, daha metolardan tər iyi gəlməyə. Sən avtobusu, adamlar səni minməyə.

 Günorta pəncərədən yerə baxasan, görəsən ki, əlini ağzına salan uşaq bilmədən barmağını dişlədi. Dünyadakı bütün hərəkətlərin bu qədər təbii olacağına inanasan. Ağlayan uşağın yanağından süzülən yaş, böyük bir prospektin tozunu yatıra.  

Gözünü yumub özün haqda yox, başqaları haqqında düşünəsən. İnsan özü haqda o zaman çox düşünür ki, öz dərdi çoxalaraq onun başqalarına  baxan gözünü bağlayır. Sonra yuxu tuta səni, yuxunda baxçanın həyətində oynayan uşaqları görsən. Amma, yuxuları yozmayasan səhər-səhər.

Oyuncaq dükanlarını uşaqlara bağışlayalar. Ya da, uşaq vaxtı oyuncaq almağa pulu olmayan qocalara.

Qocaların ən çox getdiyi yer əczaxanalar, ən çox danışdıqları mövzu dərman preparatları olmaya.

Qapıların kandarından təbəssüm asalar. İnsanlar ancaq ürəkləri istəyəndə gülələr. Varlılar üçün ayrı, kasıblar üçün ayrı maska taxmaya insanlar.

Papiros və zavod tüstüləri küsüb gedələr şəhərdən.    

Gözəl qızların çantalarından gözəl kitablar çıxa.

“Buyurun”, “Çox yaxşı”, “Mən də məmnunam”, “Allah köməyiniz olsun” sözləri gün ərzində ən çox işlənən kəlmələr ola.

Baltalar ağacları yox, kin-küdurəti doğraya...

Televizoru açasan və eşidəsən ki, İraqda 300 uşaq doğulub. Çeçenlər silah yox, şənlik fişəngi atırlar.

Və s.

 

Müəllif: Fərid Hüseyn

 

10 şərh

Rene
Adında da deyildiyi kimi, kaş… Amma bunlar çətin reallaşa, ən azından bu dünyada.
P.S. Qızların təbəssümü-filan, əl eləməyi, yaşıl işıq yandırmağı mənə o qədər də çatmadı. Müəllif deyəsən şorgözdü )))
Aysel77
kaş...amma bəlkədə oldu...nə bilmək olar…
ayxansevda
maraqlidi lakin men «arzu» kəlməsindən çox «məqsəd» kəlməsini sevirəm
Shabnam_Ilham

Amma çox təəssüflər olsun ki, bu bəlkə və kaşkilərin əksi acı reallıqdı..

Ps. oxuyub qiymət verdiyiniz üçün təşəkkürlər :)

soni_memmedzade
həyatda kaş ki.....dediyimiz vaxt çox olur.amma təssüf ki,heç nəyə yaramır.həyat daima bizi yıxır.bunun şahidləri biz insanlarıq.amma yenə qalxırıq.yıxılmağa rağmən yenə ayaq üstə dururuq.kaş ki,hamının üzü gülsün həyatda…
Gülnar
Topikin adını «kaş və bəlkə» yerinə «baş və kəllə» oxumuşam, məzmunu oxuduqca deyirəm bunun baş və kəlləyə aidiyyəti var görəsən? )) Gözəl qızların çantasından gözəl kitablar çıxa — bəli, kaş bu hal çox ola…
Shabnam_Ilham
Yaxşı ki, sonradan təkrar baxmısız :))
perceptron
Cox beyendim, xususi ile bu benzetmeni "Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir…
Blue
Kaş deməklə əlimizə heçnə  keçməyəcək, yaxşısı budur dünyayı məhv etmək üçün yox, gözəlləşdirmək üçün çalışaq. Hər şeyin yaxşı olması üçün əlimizdən gələni edək.