“İkinci əl” əşyalar uşaqlara uyğundurmu?

Valideynlər üçün maddi vəsaitə qənaət etməyin yollarından biri istifadə olunmuş uşaq geyimləri və digər əşyalar almaq və ya əldə etməkdir. Adətən yaxın qohumlar və ya tanışlar arasında kiçilmiş uşaq geyimlərinin mübadiləsi və ya ianəsi halları illərdir ki, valideynlik mədəniyyətimizdə mövcuddur. Hətta qıtlıq dönəmlərdə qadınlar hamiləlikdə biri-birlərinin hamilə geyimlərini geyinib, hamiləlik dövrünü başa vururdurlar.

Bundan əlavə ata-analarımız və nənə-babalarımız son zamanlar Qərbdən gələn “Second-hand” anlayışından (hərfi tərcüməsi “ikinci əl” deməkdir) öncə uşaq əşyalarından davamlı və qənaətcil istifadə edirdilər. Əgər müasir zamanda uşaqların geyimini cinsi fərqinə görə seçirlərsə, bir neçə nəsil öncənin nümayəndələri heç ona da fikir vermirdilər. Qıza oğlan, oğlana qız donu geyindirərək uşaqları böyüdüb başa çatdırırdırlar. Sözsüz ki, o zamanların sosial-iqtisadi durumu çağdaşımızdan xeyli fərqlənir. Bu səbəbdən sual yanana bilər: “Həqiqətənmi, bolluq dövründə uşaqlar üçün “ikinci əl” geyim və ləvazimatları istifadə etmək düzgündürmü?”

Ölkəmizdə “second-hand” uşaq geyimlərinin satışı geniş yayılıbdır. Uşaqlar sürətlə böyüyür və eyni ölçüdə qalmırlar. Odur ki, bu ay övladınıza rahatlıqla geydirdiyiniz geyim 1-2 ay sonra onun əyninə olmaya bilər. Əksər valideynlər adətən məhz bu səbəbdən “ikinci əl bazarına” müraciət edirlər. Lakin, bəzi analar övladlarının ikinci-əl geyimlərdən dəmirov, qotur kimi xəstəliklərə yaxalanacağından ehtiyatlanırlar. Sözü gedən satış məntəqələrinin verdiyi məlumata inansaq, ikinci-əl geyimlər satışa çıxarılmazdan əvvəl qaynar buxar, xüsusi dezinfeksiyaedici vasitələrlə təmizlənir, gigiyenik təhlükəsizlik sertifikatı əldə edir və müxtəlif ölkələrə göndərilir. Əgər övladınıza ikinci-əl geyim almısınızsa, onları yaxşıca havalandırmaq və günəşləndirmək, sonra isə qaynar suda yumaq lazımdır ki, geyimlərdə infeksiya və kimyəvi maddələrin qalıqları qalmasın. “Second-hand” geyimlər alarkən düymələrinin bərk tikildiyindən, geyimlərin təbii materiallardan hazırlandığından, kimyəvi rənglərlə rənglənmədiyindən əmin olmağa çalışın.

Bundan əlavə, bəzi valideynlər bütün ikinci-əl geyimlərin vəfat etmiş insanlara aid olduğu və bu geyimlərin özündə mənfi enerji daşıdığı qənaətindədir. Lakin, bütün bunlar həqiqətə əsaslanmır və xürafi səciyyə daşıyır. Valideynlərin fikrinə görə ikinci-əl geyimlərin üstünlükləri məşhur brendlərin keyfiyyətli geyimlərini ucuz qiymətə əldə edilməsi, həmçinin hər geyim növündən adətən bir ədəd olmasıdır ki, təkrarçılığı sevməyən insanlar üçün bu xüsusi əhəmiyyət kəsb edir.

“İkinci əl ” geyim mağazalarından əlavə, sosial şəbəkələrdə də istifadə olunmuş uşaq geyimləri, oyuncaqları və ləvazimatları satışa çıxaran qruplar fəaliyyət göstərir. Burada satılan əşyalar adətən yerli anaların brend mağazalardan alaraq öz uşaqlarına geyindirdikləri geyimlər və ya oyuncaqlar olur. Qeyd edək ki, bu növ qruplar qənaət etməyi sevən və ya qənaət etməyə məcbur olan valideynlər arasında kifayət qədər populyardır. Burada alış-satışdan əlavə barter yəni, dəyiş-düyüş imkanları və şərtləri də mümkündür.

Əziz valideynlər, unutmayın ki, bu cür məsələlər hər bir valideynin fərdi məsuliyyətidir. Odur ki, ikinci-əl geyimlərin “müsbət” və “mənfi” cəhətlərini götür-qoy edərək qərar vermək yalnız və yalnız sizin şəxsi seçiminizdən asılıdır. Lakin unutmayın ki, təhlükəsizlik səbəbləri ilə aşağıdakı əşyaların birinci əl olaraq əldə edilməsi tövsiyyə olunur:

— Yataq dəstləri
— Uşaqlar üçün avtomobil təhlükəsizlik oturacaqları
— Uşaq qidalandırma ləvazimatları- əmzikli şüşələr, əmziklər, fincan, südsağan və s.

Müəllif: Xumar Ərşadlı
 

0 şərh