Sızanaqsız üz üçün 14 məsləhət

Yaşından və cinsiyyətindən asılı olmayaraq hər birimizin xəyalı təmiz və sızanaqsız bir dəridir. Amma hava çirkliliyi, qida rejimimiz və bir çox məqamı nəzərə alsaq sızanaqsız dəri bizim üçün əlçatmaz olur. Vaxt azlığından və ya aylıq gəlirimiz buna yol verməməsi səbəbindən də adətən kosmetoloji xidmətlərdən faydalana bilmirik. Bunları nəzərə alaraq, bu gün sizə sərfəli və evdə edə bləcəyiniz dəri təmizləyici, qidalandırıcı bəzi məsləhətlər verəcəyik. 




İlk növbədə sızanağı aradan qaldıran vasitələri tanıyaq.

  1. Qatıqla «peeling» (dəri soyma) maskası
  2. Qızılgül suyu ilə tonik
  3. Antiseptik sarıköklü qatıq maskası
  4. Hind qozu yağı
  5. Limon şirəsi
  6. Diş məcunu
  7. Lavanda yağı
  8. Gərginliyi azaltmaq
  9. Yağlı yeməklərdən uzaqlaşmaq
  10. Makiyajdan mümkün qədər az istifadə etmək. Etdiyiniz zaman da gün sonunda makiyajı təmizləyici vasitələrlə silmək
  11. Yaşıl çay toniki
  12. Aloe veralı nəmləndirici
  13. Üzünüzü gündə 2-3 dəfə suyla yumaq
  14. Gün ərzində bol su içmək

  1. Qatıqla «peeling» (dəri soyma) maskası
    Hər gecə yatmazdan öncə bir y.q. qatığı üzünüzə sürtün və 10 dəqiqə üzünüzdə saxlayın. Qatığın tərkibində olan bakteriyalar, üzünüzdəki ölü dərinin tez və rahat çıxmasına kömək edəcək. 10 dəqiqə keçdikdən sonra üzünüzü ilıq su ilə yuyun. Dəriniz həssas və nazik deyilsə, üzünüzü ilıq su ilə yuduqdan sonra «peeling» də edə bilərsiniz. 
    Qatığın tərkibində olan bakteriyalar, üzünüzdəki ölü dərinin tez və rahat çıxmasına kömək edəcək. 

  2. Qızılgül suyu ilə tonik
    Hər gün günə başlarkən və gün bitdiyi zaman pambıqla üzünüzü gül suyu ilə silməniz, üzünüzdəki ölü dərilərin çıxmasına və yeni faydalı hüceyrələrin yaranmasına gətirib çıxaracaq. Qızılgül suyu, üzünüzün rəngini sabitləyəcək, sızanaqların yaranmasının qarşısını alacaq, üzünüzün pH balansını qoruyacaq və s. bir çox faydası olacaq. 

  3. Antiseptik sarıköklü qatıq maskası
    Üzünüzdəki akne və sızanaqları aradan qaldıracaq effektli vasitələrdən biri də sarıkökdür. 2 həftədən bir, bir y.q. qatığa bir ç.q. sarıkök əlavə edərək üzünüzə sürtüb 10 dəqiqə saxlaya bilərsiniz. Daha sonra bol ilıq su ilə yuyun.
    Qarışımı sürtərkən göz ətrafına dəyməməsinə ehtiyyat edin.

  4. Hind qozu yağı
    Hind qozu yağı dərinin balansını və nəmini qoruyan ideal vasitələrdən biridir. 
    Təbii hind qozu ilə hər səhər üzünüzü nəmləndirsəniz, əlavə nəmləndirici kremlərə ehtiyac qalmayacaq. 
    Əlavə olaraq isə makiyajınızı da bu yağla rahat və bəsləyici formada silə bilərsiniz. 
  5. Limon şirəsi
    Öncəliklə qeyd edim ki, dəriniz həssas və sızanaqlıdırsa limon şirəsindən uzaq durun.
    Limon suyu iltihabları təmizləyir, sızanaqları qurudur və məsamələri təmizləyir amma həssas dərilərdə qaşınma, qızarma və s. kimi əks təsirlər yarada bilər. 
    Amma dəriniz həssas deyilsə sacədə pambığın üzərinə 10 damcı limon şirəsi damcıladaraq üzünüzə sürtüb 3-5 dəqiqə saxlaya bilərsiniz. 5 dəqiqə sonra ilıq su ilə yuya bilərsiniz. 

  6. Diş məcunu
    Səhər duranda «sürpriz» bir sızanaqla oyanmısınızsa onu aradan qaldırmaq üçün ən təsirli yollardan biri də diş məcunudur. Yaranmış sızanağın üzərinə kiçik miqdarda diş məcunu sürtüb 15 dəqiqə gözlədikdən sonra üzünüzü yuya bilərsiniz. Bu üsulla sızanağın qızartısı və şişkinliyi  nisbətən azalacaq.

  7. Lavanda yağı
    Lavanda çiçəyi istər ətri ilə istərsə də faydası ilə özünəməxsus bir bitkidir. Əgər üzünüzdə davamlı sızanaq problemi varsa pambığın üzərinə lavanda yağı damladın daha sonra üzünüzə sürtün. Bu üsulla siz nəinki yeni yaranmış sızanaqlardan hətta uzun müddətdir üzünüzdə olan sızanaqlardan da qurtulacaqsınız.
    Bu üsulu mütəmadi olaraq üzünüzə tətbiq edə bilərsiniz.

  8. Gərginliyi azaltmaq
    Sızanaqlardan qurtulmağın yollarını axtararkən onların yaranmama səbəbini də araşdırmaq lazımdır. Gərgin beyin bu səbəblərdən biridir. Gərgin beyin yuxusuzluğa, depresiyaya, yanlış qida rejimi və bir çox mənfiliklərə yol açır. Bunlar da dərimizə, ümumi olaraq sağlamlığımıza öz təsirini göstərir. Sızanaqlar da bunlardan biridir.

  9. Yağlı yeməklərdən uzaqlaşmaq
    Sızanağın yaranma səbəblərindən biri və bəlkə də birincisi yağlı qidalardır. Mütəmadi yağlı yeməklər, şirniyyatlar yediyiniz zaman məsamələrinizdə yağ miqdarı artacaq və zamanla bu yağlar sızanağın, iltihabın yaranmasına səbəb olacaq.
    Bu səbəbdən də qida rasionunuzda az yağlı yeməklərə üstünlük verin və qızardılmış, bol yağlı, duzlu yeməklərə uzaq olun. 

  10. Makiyajdan mümkün qədər az istifadə etmək. Etdiyiniz zaman da gün sonunda makiyajı təmizləyici vasitələrlə silmək
    Hər bir xanım makiyaj edərkən ən keyfiyyətli məhsulları seçməyə çalışır. Amma ən keyfiyyətli makiyaj markaları belə dərinizi nəfəs almağa qoymur və gün boyu məsamələrdə yığılıb qalır. Bu səbəbdən gecə mütləq makiyajınızı silin. Makiyajla yatmaq, dərinizin gecə boyu nəfəs almasına mane olacaq. Bu da sızanaqların yaranmasına təməl səbəblərdən biridir. 
    Üzünüzdən makiyajı təmizlədikdən sonra toniklə qidalandıra bilərsiniz.

  11. Yaşıl çay toniki
    Yaşıl çay mətbəximizin sevimli içkisi olmaqla yanaşı gözəllik vasitələri arasında da daim istifadə etdiyimiz bitkilərdəndir. Yaşıl çayı dəmlədikdən sonra soyudub, ilıq formada üzünüzü silə bilərsiniz. 

  12. Aloe veralı nəmləndirici
    Evdə təbii aloe vera hazırlamaq risklidir. Çünki bu bitkini sadəcə kəsib üzünüzə sürtməklə üzünüzdə qızartı, qaşıntıların yaranmasına səbəb ola bilərsiniz. Buna görə də ya xüsusi markalar tərəfindən hazırlanan təbii aloe vera gellərindən ya da tərkibində aloe vera olan nəmləndirici kremlərdən istifadə edə bilərsiniz. Bununla siz dərinizin daha çox nəmlənməsini təmin edəcəksiniz. 

  13. Üzünüzü gündə 2-3 dəfə suyla yumaq
    Nəmləndirici kremlər, bitkilər üzünüzə müsbət təsir etsə də sadə suyla üzü yumaq daha effektlidir. Gündə minimum 2-3 dəfə üzünüzü yumaqla dərinizi mikroblardan təmizləyəcəksiniz, yeni yaranmağa başlayan sızanaq köklərinin təmizlənməsinə yardım edəcəksiniz. Eyni zamanda dəriniz üçün vacib olan nəmi təbii formada əldə edəcəksiniz. 

  14. Gün ərzində bol su içmək
    Bu şablon səslənən ifadəni yəqin ki, hər biriniz ən az bir dəfə eştmisiniz. Amma bu ifadənin həqiqətən də nə qədər faydalı olduğunu bilirsinizmi ? 
    Gün boyu su içmək nəinki dəriyə hətta daxili orqanlarınıza da müsbət anlamda təsirsiz ötüşməyəcək. Nəzərə almaq lazımdır ki, daxili orqanlarınızda yaranan problemlər əksər vaxt üzünüzdə ləkələnməyə, sızanaqların yaranmasına, dəri rənginin solmasınacan gətirib çıxarır. Bu səbəbdən istər işdə istərsə də evdə daim bir şüşə suyu yanınızda saxlayın. Əgər sizə suyu sadə formada içmək rahat deyilsə o zaman sadəcə bir litr suya bir dilim limon və 10-15 yarpaq nanə əlavə edib biraz saxladıqdan sonra için. Bu üsulla siz həm dərinizin nəm ehtiyacını qarşılayacaqsınız həm də limon şirəsi ilə bədəninizdə olan artıq yağlardan qurtulacaqsınız. 
 

0 şərh