Teymur imperatorluğu

Teymurun Mavəraənnəhri idarə etməsi. XIV əsrin sonu-XV əsrin əvvəllərində şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini  əhatə edən qüdrətli bir türk dövləti-Teymur imperatorluğu meydana gəldi. Bu dövlətin tərkibinə Mavəraənnəhr, Xorasan, Pəncab, İran, Azərbaycan və Cənubi Qafqaz torpaqları daxil idi. Teymur imperatorluğunun yaradıcısı Əmir Teymur (1370-1405) olmuşdur. O, mənşəcə Cağatay ulusunun türkləşmiş Barlas tayfasının Gürgan qoluna mənsub idi.  Hərbi işi öyrənmək üçün Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına gedən Teymur tez bir zamanda onun hörmətini qazanmışdı.
Teymur 1356-cı ildə Əmir Qazanın Xorasan yürüşündə fərqləndiyinə görə qiymətli hədiyyələrlə mükafatlandırıldı. Əmir  Qazandan sonra hakimiyyət oğlu Hüseynə keçdi. Əmir Hüseyn düşmənləri ilə mübarizə aparmaq üçün Teymurla ittifaqa girdi. O, eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında hərbi xidmətə girərək, Qaşqardərya vadisini idarə etməyə başladı. Lakin az sonra onların arasında ziddiyyət yarandı və Teymur öz dəstəsi ilə Amudəryaya qaçmağa məcbur oldu. Teymurun və qaynı Hüseynin birləşmiş qüvvələri 1365-ci ildə Daşkənd döyüşündə Toğluq Teymur  tərəfindən məğlub edildilər. Toğluq Teymur Səmərqənd üzərinə yeridi. Səmərqənd taleyin ümidinə buraxılmışdı. Çünki nə çağataylar, nə də Mərkəzi Asiyanın feodal hakimləri xalq üsyanlarından ehtiyat etdikləri üçün şəhər divarlarını möhkəmləndirməmişdilər. Bu zaman Səmərqəndin sənətkarları içərisində monqol zülmünə qarşı mübarizliyi ilə fərqlənən sərbədarilər adlandırılan qrup mövcud idi. Bu qrupa sənətkar sexinin başçısı Əbubəkr Kələvi, mədrəsə tələbəsi Mövlanzadə və Xurdaq Buxari adlı bir şəxs başçılıq edirdilər. Əlverişsiz küçə döyüşündə iki min nəfər döyüşçü itirən monqollar vahiməyə düşərək qaçdılar.  Sərbədarilərin hakmiyyəti bütün Səmərqənd vilayətinə yayıldı. Lakin 1366-cı ildə Teymur və Hüsyenin dəstələri Səmərqəndə daxil oldular. Onlar üsyanı amançızlıqla yatırtdılar.

Teymuri dövlətinin yaranması. Hakimiyyət uğrunda Teymurla Hüseyn arasında başlanan mübarizə 1370-ci ildə Teymurin qələbəsi ilə başa çatdı. Sərbədarilər üsyanından qorxan Mavəraənnəhrin iri feodalları mərkəzi hakimiyyətin tərəfdarları idilər. Yaranmış əlverişli vəziyyətdən istifadə edən Teymur sərkər-dələrin qurultayında «əmir» titulunu götürərək,  yeni dövlətin əsasını qoydu. Əmir Teymur möhkəm dövlət yaratmağa, feodal pərakəndəliyini ləğv etməyə, xalq hərəkatını yatırtmağa çalışırdı. Feodalların, xüsusilə  köçəri monqol əmirlərinin köməyini qazanmaq lazım gəlirdi. Buna isə yalnız yeni torpaqlar və zəngin hərbi qənimətlər ələ keçirmək yolu ilə nail olmaq mümkün idi. Ona görə də Əmir Teymur geniş işğalçı müharibələr aparmağa başladı. Hakmiyyətinin ilk illərində Teymur bütün Mərkəzi Asiyanı ələ keçirtdi. Zəngin Xarəzm 1388-ci ildə, beşinci yürüş zamanı Ürgəncin dağılması ilə tamamilə tabe edildi. Üç böyük yürüşdə (1389, 1391, 1395) Teymur Qızıl Ordunu məğlub etdi.
Teymur imperiyasıTeymur 1380-ci ildən etibarən İran, Qafqaz, o cümlədən Azərbaycan, İraq, Suriya və Kiçik Asiya üzərinə müntəzəm hərbi səfərlər etməyə başladı. 1404-cü ilədək davam edən yürüşlər nəticəsində  bu ərazilər işğal edilərək Teymuri dövlətinin tərkibinə qatıldı. İşğal edilmiş ərazilərdən yüz minlərlə mahir sənətkar Mərkəzi Asiyaya göndərildi. 1404-cü ildə Səmərqənddə olmuş İspaniya elçisi Klaxivo burada başqa ölkələrdən gətirilmiş 150 min sənətkar ailəsinin olduğunu qeyd edirdi. Əmir Teymurun Hindistana yürüş etməkdə məqsədi bu ölkənin sərvətlərini, münbit torpaqlarını ələ keçirmək idi. 1398-ci ildə  o,  Dehli üzərinə yeridi. Dehlinin müdafiəsinə Sultan Mahmud başçılıq eidrdi. Əmir Teymur taktiki hiylə işlədərək az itki ilə sultan qoşunlarına ağır zərbə vura bildi. Dehli şəhəri də işğal olundu. Onun ardınca  Hindistanda müqəddəs şəhər hesab olunan Mitru ələ keçirildi. 1399-cu ildə Teymur Səmərqəndə qayıtdı.
Hindistan səfərindən sonra Əmir Teymurun Kiçik Asiyada əsas rəqibi İldırım Bayazid idi.  Bayazidin Teymura təhqiredici məktubu müharibənin başlanması üçün bəhanə oldu. 1402-ci ilin iyulun 28-də  Ankara döyüşü zamanı  Teymur hərbi əməliyyatın gedişində dönüş yaratmaq qərarına gəldi. Hindistandan gətirilmiş döyüş fillərini meydana buraxdı. Bir-birinə bağlanmış filləri görən osmanlı döyüşçüləri geri çəkildilər. İldırım Bayazid öz dəstəsiilə mühasirəyə düşərək əsir alındı. Teymur İzmirə qədər gedib çıxdı. Onun qarşısını Aralıq dənizi kəsdiyinə görə Avropanın içərilərinə doğru hərəkət edə bilməyib geri  döndü. Osmanlıların qüvvətlənməsindən ehtiyat edən Avropa dövlətləri  rahat nəfəs aldılar. Çünki Əmir Teymur  özü də bilmədən türk silahının Avropanın içərilərinə doğru irəliləməsini ləngitdi. Teymur Osmanlılara zərbə endirdikdən sonra ona qarşı arxadan bir  təhlükə olmayacağına arxayın olaraq Çin üzərinə səfərə hazırlaşmağa başladı. Əmir Teymur Çinə böyük yürüş ərəfəsində 1405-ci il martın 19-da Otrar şəhərində vəfat etdi. Onu Səmərqənddə dəfn etdilər.

Teymur imperatorluğunun idarə edilməsi. Əmir Teymur sağlığında imperatorluğu öz oğlanları və nəvələri arasında bölüşdürmüşdü. Xorasan, Cürcan, Mazandaran və Sistan mərkəzi Herat olmaqla Şahruxa (1409-1447), Qərbi İran, İraq, Azərbaycan və Gürüstan mərkəzi Təbriz olmaqla Miranşaha, Cənubi İran və  Mərkəzi Asiya mərkəzi Şiraz olmaqla Ömər Şeyxə, Əfqanıstan və Şimali Hindistan mərkəzi Qəznə olmaqla Pir Məhəmmədə verilmişdi.
Teymur dövləti mərkəzləşdirilmiş dövlət deyildi. Dövlət uluslara bölünmüşdü. Ulusların hakimi olan əmirlər Teymurun rəhbərlyi altında bu əraziləri idarə edirdilər. Teymur  ulusların bir qismini  tümənlərə çevrimişdi. Əmirlərə də tümən rəisləri titulu vermişdilər. Hər bir tümən əmiri müəyyən qədər əsgər verməli, vergilərin yığılması və mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarət etməli idi. Dövlət əmirlərinin yerinə yetirilməsini, maliyyə və hərbi işləri  divanxanalar idarə edirdi.
 Çingiz xandan fərqli olaraq Teymur müəyyən iqtisadi məqsədlər də güdürdü. O, ölkənin iqtisadi inkişafını yüksəltmək üçün tutduğu ölkələrdən ən yaxşı sənətkarları Səmərqəndə aparırdı. Asiyadan Avropaya və başqa yerlərə gedən ticarət yollarını öz nəzarəti altında saxlayırdı. Qara dəniz  və Xəzərətrafı  çöllərdə möhkəm hakimiyyət yaratmağa imkanı olmadığı üçün Teymur bu ərazilərdən keçən karvan yollarını ticarət üçün bağlamağa çalışırdı. Bu məqsədlə Ürgənc, Saray-Bərkə, Həştərxan şəhərlərini dağıtmışdı. Teymur digər ölkələrin hesabına Mavəraənnəhrin iqtisadiyyatını inkişaf etdirməyə çalışırdı. Burada irriqasiya işləri gördürür, şəhərlər inşa etdirirdi.
Teymur imperatorluğu dövründə  Səmərqənd sənətkarlıq və ticarət mərkəzinə çevrildi. Teymurun nəvəsi olan Uluqbəy Mavəraənnəhrə vali təyin edildikdən sonra bu şəhər daha da abadlaşdı. O, düynanın müxtəlif ölkələrindən, xüsusilə Çindən mahir sənətkarlar gətirdərək Səmərqənddə möhtəşəm imarətlər, mədrəsələr, məscidlər tikdirdi.
Hülakü hökmdarları kimi, Əmir Teymur da Avropa ölkələri ilə birbaşa ticarət əlaqələri yaratmaq siyasəti yeridirdi. O, bununla həm də Avropa-Asiya ticarətində Səmərqəndin rolunu artırmağa çalışırdı. Əmir Teymur Fransa karlı VI Karla (1368-1422) göndərdiyi məktubunda bərabər hüquqlu ticarət əlaqələri yaratmağı təklif edirdi. Teymurun bi siyasəti Avropa-Şərq əlaqələrində Azərbaycanın rolunun artmasına kömək edirdi. Teymur öz siyasətini həyata keçirmək üçün İslam dininin möhkəmləndirilməsi  və nüfuzununu artırılması qayğısına qalırdı.
 
Teymuri imperatorluğunun zəifləməsi və dağılması. Əmir Teymur vəfat etdikdən sonra onun yaratmış olduğu imperatorluq çox yaşamadı. Daxili çəkişmələr və müharibələr mərkəzləşmiş hakimiyyəti zəiflədirdi.
           Teymur vəfat edəndən sonra onu oğlanlarından yalnız Miranşah və Şahrux Mirzə sağ idilər. Miranşah Qərbi İranı, İraqı, Gürcüstanı və Azərbaycanı, Şahrux isə atasının adı ilə Xorasanı idarə edirdi. Teymur ölməmişdən əvvəl vəsiyyətnaməsində nəvəsi Pir Məhəmməd Mirzəni özünə vəliəhd təyin etmişdi. Babasının sağlığında o, Əfqanıstanı və Hindistanı  idarə edirdi.  Teymurun ölümü haqqında xəbəri eşidən kimi Səmərqəndə hərəkət edə bilmədi, bir qədər ləngidi. Onun gecikməsini görən əyanlar tez bir zamanda Miranşahın oğlunu hökmdar elan etdilər. Bu təyinatdan Şahrux razı qalmadı. Bundan sonra qohumlar arasında mərkəzi hakimiyyəti ələ keçirməçk uğrunda mübarizə başladı. Pir Məhəməd ordusunu toplayıb Səmərqənd istiqamətində hərəkət etsə də, heç nəyə nail ola bilmədi. Teymurun digər nəvəsi Xəlil Mirzə öz qüvvələrini səfərbərliyə alaraq, onu geri oturtdu, hakimiyyətini Mavəraənnəhrə qədər genişləndirə bildi.
            Qohumlar arasında gedən mübarizə imperatorluğu zəiflədir və gücdən salırdı. Əsarət altında olan xalqların da Teymurilərə qarşı mübarizəsi güclən-məkdə idi. Digər tərəfdən də başqa tayfalar Teymurilərin sahib olduğu torpaqları ələ keçirmək üçün onlarla mübarizəyə başladılar. Teymurun oğlu sultan Şahrux dövlətin paytaxtını Herata köçürdü. O, Xorasanı öz idarəsində saxlayıb, Mavəraənnəhri oğlu Uluqbəyə (1446-1449) xanədan kimi verdi. Şahrux yeni işğallardan imtina etdi. O, dövlətin idarə olunmasında İran məmur təbəqəsinə və müsəlman ruhanilərinə arxalanmağa başladı.
 Şahrux Mirzədən sonra hakimiyyət  Uluqbəyə keçdi. Uluqbəy də dövləti uzun müddət idarə edə bilmədi. 1449-cu ildə oğlu Əbdüllətif tərəfindən öldürüldü. Belə çəkişmələr dövründə Mərkəzi Asiyvada yaranmış Şeybanilər dövləti Teymuriləri sıxışdırmağa başladı. 1469-cu ildə Şeybanilər hücuma keçərək Buxara və Səmərqənd şəhərlərini tutdular.  Yalnız Xorasan Teymurilərin əlində qaldı. 1470-ci ildə hakimiyyət başına Hüseyn Bayqara gəldi. O, Şeybanilərə qarşı mübarizəni  genişləndirib, Mavəraənnəhri və Xarəzmi  öz hakimiyyəti altına aldı Hüseyn Bayqara 37 il hökmranlıq etdi. 1505-ci ildə onun ölümündən sonra Şeybanilərin hücumları daha da qüvvətləndi. 1507-ci ildə Şeybani xan Xorasanı tutdu və Teymur imperatorluğunun varlığına son qoydu.

 

0 şərh