Hekayə- "Tezliklə... bir səhər qapının zəngini basacağam.”

Dünən kompüterdə çox işlədiyimi və axşam çox gec yatdığımı səbəb gətirərək, eşitdiyim səsi; daha doğrusu sözü adi bir qarabasma, adi bir yuxu, yaxud bunlara bənzər bir şey sandım, gözlərimi açmadım. Lakin davam edən hadisələr və eşidilən səslər zəminində həmin sözü təkrar və mənə xatırladacaq şəkildə oxşar eşidəndə sanki kimsə məni yuxudan ayılmağım üçün silkələdi, gözlərimi açdım.
Otağın qaranlığından hiss etdim ki, hələ günəş dan yerindən çıxmayıb, hələ mənim işə getmək üçün yuxudan ayılmağıma, eləcədə zəngli saatın qulaqbatırıcı və diksindirici zənginin səslənməsinə xeyli vaxt var.
Narazı bir halda gözlərimi yumdum və qaranlıq dünyasın yalnız bir neçə saniyəlik sakininə çevrildim, səs eşitdim: deyəsən bayaq eşitdiyim səsə oxşayan bir səs, sonra inilti, sonra tez-tez işlədilən sözlər və bu sözlər arasında güclə eşidiləcək hıçqırıq dolu hönkürtü, sonra sükut… qaranlıq dünya…
Lakin mən qaranlıq dünyanın bir neçə saatlıq, bəlkə də bir neçə dəqiqəlik qonağı ola bilmədim: yuxum gəlmədi və mən narazı halda isti çarpayımda sağa-sola çevrilsəmdə nəticədə gözlərimi açdım və əvvəl qaranlıqda güclə seziləcək tavandan asılı qalmış elektrik lampasına sonra isə yanımdakı kamotun üzərindəki zəngli saata baxdım. Təbii ki, qaranlıq olduğundan saatın əqrəbini görə bilmədim, bu səbəbdən də saatın neçə olduğunu; işə getmək üçün hər həftə beş gün yuxudan ayıldığım o vaxta nə qədər qaldığını bilmədim.
Beynimə ilk gələn fikir eyvana çıxıb təmiz havadan doyunca ciyərlərimə çəkmək oldu və mən çarpayıdan qalxıb yuxulu-yuxulu eyvana çıxdım, qollarımı yana açaraq ilk havanı içimə çəkdim – Kölnün yatmış vəziyyətində hava olduqca təmiz və çiskinli olur, əsasda oktyabr ayında. Mən gözləri yumulu halda növbəti dəfə havanı ciyərlərimə çəkmək istəyirdim ki, eşitdiyim səs mənim fikirlərimi alt-üst etdi.

— İzabella!

Səsdən diksinib ətrafa baxdım və mənim eyvanımdan bir neçə eyvan kənarda yerləşən uçuq və təmirsiz eyvanda yaşlı bir kişinin dayandığını, eyvanın məhcərindən iki əllə yapışaraq aşağıya doğru baxdığını gördüm. Tez aşağıya-küçəyə baxdım; küçə sakit yuxuda imiş kimi sükuta qərq olmuşdu. Mən təkrar həmin kişiyə sonra küçəyə baxdım və bu zaman binanın hansısa blokunun qapısı cırıltı ilə açıldı və bir qız küçəyə çıxdı. Onun iti addımları, həyəcanla yerişi və hıçqıraraq əynindəki gödəkçəsinin yaxalığını ağzına tutmasını mən aydın görürdüm, axı mən ikinci mərtəbədə yaşayırdım. — İzabella qayıt! – kişinin səsi yatmış küçənin sükutunu pozan ayaqqabı səslərini bir anlığa uddu. Lakin qız dayanmadı, küçə uzunu səs salan ayaqqabılarını hərəkət etdirərək dalana buruldu və gözdən itdi. Kişi qız itənə qədər onu müşayət etdi sonra o da gözdən itdi, evə girdi.

“İzabella” mən astadan pıçıldadım və bir anlığa gözümü yumub beynimdə dolaşan fikirlər arasında ilk fikri seçmək üçün kazino oyununa bənzər bir oyun oynadım: çarx işə salındı, əqrəb on iki rəqəminin üzərində dayandı və qalib gələn fikri seçdim: — siqaret çəkmək! Baxmayaraq ki, mən siqareti altı ay idi atmışdım, lakin özümə əmin ola bilmədiyim üçün dolabın alt gözündə mən daima bir qutu siqaret saxlayırdım.

Axşam evə gələndə binanın giriş qapısının astanasında gözətçi qarşımı kəsdi.

— Frau həkim, bir dəqiqə, — o, tam ciddi şəkildə dedi, — sizi üçüncü blokun sakini olan bir nəfər axtarırdı.

— Nə barədə? – Təəccüblə soruşdum, — Kimdir o?

— Ümumi suallar verirdi, kimdir, kiminlə yaşayır, evə kiminlə gəlir, bu mövzularda...

— Kimdir o? – mən təkrar soruşdum.

— Siz onu tanımırsınız. – Kişinin səsi tutuldu. — Əclafın biridir.

— Axı, o, mənimlə niyə maraqlanmalıdır?!

— Bilmirəm… – gözətçi sakitcə çiyinlərini çəkdi, — Amma frau həkim, çalışın ondan uzaq olun. Dediyim kimi o əclafın biridir. – Gözləri bərəlmiş və astadan sözünə əlavə etdi, — Özündən iyirmi yeddi yaş kiçik bir xanımla yaşayır.

Gözətçi daha mənə heç nə demədi, başını aşağı salıb öz otağına tərəf getdi. Əslində mən anlaşılmazlıqdan gülümsəmək istəyirdim, lakin ədəb qaydalarını gözləyərək özümü saxladım.

Şam yeməyindən sonra mən televizorda maraqlı film axtarışı ilə məşğul olmaq istəyirdim ki, qapı döyüldü. Qapını açanda onunla (tezdən eyvanda gördüyüm kişi ilə) üz-üzə dayandım.

— Hanı mənim İzabellam? – O, salamsız, acıqlı şəkildə, dodaqları titrəyə-titrəyə soruşdu. — Mən bilmirəm, — özümü itirmiş halda cavab verdim.

O, əlindəki tapançanı mənə tərəf uzadaraq astadan dedi:

— Bu dəqiqə beynini dağıdacağam əclaf, tez ol İzabellanın yerini de.

Mən donub yerimdə qalmışdım...

O, divanda əyləşmişdi, tapancanı ayağının yanına; şənbə günü keçiriləcək cıdır yarışları üçün aldığım biletlərin üstünə qoymuşdu. Mən isə kresloda əyləşərək onun danışmasını gözləyirdim.

— Qəzetdə ulduz falı var? – O, gözü ilə stolun üstündəki qəzeti göstərdi.

— Olmalıdır...

— Oxu, götür əqrəbi oxu!

Mən ayağa qalxıb qəzeti stolun üstündən götürdüm və son səhifədə verilmiş ulduz falına nəzər yetirib “əqrəb”i tapdım, asta səslə oxumağa başladım “Şəxsi problemlərinizin həlli üçün uyğun dövrdür. Günün birinci yarısı yeni tanışlıqların baş verməsi istisna deyil. Maliyyə gəliri əldə edə bilərsiniz. Ola bilsin ki, bu dövrdə ətrafınızda olan insanlar tərəfindən danlanasınız. Amma kefinizi pozmayın. Səhhətinizə qarşı diqqətlə yanaşın”.

— Lənətə gəlsin səhhəti.

Bir müddət sükut yarandı. Mən onun sakitləşməsini çox istəyirdim. Hiss edirdim ki, o, bərk əsəbləşib və bu vəziyyətində hər nə desən törədə bilər. Mən öz beynimdə qurduğum planı həyata keçirmək üçün tez-tez divardan asılmış Qədim Misirdə günəş allahı olan Ranın qızı qanun və həqiqət ilahəsi Maat şəklinə; onun həyatdan və insanlardan küskün gözlərinə baxırdım, lakin o, buna əhəmiyyət vermirdi.

— Onu harada gizlətmisən?!

— Mən onu tanımıram. Heç sizi də!

O, düz gözlərimin içinə baxdı.

— Siz məni kimləsə səhv salırsınız, – mən dedim. — Əgər o yanağınızdakı əcaib xal olmasaydı bəli, mən səhv etdiyimi düşünərdim.

Yenə sükut yarandı və mən bu sükutdan istifadə edərək “İzabella” adlı qadınla haçansa tanış olub-olmadığımı və ya belə bir pasientimin olmasını beynimdə araşdırmağa başladım.

— Bilirsən nə var, mən iki gün bundan öncə onun çantasından sənin şəklini və sənə yazdığı məktubu tapmışam.

— Bu mümkün deyil! İstəsəniz mən and içədə bilərəm!

— Mənə pivə gətir! – O, gözü ilə soyuducunu göstərdi.

— Mən içki içmirəm, — başımı yırğalayaraq dedim, — soyuducuda da heç bir içki yoxdur.

Mən yenidən nə isə düşünmək istəyirdim ki, birdən qapı döyüldü və biz şübhə ilə bir-birimizə baxdıq, lakin heç birimiz, demək olar ki, qorxudan ayağa qalxmadıq. Qapı yenidən döyüldü, biz sakitcə baş verənləri seyr edirdik. Bu zaman qapı astadan açıldı və içəri qorxa-qorxa bir qız girdi. Qız əvvəlcə onu gördü bir qədər təlaşlandı, sonra isə məni gördü və qapını örtərək gəlib bizim aramızda dayandı. Bu həmin tezdən gördüyüm qız idi. Mən özümdən asılı olmayaraq ayağa qalxdım. Mən “İzabella” adlandırılan xanımla üz-üzə dayandım.

— Mən sizi sevirəm. – O, qəfildən dilləndi və mən onun səsindəki qorxunu dərhal duydum. — Bəli bunu etiraf edirəm ki, mən sizi çox sevirəm.

Mən sadəcə susurdum. İş otağında masanın üstünə atılıb qalmış kağızdeşən aparat kimi susurdum. O aparatı mən altı ayda cəmi bir dəfə işlətmişdim. Mən ona, sonra divanda əyləşib bizim səhnəmizi izləyən kişiyə baxdım və bütün bunların sadəcə bir oyuna bənzədiyini sandım. Hər şey mənə yuxu kimi gəlirdi.

O, ayağa qalxıb qıza yaxınlaşdı, əlindəki tapançanı qızın başına dirədi, sonra sol əli ilə onun uzun saçlarından yapışaraq geriyə doğru çəkdi. Mən qızı xilas naminə ixtiyarsız irəli atıldım və bu an tapançanın lüləsi burnumun ucunda dayandı.

— Ağlından belə keçirmə! – kişi mızıldandı.

Sonra üzünü qıza tutub astadan dedi.

— Demək bu yöndəmsiz alçağı sevirsən? Boynuna al ki, bütün bu dediklərin yalandır. Boynuna al ki, məndən canını qurtarmaq üçün bu oyunu qurmusan. Tez ol, boynuna al. Yoxsa hər ikinizi cəhənnəmə göndərəcəm.

Qız hıçqıraraq ağladı, lakin heç bir cavab vermədi.

Kişi qışqıraraq:

— O iki aydır məni yaxınına buraxmır. Fahişə! – dedi, sonra tapançanı aşağı saldı, — Sənə etdiklərimi unutmusan, eləmi? O iyrənc küçəni, əxlaqsızlığını, dilənməyini unutmusan eləmi? Unutmusan! İndi mənim qarşımda dayanıb hansısa bir alçağa məhəbbətdən danışırsan… Onsuz da qayıdacaqsan… Bu, səni bir fahişə kimi istifadə edib tullayacaq, başa düşürsən...

İsabella da mənim kimi susurdu.

— Bilirsən nə var, — kişi acıqlı halda dedi, — sənin kimi fahişədən və alçaq sevgilindən ötrü həbsxanaya düşmək yersizdir. İkinizdə rədd olun cəhənnəmə!

On beş dəqiqə keçdi...

Biz qarşı-qarşıya oturmuşduq. Mən indi onun əlində kitabın olmasını gördüm. Kitabın üstündə “Kriminalogiya” yazılmışdır. Bir müddətdən sonra o, astadan dedi: — Siz hər gün saat 15.30-da otağınızdan çıxıb həyətdə gəzməyə gedirsiniz, saat 16.00-a qədər...

Mən onu dinləyirdim, lakin o, daha danışmadı ayağa qalxdı və otaqdan çıxdı.

Sabah işdən qayıdanda gözətçi qarşımı kəsdi:

— Frau həkim, gözünüz aydın, o köçüb getdi bu binadan?

— Kim? – Təəccüblə soruşdum.

— Sizi axtaran kişi.

— Bəs onun arvadı? – soruşdum.

— O, onun arvadı deyil, elə-belə bir yerdə yaşayırlar. Ondan xəbərim yoxdur, kişi tək getdi. — Bu yaxşı oldu.

— Frau həkim, oğlumun (onun oğlu şəhərdəki hərrac kontorlarının birində işləyirdi) dediyinə görə yaxınlarda Van Qoqun hansısa əsərinin satışı keçiriləcək. Rəsm əsərlərinə münasibətinizi yaxşı bildiyimdən bunu sizə deməyi lazım bildim.

On iki gündən sonra mənə bir məktub gəldi. Məktubun üzərində belə bir yazı var idi “213”. 213 mənim iş otağımın xidməti kompyuterimin arxasına yapışdırılmış inventar nömrə idi. Məktubda “Hər şeyə görə sizə minnətdaram.” Sözü yazılmışdır.

Mənə elə gəlirdi ki, mən yuxu ilə reallığın arasında dayanaraq hansısa bir teatr tamaşasını izləyirəm. Mən bank kartımın üzərindəki dəniz quşlarına çox tamaşa etmişdim və hər dəfə Reyn çayının sahilində dayananda nədənsə o quşları xatırlayırdım. Bu xatırlatma məni son hadisəni iki ay ərzində unutdururdu. Keçən həftə mən təsisçisi olduğum bir səhmdar cəmiyyətindəki paylarımın satışa çıxarılmasına razılıq verdim. Bununla kifayətlənməyərək iş otağımın və işçilərimin dəyişdirilməsi barədə klinika rəhbərinə ərizə ilə müraciət etdim. Daha sonra ingilis sosioloqu Con Stüart Millin qadınlara dair nəzəriyyəsini öyrənməyə və Asiya gözəli olmuş hind aktirisası Zinat Amanın şəkillərini toplamağa başladım. Mən dəyişmək, dəyişilmək, hər şeyi unutmaq, yaxud yeni bir insan olmaq üçün əlimdən gələni etməyə hazır idim. Hətta, evlənmək təklifi etmədiyim üçün mənimlə görüşməkdən imtina etmiş, üç il münasibətdə olduğum qızı şam yeməyi üçün evimə dəvət edəndə onun mənə “mənə evlənmək təklifi edəcəksənsə, gəlim” sözünə “hə, edəcəm” demişdim. Mən ilk olaraq yeddi aylıq ayrılığı unutmaq üçün ona bir dəstə gül bağışladım, sonra onunla Reyn sahillərini bir neçə saatlıq gəzdik. Evə gələndə qapının dəstəyinə taxılmış məktubu, sonra isə onun üzərindəki “213” rəqəmini görəndə təccübləndim, əvvəl ona, sonra isə məktuba baxdım. O, tələsik məktubu mənim əlimdən aldı və tələsik ağzını açaraq oxudu. Oxuyub qurtarandan sonra isə başını qaldırım qəzəblə mənə baxdı, məktubu əzərək üstümə atdı və hirsli halda getdi.

Mən məktubu keçədən xeyli keçmiş, günəş dan yerindən boylanmamışdan əvvəl eyvanda bir siqaret çəkəndən sonra oxudum.

Məktubda yazılırdı: “Mən iki ay sənsiz yaşaya bildim. Sənin deyil, mənim və zamanın dəyişməyə ehtiyacı var. Sən məni xilas etdiyin üçün mən də səni xilas etmək istəyirəm.

Tezliklə, bir səhər qapının zəngini basacağam.”

 

0 şərh