Balzak yaradıcılığı

Onore de Balzak (1799-1850) bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır.İlhamın,istedadın,yaradıcı təxəyyülün qüdrəti etibarı ilə o,Nizami Gəncəvi, Alicieri Dante, Vilyam Şekspir, Lev Tolstoy kimi sənətkarlarla bir cərgədə dayanır. Yüz əlli ildən çoxdur ki,onun şəxsiyyəti, zəmanəsi, dünyagörüşü, fövqəladə həcmə və dəyərə malik olan bədii irsi ətrafında  gedən mübahisələr soyumaq bilmir.Realist sənətin,dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafını Balzaksız təsəvvür etmək olmaz.

Balzak bütün Avropanı lərzəyə gətirən 1789-1794-cü illər burjua inqilabından sonra yaranan mühitdə yetişmişdir.O,Fransada Napoleonun hakimiyyəti, mütləqiyyət üsuli-idarəsinin bərpası və yenidən devrilməsi,1830-cu il iyul inqilabı ilə əlaqədar hadisələrin,1848-ci il inqilabını yetişdirən ictimai-siyasi çaxnaşmaların bilavasitə şahidi olmuşdur.Nə Balzakı,nə də onun yaradıcılığını fransız xalqının bu əzəmətli,eyni zamanda keşməkeşli illərdə qazandığı siyasi-inqilabi təcrübədən, tərəqqidən ayrı təsəvvür etmək olmaz.Balzak bunsuz öz nəhəng epopeyasını, Fransanın ilk burjua inqilabından sonrakı əlli illik tarixinin bədii ensiklopediyası olan «Bəşəri Məzhəkə»sini yarada,qüdrətli xalq yazıçısına çevrilə bilməzdi.Fransız xalqının 1789-1794-cü illər inqilabı ilə nəticələnən və bütün Avropanı ayağa qaldıran qüdrətli siyasi fəallığı,gücü,cismani və mənəvi yüksəlişi Balzakın fəlsəfi-əxlaqi,ədəbi-estetik görüşlərinin,bədii şücaətinin dayağı,zəmini olmuşdur.Bunsuz Balzak fransız tənqidi realizminin zirvəsi,həqiqətin əsl carçısı ola bilməzdi.Fransız, o cümlədən Avropa tənqidi realizminin ən parlaq dövrünün Balzakın yazıb-yaratdığı,təşəkkül tapdığı 20-40-cı illərə təsadüf etməsi də həmin dayaq,zəminlə bağlıdır.

Bu dayağı bütün varlığı ilə duyan «Bəşhəri Məzhəkə»nin müəllifi sənət və sənətkar qarşısında çox böyük tələblər qoyurdu.Onun gənc yaşlarından fikri,arzusu sənət aləminin Napoleonu olmaq idi.O,Napoleonun xırda heykəlinin özülünə bu sözləri həkk etmişdi: «Onun qılıncla başladığını mən qələmlə tamamlayacağam». Balzaka görə,sənətkar ömrünü hökmdarları,dünyanın güclərini tərifləməklə zay etməməlidir, o bilməlidir ki,adi məqam sahibləri qısa bir dövrün,əsl sənətkarlar isə əsrlərin hakimidirlər.O öz «mən»inin əsiri olan romantiklərdən bədii müşahidənin obyektivliyini, gerçəkliyə sədaqəti əsas götürən realistləri ciddi surətdə fərqləndirir.

Valter Skottu ona görə yüksək qiymətləndirir ki,onun yaradıcılığında dünya qalxıb özünə tamaşa etməkdən sanki heyran olub. Sənətkarın ən böyük vəzifəsi və məqsədi «bütün cəmiyyətin tarixini əks etdirməkdir. Bunu isə tipik, səciyyəvi surətlərsiz həyata keçirmək olmaz. Hər hansı tipik surət ancaq tipikliyinin gücü sayəsində nəhəng olur». Balzak öz epopeyasını yazarkən niyyətinin dərin tarixi mündəricəsini gözəl anlayaraq göstərirdi ki,mənim əsərlərimdə tarixçi fransız cəmiyyətinin özü olacaq,mən isə onun katibi sifətində çıxış edəcəyəm.Bu məqsəddə o,ictimai hadisələrin, nəhəng tiplər yığınının, ehtirasların, əhvalatların, ümumi əsasını öyrənmək, aşkar etmək, bu cəmiyyətin həyatının mənzərəsini, bütün tarixçilərin unutduğu bir sahəni- əxlaq və adətlərin tarixini yaratmaq qərarına gəlir. Balzak həmin əsası ictimai mühərrik adlandırır və onu əks etdirmək üçün heç bir tipi,kişi və qadın xarakterini ,heç bir peşəni,mənşət formasını, ictimai zümrəni, heç bir fransız əyalətini, həmçinin uşaqlığı, qocalığı, yetkinliyi, siyasət, hüquq, hərb aləmini unutmamağı əsas kimi götürür.Uydurulmuş faktları deyil,ətrafda baş verən hadisələri,insan qəlbinin, ictimai münasibətlərin tarixini canlandırmağa qərar verir. Öz coğrafiyası, ailələri, məskənləri, şəraiti, iştirakçıları və faktları, gerbi, zadəganları, burjuaları, rəssamları, kəndliləri, siyasətçiləri, ədabazları, ordusu, bir sözlə, bütöv dünyası olan bir abidə yaratmağı qət edir.
Yuxarıda haqqında danışılan dayaqsız bu nəhəng ədəbi-estetik və fəlsəfi niyyət,bunsuz isə dahi sənətkarın bütün ömrünü həsr etdiyi 97 novelladan, povestdən və romandan ibarət ölməz epopeyası- «Bəşəri Məzhəkə» yarana bilməzdi.
«Bəşəri Məzhəkə»nin ilk əsərləri 1829-cu ildə,sonuncular isə 1847-ci ildə yazılmışdır.Epopeya üç hissəyə ayrılır :
"Əxlaqi tədqiqlər"
«Fəlsəfi tədqiqlər»
«Analitik tədqiqlər»
Birinci hissə öz növbəsində altı bölməyə ayrılır:
1.Xüsusi həyat səhnələri («Qobsek», «Polkovnik Şaber», «Qorio ata», «Qəyyumluq məsələsi»,«Otuz yaşlı qadın», «Kəbinsiz ailə», «Allahsızın ibadəti»);
2.Əyalət həyatı səhnələri («Ejeni Qrande»,«Qədim şeylər muzeyi»,«Subayın həyatı»,"İtirilmiş xəyallar");
3.Paris həyatının səhnələri («On üç nəfərin əhvalatı», «Sezar Birotonun əzəmətinin və devrilməsinin tarixi», «Nusingenin evi», «Kurtizanların partlayışı və süqutu», «Façino Kane», «Yoxsul qohumlar», «Xanım de Kadinyanın sirləri»);
4.Hərbi həyat səhnələri ("Şüanlar");
5.Siyasi həyat səhnələri ("Şübhəli iş", «Arsinin nümayəndəsi», «Marka»);
6.Kənd həyatı səhnələri («Kəndlilər», «Kənd həkimi», «Kənd rühanisi»).
Fəlsəfi tədqiqlərə aşağıdakı əsərlər daxildir:
«Sağrı dərisi», «Məchul şah əsəri», «Uzun ömür iksiri», «Qambara», «Lün Lamber» «Serafita», «Mütləq ünsürün sorağında».
Analitik tədqiqlər iki əsərdən ibarətdir :
«Kəbinin təbiəti», «Ailə həyatının xırda məşəqqətləri».
Balzak özü «Bəşəri Məzhəkə»ni "üç-dörd min iştirakçısı olan dram" adlandırmışdır.Əsəri küll halında oxuyan kəs özünü nəhənglər məmləkətinə düşmüş Qulliver kimi hiss edir.Epopeyanın güddüyü niyyət,ondakı qəhrəmanların ehtirasları,iradələri, əməlləri, nifrətləri, sevgiləri,fəth etdikləri zirvələr,düşdükləri girdablar, törətdikləri rəzalət, güvəndikləri əqidə və inam miqyas etibarı ilə o qədər dərin,uca və intəhasızdır ki,adam əsəri oxuduqdan sonra sehrli,sehrli olduğu qədər də gerçək bir aləmə səyahətdən qayıtmış kimi olur. Ancaq Balzak istər mütləqiyyətçilərdən və respublikaçılardan ("Şuanlar"), amansız sələmçilərdən («Qobsek», «Ejeni Qrande» ) ,burjua əxlaqının qurbanlarından («Qorio ata», «Kurtizanların parlayışı və süqutu», "İtirilmiş xəyallar"), milyonçulardan («Ejeni Qrande», «Nusingenin evi»), şairlərdən, kəndlilərdən, istər zadəganlardan («Qədim şeylər muzeyi») yazsın;o bu mübaliğələrə öz dövründə baş verən mühüm tarixi hadisəni-inqilabdan əvvəlki feodal quruluşunun inqilabdan sonrakı burjua üsuli-idarəsi ilə əvəz olunmasını, köhnə sərvətin yeni,maliyyə kapitalı, feodal əxlaqı və ailə münasibətlərinin burjua əxlaq və ailə qaydaları tərəfindən sıxışdırılıb aradan çıxarılmasını daha obyektiv, daha inandırıcı təsvir etmək üçün əl atır.Bu siyasi-ictimai təbəddülatın şəxsiyyətin və cəmiyyətin, ayrı-ayrı siniflərin və zümrələrin həyatında doğurduğu ümidləri, məyusluğu, kədəri, məzhəkəni, faciəni bəzən qəzəblə, bəzən kinayə, bəzən də təəssüflə seyr edir,zülmə,istismara,haqsızlığa məruz qalanlar üçün çarələr axtarır,amansız ictimai mühərrikin,yəni sərvət,altun,mənfəət və qazanc ehtirasının qurbanı olan bəşərin halına filosofcasına acıyır,onu düz yola çəkməyə çalışır. Canlandırıcı aləm inandırıcı olsun deyə,cəmiyyəti fərdin,fərdi isə cəmiyyətin gözü ilə ölçüb-biçir,burjuaları və zadəganları, zadəganlaşan burjuaların və xalqın dramatik mübarizəsini tipik surətlər vasitəsi ilə tipik şəraitdə canlandırır.Marks və Engels bunu Balzak realizminin mühüm nailiyyəti kimi qiymətləndirmişlər.

Balzakın 30-cu illərdə yaratdığı və «Bəşəri Məzhə»kəyə daxil etdiyi əsərlərdə burjua cəmiyyətinin əxlaqının ifşası əsas yer tutur.Sələmçi Qobsek («Qobsek») mənəvi eybəcərliyin,sərvətə əsaslanan hakimiyyətin törətdiyi rəzalətlərin mənbəyidir. Hamının hamıyla boğuşub-didişdiyi əsrdə yaşayan Qobsek böyük zəka sahbi olsa da, qızıldan başqa heç nəyə inanmır,onun yeganə ehtirası da qızıldır. Hamının müharibədə ölmüş bildiyi zabit Şaber («Polkovnik Şaber») təsadüfən sağ qalsa da,var dövlətini mənimsəyib başqasına ərə gedən arvadına diriliyini sübut edə bilmir,qobseklər cəmiyyəti onu ələ salır,tanımaqdan vaz keçir.
Kasıb zadəgan ailəsindən çıxmış ağıllı,savadlı və mərifətli Rafael («Sağrı dərisi») sərvət dünyası ilə təmasa girən kimi pozulur,bu dünyanın fəlsəfəsini əxz edən kimi xudbinləşir,dərinin təmsil etdiyi sərvətlə bağlı cah-cəlal,eyş-işrət,intəhasız maddi imkan ehtirasının qurbanı olur.

Keçmiş çəllək ustası Feliks Qrande («Ejeni Qrande») burjua əxlaqının ən səciyyəvi cəhətlərini əks etdirən surət kimi Balzakın mühüm bədii nailiyyətidir.Sərvət dünyasının bu xəsis cəngavərini qazanc ehtirası yırtıcıya döndərir,təbii hisslərini kütləşdirir.Onun xəstə təsəvvürlərində qızıl sikkələri insanlar kimi yaşayır.O,qızılı maddi rifah xatirinə deyil,daha da artırmaq naminə yığır.Qarpaqon,Hacı Qara,Plyuşkin,İuduşka Qolovyov kimi qazancını nə özünə,nə də başqasına sərf etmir.Amansız rəqabət əsasında soyduğu ,qarət etdiyi adamların taleyi onu qətiyyən düşündürmür.O buna qanuni bir şey kimi baxır və bu imkanı yaradan ictimai quruluşu bəyənib,bacardığı qədər müdafiə edir.Çünki onu yetişdirən məhz bu cəmiyyətdir,belə ki,xəsislik Qranderin anadangəlmə xüsusiyyəti deyil.Onun qızı da bu azara ətrafındakıların təsiri nəticəsində yoluxur.

«Qorio ata» romanı «Bəşəri Məzhəkə»nin sütunlarından biridir.Bu əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçıların, müflisləşmiş burjuaların,pozğun və amansız kübar qadınların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə «ictimai mühərrik»in doğurduğu münasibətləri, insanlara aşıladığı eybəcər əqidəni,yaratdığı mənəvi uçurumu qüdrətlə əks etdirmişdir.Burjua cəmiyyətinin məhsulu olan Qorio eyni zamanda onun əxlaqının qurbanıdır.Min bir fırıldaqla sərvət qazanan,bütün varlığını övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında boynuna alır ki,pul insana hər şey,hətta övlad bəxş edirmiş.

1 şərh