Söz mətbəxi

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri
Ey mərifət sahibiyəm deyənlər, öz qövmunə və başqalarına nəyisə söyləmək istəyənlər! Əvvəlcədən özünüzlə duz götürün ki, öncədən fikirlərinizi yaxşı - yaxşı duzlayasınız, bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda saxlayasınız ki, ağzınızı açanda duzsuz - duzsuz danışmayasınız. Yoxsa duzsuz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar. O qədər gülər ki, gülməkdən qarnı partlayar, ləvəngisi tökülər.

Ey səxavət sahibləri! Fikirlərini duzlamayıb, yanınızda duzsuz - duzsuz danışanlara səxavət göstərin, amma onlara qulaq asmayın, çətinə düşəndə isə onlardan mərhəmət, kömək ya anlayış gözləməyin. Çünki, duzsuz fikirləri və sözləriylə çörəyinizin duzunu qaçıracaqlar, beləliklə də onlara verdiyiniz çörəyin duzu olmayacaq. Ona görə də onlarla duz-çörək deyil, duzsuz çörək kəsmiş hesabında olacaqsını
Azərbaycan prikolu
Ey qonaqpərvərlər! Kəsəndə qonaqınıza həmişə ağ deyil, qara qoç kəsin ki, qonaqlarınız fəxrlə sonra deyə bilsinlər ki, bizə filankəs bir qara qoç kəsdi, niyə ki, qara qoyunun qovurması dadlı, özu də ətli olur, hətta arıq olsa belə. "Bizə bir ağ qoç" kəsdilər deyə nədənsə öyünə bilmirik. Bizdə gərək avtomobil də qara olsun, oğlumuza qoyduğumuz ad da, dərdi var olan qız da, mahnı qoşub oxuduğumuz gilə də, bizi basmasın deyə bizim basdığımız da, cibə tökdüyümüz kişmiş də, gözümüzə gələn su da, paltar, arvad da, canına and içdiyimiz lələş də, qoyun da, bizi yandıran bağ da. Ona görə də bizim üçün qaradan artıq, bəlkə də üstün rəng yoxdur. Hətta onu sevmədiyimiz dostlarımıza belə yaxırıq ki, özümüz kimi onları da qara günə qoyaq, sonra baxıb deyək ki, şükür Allaha ki, onlara baxanda biz toya gedəsiyik. Toya gedəndə də qara geyirik ki, çirkabımızı ört-basdır edək.        
Ey aşbazlar çaşıb bizə xörək ya şirniyyat hazırlayanda dil otundan istifadə edərsiniz. Onu yeyəndən sonra dillərimiz dodaqlarımızı dincəlməyə qoymayacaq, elə duzsuz-duzsuz hey danışacaq, danışacağıq.        
Çünki, duzsuz-duzsuz danışıb coşduqda ağzımıza çullu dovşan belə sığışmır. Sonra bu duzsuz sözlərlə ağzımızdan qaynayan, ət qazanında köpüklənən kimi köpük axır, hörrə tökülür ətrafdakıların təfəkkülünə. Hətta artıq indi mötəbər yerlərdən ağzından süd iyi gələnlər də elə qatıqlayırlar ki, qalırsan mat-məəttəl. Avazları yaxşı gələndə də görürsən ki, oxuduqları yenə elə it otu, bağa yarpağıdır. Bəziləri Vətəndən, anadan, torpaqdan elə qatıqlayırlar ki, adam istəyir bir qaymağına baxa, baxanda görürsən ki, şeytan qatıqıdır yemək olmaz. Belə bir vaxtda millətin duzlu söz sahibləri, xalqın qaymaqları, şirin danışa bilənləri xalqla deyil, bir-biriylə danışır, ya susur və beləliklə sözlərini çürüdürlər, bu çürümüş sözlər də ağzı bağlı çaydan kimi qaynayıb buxara çevrilir və yaddaşdan silinir. Adamları ac saxlamaq olmaz, həm də söz aclığı çox ağır olur. Ac insanlar "ac"ıqlı olur, qılınca çapır. Söz yarası isə sağalmır.  Söz xaridarlarını sözləri doğrayıb, çeynəyə-çeynəyə xırdalayıb sağa-sola xərcləyənlər əvəz edir indi.        
Duz var təzyiqi dağa qaldırar, duz var təzyiqi dağdan endirər (Naxçıvan duzu kimi)       
Ona görə də danışanda duzsuz və çiy söz danışmayın. Sözlərinizi ağzınızda bişirib çıxardın. Deyəndə elə söz deyin ki, şirin olsun, şirə məxsus olsun, yəni aslana, as oğlana, Aslara məxsus olsun. Boş yerə norveclilər asları Şərqdən gələn Allahlar adlandırmır. İslandlar bu günə qədər aslara boş yerə sitayiş etmirlər ki. Meyvə cövhəri kimi, söz də təfəkkürün cövhəri, ŞİRəsidir.       
Azerbaycan reallığı
Mübahisə edib sözləri çürütməyin. Çünki çürümüş sözlər həmsöhbətinizin boğazından keçməyəcək, keçsə belə o onları həzm edə bilməyəcək. Birinci halda o sizin boğazınızdan yapışacaq, ikinci halda özü qarın ağrısına düşəcək. Sözləri ucuz tutmayın. Ucuz sözün şorbası olmur. Gördün ki, qarşındakı çox duzsuz-duzsuz ucuz, bişməmiş sözlər danışır onda qaytar, öz sözünü özünə elə yedizdir ki, dediyi sözün əzabını özü çəksin, ya da elə əvvəlcədən onun sözünü ağzında qoy. Amma sözünü pambıqla elə kəs ki, sənin sözlərindən qan iyi gəlməsin. Sənə söz demək istəyənin oturuşuna fikir ver. Gördün ki, şəstlə, düz oturub qorxma, elə ki, gördün əyri oturub, onda ehtiyatlı ol, fikirləş gör düz söz eşitmək istəyirsən ya yox. Elə adamla sözlərini meydana buraxma. Çünki, düz söz güləşib qalib gələcək. Onsuzda düz söz sonda elə düz də, yəni düzlüyündə məğrur qalacaq. Amma düz sözü də elə-belə döyüşə çıxarmaq olmaz. Gərək əvvəlcə bir bülov daşı, ya dəri qayış, ya da bir sırtıq sifət götürüb sözü yaxşıca itiliyəsən ki, kəsərli olsun, rəqibin yeddi qatından keçsin.        
Gördün ki, nadan keyfini kök etmək üçün şitəşir, şit-şit danışır yəni şit, yağ kimi şit sözlərlə başqalarını incidir, onda, sal onun keyfini söz qazanına, üzərinə də xırda-xırda söz soğanını doğra. Özü də qorxma soğan çox xeyirli şeydi. Göz yaşartsa da mikrobları qırır. O biri tərəfdən alçaq şəxsə sözü yedirtmək üçün onu gərək yaxşıca istiotlayasan, acı bibərlə yaxşıca qarışdırasan ki, sözü dediyin adamı elə yandırıb yaxsın ki, üstünə tava qoyub cızdağı çıxana kimi cızhacız bişirəsən. Bəzən öncədən gərək dədəsini də şəlləyəsən dalına, elə istiotlu söz vurasan ki, dədəsini də yandırasan. Ata balanı belə yanan görən anaları da ağlar qala.        
Elə söz var ki, qırmızı istiot vurursan, adamı yandırmır, eləcə isidir, ləzzət verir. Belə sözlərlə yavaşca-yavaşca vam odda sevdiyini elə bişirirsən ki, yeməli olsun. Amma bişirəndə gərək məhz zərif vam odda bişirəsən ki, bir azca pörtsün, dil dodağı təpisin, təpitmə olsun. Elə olanda qaymaq dodaqlardakı laktoza, yəni süd şəkəri karamelləşib dodaqları pənbələşdirəcək, onları ballı, qaymaqlı edəcək. Həm də dil şirin, badam içinə dönəcək. Amma söz var ki, adamı üşüdür. Belə sözlərlərdən ehtiyyatla isti vaxtlarda istifadə etmək lazımdır., yoxsa soyuq vaxtda deyərsən  adamın qanı damarında donar.        
Bir sözlə danışanda duzlu, dadlı tamlı danış ki, ətrafdakılar TAM AŞA çıya, yəni tamla yeyənə, tamla aşayana, ləzzətlə yAŞAyana çevrilsinlər. Ağızları tama gəlsin, MƏDƏ  niyyətli olsunlar. Axı ürəkdə də mədəciklər var. Ürəyin yoluda elə həmin mədəciklərdən keçir.            
Düzdü elə adamlar da var ki, dad, tam hiss eləmir. Belələri həyatı və sözləri ağızları ilə deyil gözləri ilə yeyirlər. Gözlərdə isə dad reseptorları olmadığından onlar dad, tam hiss eləmirlər. Amma iyi çox yaxşı duyurlar. Harda aşdı, onlar orda başdı. Amma gözləri yenə acdı ki, acdı. Əslində belələrinin sözləri yox, gözləri çox şor olur, yəni duzlu, digər tərəfdənsə kəsmikli olur.Yəni qəlblərərinin aynası duzla kəcmiklə elə yaxmalanıb ki, aynadakı qəlb artıq görsənmir. Belə gözlər isə heç doymur ki, doymur. Çox vaxt axırda onları gözümçıxdıya salıb, yediklərini gözlərindən gətirirlər.         
Özün də ehtiyatlı ol ki, məddahların yağlı sözlərini yeməyəsən. Bizdə axı tərif ustaları yağlı sözləri elə yedirdirlər ki, heç xəbərin olmur. Elə hey şişir, şişirsən və bir gün partlamaya düşürsən. Bəzən də əvvəlcə qoltuqunun altına qarpız verirlər ki, qürurlanasan. Qürurdan başını itirən anda isə xoruzunu verirlər qoltuquna. Bunu ingilislər daha çox edir özgə millətlərə. Ona görə də ingilislərin dediklərinə qulaq vermə, sözlərinə etibar eləmə, hətta duzlu söz desələr də. Çünki başqa millətlərə deyəndə onlar sözə ingilis duzu qatırlar. İndi şayət bilmədin yedinsə mütləq qarnını ağrıdıb, səni gücdən salacaq və ingilisə möhtac edəcək.        
Danışanda xəsis olma, sözlərini ağzından səlist, bütöv çıxart, sözlərin yarısını udub, ala yaramçıq buraxma Elə danış ki, diş həkiminə ehtiyac olmasın ki, sözləri ağzından kəlbətinlə çıxartsınlar. Həm də ağzın var ikən burnunda danışma. Ən əsası da bizim sənətdə gigiyenadır. Söz qazanına mikrob buraxma, bütün yeməyi korlarsan. "Şey", "zad", "ee" və s kimi mikroblardan, parazitlərdən, viruslardan sözlərini qoru.        
Çalış sözləri de, coşub onları tüpürmə ki, sonra tüpürcək yalayana dönməyəsən və qırmızı olmaq istəmirsənsə sözlərini göyərtmə.          
Qəribə bir paradoks var. Nədənsə, Biz Sizə qulluq etmək, yəni qul olmaq istəyirik deyə, xalqa söz deyənlər istəklərinə çatıb millətə qul olandan sonra ağalarından qat-qat yaxşı yaşayırlar. Ağalarını zəlil eləyirlər. Söz demək üçün ağız açmaq lazımdır. Ağız açmaq isə baş əymək, nəyisə istəmək deməkdir. Deməli Siz ağız açanda hörmət, izzət, hakimiyyət, var-dövlət, maddi-mənəvi nə isə istəyirsiniz. Ona görə də ağız açmamışdan fikirləşin, görün nə istəyirsiniz, bu camaatdan nə verib ala bilmirsiniz. Çünki çox vaxt ağız açanlar millətdən nəsə diləyənlər, dilənçilər ağızlarını xahişlə yox, təkəbbürlə, inamla, tələblə, hədə-qorxuyla açırlar. Dilənçilər yaman həyasızlaşıblar. Dilənçilərdən biri "Camaat bizə səs verin, Bizə səs versəniz gələcəkdə biz daha yaxşı yaşayacayıq" deyəndə səs verən məzlumlardan  biri (Qəribədir ki,səs verənlər adətən məzlum, səs alanlar hakim olurlar ) "Bəs biz"? deyə soruşanda  dilini DİLənçilər (Ən DİLçilər, DİL pəhləvanları) elə kəsdilər ki, o birilərinə dərs olsun. O birilər də dillərini verməmək üçün səslərini verdilər. Amma  hakim olanlar sonra onların da səslərini kəsdilər. Hələ də ağızlarından qan iyi gəlir, səslərinin qanı axır. Qan gələn yerin dibinə gərək duz tökəsən ki, ağrıtsa da qanı kəssin, mikrobları öldürsün. Ona görə də, bəzən sözləri səssiz demək lazım gəlir ki, dilinizi ya səsinizi kəsməsinlər. Bəzən sözü səslə, dillə, ağızla, qələmlə deyil başqa formada da deyərlər. Məsələn, oğlan qızdan cavab gözləyəndə qız iki həriflik "hə" sözünü həyasından, ağzından çıxara bilməzdi (düzdü bu əvvəllər olurdu). Amma bu söz onu içərdən necə yandırırdısa da qız başını yerə dikib qıp-qırmızı pul kimi qızarır, puçur-puçur tər tökürdü. Və səssiz deyilən bu iki hərfli sözdən səs çıxmasa da sözün duzu o tərlə çıxırdı və "hə" duzla deyilirdi. Bəzən də görürsən ki, iki kəlmə sözü demək üçün 50 qramlıq dil əvəzinə 2 kiloqramlıq baş o tərəf - bu tərəfə yellənir. Amma söz qazanı qaynayıb daşanda səs də azlıq edir, baş da, onda əllərdə qoşulur söhbətə. Xüsusilə də Şərq xalqlarında.    

Çox qəribədir ki, biz yemək üçün heyvanları, quşları bordağa bağlayırıq, bitkiləri yetişdiririk. Amma xəmiri acıdırıq, acdırırıq. Sonra onu yeyirik. Bələ də əslində acmış xəmir bizi yeyir. Bəlkə doğrudan da biz acıtmasız, sadə xəmir yeməliyik? Acı sözlər də bizi beləcə yeyir. Bəlkə onlardan ehtiyatla istifadə edək. Buna görə də söz sahiblərindən uzaq olun. Söz sahibləri sözü qul edib, sözə ağalıq edirlər. İstəyəndə verir, istəyəndə geri götürürlər, bəzən isə tamam unudurlar qullarını. Çünki, əslində onlar söz sahibi yox imtiyaz,  hakimiyyət sahibidirlər. Əsil tək söz sahibi Uca Yaradandır ki, hər sözündə böyük hikmət, qüdrət var. Söz qullarına yaxın olun. Söz qulları mömin olanlardır ki, Allahdan aldıqları Quran yəni quruçuluğa xidmət edən sözün də, verdikləri sözün də qulu olurlar. Ey duz istehsalçıları! Yaranışın əvvəlində söz olub. O qədər duzlu söz ki, həm aləmləri, həm kainatları, həm də bizim yer kurəmizi, bizi yaradıb. O Sözdə gör nə boyda duz olub ki, nə qədəri hələ mədənlərdə, dəryalarda qalıb, min illərdir ki, ha yeyirik yenə bitmir. Deməli elə ilk Sözün çox hissəsi duz olub və ona görə də bu ilk Söz belə düz olub. Hər şeyə dad verən elə duzdur, duz duzsuz olsa heçnə düz olmaz, ağzımızın duzu qaçar.        
Ey ariflər duzsuz sözdən qaçın ki, yalnız duzlu sözlər, həqiqət, düz olur.        
Elə ilk Söz kimi!

P. S. Sözün də dadlısı, məzəlisi, duzlusu, acısı, şirini, iylənmişi, çürümüşü, qaymağı, çiyi, bişmişi olur

Mənbə:modern.az
 

3 şərh

Əliyev
Sözü uzadıb saqqıza çevirmək olmaz
shabnam_101
Ey qonaqpərvərlər! Kəsəndə qonaqınıza həmişə ağ deyil, qara qoç kəsin ki, qonaqlarınız fəxrlə sonra deyə bilsinlər ki, bizə filankəs bir qara qoç kəsdi, niyə ki, qara qoyunun qovurması dadlı, özu də ətli olur, hətta arıq olsa belə. «Bizə bir ağ qoç» kəsdilər deyə nədənsə öyünə bilmirik. Bizdə gərək avtomobil də qara olsun, oğlumuza qoyduğumuz ad da, dərdi var olan qız da, mahnı qoşub oxuduğumuz gilə də, bizi basmasın deyə bizim basdığımız da, cibə tökdüyümüz kişmiş də, gözümüzə gələn su da, paltar, arvad da, canına and içdiyimiz lələş də, qoyun da, bizi yandıran bağ da. Ona görə də bizim üçün qaradan artıq, bəlkə də üstün rəng yoxdur. Hətta onu sevmədiyimiz dostlarımıza belə yaxırıq ki, özümüz kimi onları da qara günə qoyaq, sonra baxıb deyək ki, şükür Allaha ki, onlara baxanda biz toya gedəsiyik. Toya gedəndə də qara geyirik ki, çirkabımızı ört-basdır edək.