Sözləri: Zivər Ağayevanındır.

Şeirmi mahnıya gözəllik qatır, onu uzunömürlü edir, mahnımı şeiri? Bu suala cavab müxtəlif ola bilər. Bəzən zəif görünən, oxuduqda səni cəlb etməyən şeirə elə gözəl, beyinə ilişib qalan musiqi bəstələnər ki, yaddaşlardan silinməz. Bəzənsə, dinlədiyin  mahnının sənin ürəyində yer etdiyinə musiqisindən çox onun sözlərinin səbəb olduğunu dərk edərik.

Haqqında danışmaq istədiyim insanın sözlərinə yazılmış mahnılar 2-ciyə aid olanlardandı. Duyğulu, hər anımızın əhvalına xitab edən mahnıların sözləriylə ruhumuzu qidalandıran o müəllifləri tanımamağımız həmən şair və şairələrə ən azından haqsızlıqdı.

Azərbaycan poeziyasında öz sözünü deyən, şeirlərinə yazılmış mahnılarıyla qəlbləri fəth edən şairə Zivər Ağayeva haqqında Azərbaycan poeziyasının oxucusu elə də çox məlumata sahib deyil, desəm, yanılmaram yəqin ki. Şeirlərindən çox sözlərinə yazılmış mahnılarıyla tanınan Zivər Ağayeva Azərbaycan musiqisinə öz töhfəsin vermiş, qədirbilən oxucusu və dinləyicisinin layiqli rəğbətini çoxdan qazanmışdır.
Flora xanım Kərimovanın ifasında dinlədiymiz "Necə unudum səni?", "Yoxluğunu bilə-bilə", Zeynəb Xanlarovanın ifasındakı "Yaşa Azərbaycan!", Məmmədbağır Bağırzadənin "Kimlərə qaldı dünya?", "Səni kimdən xəbər alım?", Şövkət Ələkbərovanın "Aldatmayaq bir-birimizi", məktəbli mahnıları silsiləsindən "Qızıl lalə" və sadalamadığım bir çox bunun kimi mahnıları, əminəm ki, dinləyici musiqiylə yanaşı sözlərinə görə də yaddaşına həkk etmişdir.



Şeirlərindəki sadəlik, axarlılıq, duyğuluq onun yaddaşda rahat qalma özəlliyinin əsaslarındandı.

Qəlbə əlvan naxış düşər,
Ülfəti də dərinləşər.
Kədər özü şirinləşər,
Dərdi sənlə bölən olsa.
 
Zivər Ağayeva Hacıqabul rayonunun Qarasu kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb, Bakı tibb texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərmiş, dövri mətbuatda şeirləri ilə çıxış etmiş şairə «Azərbaycan qadını» jurnalında da işləmişdir. Şeirləri Türkiyə türkçəsiylə yanaşı,  UNESCO-nun layihəsi əsasında hazırlanmış  “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabında Azərbaycan və ingilis dillərində işıq üzü görüb.

Şeirlərindəki zərif duyğular, həssas, kövrək hisslər əksər qadınların xarakterindəki sentimentallıqdan irəli gəlir, yoxsa təbiət etibarıyla belə doğulub, bilmirəm.

Sənsiz günlərimə dərd dedim çəkdim,
Sənli günlərimə nə deyim çəkim?

Tanınmış jurnalist Flora Xəlilzadənin şairə haqqındakı bu fikirləri isə həm onun şeirlərinin, həm də o xanımın xarakterinin analizini düzgün verir məncə:
«Qadın çiçəkdən çələng hörsə gözəl, sözdən çələng toxusa kövrəkdir. Çünki birincisinə əlinin, ikincisinə ürəyinin istisini bağışlayır. Zivər xanımın şeir dünyasını da məhz belə incilər bəzəyir.»

Aramıza dağlar düşdü,
Yolları da kəsdi dəniz.
Mən tələsdim, sən gecikdin,
Bu dünyaya gələndə biz.

Duman endi, çən ötüşdü,
Payızımla qış görüşdü.
Ömrün yazı sənə düşdü,
Fəsilləri böləndə biz.

Bax, dönmüşük Günə, Aya
Kim yetişir ünə, haya?
Bu həsrətə, bu sevdaya
Ağlayan da, gülən də biz.

Bəzənərdi neçə gülşən
Bəlkə bizim eşqimizdən.
Mən tələsdim, gecikdin sən,
Bu dünyaya gələndə biz.


 
Nə qədər ki qəlblərdə sevilən o mahnıların sözləri oxunacaq, yaşayacaq, Zivər xanım Ağayeva da oxucusunun və dinləyicinin yadında beləcə qalacaq.

Tərsə gördüm, nə gördümsə dünyada,
İnansam da mən yaxına, mən yada.
Zivər, səni salmasa da el yada,
Tarix özü yaddaşında yaşadar.


 
 

0 şərh