Mətbuatın Oğurladığı Kimlik

Facebook hesabından götürülən şəkil onun qaçqın həyat tərzi sürməsinə səbəb oldu. Şəklinin qara əklil üzərinə yapışdırılaraq matəminin keçirilməsi bütün aparıcı dünya telekanallarının baş xəbəri olan müddət o sadəcə olaraq bunları teleekrandan izləyərək, ağlını itirməməyə çalışırdı. Hər şey isə mətbuat nümayəndələrinin diqqətsizliyi nəticəsində baş verdi.

Neda

2009-cu ilin iyun ayı, Mahmud Əhmədinejad İranın 10-cu prezident seçkilərinin qalibi elan olunur. Seçkilərin nəticəsi yerli müxalifətçilər tərəfindən qəzəblə qarşılanır. Prezidentliyə digər namizədlər Mir-Hüseyn Müsəvi və Mehdi Kərrubinin tərəfdarları etirazlarını bildirmək üçün küçələrə tökülürlər. Nəticədə müasir İran tarixinin ən qanlı hadisəsi – Yaşıl İnqilab baş verir.

2009 Iranian election protests

Müxtəlif rəylərə əsasən yalnız Tehran şəhərində 30 nəfərə yaxın adam iğtişaşlar nəticəsində həyatını itirir. Lakin bir nəfərin ölümü bütün dünyanın diqqətini İran etirazlarına cəlb etdi. İyun ayının 20-sində Azad İslam Universitetinin İslamşünaslıq fakültəsinin tələbəsi Neda Ağa-Soltanın ürəyindən güllə yarası aldıqdan sonra kameralar qarşısında yıxılaraq canını tapşırması internet sensasiyasına çevrildi. Adının mənasına uyğun olaraq, Neda Yaşıl İnqilabın nidasına çevrildi.

(Yaşı 18-dən aşağı olanlara və əsəbləri zəif olanlara baxmamaq məsləhət görülür)


Bu faciə Neda, onun ailəsi və “inqilabın” iştirakçılarından başqa ilk baxışdan bu hadisələrə heç bir aidiyyatı olmayan digər İran vətəndaşının həyatını həmişəlik dəyişdi. Nedanın ölümündən və internet qəhrəmanına çevrilməsindən çox vaxt keçməmiş, sadə vətəndaşlardan tutmuş iri xəbər agentliklərinə kimi minlərlə insan onun şəklini əldə etmək üçün internetdə axtarış verir və cavan başıörtüklü İranlı qadının şəkli ilə qarşılaşırlar. Şəkil Bəsic (İran polisi) zorakılığının simvoluna çevrilir və hətta okeanın o tayında keçirilən aksiyalarının etiraz şüarlarında geniş istifadə olunur.

Nedanın iri ölçülü şəkilləri bütün xarici telekanalların ekranlarında əks olunarkən, Neda evdə oturub öz şəkillərini televizorda görüb dəhşətə gəlirdi… İş orasında idi ki, hamının istifadə etdiyi şəkil inqilab iştirakçısı Neda Ağa-Soltanın simasını yox, onun adaşı və seçkilərdən sonra heç bir etiraza qoşulmamış İngilis ədəbiyyatından dərs deyən 32 yaşlı universitet müəlliməsi Neda Soltaniyə məxsus idi. Soltani BBC News xəbər agentliyinə öz əhvalıtını belə nəql edir:

 

“2009-cu ilin 21 iyun tarixində mən işə getdim və elektron poçtumu açan kimi Facebook-dan göndərilmiş 67 dostluq təklifi ilə qarşılaşdım. Bir saat ərzində daha 300 “təklif” qəbul etməli oldum. Onda hələ adımın və şəklimin internetdə və bütün televiziya kanallarında dərc edildiyindən xəbərsiz idim. İşlədiyim universitetin inzibati şurasının üzvü idim və gənclər tələbə şəhərciyində oturaq aksiya və etirazlar keçirtdiyindən evə həmişəki vaxtda gedə bilmirdim. Axşama kimi işdə oturmalı oldum və bu vaxt tanımadığım bir şəxsdən elektron məktub aldım.

Bu məktubda mənimlə eyni adı daşıyan Neda Soltani adlı bir gənc qızın Tehran küçələrində etirazlar vaxtı qətlə yetirildiyi deyilirdi. Məktubu göndərən adam facebook-da tapdığı bütün Neda Soltanilərə bu tip məktub göndərərək onların arasında əsl Nedanı tapmağa çalışırdı. Yaşadığım mənzilə çatanda ev telefonumun yaddaşında tələbələrimin, iş yoldaşlarımın və yaxınlarımın mənə zəng edərək, “Səni CNN-də gördük”, “Fox News-da göstərirdilər”, “Fars və İran kanalları yalnız səndən danışır” kimi şeylər dediklərini aşkarladım.  Sən demə beynəlxalq mətbuat facebook hesabımdan götürdükləri şəkli Nedanın ölümünün işılqlandırılmasında istifadə edirdilər.

Nedas
(Solda: Neda Soltani, sağda: etirazlar zamanı qətlə yetirilmiş Neda Ağa-Soltan)

Facebookda dostluq göndərmiş hamını əlavə etdim. Onların arasında beynəlxalq journalist və bloqqerlər də var idi. Hamısına yanlışlıq olduğunu bildirdim –  “Dünən qətlə yetirilmiş qadın mən deyiləm”. Bloqqerlərdən bəziləri bu barədə məlumatları yenilədi, lakin ismarıcımı almış jurnalistlər heç bir reaksiya göstərmədi. Şəklim əvvəlki kimi xəbər başlıqlarını bəzəyirdi.

Facebook-da təhqir mesajları alırdım, çoxu məni İran islam Respublikasının agenti olmaqda suçlayırdı, fikirləşirdilər ki, Nedanın facebook hesabını ələ keçirib müqavimətin və müxalifətin simvolu olan qəhrəmanlarının simasını oğurlamaq istəyirəm.

Hadisələrin üstündən yalnız 2 gün keçdikdən sonra Ağa-Soltanın (“əsl Nedanın”) ailəsi onun şəkillərini ictimaiyyətə təqdim etdi. Lakin bu vaxta kimi mən və mənim ailəm şok içində yaşamalı olmuşdu. Artıq mənim simam müxalifət hərəkatının fədakar şəhidi simvolu kimi möhkəmlənmişdi. Şəklim informasiya vasitələrində əsl qurban ­- əsl Nedanın şəkli ilə yanbayan istifadə olunurdu. Belə iri səhvin sadə facebook şəklinin ucbatından baş verməsi sadəcə olaraq gülməli idi. Şəklimi Ağa-Soltanın ölüm videosu ilə yanbayan görməkdən isə şokedici heç nə ola bilməzdi. Müxtəlif ölkələrdə insanların şəklimi əllərində tutaraq nümayişlər keçirməsi, şəklimin ətrafına gül qoyub şam yandırmasına baxmaq, oturub öz yas mərasimimi  izləmək kimi bir şey idi.

Protests

(Ortadakı şəkildə yazı: «Neda əbəs yerə ölmədi». Şəkillərdə isə bir müddət hadisələrdən xəbərsiz olan və bu günə kimi sağ olan Neda Soltani təsvir olunub).

Təbii ki, bu mən də ola bilərdim, bu yazıq günashsız qadının yaşadığı mənim də başıma gələ bilərdi. İran höküməti isə bu cür neqativ beynəlxalq reaksiyadan narahat olmuşdu. Üç gündən sonra İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları evimə gəldilər və məni sorğulamağa başladılar. Onlar Nedanın ölümü ilə nəticələnmiş olaylarda sudan quru çıxmaq istəyirdilər. Mənim adım və simam onlar üçün vacib üstünlük idi.  Onlar hamını aldatmaq istəyirdilər ki, Neda Ağa-Soltan heç vaxt ölməyib və bu İrana qarşı əks-təbliğatdır, şəkil isə guya ki, facebook səhifəmdən götürülməyib, Avropa İttifaqı tərəfindən dərc edilib. Onlar Avropa İttifaqını, Birləşmiş Krallığı və təbii ki, ABŞ-ı ittiham edirdilər. Onlara yardım etməkdən imtina etdim. Bunun cavabında Kəşfiyyat agentlərindən biri mənə dedi, “Sən bir fərd kimi artıq bizə önəmsizsən, indi İslam dövlətimizin milli təhlükəsizliyi sual altındadır”.

Girdiyim situasiya çətinləşirdi. Dost və iş yoldaşlarımın bir qismi fikirləşirdilər ki, mənimlə əlaqə saxlamaq onların da həyatını təhlükəyə atır. Sevgilim də bu cür düşünən insanların arasında idi, onunla münasibətimi bitirməli oldum. Başqa dostlarım isə etməli olduğum barədə mənə məsləhətlər verməyə başladılar: “Sənə ikinci plan lazımdır”. Onlara qulaq asa bilmirdim, bu şəkil məsələsi bütün həyatımnı məhv etmişdi.

Kəşfiyyat Nazirliyinin əməkdaşları son dəfə evimə gəldilər və özümlə heç nə götürməyi icazə verməyərək məni apardılar. Mən Vətənə xəyanətdə ittiham olunurdum. Onlar məni ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ — CIA) gizli casusu olmaqda günahlandıraraq, “öz etirafımı” imzalamağımı dedilər. İranda bu cür ittihamın ölüm cəzası ilə nəticələndiyini çox yaxşı bilirdim.

Mənim üçün bu, surreal, kafkavari bir təcrübə idi. Bütün bunlar 12 günün içində baş verdi. İki həftədən az bir müddətdə mən normal həyat tərzi sürən universitet müəlliməsindən vətənindən qaçmalı olan bir şəxsə döndüm.

Hər şeyi dostlarım təşkil etdi. Onların köməyi ilə mən aeroportda mühafizə işçisinə 11.000 Avro rüşvət verərək İranı tərk etdim. İlk olaraq Türkiyədə sığındım və siyasi qaçqınlıq tələb etmək elə ordaca ağlıma gəldi. Sonradan Yunanıstana, ən sonda isə Almaniyaya getdim. Almaniya höküməti məni qaçqın düşərgəsinə göndərdi və nəhayət qaçqınlıqla bağlı sığınacağa dair sorğumu cavablandırdı.

Qaçqın həyatı sürmək havada yarpaq kimi olmağa bənzəyir. Sən heç yerə mənsub olmadan eləcə havada qalırsan. Səni kökündən ayırıblar və bir vaxtlar bağlı olduğun yerə qayıtmağa icazə vermirlər.

Hər dəfə olanları yenidən xatırladıqda, ən çox qəzəbləndiyim insanlar xarici mətbuat nümayəndələri olur. Hətta mənim faciəvi kadrların əsil qurbanı olmadığımı bildikdən sonra belə şəklimi istifadə etməkdən vaz keçmirdilər, bilərəkdən məni təhlükə oduna salırdılar.  

Bir də heç vaxt bu hadisələr baş verməzdən əvvəlki adam olmayacağam. Hələ də depressiyadan əziyyət çəkirəm. İndiyə kimi gecə kabusları məni izləyir. Bütün bunlara baxmayaraq, yeni həyatım uğrunda mübarizə aparıram, hər bir kəsin layiq olduğu yaxşı həyat uğrunda. Ümid edirəm ki, vaxt mənim yaralarımı sağaldacaq.”

 

Hal-hazırda 35 yaşlı Neda Soltani ABŞ universitetlərindən birində təhsil alır və 3 ildən artıqdır ki, ailə üzvlərindən heç kəsi görməyib. O öz əhvalatını daha geniş şəkildə “Mənim oğurlanmış simam” kitabında açıqlayıb. Bəzi İran rəsmiləri hələ də təkid edirlər ki, o əslində Neda Ağa-Soltandır, hamını öldüyünə inandıraraq ABŞ-a qaçıb. BBC jurnalistinin “Adaşın haqqında heç düşünürsənmi?” sualına Neda belə cavab verib:

“Onun haqda düşünmək həyatımın gündəlik məşğuliyyətinə çevrilib. Özüm haqda düşündükcə, Neda barəsində də fikirləşirəm. Öz anam haqqında düşündükdə onun anasını, qardaşım haqda düşündükdə də, onun qardaşını fikirləşirəm. O mənim həyatımın bir hissəsidir və yaddaşımın şüurüstü, fəal bir parçasıdır.”

 

Yazı BBC News xəbər agenliyinin internet səhifəsində dərc edilmiş məqalə əsasında hazırlanıb. Tərcümə və redaktə müəllifə məxsusdur və icazəsiz başqa saytlarda istifadə oluna bilməz.

 

7 şərh

Cavid
mükəmməl yazıdır, təşəkkürlər
asel
Allah heç kimə belə bir şey yaşatmasın. sağ ola-ola öz matəm mərasiminə tamaşa edəsən… adam şoka düşər
Someone
sizinlə razıyam
pascal

Yazıya çəkdiyiniz zəhmətə, bura yerləşdirdiyinizə görə, sağ olun. Diqqətlə oxudum və baxdım. Nəinki İranda, dünyanın bir çox ölkəsində olan belə haqsızlıqlara, vəhşiliklərə hər bir normal insan kimi pis baxıram. Mənbəə BBC-dir. İnanmıram ki, BBC, bu məsələni bütün dünyaya yaymaqla İran xalqına olan haqsızlığa qarşı öz «canıyananlığını» göstərir. Bu yazı və video İrana qarşı olan böyük antitəbliğatın  kiçik bir hissəsidir.

Humanizm pərdəsi altında gizlənib, dünyada müsəlman dövlətlərinin başına gətirdikləri, "Ərəb baharı" planını yavaş-yavaş həyata keçirənlər, çox istərdim ki, İraqda, Liviyada, Suriyada və bilmədiyimiz neçə-neçə ölkələrdə İngilis və Amerikan əsgərlərinin dinc xalqın başına gətirdikləri müsibətləri də beləcə dünyaya çatdırsınlar. Əl telefonu vasitəsilə gizli çəkilənlər — bu əsgərlərin, dustaqların və dinc əhalinin başına gətirdikləri min bir oyunun əyani sübutudur. Görmədiyimiz, bilmədiyimiz daha nələr var, nələr...

Zəhmətə görə, bir daha təşəkkür.

Türkəl
Şərhə görə çox sağ olun.
Ümumiyyətlə mətbuatın, həmçinin qərb mətbuatının təbliğat və ya əks-təbliğat funksiyası daşıdığını tamamilə təkzib edə bilmərəm. Amma nəzərə almaq lazımdır ki, BBC-nin xəbərləri arasında bütün dövlətlər haqqında belə yazılara rast gəlmək olar. Nəinki dövlətlər, BBC-nin elə BBC-ni (bəli özü haqqında) tənqid və ifşa edən yazıları olub. Buna müsəlman-xristian münasibətləri prizmasından yanaşmıram. Şəxsən mənim fikrimcə bütün dövlət başçıları və idarəedicilər ateistdirlər.
BBC-nin məqsədi isə canyanğınlığı deyil, sadəcə yaxşı material hazırlamaqdır. Bu bir informasiya agentliyidir, onlar humanistliyə iddia etmirlər. Daily Mail və s. bu kimi digər mətbuat orqanlarından fərqli olaraq BBC-nin yazıları adətən tərəfsiz olur. Daimi izləyici kimi deyə bilərəm ki, məsəlçün Siz deyən ABŞ əsgərlərinə dair qalmaqallar da orda daim işıqlandırılır.
Burada onu yazmağı artıq bilmişdim, lakin original məqalədə yazının kənarında BBC mütəxəssisi hadisəyə rəy verir və bildirir ki, o vaxt bu hadisələr baş verərkən, BBC etibarlı mənbədən olmadığına görə məlum şəkli dərc etməyib. Əgər onlar doğrudan da iri əks-təbliğat maşınının bir hissəsi olsaydılar 2009-da əllərində olan bu üstünlükdən istfadə edərdilər, lakin obyektivlik baxımından etməyiblər. Yuxarıdakı məqalədə siyasi məqsəd görmürəm, «Yaşıl İnqilabın» üstündən 3 ildən artıq vaxt keçib və bu qərbdə heç kəsi maraqlandırmır, əksinə diqqət etsəniz məqalədə Siz deyən kimi «araqızışdıran», təbliğatçı mətbuat və necə gəldi yürüş keçirən etiraçılar qınaq hədəfidir. Bütün bunlara baxmayaraq hər şey satılır və ehtimal var ki BBC də hansısa qüvvəyə qulluq edir və zamanı gəldikdə «rıçak» kimi istifadə olunacaq.
Videoya gəldikdə isə BBC-nin bura heç bir dəxlisi yoxdur, bu heç onların saytında yox idi, youtubedan keçidi mən özüm qoymuşam. Video yürüşlərdə iştirak edən iranlı etirazçı tərəfindən çəkilib və bura yüklənib. Antitəbliğata aiddiyatı yoxdur,sadəcə olaraq reallığı əks etdirir.
pascal

Fikirlərinizlə razıyam. Burda da debat açmaq kimi bir niyyətim də yoxdur. Bu fikrinizi isə mənim deyəcəylərimin xülasəsi kimi qəbul edir və bəyənirəm: «Bütün bunlara baxmayaraq hər şey satılır və ehtimal var ki BBC də hansısa qüvvəyə qulluq edir və zamanı gəldikdə „rıçak“ kimi istifadə olunacaq.»

Bir daha təşəkkür edirəm.

_BUMERANQ_
Topik olduqca maraqlıdı. Redaktə və tərcümə üçün təşəkkür edirəm.
Kayzeni sevindirdiniz. Orjinal topikləri bəyənirəm.

Doğurdan da; «Sən saydığını say gör KİV nə sayır.» Rəsmən qızın həyatını alt-üst ediblər.