DEPRESSİYANIN SƏBƏBİ



Əgər bizdə ciddi psixoloji problemlər, depressiv durum varsa, bu, əksər hallarda uzun bir zamanın, müəyyən proseslərin nəticəsidir. Yəni zamanla, aylar, illər ərzində yığılıb böyüyən məsələ və problemlərin nəticəsidir. Belə demək olar ki əslində bizimlə bağlı bütün proseslər elə beynimizdə, zehnimizdə gedir. Ümumiyyətlə durum belədir ki, əgər hansısa bir məsələdə düzgün qərar vermiriksə və ya hansısa səhv addım atırıqsa bu amil, insana və onun zehninə heç də təsirsiz ötüşmür və zehində, belə desək, bir kəsir, defisit yaradır. Sonra da başqa, növbəti bir səhv etdikdə, başqa bir məsələdə yanlış qərar verdikdə növbəti defisit yaranır, sonra başqa səhv, bir başqa defisit yaradır, sonra da bir başqa səhv, başqa defisit… Beləcə səhvlərlə, yanlış qərarlarla bərabər, defisitlər, zehindəki kəsirlər də yaranmağa davam edir… Zehin və beyin sistemini, hörülmüş bir corab kimi təsəvvür etsək; corabda əvvəl hansısa bir nazilmə yarandıqda bu, hələ gözə elə də görünmür, amma getdikcə bu nazilmə, yırtığa çevrilir, sonra bu yırtıq böyüyür, bir başqa yırtıq yaranır sonra da bu iki yırtıq birləşib, böyük dəlik yaradır...Bax zehin sistemi, eynilə belədir. Problemlər və depressiyalar, birdən yaranmır, aylar, illər ərzində xırda və önəmsiz kimi gördüyümüz məsələlər, yığılıb böyük yırtıqlara çevrilirlər. Misalçün deyək ki, küçədə, hansısa bir yerdə kimsə bizim ayağımızı bastaladı. İndi təbii olaraq bu halda bizdə bir narahatlıq yaranır. Həmin anda biz mütləq ki bir qərar veririk, bu narahatlığımıza bir şərh veririk. İndi biz əgər o an düşünürüksə ki ayağımızı bastalayan, bu hərəkətinə görə üzr istəməlidir- o, əgər o üzr istəmirsə bu təbii ki bizdə, zehnimizdə kəsir, defisit yaratmış olacaqdır. Sonra da biz ordan çıxıb harasa getdikdə, artıq bu defisiti, bu problemi də özümüzlə aparmış olacağıq, bu düyünlə, bu kəsirlə həyata davam etmiş olacağıq. Bu düyün təbii ki özlüyündə bizim ümumi psixoloji müqavimətimizi və əhvalımızı aşağı salmış olacaqdır. Yəni belə desək, növbəti “matça”, növbəti “oyuna”, həyatdakı növbəti sınaqlara aşağı moralla girmiş olacağıq. Necə ki futbolda, komandalar hətta çox önəmli olmayan bir oyunu uduzduqda belə, növbəti oyuna, moralı, əhvalı daha aşağı səviyyədə çıxırlar, eynilə bu da belədir, biz bundan sonra həyatdakı növbəti işlərə qatıldığımız zaman, növbəti məsələlərlə uğraşdığımız zaman, bu işlərə, əvvəlkindən daha zəif şəkildə girmiş olacağıq.
Sonra bu dəfə tutaq ki sırf fikirli olduğumuz üçün avtobusu saniyə fərqiylə qaçırmağımız və harasa vaxtında çata bilməməyimiz də bu səfər bizdə ikinci defisit yaratmış olacaq, əgər bu olayı da düzgün şərh edə bilməsək öz beynimizdə. Yəni bunu məsələn talesizlik, bəxtsizliklə əlaqələndirsək ya da bizə edilən haqsızlıq kimi görsək. Nəticədə növbəti kəsir, növbəti çat da yaranmış olur. Çünki bu olayla da lazımı şəkildə hesablaşa bilmədik. Beləliklə psixologiyamız, bir az da zəifləmiş olur. Sonra bu səfər deyək ki başqa və daha ağır bir situasiya ilə qarşılaşmış olduq, deyək ki kimsə bizə qarşı hansısa kobudluq edir və biz də tutaq ki ona həmin an cavab verməməmiz səbəbindən peşmançılıq hissi keçiririk ki kaş ona cavab verərdim. Halbuki cavab vermək bəlkə heç lazım da deyilmiş ya da lap lazımdırsa da indi bunun heç bir önəmi yoxdur. Amma biz belə düşünmədiyimiz üçün, mütləq cavab verməli olduğumuzu düşündüyümüz üçün  və beynimizdə bu məsələ də düzgün həll edilməmiş olduğu üçün bu da növbəti defisit və çat əmələ gətirir. Sanki məsələn paltar sərilən ipi təsəvvür edək. 1 paltarla, 2 paltarla, 3 paltarla hələ ip aşağı əyilmir amma getdikcə artıq əyilir və bir yerdən sonra artıq öz normal, düz vəziyyətindən tamam fərqli bir hal alır. Bax insanın ümumi psixoloji durumundakı problemlər də belədir. Bir dəfə, iki dəfə, üç dəfə....yavaş-yavaş əyilir...Özü də hər dəfə də növbəti əyilmə üçün ehtimal və zəmin daha da artır, çünki psixoloji immunitet zəifləyir...
Yəni məsələ də budur ki bizdə, insanlarda yaranan və anlam verə bilmədiyimiz bütün bu psixoloji gərginliyin, bunalım və depressiyanın səbəbi, illərdən bəri yığılan düyünlərdir, defisitlərdir. Bunlar aylarla, illərlə, uzun bir vaxt ərzində yığılıb yarandığı kimi, təbii ki dərhal, 1-2 günə də düzəlməz. Amma tədricən, yavaş-yavaş məsələn, bir neçə ay ərzində düzələ bilər, yetər ki gərəyini yapaq, lazım olanı edək.
Gərəyini yapmaq isə 2 amili ehtiva edir; birincisi vəziyyətin fərqində olmaq, problemin nədə olduğunu görməkdir. Bütün bu bayaqdan söylədiklərim, bütün bu anlatdıqlarım, bax elə problemin izahı idi. Yəni 1-ci məsələ bax budur-hər şeyin, zehində getdiyini, həllin də zehində baş verəcəyini bilmək. 1-ci bilməmiz gərəkən budur.
2-ci amilə gələk. 2-ci amil də artıq keçmişlə mümkün qədər hesablaşmaq, düyünləri çözmək və bundan sonra artıq yeni düyünlərin yaranmamasına çalışmaqdır. Bu amil isə həm ayrı-ayrı məsələlərə(məsələn sevgiyə) baxış və yanaşmanı, həm də ümumi bir yanaşmanı, həyata baxışı, dünyagörüşü əhatə edir. Yəni əvvəla biz mütləq keçmişlə hesablaşmalıyıq, keçmişdəki müxtəlif məsələlərlə hesablaşmalıyıq, hansı ki aylarla, illərlə, bir-bir yığılıb bizə, zehnimizə yükə çevrilibdir. Bizi indiyəqədər narahat edən, gəl-getə salan, bizi tərəddüddə qoyan məsələləri xatırlayıb, təhlil edib, onlarla birdəfəlik hesablaşmalı və onların hər birinə düzgün və lazımı qiyməti verməliyik. Ondan sonra da ayrı-ayrı həyati anlayışlara, müxtəlif mövzulara dair düzgün baxış və yanaşmaya sahib olmağa çalışmalıyıq. Çünki belə olmazsa, həyati məsələləri olduğu kimi qəbul etməzsək, nəticədə gec-tez bu, yeni səhvlərlə, zehnimizdəki yeni defisitlərlə və sonda depressiyalarla sonuclanacaqdır. Məsələn biz dünyada hər kəsin yaxşı olduğunu düşünsək, bütün insanların xeyirxah olduğunu özümüzə inandırsaq bu, son nəticədə bizimçün böhran yaradacaqdır, çünki hər kəsə, qabağımıza çıxan hər adama güvənmək, gec-tez aldadılmaqla nəticələnəcəkdir. Ya da elə sevgi məsələsini götürək. Biz sevgini əgər qeyri-adi, kinolardakı kimi mistik bir hadisə və ya insan iradəsindən asılı olmayan,psixoloji olmayan bir şey hesab etsək, o zaman nə vaxtsa kimdənsə təsadüfən xoşlandığımız zaman, dərhal o insanın, bizim yarımız olduğunu düşünə bilərik və beləliklə də birdən işdir bunun əksi baş verərsə o halda biz asanlıqla depressiya və bunalıma girmiş olacağıq...
Odur ki depressiya və stresslərdən uzaq olmağın yolu, əvvəla keçmişlə hesablaşmaqdır, sonra da həyatı və həyatın məsələlərini düzgün və emosiyasız dəyərləndirməkdir. Bunun üçün də bizim həm özümüzün düşünməsinə, həm mütaliəyə və bilgiyə, həm də ağıllı və müdrik insanların məsləhətinə ehtiyacımız vardır.
 Psixoloq Yunis bəy Dürüst
 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub