Uşaqlar böyükləri niyə sevmir?

Uşaqlara fikir versəz, görərsiz ki, əslində onların böyüklərdən xoşları gəlmir. Biz zorla böyüklərə əydiririk uşaqları: “Böyükdü, hörmət et”. “Böyükdü, salam ver”. “Böyükdü, imkan ver səni öpsün” “Böyükdü, sən dur, o otursun”. Özlərinə qalsa, böyüklər onların vecinə də deyil. Düz də edirlər. Nə öyrənəcəklər bizdən? Saxtalığı? Onlar öz dünyalarında xoşbəxtdilər. İstədikləri vaxt gülürlər, qışqırırlar, sevinirlər. Biz isə bu təbii sevinci əngəlləməklə məşğuluq. Ayıbdı, camaat baxır…

Çünki camaat doğrudan da baxır. Çünki heç kim baxıb təbii qəbul etmir. “Uşaqdı, belə də olmalıdı” düşünmür. Biz uşaqla davranmağı bacarmırıq. Onları görəndə şitlik edirik. Yalançı “usi-pusi”lər, əzizləmələr uşaqların ətini tökür. Bunu sevmirlər. Mənim qızımın da böyüklərdən xoşu gəlmir. Heç cür başa düşə bilmir ki, adamlar niyə onu görəndə üstünə cumurlar, onu icazəsiz öpürlər, onunla dillərini əzə-əzə danışırlar. İnsanların özünü ifadə etmək problemi var. Sevgini, sevinci, heyrəti, kədəri eybəcər ifadə edirik. Səmimi olmaqdan qorxuruq. Ölçü hissimiz yoxdu.

İllər əvvəl dayım dedi ki, hara getsən, özünü ürəklə təqdim et, danışanda adamların gözlərinə bax, bacarıqlarından danış, uğurlarını sadala, çəkinmə. Bütün sivil dünyada gənclərə özlərini doğru ifadə etməyi, rahatca tanıtmağı öyrədirlər. Bizdə gənc əzilir. Ona görə də cəmiyyət əzilmişlərin çoxluğunda batır. Bu yanaşma uşaqlıqdan başlayır. Uşaqlar bizimlə eyni hüquqa sahibdilər. Hətta daha artıq. Biz isə onlara oyuncaq, ev aksesuarı, şüursuz heyvan kimi yanaşırıq. Başa düşə bilmirik ki, qarşımızda şüuru, ağlı, hissi, hüququ olan insan dayanıb. Hə, indilik balaca insandı. Amma böyüyəcək. Biz sadəcə, ona doğru böyüməsi üçün kömək edə bilərik. Öhdəmizə bir sıra məsuliyyət düşür.

Toyda tanış bir qadın qızımı görüb bərkdən “ayalaa” edib üstünə getdi. Uşaq diksindi. Onu ilk dəfəydi görürdü. Geri çəkildi. Qadının niyə belə etdiyini anlamırdı. Qadın təəccüblə üzümə baxdı və qışqıra-qışqıra nəsə əzizləyici şeylər deyib uşağı zorla tutub öpməyə çalışdı. Uşaq ağladı. Dartınıb qadının əlindən çıxdı. Özümü itirdim. Anidən “niyə belə edirsiz” soruşdum. Qadın mat-mat baxdı. Sevmir, qızım icazə almadan onu öpməyə çalışanları sevmir. Onu görəndə dilini əzib danışanları sevmir. Yalnız ona hörmətlə yanaşanları bəyənir. Anlayır ki, hər öpmək istəyən doğrudan da sevən deyil.

Uşaqlar saxtalığı görürlər. Özümüzə baxmayın, biz saxtalığa öyrəşmişik, ayırd edə bilmirik. Ən sivil ölkələrdə uşaq hüquqları hər şeydən öncə gəlir. Uşağına səsini qaldıran valideyni dəlixanaya aparırlar, polisə çağırırlar. Ağıllı adam niyə uşağa bağırsın? Uşaqla münasibətdə səbr, anlayış sərhədsiz olmalıdı. Həddimizi bilməliyik. Böyüklər arasında xoşuna gələnlərin siyahısına baxıram. O adamlardı ki, heç vaxt uşağın sərhədini keçməzlər, onunla şəxsiyyət kimi davranarlar. Ən əsası, zorla öpməzlər.

“Əşşi, uşaqdı, nə qanır” cümləsində bizim cəmiyyətin bütün bəlalarının səbəbi var. Qanır, yaxşı qanır. Diqqət etsəz, görərsiz. Qanmaz biz özümük – böyüklər. Bu günlərdə bir qadın uşaqlarına əsəbləşib özünü bıçaqlayıb. Psixoza baxın. Hamımızda o hiss olur. Amma tərbiyəli adam bunu özündə basdırmağın, yox etməyin yolunu bilir. Bunu özümüzə öyrətməliyik.

Rəhmətlik Vaqif Səmədoğlu müsahibəmizdə danışmışdı. Bir dəfə qızım uşağa qışqırdı. Neynirsən soruşdum. Tərbiyə edirəm, dedi. Əvvəlcə özünü tərbiyə elə dedim. Özümüzü tərbiyə etmədən uşağı tərbiyə etməyə çalışırıq. Mümkün deyil! Cəmiyyətə baxanda görünmür ki?

Aysel Əlizadə
 

0 şərh