Рейтинг
+11.83

Hüquq və qanunvericilik

16 üzv, 106 topik

Milli Məclisin səlahiyyətləri

Hakimiyyət bölgüsü mexanizmində ən əsas vasitə hakimiyyətin bölünməsini təmin edən elementlər — səlahiyyətlərdir. Məhz bu səlahiyyətlərin bir-birinə olan münasibətindən, onların həcmindən asılı olaraq hakimiyyət bölgüsünün mövcud olub olmadığını demək olar. Ona görə də hakimiyyət bölgüsünü analiz edərkən, əsas diqqət onlara yetirilməlidir. Hakimiyyət bölgüsünün elementləri bu və ya digər hakimiyyət budağına aid edilən bütün səlahiyyətləri əhatə etmir. Buraya məhz o səlahiyyətlər aiddir ki, hakimiyyət budaqlarının bir-birinə təsir etməsi, bir-birinin fəaliyyətinə müdaxilə etməməsi və nəzarət etməsini təmin edir. Bu səlahiyyətlər istisnasız olaraq məhz hakimiyyət bölgüsü mexanizminin həyata keçirilməsi naminə müdaxilə imkanmı təmin etməlidir. Başqa sözlə, bu səlahiyyət mütləq digər hakimiyyət budağına yönəlməli, ən başlıcası onun fəaliyyət sahəsinə təsir etməyə imkan verməlidir. Lakin iş sadəcə olaraq bununla bitmir. Ayrı-ayrı hakimiyyət budaqlarının bölgüsü sistemində tutduğu yeri müəyyənləşdirmək üçün onların formalaşdırılması əsaslarını, təyinatını müəyyən edən normalar da nəzərə alınmalıdır.


Ardı →

Qanunvericilik hakimiyyəti

«Parlament» termini ingilis sözüdür. İngilislər isə bu termini fransızca «parler» — «danışmaq» sözündən götürüblər. Lakin məhz Fransada deyil, İngiltərədə qanunverici orqan «parlament» adlandırılmışdır. Onu da qeyd edək ki, inqilabaqədərki Fransada parlament əyalət məhkəməsinə deyilirdi və yalnız sonralar bu termin ingilis sözünün ekvivalentinə çevrilmişdi. Parlament Monteskyönün ayırdığı üç hakimiyyətdən birini -qanunvericilik hakimiyyətini həyata keçirir. O, xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadə edir.
Dünyada ilk parlamentli dövlət sayılan İngiltərə, parlamentarizm ənənəsinə malik bir ölkədir. Müstəqil Azərbaycan Respublikası da İngiltərənin və digər qabaqcıl dövlətlərin parlamentarizm ənənəsini özündə təcəssüm etdirir. Buna görə də Azərbaycan parlamentarizminin tarixi dünya təcrübəsi ilə qarşılıqlı əlaqədə öyrənilməlidir.


Ardı →

Vətəndaşlıq

Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu.
Konstitusiyamızın 52-ci maddəsində və «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» 1998-ci il 30 sentyabr qanununun 1-ci maddəsində göstərilir: «Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır».
Bəzi müəlliflər hesab edirlər ki, şəxs dövlətə yalnız totalitar rejimdə mənsub ola bilər. Amma bu fikir düzgün deyil. Çünki şəxsin dövlətə mənsubluğu dedikdə, onun dövlətin yurisdiksiyasında olması başa düşülür.
Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir.
Davamı →

Hüquqi məsuliyyət

Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq normalarını (ümumməcburi davranış qaydaları) müəyyən edərək, həm də hüquqazidd davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur.
Hüquqi məsuliyyətin fərqli əlaməti — hüququ pozan şəxsin hüququn tələblərini icra etməsinə dövlət məcburiyyətidir. Dövlət məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin pozulmuş hüququnun bərpası üzrə vəzifələrin qoyulmasıdır.
Ardı →

İnsan və vətəndaşın hüquqi statusu

Vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi müəyyən dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquq və azadlıqları «insanın» və «vətəndaşın» hüquq və azadlıqlarına bölməklə fərqləndirir.
Belə sual yarana bilər ki, bu cür fərqləndirmənin, insanın ikiləşdirilməsinin mənası nədir? Bu hər şeydən əvvəl vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini, özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir.
Vətəndaş hüquqları fərdin dövlətlə münasibətlər sferasını əhatə edir. Burada o, yəni fərd, təkcə öz hüquqlarının qanunsuz müdaxilədən müdafiə olunmasına deyil, həmçinin də dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək olunmasına ümid edir.


Ardı →

Azərbaycan dövlətinin konstitusiya statusu

Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s.
Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur.
Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.


Ardı →

Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri

Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 mayda I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir.
1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir.
1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.


Ardı →

Konstitusiya

Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır.
Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır.
İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur.
Ardı →

Hüquq pozuntusu

Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər.
Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun aşağıdakı əlamətləri vardır:
Birincisi, hüquq pozuntusu hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir.
Ardı →

Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri

Məlum olduğu kimi, insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində hüquq münasibətləri əmələ gəlir. Hüquq normaları, məhz hüquq münasibətlərinin köməyi ilə realizə olunur.
Hüquq münasibətləri üçün onun iştirakçılarının (subyektlərinin) subyektiv hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları üçün qarşılıqlı hüquq və vəzifələr müəyyən edir.
Ona görə də hüquq münasibətlərinə şəxslər arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan, hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə olmadan hüquq münasibətinin özü yoxdur.
Ardı →