Qadın hüquqları: kişilər bizi qoruyur?!

Çox zamanlar hər hansı bir “fahişə” haqqında fikir eşidəndə ilk etdiyimiz onu qınamağımız olur. Düşünmürük axı onun həyat tərzinin arxasında hansı hadisələr durur. Düşündürücüdür deyilmi?! Hansı qadın yaxşı həyatdan imtina edib bədənini satar, bədəninə hər əfəlin toxunmasına izn verər, əldən-ələ keçər? Kimlərinsə manyak fantaziyalarının qurbanı olar? Düşünün! Kim yaxşı, rahat həyatdan qaçıb bu yola düşər?! Hansısa qadının həyat hekayəsini bilmədən onu qınamağımız, hüququnu tapdalamamız deyilmi?
İslam və qadın – son dövrlər ən böyük diskusiya mövzularından biri. Xristian ölkəsində yaşadığımdan dolayı çox vaxt İslam haqqında ətraf mühitimlə diskussiya aparıram. İslama dair yetərli və dərin bilikliyəm deyə bilmərəm, amma elementar klişe və stereotiplərin düzgün olmadığını sübut etməyə çalışıram.
«Cənnət anaların ayaqları altındadır.» buyurur, peyğəmbərimiz. Bu ananın kim olduğundan aslı olmayaraq. İslam başsız, dul, yolunu azmış qadınları evində xanım edəcək kişini cənnətlik edir. Hansısa yolunu azmış qadını evində xanım edəcək, onu düz yola gətirəcək, bununla ən azından Allah sevgisini qazanan neçə müsəlman kişisini tanıyırsınız?!
İslamda qadınların hüquqları A-dan Z-yə qədər müdafiə olunur. Sadəcə, bəndələr nəfslərini saxlaya bilməyir, öyrənməyiblər bunu. Nə yazıq ki, çox vaxt psevdo din təmsilçiləri İslamı heç də düzgün ifadə etmirlər.
Qadın hüquqlarından bu günlərdə əks cinsdən olan bir nəfərin yazısını oxudum. Bir kişini qadın hüquqları haqqında yazması maraqlı və təqdirə layiqdir. Bizim hüquqlarımzı özümüzdən əvvəl, əlbəttə, kişilər qorumalıdırlar. Özümüzü özümüz qoruyacağıqsa, kişilər nəyə lazım?! Yazı yazan qardaşdan soruşmaq istəyirəm: “Çayxanada oturanda dostlarınızdan soruşun, axı qadınları niyə kateqoriyalara bölürsünüz? Əylənmək üçün olanlar və evlənmək üçün olanlar”. Qadınların hüquqlarını tapdalamağa kim başlayır?!
Maraqlıdır, peyğəmbərimiz «cənnət anaların ayaqları altındadır.» deyəndə qadınları kateqoriyalara bölürdümü?!
Əsl kişi məleykəni fahişəyə çevirən deyil, fahişəni məleykəyə çevirəndir. Qadınların hüququndan yazan qardaşdan xahiş edərdim ki, gələn yazısında bu məsələyə dini baxımdan yanaşsın. İslamda çox arvadlığın əsas səbəbi nə idi? Bu haqda danışsın.
Niyə bizim cəmiyyətdə qadınlar üçün müəyyən əxlaqlı peşə stereotipləri yaradılıb?! Qadın üçün ən məqbul peşə müəllim və ya uşaq həkimidir. Digər peşələrlə məşğul olan qadınlar əxlaqsızlığa daha meyilli olurlar – nə qədər absurd bir stereotip.
Kişilər var evdə otururlar, arvadları bazarda göy-göyərti satır, onlar da özlərini kişi sayırlar. Arvadları aktrisa, jurnalist, siyasətçi olan kişilərə lağ edirlər. Day demirlər, göy-göyərti sata-sata ona siqaret alıb gətirən arvadı bazarda neçə kişiylə üz-göz olur.
Qadının maşın sürməsi yaxşı deyil – nə dərəcədə idiotizm dolu ifadə. Mən kişi olsaydım özüm avtobusla işə gedərdim, xanımıma avtomobil alardım. Metroda, avtobusda ona o bu sürtünməsin deyə.
“Mən, məni eşşək kimi döyən, mənlə heyvan kimi davranan bir kişinin evində niyə oturmalıyam? Niyə bu vəhşidən uşaq doğmalıyam? Döyülmək üçün doğulmuşam? İnsanam, yoxsa kötük? Dözməliyəm bütün bunlara, çünki qonşumuz Gülbadam, qohumumuz Nənəxanım deyəcək ki, filankəsin qızı boşandı. Dözməliyəm, çünki qadınam”.
Hansı qadın yaxşı həyatdan imtina edər sizcə?! Bu suala cavab almaq çox istərdim.
Nə qədər güclü qadın olsa da, başını çevirdikdə yanında onu həyat keşməkeşlərindən müdafiə edəcək kişini görməyə ehtiyacı var.
Hər bir kəsin xoşbəxt, istədiyi həyatı yaşamağa haqqı var.
Qadınların hüquqlarının pozulması bizim cəmiyyətdə məhz kişilərdən başlayır. Qadın hüquqlarından yazan qardaş yol süpürələrin niyə məhz qadın olduğunu yazmışdı. Maraqlıdır, o yol süpürən qadının əri, oğlu, kürəkəni hardadır? Hər bir kişinin vəzifəsi ona yaxın olan qadınları qorumaq deyilmi?! Bizləri sizə Allah öz əmanəti olaraq göndərmədimi?!
Bu gün hansısa dükandan kreditlə telefon götürən, krediiti ödəyə bilmədikdə satıcıya “bakirəliyimə toxunma nə edirsən et və kreditimi sil” deyən qızın bu hərəkətində kimdi günahkar? Sosial durum, daha bahalı telefonu olmadığı üçün onu qəbul etməyən, bəyənməyən çevrəsi, yoxsa atası, qardaşı, anası..? Kimdir günahkar?!
Sevgilisi ilə sevişmə səhnəsini mobil telefona çəkən, ayrılandan sonra dostları çevrəsində blutuzla yayan oğlan qadın hüququnu tapdalamırmı, növbəti bir qadının həyatını bərbad etmirmi?! Deyəcəksiniz bunda da qadındır günahkar. Ağıllı qız niyə sevişirdi? Day deməyəcəyik ki, onu günahı bəlkə sadəcə, sevməyi və cinsəli kişi olub, ruhu əclaf olana inanması idi. Amma acı həqiqət var – uduzan həmişə qadın olur.
Bakıya son səfərim zamanı metroda qəribə bir hadisə ilə qarşılaşmışdım. Bir qızın səsi bütün vaqonu götürmüşdü. Üzünü görmədiyim qız, bir kişi xeylağını ən axrıncı sözləri başından aşağı endirirdi: “Əclaf, sənin anan, bacın yoxdumu?! Kimsə anana, bacına belə etsə xoşuna gələr?! Tərbiyəsiz!”.
Şok vəziyyətindəydim.
Hansısa “kişi cinslı xeylağı” basa-basdan istifadə edib qıza əl sürtmüşdü. Kişinin bundan artıq əclaflığı olarmı?! İllərcə yaşadığım Tiflisdə belə hadisəyə həyatı boyu rast gəlməmişdim. Ədəbsiz, vulqar geyinimli qadınlara belə söz deməzlər burda. Qaldı ki, metroda hansısa qadına əl sürtülə. Özümə gələ bilmirdim. Qız isə hələ də çığırırdı. Haqqını, hüququnu müdafiə etməyə çalışırdı. Əclafı ifşa etmk istəyirdi ki, başqa qadınlar belə əclafları tanısınlar. Özünü müdafiə etməklə, başqa qadınların hüququnu qoruyurdu.
Metroda olanların bu hadisəyə münasibəti məni lap şoka saldı. Biganəlik! Tam biganəlik! Bəziləri deyirdilər “yəqin qız günahkardı”, “əllədir ki əllyirlər”. Bəziləri qıza elə baxırdılar, elə bil qız dəlidi. Dəhşət! Çox pərişan olmuşdum.
Deməli, kimsə sənin hüququnu pozur və sən sırf qadın olduğun üçün yenə günahkarsan. Oğlan olsaydım o əclafın ağız-burnunu birləşdirərdim, bilərdi həddini. Amma o vaqonda heç bir kişi səsini çıxartmadı. Nə düşünməliydim?! “Yəqin fürsət düşəndə onlar da eyni hərəkəti edirlər”.
Qadın hüquqları haqqında yazan qardaş, sən bu hadisədə nə edərdin? Tez-tez rast gəlirsən belə hadisələrə? Qadınların hüququnu kim qorumalıdır? Biz özümüz? Onda siz nəyə gərəksiniz?

Ramilə Əliyeva
 

2 şərh

Ferbara
Kişilər öz şəxsi nəfs və qeyrətlərini, insanllıqlarını qorusunlar, o zaman hamı qounmuş olacaq.
azadmamedov90
  Bu haqda başqaları kimi mən də çox fikirləşmişəm. Heç bir insanı- hətta küçədə yatan bomj və ya yüngül əxlaqlı qadının ləyaqətini və ya qəlbini sındııracaq bir şey etmək düzgün deyildir. Bəzən isə baxırsan ki, elə insanlar var ki, o insanlar həqiqətən də alçaldılmalı və sındılımalıdırlar. Din yönümündən isə baxanda axı tanrı öz bəndəsini bu qədər günahlardan sonra onun etdiklərini gizlin saxlayırsa, alçatmırsa və ya sən adi bir nütfədən yaratmışam deyib əzmirsə hər an, bizim nə həddimizə deyirik. Səlahiyyətli olanda, işçilər bu xasiyyətinə görə səndən sui istifadə edirlər, digər halda isə sən vicdanının və qəlbinin daşlaşdığını hiss edirsən.
   Qadınlar heç vaxt bizə onlardan alət kimi istifadə etməyimiz üçün verilməmişdir. Burada bizim mentalitetdə niyədir bilmirəm, bekarçılıqdanmı, savadsızlıqdanmı, yaxud da hər nədirsə bir qisim (80-90%)kişilər xüsusən istər yemək istərsədə digər şəhvətə çox düşkündülər. Xarici ölkələrdə belə insanlara bəlkədə rast gəlmək olmaz bilmirəm, ama belə insanları da qınamaq olmur.
   «Cəmiyyətin inkişafı üçün nə edəsən ki bu daş dövründəki insanlar kimi düşünən insanlar artıq öz zamanında yaşamağa başlasınlar?»