Baba Vəziroğlu - Bilirəm tək yanan mən olacağam.

Bu da son ayrılıq,son dayanacaq,
Qismətindən əlindən biz hara qaçaq ?
Günah kimdə oldu bilmirəm,ancaq
Bilirəm tək yanan mən olacağam.

Bilmirəm sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan ya çəndən oldu,
Bəlkə də ayrılıq tək səndən oldu,
Bilirəm tək yanan mən olacağam.

Min günah eylədin sən dönə-dönə,
Bağışladım səni sınadım yenə,
Yenə də,yenə də sənin xətrinə,
Bilirəm tək yanan mən olacağam.

Niyə ayrılırıq, hara gedirik ?
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimizdə günah edirik,
Bilirəm tək yanan mən olacağam.

Bəlkə bir yuxudur oyanmalısan,
Bəlkə geri dönüb dayanmalısan.
Cəhənnəm odunda sən yanmalısan,
Bilirem tək yanan men olacagam.
 

4 şərh

pascal
Şeir Ramiz Rövşənin yox, Baba Vəziroğlunundur.
Bəyəndiyim şairin gözəl şeirlərindən biri. Təşəkkür. + 
asel
Bu yaxınlarda bu sözlərə bəstələnmiş mahnını bir xanım müğənninin ifasında eşitdim, Çox da gözəl alınmışdı mahnı... 
pascal
asel, Ayan Babakişiyeva bu sözlərə bəstələnmiş mahnını oxuyur. Səhv etmirəmsə musiqi Xanım İsmayılqızına aiddir. :)
asel
Hə, Ayan oxuyur… Xanım İsmayılqızının bəstəsidir.