Sevgi ayrılıqdan güclüdü, vallah

Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan, burax əlimi,
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan, inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.
 
Qorxu, intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Baba Vəziroğlu
 

0 şərh