Bu qədər asan olmamalıydı

Bu qədər asan olmamalıydı hər şey…
Tanışlardan telefon nömrəni götürmək,
Əlini tutmaq, evə ötürmək, əvvəl dodaqlarına…
Sonra xətrinə dəymək bu qədər asan olmamalıydı…

İkimiz də istədiyimizə çatan kimi tükəndik.
Nəyisə, nələrisə yarım saxlamalı,
tam paylaşmamalı, tam bölüşməməliydik…
Az zəngləşməli, mesajların sayını azaltmalı
Və bəlkə də heç öpüşməməliydik…

Bizə aid olan hər dərdi özümüz,
Ancaq özümüz çəkməliydik.
Yersiz incimələrin, küsmələrin arasına gülüş tökməliydik.
Bu qədər asan olmamalıydı…

Binaları, maşınları, küçələri,
Səhəri telefonda açdığımız gecələri unutmaq,
Şəkillərini silmək, sonra adını telefondan pozmaq
Və bu gecə bu şeiri belə birnəfəsə yazmaq asan olmamalıydı.
İkimiz də olduğumuzdan artıq olduq görünür.
Bu qədər asan olmamalıydı…

 

0 şərh