Nitqin əsas keyfiyyətləri

Ritorikanın yüksək mərhələsinə qalxmaq istəyən hər bir natiqin nitqindən aşağıdakı keyfiyyətlər tələb olunur: düzgünlük, aydınlıq, məntiqilik, yığcamlıq, səlislik, zənginlik, canlılıq, ahəngdarlıq, sadəlik, dəqiqlik, anlaşıqlıq, inandıra bilmək.
Yeri gəlmişkən, göstərmək lazımdır ki, bu keyfiyyətlərin bəzisi haqqında ritorikanın başqa elmlərlə əlaqəsindən danışarkən bəhs etmişik. Ona görə də bu keyfiyyətlərin hər biri haqqında qısa məlumat verməklə kifayətlənəcəyik.
Düzgünlük - Bu, nitqin həm formasına, həm də məzmununa aiddir. Ritorun nitqi elmi və tarixi cəhətdən düzgün olmalı, heç bir təhrifə, yalan məlumata yer verilməməlidir. Düzgün faktlara və rəqəmlərə əsaslanan ritor inamla danışır və onun sözləri təsirli olur. Formal cəhətdən ritor öz nitqini düzgün qura bilməlidir. Yəni nitqin quruluşu elə olmalıdır ki, faktlar, rəqəmlər, tezislər bir-birini tamamlasın, biri digərinin əsası olsun. Onda ritorun məqsədinə çatmasının təməli qoyulmuş olacaq.
Aydınlıq — çıxışa hazırlıq mərhələsindən başlamalıdır. Yəni nitqin forma və məzmunu hələ aksiyadan qabaq ritora məlum (aydın) olmalıdır. Nitq zamanı ritor aydın və səlis danışmalı, heç bir əlavəyə yol verməməlidir. Burada natiqin auditoriyanı nəzərə alması çox vacibdir. Yəni eyni mövzuda bir auditoriyada nitqin anlaşılırsa, başqasında başa düşülməyə bilər. Ona görə də dildən əlavə fikir özü aydın olmalıdır. M.Qorki haqlı demişdir: «Elmə bir aydın fikir yoxdur ki, onu adi dillə ifadə etmək mümkün olmasm». Bir neçə məsələni eyni vaxtda bir-birinə qarışdırıb demək də nöqsandır. Onda dinləyici ritorun fikrindən, danışığından özü üçün heç nə hasil edə bilməz.
Nitqdə aydınlıq həmişə diqqət mərkəzində olmuşdur. Məlumdur ki, Musa Peyğəmbər uşaq ikən dilini yandırmışdı. Rəbbi tərəfindən ona vəhy gələndə ki, Firona və onun adamlarma Allahın birliyini anlatsın, o Rəbbinə demişdi: «Ey Rəbbim, Peyğəmbərliyi yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək üçün və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün köksümü açıb genişlət, işimi yüngülləşdir. Dilimdəki düyünü aç, pəltəkliyimi götür ki, sözümü yaxşı anlasınlar. («Qurani-Kərim», Taha surəsi, ayə 25, 26, 27, 28) .

Məntiqilik - Bu haqda ritorika ilə məntiqin əlaqəsindən bəhs edərkən məlumat vermişik. Ritorun danışığından mütləq məntiqi nəticə çıxmalıdır. Yoxsa dinləyicilər bütövlükdə nitqə qiymət verməzlər.
Yığcamlıq nitqin əsas şərtlərindən biridir. Doğrudur, əlavə məlumatlar dinləyicinin o sahədəki biliyini artırar. Amma ritorun çıxışının effektini azalda bilər. Məsələn, insan əxlaqı haqqında danışan bir adam tarixdən çoxlu hekayət və rəvayətlər danışa bilər. Onda dinləyici bu hekayət və rəfayətlərin məzmunu içərisindən çaşıb qalar, ümumi mövzudan nəticə hasil edə bilməz. Şərqdə bu çox dəbdə idi. Hər bir natiq (vəzir, xatib, vəkil və s.) hər hansı bir mövzu ətrafında uzun-uzadı danışır, çoxlu hekayət və rəvayəətlərlə fikirlərini bəzəyir və özlərinin məlumatlı olduqlarını sübut edirdilər. Unutmaq olmaz ki, həmin adamlar bir mövzunu zaman məhdudiyyəti qoyulmadan şərh edirdilər.

Səlislik - Bu haqda demək olar ki, bütün mütəfəkkirlər fikir söyləmişlər. Əsl ritorun nitqi bulaq suyu kimi şəffaf və təmiz olmalıdır. Yad element nitqi elə korlayır ki, elə bil təmiz, dupduru bulaq suyuna zibil düşmüşdür. Dili səlislikdən çıxaran elementlər hansılardır?

a) Yersiz-lüzumsuz alınma sözlər. Bu bir azərbaycanlı olaraq bizdə qeyri millətlərə nisbətən daha çoxdur. «Köçürmək» əvəzinə «evakuasiya edilmək», «baxış keçirmək» əvəzinə «monitorinq keçirmək», «nüfuz» əvəzinə «pristij» və s. «Ölülər» əsərindəki Şeyx Nəsrullahm dili dediklərimizə sübutdur.
b) Dialektizmlər. Doğrudur, dialektizmlərin hamısı Azərbaycan dili qanunları əsasında yaranmışdır. Amma onların hamısı ədəbi dilə keçə bilməmişdir. Ədəbi dil seçmə və əvəzetmə üsulu ilə yarandığından çoxlu dialektizmlər bu meyardan (seçilmədən) kənarda qalmışdır. Bu səbəbdən də dilektizmlərin çoxu ədəbi dildə anlaşılmır. Prof. H.Ə.Həsənovun fikri ilə tam razılaşmaq olar. O yazır: «Ədəbi nitq dialektizmləri tətbiq edən bədii söz ustaları yaratdıqları obrazların dilində məhəlli elementlərindən istifadə etməkdə məqsədi bir yerdə yaşayan insanların nitq koloritini yaratmaq üçün istifadə edir. Məhəlli
elementlərə o vaxt yol verilir ki, əvvəla, əsərdə bədii məqsəd güdülür. Bu, əsasən, müəllifin nitqinə yox, obrazların nitqinə tətbiq olunur, ikincisi, bədii üslubdan kənar arzu olunmaz elementlər kimi görünür. Göstərilən haldan başqa, onlar müşahidə predmeti olur. Elmi məqalənin izahatında və ya jurnalistin yazısında lüzumsuz, əcnəbi sözlərin işlədilməsi bağışlanılmazdır. Bu barədə görkəmli ədəbiyyatçılar, mədəniyyət xadimləri və ictimai həyatda nüfuzlu elmlərin nümayəndələri dəfələrlə öz etirazlarını bildirmişlər.
Dialektizmlərin ədəbi nitqdə işlədilməsi və tətbiq olunması mümkündür. Azərbaycan həyatını, kəndini təsvir edən, milli kolorit yaradan hər bir yazıçı əsərində dialekt sözlərinə müraciət edir, dialekt leksikası işlədir. Bədii nitqdə dialektizmlərin işlədilməsinə çox ehtiyatla yanaşmaq lazımdır. Şoloxov Şukarya baba və ya Melexovun real obrazını yaradarkən Don kazaklarmm nitqinə müraciət etməsə idi, bəlkə də milli koloritli, yadda qalan obrazlar yarada bilməzdi, çünki, əvvəla, bədii əsərdə yerli sözlər bədii məqsədəuyğunluğun tələbinə görə işlədilir. Bu sözlər müəllif nitqində yox, obrazların nitqində öz əksini tapmışdır. İkincisi, bədii üslubdan kənarda dialektizmlərin işlədilməsi arzu olunmazdır. Çox təəssüf ki, elə ziyalılar var ki, onlar öz nitqlərində əcnəbi sözlərdən, dialektizmlərdən, loru sözlərdən, jarqonlardan bol-bol istifadə edirlər. Belə ziyalıların nitqini «ədəbilikdən uzaq ziyalı nitqi» adlandırmaq olar».
c) Ritorun nitqini korlayan amillərdən biri də adi sözlər əvəzinə terminlər işlətməsidir. Məlumdur ki, terminlər yalnız elmi ədəbi dildə işlədilir, onun mənasını hamı bilmir, terminlər adi danışıqda və ya aid olmadığı elmi mövzuda ağırlıq törədir, nitqi anlaşılmaz edir.
ç) Nitqi zəiflədən, ritoru hörmətdən salan amillərdən biri də onun danışıq prosesində «Tüfeyli» sözlərdən istifadə etməsidir. Belə sözlərə misal olaraq: deməli, demək olar ki, türkün sözü və s. buna bənzər sözləri misal göstərmək olar. Belə sözlərin tez-tez işlədilməsi, ritorun nitqinin keyfiyyətini aşağı salır.

Zənginlik - natiq çıxış etdiyi dilin incəliklərini bilməli, çoxlu söz ehtiyatına malik olmalıdır. Onun nitqində sinonimlər elə işlənməlidir ki, rəngarənglik yaransın, dinləyici yorulmasın. Bu eyni zamanda fikrin daha dəqiq ifadə edilməsinə imkan yaradır. Nitqin zənginliyinin ikinci amili ritorun çıxış etdiyi mövzunu yaxşı bilməsidir. Hər bir natiq əgər 40 dəqiqə çıxış edəcəksə, o həmin mövzuda ən azı 80 dəqiqəlik materiala sahib olmalıdır. Əgər belə olmasa, natiq öz çıxışını uzatmaq məcburiyyətində qalıb, lazımsız sözlər, söz birləşmələri, cümlələr işlədəcək ki, bu da mədəni nitqin ən çatışmayan cəhətlərindən biridir.

Canlılıq — ritorun çıxışının canlı olmasını şərtləndirən cəhətlər hansılardır? Avazın dəyişməsi, nitqin tempinin dəyişməsi, jestlər, mimikalar, nəhayət, müxtəlif işarələrlə dinləyiciləri özünə cəlb etmə qabiliyyəti. Bütün hallarda monotonluqdan qaçmaq lazımdır.
Canlılıq məsələsindən danışarkən nəzərə almaq lazımdır ki, həmişə natiqlə dinləyicilər üz-üzə dayanmır. Məsələn, radioda, televizorda çıxış edən natiq öz nitqini necə canlı etməlidir? Televizorda tamaşaçı bütün jestləri, mimikaları görür, radioda isə bu mümkün deyil. Bu səbəbdən də radio ilə çıxış edən natiqin çıxışında əsas aparıcı onun prosodik vasitələrdən (fonetik imkanlardan) bacarıqla istifadə etməsi olmalıdır.

Ahəngdarlıq - Nitqin ahəngdarlığı ahəng qanununa riayət etmək demək deyil. Doğrudur, ritor bütün çıxışı boyu sözlərinin, söz birləşmələrinin vurğusuna, səslərin uzun və ya qısa tələffüz edilməsinə fikir verməlidir. Bununla belə, ahəngdarlıq dedikdə, nitqdə iki cəhət nəzərə alınmalıdır. Birinci, alçaq tondan başlayıb ucaya doğru getmək; ikinci, faktoloji materialı nitq boyu bərabər paylamaq. Əgər bir natiq əvvəlcə bədii-nağılvari danışıb sonradan bütün cümlələrini faktlar və rəqəmlərlə yükləsə, asana alışmış dinləyicilər faktların çoxluğundan usana bilər. Onda ritor məqsədinə nail ola bilməz.

Sadəlik. Bir həqiqət vardır ki, ən çətin problemi sadə dillə izah etmək olduğu kimi, ən sadə problemi də çətin, mürəkkəb dillə izah etmək olar. Əgər bir natiq özü ilə həmkar olan professional auditoriya qarşısında çıxış edirsə, onda o ən sadə məsələni mürəkkəb üslubda çatdıra bilər. Əgər ritor öz savadlılığını nümayiş etdirmək istəyirsə, bütün sadə fikirləri mürəkkəb cümlələr şəklində, dolayı ifadələrlə dinləyiciyə çatdırmaq istəyirsə, Bəkir Çobanzadə demişkən, belə natiq heç nə əkə bilmədiyi kimi, əkdiyindən də heç nə biçə bilməz.

Dəqiqlik. Bu anlayış bütövlükə mövzuya aiddir. Yəni ritorun mövzusu dəqiq olmalıdır. Bu dəqiqlik anlayışını içərisində konkretlik də özünə yer tapır. Mövzu natiqin özü üçün dəqiq və konkret deyilsə, o nədən danışacağını bilmədiyi kimi necə danışacağını da bilməyəcək. Bu isə son nəticədə sözlərin, bütövlükdə cümlələrin qeyri-dəqiqliyinə gətirib çıxaracaq ki, bu da danışanla dinləyən arasında anlaşmanı pozacaq.
 
 
 
Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.
 

0 şərh