Qrammatik məna, onun ifadə vasitələri. Qrammatik kateqoriyalar

Fikrin reallaşması üçün — dilin ekspressiv funksiyasının həyata keçirilməsi üçün qrammatik mənanın da çox böyük əhəmiyyəti vardır. Əgər leksik məna dilin nominativ funksiyasını realaşdırırsa, qrammatik məna nominativ vahidlərin ekspressiv ifadəlilik sistemində fəaliyyət göstərməsini şərtləndirir. Əgər qrammatik mənalar olmasaydı, sözlər təkcə adlıq səviyyədə işlənər, ünsiyyət yaratmazdı.

«Qrammatik məna» anlayışını geniş şəkildə başa düşmək lazımdır. Bu, birinci növbədə sözün leksik mənası ilə paralel şəkildə işlətdiyimiz və qruplaşma zamanı nəzərə aldığımız mənadır. Məsələn, hər bir əşyanın öz leksik-lüğəvi mənasından başqa, qrammatik mənası da nəzərdə tutulur ki, hansı nitq hissəsinə aiddir. Bundan əlavə, həmin nitq hissəsinin hansı qrammatik əlamətlər və vəziyyətlər qəbul etməsi və edə bilməsi nəzərə alınır. Dildə kitablar, dəftərim, məndən, yaxşıyam və s. kimi sözlər yoxdur. Hər hansı bir dildə anlayışın adı olan kitab, dəftər, mən, yaxşı və s. sözlər vardır. Bu səbəbdən də lüğətlərdə birinciləri axtarmaq olmaz. Çünki lüğətlər qrammatik məna cəhətindən təcrid olunmuş sözləri əhatə edir.

Qrammatik mənaları ifadə etmək üçün hər bir dilin özünəməxsus forma və vasitələri vardır. Hər hansı bir dil özünün qrammatik-tipoloji xüsusiyyətləri ilə başqalarından seçilir. Elə dilin müstəqilliyinin də əsas şərti budur.

Dediyimiz kimi, hər bir dilin qrammatik quruluşu, onun forma və vasitələrinin əsas mənbəyidir. Deməli hər hansı bir dildə müəyyən qrammatik məna yalnız öz qrammatik özülü əsasında ifadə edilir. Buna görə də qrammatik mənaların ifadə formaları müxtəlifdir. Özlüyündə aydındır ki, qohum dillərin qrammatik quruluşu təxminən eyni olduğu üçün onlarda qrammatik mənaların ifadə üsulları da eyni olmalıdır. Məs., türk dillərinin qrammatik kateqoriyaları təxminən eynidir. Əgər müxtəlif sistemli dillərin qrammatik mənalarının ifadə formalarında bir uyğunluq nəzərə çarparsa, bu, tam təsadüf və ya qrammatik təqliddir. Məsələn, Azərbaycan və rus dilləri müxtəlif ailələrə mənsubdur, onların hər ikisində hal kateqoriyası var, hələ sayı da uyğun gəlir. Əlbəttə, bu təsadüfdür. Əgər halların daxili mahiyyətinə nüfuz etsək, aydın olar ki, bu dillərin halları və onların ifadə etdikləri mənalar arasında çoxlu fərq vardır.

Bununla belə, qeyd etmək lazımdır ki, hər hansı bir dildə müəyyən qrammatik kateqoriyanın olub-olmaması və yaxud nüəyyən qrammatik mənanın qrammatik forma və ya başqa vasitələrlə ifadə edilməsi dilin zənginliyinə və kasıblığına, inkişaf etməsinə və geri qalmağına dəlalət etmir.

Əgər rus dilində mənsubiyyət kateqoriyası, fars və fransız dilində hal kateqoriyası, Azərbaycan dilində cins kateqoriyası yoxdursa, bu o demək deyil ki, həmin dillər bu cəhətdən kasıbdır. Dilin inkişaf etməsini onun qrammatik quruluşunda axtarmaq olmaz.

Dünya dillərində qrammatik mənaları ifadə etmək üçün, əsasən, iki üsul vardır: Qrammatik kateqoriyalar. Qrammatik vasitələr.

Qrammatik kateqoriyalar. Qrammatik kateqoriyalar qrammatik mənaların ən geniş yayılmış ifadə formalarından biridir. Qrammatik kateqoriyaların tədqiqi hələ qədim yunan dilçiliyindən başlamışdır. Yunan dilçiliyində qrammatika təmayülünün nümayəndələri — xüsusilə Appolon Diskol və Frakiyalı Dionisi qrammatik kateqoriya anlayışını geniş mənada götürürdülər. Belə ki, bu gün ümumi qrammatik kateqoriya adlandırdığımız, sözlərin leksik qrammatik əlamətlərinə görə ümumi cəhətləri üzrə təsnif olunan qruplar yunan dilçilərinə də məlum idi. Ümumi semantik, morfoloji-sintaktik əlamətlər əsasında birləşən söz qrupları ümumi qrammatik kateqoriya kimi qəbul edilir. Məsələyə bu mövqedən yanaşdıqda yunan dilçiliyi ilə müasir dilçilik arasında fərq görünmür. Lakin xüsusi qrammatik kateqoriya adlanan qrammatik formalar haqqında indi də tam fikir yoxdur. Bu sahədəki fikir ayrılıqlarının şərhinə keçməzdən əvvəl qrammatik kateqoriya və qrammatik forma məsələsini izah etmək lazımdır. Qrammatik forma ilə kateqoriyanı eyniləşdirmək olmaz. Qrammatik formaların məna və əhatə dairəsi daha genişdir. Belə ki, bütün qrammatik kateqoriyalar qrammatik forma olduğu halda, bütün qrammatik formalar qrammatik kateqoriya deyil. Deməli, qrammatik kateqoriyalar qrammatik formanın bir hissəsidir. Belə ki, bütün sözdüzəldici, sözdəyişdirici şəkilçilər qrammatik forma olduğu halda, yalnız forma düzəldən şəkilçilər qrammatik kateqoriya ola bilir.

Dilçilik ədəbiyyatında qrammatik kateqoriyalar müxtəlif cür şərh edilir. A.A.Reformatski qrammatik məna daşıyıcısı olaraq kateqoriya ilə vasitələr arasında kəskin sədd görmür.

Prof. N.N.Məmmədov da «Dilçiliyə giriş»də qrammatik kateqoriyalar haqqında birtərəfli tərif verir. O yazır: «Qramma-tik kateqoriyalar dildə mövcud olan gerçək həqiqətlərlə (?) bağlıdır… Qrammatik kateqoriya dedikdə, həmcins əşya (?) və hadisələrin müəyyən qruplar üzrə toplanması haqqında anlayış nəzərdə tutulur».76

Burada etiraz doğuran nədir? Birinci, dil özü obyektiv gerçəklikdə mövcud deyil. İkinci, həmcins əşya ilə qrammatk kateqoriyanı necə əlaqələndirmək olar? Bundan əlavə prof. N.Məmmədov qrammatik kateqoriyaları növlərə ayırmadan izah edir.

Azərbaycan dilçiliyində prof M.H.Hüseynzadə də qrammatik kateqoriyalardan bəhs etmişdir. O, dildəki qrammatik kateqoriyaları ümumi və xüsusi olaraq iki qrupa bölür. Prof. M.Hüseynzadənin bölgüsündə ümumi dedikdə sözlərin morfoloji, sintaktik, leksik, semantik cəhətlərinə görə ümumi oxşarlığı (nitq hissələri) deyil, yalnız isim kateqoriyaları nəzərdə tutulur. Burada bir həqiqət vardır. Çünki ümumi kateqoriyalar adlandırılan isim kateqoiyaları adlara və substantivləşən bütün sözlərə aid olur.77 Bu meyarla yanaşdıqda cins kateqoriyasını da ümumi hesab etmək olar. Çünki bu kateqoriya adlarda cinsi müəyyənləşdirdiyi kimi fellərdə də müəyyən dərəcədə iştirak edir. Bu kateqoriya Azərbaycan dilində olmadığı üçun M.Hüseynzadə ondan bəhs etməmişdir.

Deməli, ümumi qrammatik kateqoriya dedikdə əksər nitq hissələrini əhatə edənlər nəzərdə tutulduğu kimi, xüsusi qrammatik kateqoriyalar dedikdə də bir nitq hissəsinin xüsusi qrammatik əlaməti nəzərdə tutulur.

Ümumi qrammatik kateqoriyalar bunlardır:

1. Kəmiyyət kateqoriyası.

 2. Xəbərlik kateqoriyası.


Xüsusi qrammatik kateqoriyalar isə bunlardır:

1. Hal kateqoriyası.

2. Mənsubiyyət kateqoriyası.

3. Dərəcə kateqoriyası.

4. İnkarlık kateqoriyası.

 5. Təsirlik kateqoriyası.

6. Növ kateqoriyası.

 

 
Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.

 

 

0 şərh