Qarabağda 19-cu yüzilliyin 2-ci yarısında kənd təsərrüfatı,sənətkarlıq və ticarətin inkişafı

Qarabağ qədimdən təsərrüfatın inkişaf etdiyi bölgələrdən biri olmuşdur. Qarabağ regionu təbii-coğrafi cəhətdən əlverişli ərazidə olduğu üçün kənd təsərrüfatı inkişaf edirdi.
Oturaq əkinçiliklə məşğul olan Qarabağ əhalisi arpa, buğda və darı becərirdi. Buğdanı saxlamaq üçün təsərrüfat quyularından və saxsı küplərdən istifadə edilirdi. Su dəyirmanlarından taxıl məhsullarının emalı üçün geniş istifadə olunurdu.
Qarabağda ucsuz-bucaqsız bağlar var idi. Bu bağlarda hər növ meyvə, xüsusilə əncir, zeytun, yunan qozu, nar, üzüm, alma, ərik və şaftalı yetişdirilirdi. Qarabağda çoxsahəli oturaq əkinçilik ilə bərabər yarımköçəri maldarlıqla da məşğul olurdular. Qarabağın yüksək alp çəmənliyi və çay hövzələri maldarlığın və atçılığın inkişafına mühüm təsir göstərirdi. Burada yerli Qarabağ at cinsi bəslənirdi. Qarabağa aid maddi mədəniyyət nümunələri

Azərbaycanın Qarabağ ərazisində Qarabağ atı adlı cins yaradılmışdır. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir.
Qarabağ ərazisinin üçdə iki hissəsi ovalıqlardan ibarət idi. Bura qədimdən Mil və Qarabağ düzənlikləri adlanırdı. Suvarma üçün çayların suları ilə bərabər yeni çəkilən arxlar və kəhrizlərdən istifadə edilirdi.
Qarabağın şəhərləri sənətkarlıq mərkəzi kimi məşhur idi.
Burada bir çox sənət sahələri geniş yayılmışdı. Zərgərlik, dəmirçilik, daşişləmə və xalçaçılıq həmin sənət sahələrinə daxil idi. Qarabağ xalçaçılığın mərkəzlərindən biri kimi tanınırdı. Qarabağda palaz, kilim və xalça toxuculuğu xüsusi yer tuturdu. Qarabağın xovlu xalçaları naxışlarının incəliyi və rənglərin zənginliyi ilə fərqlənirdi. Qarabağda toxunmuş süjetli kompozisiyalı xovsuz xalçalar Azərbaycan xalçalarının ən gözəl nümunələri idi. Azərbaycan xalçalarının Qarabağ xalça növü bu gün də dünya şöhrətlidir. Bu həmin sənət ənənəsinin öz təsirini saxlaması ilə bağlıdır.
Qarabağ xalçaları öz şöhrətini bu günümüzədək saxlayıb. Qarabağ qrupuna daxil olan Bərdə, Ağcabədi, Cəbrayıl və Şuşa xalçaları adları və naxışları ilə seçilir.
Qarabağda arxeoloji qazıntı işləri zamanı müxtəlif ölkələrin pulları, həmçinin Bərdədə və Şuşada kəsilmiş metal pullar aşkar edilib. Şəhərdə gündəlik tələbat malları və kənd təsərrüfatı məhsullarının ticarəti ilə bağlı bazarlar var idi. Həftənin bir günü fəaliyyət göstərən «həftəbazarı» səciyyəvi hal almışdı. Şəhərlər eyni zamanda sıx ticarət əlaqələrinə malik idi.
Onu da qeyd etmək lazımdır ki, Şimali Azərbaycana öz müstəmləkəsi kimi baxan Rusiya, onun təbii sərvətlərindən xammal kimi istifadə edirdi. Sənaye mallarına tələbatı Rusiya əmtəələri ilə ödəməklə yerli istehsala imkan verilmirdi. Azərbaycan şəhərləri iqtisadi inkişafdan geri qalırdı. Bu zaman şəhərlər nəinki zəifləmiş, hətta bir çoxu şəhər kimi mövcudluğunu itirmək səviyyəsinə enmişdi.


Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: QARABAĞ TARİXİ 7-ci sinif
 

0 şərh