NÜSRƏT KƏSƏMƏNLİ -ÖLDÜRMƏ MƏNİ

 

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.

Ölümüm min yerə yozulacaqdır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni.

Məni öz əlinlə məzara vermə,

Görmək istəmirsən, heç məni görmə,

Sən Allah, bu qədər günaha girmə,

Ümid ver yaşayım, öldürmə məni.

Vallah, əllərimdə qalacaq yaxan,

Bilmirəm bu mənzil uzaqmı, yaxın?

Yaşamaq mənim də haqqımdır axı?!

Ümid ver yaşayım, öldürmə meni…

 

Biz xoşbəxt olmadıq

Biz xoşbəxt olmadıq sevənlər kimi,

İndi son bahartək sızlar qəlbimiz.

Bəlkə bu dünyaya gəlmişik, gülüm,

Artıraq dünyanın həsrətini biz.

Tənə də, giley də daha əbəsdir,

Bu sirli röyadan ayrılaq gərək.

Ya sən gecikmisən, ya mən tələsdim,

İndi sevə-sevə ayrılaq gərək.

Könül gizli-gizli yanacaq indi,

Bir damla göz yaşın dənizdi mənə.

Bizə xatirələr qalacaq indi,

Sənin xatirən də əzizdir mənə.

Bilirəm, bu həsrət üzəcək səni,

Çalış, kölgə kimi sürünməyəsən,

Gözlərim hər zaman gəzəcək səni,

Çalış, gözlərimə görünməyəsən!!!…

 

Ikimizin yerine

Bu sevgidən sən qorxursan eybi yox,

Mən sevərəm ikimizin yerinə.

Bu eşq üçün bir gün dara çəksələr,

Mən gedərəm ikimizin yerinə.

Min əzabdır sənsiz keçən hər günüm,

Unutmuşam yaxşı, yaman fərqini.

Bu sevginin dağ əridən dərdini,

Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,

Mən sənin üçün tanrı yazan şeirəm,

Dodaqların inciməsin deyirəm,-

Mən ölərəm ikimizin yerinə…

Taleyimdə son açılan gülümsən,

Süzüb qara gözlərini gülümsə,

Bu sevginin sonu əğər ölümsə

Mən ölərəm ikimizin yerinə…

 

 

0 şərh