Möcüzə

Möcüzə-Allahın izniylə peyğəmbərin reallaşdırdığı və adi insanlara görə qeyri-mümkün olan əməl və hadisələrdir. Bir peyğəmbərin göstərdiyi möcüzə onun peyğəmbərlik iddiasının dəlili və sübutudur. Möcüzə- inkar edənlərin inadını qırmaq, inananların imanını daha da artırmaq üçündür.

Muhamməd peyğəmbər (s.a.v.) ağacı çağırır, ağac gəlir yanına və ona şəhadət gətirir, daşlar onun əlində dilə gəlir, ay bir barmağının işarətiylə ikiyə parçalanır, barmaqlarının arasından bulaq kimi su fışqırır...Nədənsə bəzi insanlar bu hadisələrin sadəcə əfsanə olduğunu düşünürlər. "Belə şey olar?" deyirlər. Bəyəm möcüzə bizə imkansız kimi gələn şeylərin mümkün olması deyilmi? Möcüzə göstərirəm deyib bir toxum əksəydi, ondan çıxan ağacı göstərsəydi nəvardı ki? Amma bir dəfə çağırmasıyla ağacın ayaq açıb ona tərəf gəlməsi həqiqətən də möcüzədir. Bunlar insanın imkan və qabiliyyətlərini aşan hallardır. Deməli bu möcüzələrin əsl sahibi bir insan deyil, insandan daha böyük bir varlıqdır, insanın da, ağacın da ipləri əlində olan Allahdır.

Möcüzələr peyğəmbərin Allah tərəfindən göndərildiyini və onun haqlı olduğunu təsdiq edən dəlillərdir. Təsəvvür edin ki, sizin xahişinizlə dövlət başçısı uzun illərdən bəri dəyişilməz qalan bir qanunu dəyişsin, yeni qanun imzalasın. Bu, sizin onun yanında çox hörmətli və sözü keçən birisi olduğunuzu təsdiq etməzmi? Eləcə də kainatda min illərlə sabit qalan qayda qanunlar var. Bunlar o qədər stabildir ki, artıq bizim gözümüzdə adiləşib, adət halını alıb. Gözümüzü açandan, ağlımız kəsəndən bilmişik ki, ay ikiyə parçalanmaz, ayın müəyyən bir forması və hərəkət trayektoriyası var ki hər zaman sabitdir. Günəş müəyyən bir vaxtda çıxır, müəyyən bir vaxtda da batır. Bitkilər, heyvanlar, daşlar, dağlar, buludlar...kainatda hər şey sabit qayda-qanunlara riayət edir.

Bu kainatı bir məmləkət, Allahı da bu məmləkətin Sultanı kimi düşünsək, təbiət qanunları da bu dövlətin qayda-qanunlar toplusu olar. Əgər Muhamməd (s.a.v.)in hörmətinə Kainatın Sultanı min illərdən bəri sabit olan qanunlarını dəyişib ayı ikiyə parçalayır, ağacı hərəkətə gətirir, daşları dilə gətirirsə demək ki, Muhamməd (s.a.v.) Allahın yanında çox hörmətli birisidir, Onun elçisidir, nəbisidir, rəsuludur və Onun tərəfindən vəzifələndirilmiş bir şəxsdir. Göstərdiyi bütün möcüzələr də həqiqətən Allahdandır və onun risalətinin təsdiqidir. Bunları düşünə bilən, ağıl sahibi bir insana düşən də tam səmimiyyətlə "...Əşhədu ənnə Muhammədən Rasulullah" deməkdir, vəssalam.
 

2 şərh

məryam

Çox gözeldi. Teşekkürler.

cahandar
Əlhəmdulillah.Təşəkkür