Qəbirdə yaşayan adam


O, artıq 15 ildir ki, qəbristanlıqda yaşayır. Məzarlar məkanı doğma yeri, həmin qəbirlərdən biri isə evidir.Vaxtilə inşaatçı işləmiş 43 yaşlı Bratislav Stoyanoviç evsiz qalandan sonra qəbristanlığa köçüb.
 Dediyinə görə, küçələrlə müqayisədə özünü qəbristanlıqda daha rahat hiss edir.Serbiyanın Niş şəhərinin qəbristanlığında yaşayan Stoyanoviçin «ev»i 100 il əvvəl ölmüş adamın məzarıdır.
Sərdabə-məzarın altındakı beton plitəni sındıraraq orada zağaya bənzər məkan düzəldən Bratislav burada özünü rahat hiss edir.
Zağanın eni 2, hündürlüyü 2 metrdir.«Soyuq havada küçədə yatmaqdansa, burada qalmaq daha yaxşıdır. Çox isti deyil, amma soyuqdan da donmuram. Yaşayıram da özümçün. Zibil qutularını eşələyib yemək və siqaret tapıram, gecələr də burada yatıram. İşsiz və evsiz qalandan sonra buraya gəldim. Qurudur, nisbətən istidir. Əşyalarım, lampam buradadır. Saray deyil, amma mənə yetər», — Bratislav söyləyib.
O, qəbirlərin üstünə qoyulan şamları yığır və axşamlar zağasında yandırır.
Heç zaman daimi iş yeri olmayan Bratislav Stoyanoviç 15 il əvvəl aylarla işsiz qalandan sonra onu kirayə qaldığı evdən qovublar.
Evsiz və işsiz qalan Bratislav da məzarı özünə evi edib.O, çoxlarının düşündüyünün tam əksinə olaraq, qəbristanlığın qorxulu məkan olmadığını deyir."Əvvəllər mən də çox qorxurdum. Gecələr qorxumdan yata bilmirdim. Amma indi ölülərlə müqayisədə dirilərdən daha çox qorxuram. Ölü adama heç nə etmir — diridən fərqli olaraq. Hər dəfə zağamdan, yəni evimdən çölə çıxmazdan əvvəl başımı çıxarıb ehtiyatla ətrafa baxıram. Çünki məzardan çıxmağımı kimsə görsə, dəhşətə düşər, qorxar. Mən də kimsəni qorxutmaq istəmirəm. İnsanlar sağ olsun, hərdən mənə yemək, siqaret verirlər", — əlindəki şamın alovu ilə yandırdığı siqaretindən bir qullab vuran Bratislav söyləyir.
Onun sözlərinə görə, ölülər artıq öldüyündən qorxulu deyil. Üstəlik, Bratislav ölərsə, dəfn xərclərinə ehtiyac olmadığını deyir: «Elə məzardayam da! Çıxarıb bir də basdırası deyillər ki».
 

3 şərh

babayeva_sabina

yəni ona  heç kimin rəhmi gəlmir

dəhşətdi

oxuyanda çox təsirləndim

asel
Şəraitsizlik insanı nələrə vadar edir.