Stiv Gudyer Hekayə


Hovard yoxsul bir ailənin uşağıydı. Yoxsulluğun ağrı - acısından qurtarmaq üçün qapı-qapı düşüb xırdavat satırdı. Həm özünü, həm də ailəsini öz qazancı ilə saxlayırdı.

O gün heç nə sata bilməmişdi, üstəlik də çox ac idi. Bundan sonra döyəcəyi ilk qapıdan yeməyə bir şey istəyəcəyinə qərar verdi. 
Qapını açan gənc və yaraşıqlı qadını görəndə utandı. Yeməyə bir şey istəmək əvəzinə dili topuq çaldı:
- Bağışlayın, bir stəkan su verə bilərsiniz?

Gənc xanım uşağın ac ola biləcəyini düşünüb böyük bir stəkanda süd gətirdi. Uşaq südü yavaş-yavaş, qısa udumlarla içib süd qabını xanıma qaytardı:
-Borcum nə qədər olacaq?
Xanım gülümsəyib cavab verdi:
-Sənin mənə borcun yoxdur. Anam bizlərə göstərdiyimiz şəfqət və mərhəmətə görə qarşılıq gözləməməyi öyrədib.

Uşaq bir daha təşəkkür etdi:
-Hər şeyə görə çox sağ olun. Sizə səmimi- qəlbdən təşəkkür edirəm!

Hovard Kelli o evin önündən ayrılanda özünü həm cismani, həm də ruhi cəhətdən rahat və güclü hiss edirdi.

Artıq illər keçmiş, tanıdığımız gənc qadın çox az təsadüf edilən bir xəstəliyə tutulmuşdu. Qəsəbə həkimləri çarəsiz qalıb, xanımı böyük şəhərlərin birinə müayinəyə və müalicəyə göndərmişdilər.

Həkim Hovard Kelli konsultasiya üçün çağırdığı xəstənin hansı qəsəbədən gəldiyini eşidəndə həyəcanlandı. Əvvəlki qədər gənc və gözəl olmasa da qadını görən kimi tanımışdı və onun yaşaması üçün əlindən gələni edəcəkdi. Ona da bu cür öyrətmişdilər. Şəfqətli və nəzakətli olacaqdı.

Uzun sürən müalicədən sonra xəstə sağalmışdı. Həkim Kelli məbləğ yazılmaq üçün qabağına qoyulan qəbzə fikirli-fikirli baxdı, birdən sanki yeni bir şey kəşf etmiş kimi sevindi. Qəbzi bir zərfə qoymamışdan öncə, bəzi şeylər yazdı və qadının palatasına göndərdi. Xanım əlləri titrəyə-titrəyə zərfi əlinə aldı. Açmağa qorxurdu... Xəstəxananın borcunu ödəyə bilməyəcəyini bilirdi. Onu da bilirdi ki, həyatının qalan hissəsini çalışıb ancaq bu borcları ödəyə bilər. Qarmaqarışıq fikirlər içində zərfi açdı. Qəbzə yapışdırılmış bir vərəq diqqətini cəlb elədi. Vərəqin üstünə aşağıdakı sözlər yazılmışdı:

"Bütün xəstəxana məsrəfləriniz qarşılığı bir stəkan südlə ödənilmişdir".

 

1 şərh

_BUMERANQ_
Heç kəs unudulmur! Heç nə yaddan çıxmır!