Bakıya bugün yağış yağıb

Hər şey həmişə olduğu kimi idi. Yağışın damcıları pəncərədə görünürdü, bu mənzərəni hər zaman sevmişəm. Yerimdən qalxıb dərhal eyvana qaçdım. Saat 5:00 olardı. Prospektin görünüşü: Qara asfalt yağışdan biraz da tündləşmişdi. Sarı işıqlar isə təkcə küçəyə yox həm də duyğularıma işıq salırdı. İçimnən hamını və hər şeyi sevmək keçirdi. Bakıya bu gün yağış yağıb. Yarpaqlar üzərində kiçik gölməçələr sərçələr üçün böyük bir hədiyyə idi. Sərçələr heç vaxt Vətəni tərk etmir, Təbiət də onları bu cür xırda gözəlliklərlə sevindirir. Dərindən nəfəs aldım. Sanki ilk dəfə nəfəs alırdım. Çətinlikləri görmüş hüceyrələrim məhv olur, sevgi oduyla alışanları isə yenicə doğulurdu. Əynimə qalın bir şey atıb gəzməyə çıxdım. Bu küçənin doğmalığını hər addımda hiss edirdim. Yol boş olsa da, ürəyim doluydu və hər addımı atdıqca sanki sənə yaxınlaşırdım, nə qədər uzaqda olduğunu dərk etsəm də Uzaqdan eyvanımıza baxdım, qaranlıq idi, hamı yatırdı. Küçədən keçənlər isə mənə fikir vermirdilər. Hər halda ya sərxoş idilər ya da fikirli. Mən də fikirliydim, daim səni düşünürdüm. Biraz keçdikdən sonra isə bir qəribəlik fikrimi səndən ayırdı. Bakıya yağış yağırdı. Amma damcılar nədənsə mənə toxunmurdu, həyəcanlandım və biraz qorxdum. Yerdəki gölməçədə əksimi görməyəndə isə nə hiss etdiyimi belə anlamadım. Hər şey mənə bir səsdən sonra aydın oldu: BÖLÜK QALXXX ! Ehh... Bu yuxu imiş.. Axşam xəbərlərdə eşitmişdim ki, Bakıya bu gün yağış yağıb. Özüm bacarmasam da, ruhum Bakının yağışına olan sevgisinə sadiq qaldı. Səhər isə ruhum mənə pıçıldadı: Bakıda artıq yarpaqlar saralmağa başlayıb, yaşıllaşanda sən də evdə olacaqsan.