Şərəf və ləyaqətin alçaldılmasına görə qanunla hansı cəzalar nəzərdə tutulub?

Konstitusiya ali qanun hesab olunur. Onda hüququn ən ümumi, prinsipal müddəaları öz əksini tapır. Azərbaycan Respublikasının Konstitusiyasında şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit edilmişdir. Bu hüquq BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbitini tapmış müddəalarda da qeyd olunur. Bu hüququn əhatə dairəsi kifayət qədər genişdir, müdafiəsi üsulları bir sıra qanunvericilik aktlarında müəyyən edilir. Müdafiə üsullarından əvvəl şərəf, ləyaqət və işgüzar nüfuz anlayışlarına verək.


Şərəf, ləyaqət və işgüzar nüfuz dedikdə nə başa düşülür?

şərəf dedikdə hər hansı bir şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət;
ləyaqət dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət;
nüfuz dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.
Bu anlayışların izahı Ali Məhkəmə Plenumunun qərarında öz əksini tapmışdır.

Bəs şərəf və ləyaqətin müdafiəsi hüququ nəyi əhatə edir?

Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz (Konstitusiyanın 46-cı maddəsi). İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafıə olunur.

Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır (Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi).

Bütün insanlar azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar. Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var. Hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında hər bir ölkənin qurumuna və ehtiyatlarına uyğun olaraq ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var (BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi).

Hər kəsin şəxsi toxunulmazlıq hüququ, vicdan azadlığı, fikir və söz azadlığı, məlumat azadlığı vardır və bütün bu konstitusion hüquqlar şərəf və ləyaqətin müdafiəsi hüququ ilə sıx bağlıdır. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Lakin bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər.

Şərəf və ləyaqətlə bağlı hüquq pozuntusu törədən şəxslərin cəlb olunduğu məsuliyyətin növü və həcmi hüquq pozuntusunun xarakteri ilə bilavsasitə bağlıdır.

Şərəf və ləyaqətin açaldılması ilə bağlı tətbiq edilən hüquqi tədbirlər qanunvericilikdə öz əksini necə tapır?

Mülki Məcəlləyə uyğun olaraq, başqalarının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, onun şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməzsə, hüquqları pozulmuş şəxs həmin məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər.

Şəxsin şərəf və ləyaqətinin alçaldılması ona mənəvi zərər vurmaq deməkdir. Ali Məhkəmə Plenumunun qərarında mənəvi zərərin anlayışı və mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi praktikası ilə bağlı məsələlər öz əksini tapmışdır.

Mənəvi zərər nədir?

“Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

Zərərçəkən şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

Bu məsələ cinayət qanunvericiliyi ilə də tənzimlənir. Belə ki, Cinayət Məcəlləsinin 19-cu fəsli “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” adlanır. Böhtan, təhqir, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə bu qəbildən olan cinayətlərdir.

Böhtan nədir?

Böhtan yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma deməkdir. Böhtan 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (CM-in 147-ci maddəsi).

Təhqir nədir?

Təhqir kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (CM-in 148-ci maddəsi).

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə ilə bağlı hansı məsuliyyət nəzərdə tutulmuşdur?

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə – 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. (CM-in 148-1-ci maddəsi).

Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Bu, insanın şərəf və ləyaqətinə qəsd etmək kimi baxılır. “Əhalinin sağlamlığın qorunması haqqında” Qanuna əsasən, tutulmuş, həbs edilmiş, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin hər hansı biotibbi tədqiqata cəlb edilməsi qadağandır. Tibbi müdaxilə xəstənin vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda həyata keçirilir. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatın aparılması cinayət məsuliyyətinə səbəb olur.

Hər kəs şərəf və ləyaqətinin alçaldılması halı ilə rastlaşdığı zaman məhkəməyə müraciət edə bilər.
 

0 şərh