Cənnəti dadmaq istəyənlər üçün

Tanqo sözü latın dilindəki “tangere” sözündən götürülüb. Sözün mənası “toxunuş” deməkdir.  Rəqs kimi təxminən 1890-cı illərdə Uruqvayla Argentinanın sərhədində yerləşən Rio de la Plata ərazisində formalaşıb. Avropa və Afrika mədəniyyətinin vəhdətindən yaranan Tanqo sonradan dünyanan bütün yerlərinə yayılır.

Tanqo özündə sevgini, şəhvəti, qüssəni, həyəcanı, ağrını, azadlığı və birgəliyi ehtiva edir. Əbəs yerə demirlər ki, “Tanqo hisslərin rəqsidir”.  Tanqo sevgidir. O, sadəcə rəqs və ardıcıl xareoqrafiya elementlərindən ibarət hərəkətlər toplusu deyil. Tanqo iki ruhun, iki qəlbin, iki bədənin çılğın və məsum söhbətidir. O, improvizasiyadır. Tanqdoda hərəkətlərə, addımlara tabe olmaq mümkün deyil. Tanqoda idarə edən hisslərdir, siz sadəcə onu izləyirsiniz. El Flaco Dany Garcia deyir: “Tanqoda musiqi qulaqlarımdan daxil olur, ürəyimin süzgəcindən keçir və daha sonra ayaqlarımla ətrafa yayılır”.

Tanqo həssaslıq və hissərin qovuşmasıdır. Əgər siz onu hiss etməsəniz, onda bu gimnastikadan başqa bir şey olmayacaq.

Əsl rəqqas musiqini dinləyir, onu hiss edir. Hərəkətlərin gedişi və ardıcılığı onu maraqlandırmır. Buna görə də onları rəssam adlandırırlar. Onlar rəsmlərini ayaqları ilə çəkirlər.

Tanqo həzin və ehtiraslı yerişdir. O, qeyri-mümkünü mümkün edən vasitədir.Əgər kişi partnyor düzgün yeriyirsə onda qadın onun qolları arasında ölür.  

Karlos Qavito: “Kim deyir ki, əgər argentinalı deyilsənsə tanqonu oynaya bilməzsən, onlar yanılırlar. Tanqo immiqrant musiqisidir, mədəniyyətlərin kombinasiyasıdır,  onun milliyyəti yoxdur. Passportu isə hisslərdir”

Tanqo elə bir möcüzədir ki, onda iki şəxs vahid bir bədən kimi rəqs edir.

Eduardo Arkimba: “İnsanlar Tanqonun müxtəlif növləri barədə danışırlar. Amma unudurlar ki, Yer üzündə yalnız bir Tanqo mövcuddur, o, istənilən mühitə və şərtlərə uyğunlaşır”

Tanqoda əsas rol kişilərin üzərinə düşür. Rəqsi onlar idarə edir, qadınsa sadəcə onu izləyir. Əsl rəqqas tanqoda qadına şahzadə kimi davranmalıdır. Ümumiyyətlə tanqo eqonu, özünəpərəstişi sevmir. Bu rəqsdə kişi partnyor özünü unudur, musiqidən və ağuşunda əriyən qadının zərifliyindən zövq alır. Tanqonu cilalayan kişidir, ona görə də rəqs zamanı qadının qeyri-profesionallığı o qədər də nəzərə çarpmır.

Tanqo emosiya və hisslərin vəhdətindən ibarətdir. Rəqs zamanı gözlər vacib duyğu orqanı kimi öz əhəmiyyətini itirir və başlıca rol ayaqlara, əllərə keçir. Buna görə də görmə qüsuru olan insanlar da bu rəqsin öhdəsindən eyni məharətlə gələ bilərlər. Tanqonn orijinallığı ondadır ki, o kütəyə xitab etmir. Qadınla kişi bu rəqsi özlərinə həsr edirlər, qarşılıqlı təmasdan və hərarətli baxışlardan zövq alaraq bu incəsənət şedevrini əbədiləşdirirlər.

Tanqonu ifa etmək üçün professional olmaq şərt deyil. Bunun üçün sevgi, çılğınlıq və emosiya da bəs edər. Hər bir cütlük heç olmasa həyatında bir dəfə də olsa bu duyğuların simfoniyasından həzz almalıdır. Əgər çütlük kimi bir-birinizi sevindirmək, sevginizi göstərmək istəyirsinizsə o zaman rəqs edin. Tanqo bir sevgiliyə bağışlana biləcək ən böyük hədiyyədir. Onun bəxş etdiyi hissləri və dəyəri heç bir əlavə söz, nəvaziş əvəz edə bilməz.

Tanqo ruhumuzla yanaşı əsəb sistemimizi də qidalandırır, müalicə edir. Onunla professional məşğul olanlar, Tanqoya peşə kimi deyil, həyat tərzi kimi yanaşırlar. Dünyanın ən məhşur tanqo musiqi ifaçıları və bəstəkarları arasında Karlos Akunya, Nestor Fabian, Karlos Kardel, Xulio Sosanın adını çəkmək olar.

Bugünə qədər janrından asılı olmayaraq yüzlərlə filmə romantik tanqo səhnələri əlavə edilib (“Şindlerin siyahısı”, “Zorro maskası”,” Evita”, “Çikaqo” və s.). Lakin “Qadın ətri” filmində Al Paçino dahilik nümayiş etdirib. Şübhəsiz ki, bundan sonra heç bir filmdə onun ifasını təkrarlayacaq növbəti bir şahanə Tanqo epizodu olmayacaq.

 

 

Müəllif: Ülkər Qurbanova

 

0 şərh