"Bir kərə yüksələn bayraq, bir daha enməz!" - "Məhəmməd Əmin Rəsulzadə"

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr — şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub. 

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi.

1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. İlk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu. 1920-1921-ci illər ərzində Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı.

1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı «AİŞC» və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdir. Azərbaycan SSR-in bayrağının RSFSR-in (Rusiya Sovet Sosialist Federativ Sosialist Respublikası) bayrağından fərqi onda idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-ində isə yaşıl verilmişdi. 1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb əlifbası idi, odur ki, «AİŞC.” abreviaturası da ərəb əlifbası ilə türk dilində verilirdi. Azərbaycan SSR-in 1921-1922-ci illərdəki bayrağı. 

1922-c i ilin dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi. Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni „A.S.S.R“ abreviaturası, həm latın, həm ərəb əlifbası ilə verildi. Azərbaycan SSR-in 1922-24-cü illər ərzində dalğalanan bayrağı. 

1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi. Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. „AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə “A.İ.Ş.C» yazısı verilib. Azərbaycan Sovet Sosialist Respublikasının 1924-1930-cu illər bayrağı.  20-ci illərin axırında rus dilindəki «социалистическая» sözü əvvəlki tək «ictimai» kimi deyil, «sosialist» kimi tərcümə edilməyə başlanıldı. Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. 1930-cu ildən başlayaraq, Azərbaycan SSR-in bayrağı üzərində «ASSR» abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı. Azərbaycan Sovet Sosialist Respublikasının 1930-1937-ci illər bayrağı. 



1937-c i il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində «Az SSR» sözləri yazılmış qırmızı qumaşdan ibarətdir. Azərbaycan SSR-in 1937-1940-cı illər ərzindəki bayrağı. Bayraqdakı təsvirlər latın qrafikası ilə göstərilib.   

 1939-cu il 11 iyul tarixdə qəbul edilmiş «Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi» haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində «Az. SSR» abreviaturası yeni əlifba ilə təsvir edildi. Azərbaycan SSR-in 1940-1952-ci illər ərzindəki bayrağı.  

   Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru K.M. Kazımzadənin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi: «Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir. Azərbaycan SSR-in 1952-1991-ci ilə kimi mövcud olmuş bayraq.   1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb. 
Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə görə, bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. İlk Dövlət Bayrağı Günü 2010-cu ilin noyabrın 9-da qeyd olunub.
  Mənbə:www.azerbaijans.com 

0 şərh