Həcc-Müqəddəs Torpaqlar

İslamın bütün ibadətləri kimi həcc də dərin hikmət və fəzilətləri əhatə etdirir. Bu ibadəti edəcək şəxslər üçün əsl lazım olan bunları bilməkdir. Çünki həccin zahiri hökm və üsullarını fiqh kitablarından öyrənmək mümkündür. Ancaq onun məna və hikmətlərini dərk etmək hər hacıya müyəssər olmur.

Bu yöndə mömin qardaşlarımızı məlumatlandırmaq üçün böyük İslam mütəfəkkiri Əli Şəriətinin "Həcc" adlı kitabından əhəmiyyətli yerləri nəzərlərinizə çatdıracam. Müəllif kitabında bəzi yerlərdə təmsil, təşbih (oxşatma, bənzətmə) ifadə edən cümlələrdən istifadə etmişdir. Allahla qarşılaşmaq, Allahı görmək, həcci bir tamaşaya bənzətmək kimi. Oxuculardan bunu nəzərə almalarını xahiş edirik.

Həcc təcrübəsi mənə nələr öyrətdi? Şəxs əvvəlcə "həcc nə deməkdir?" deyə sual verməlidir. Həcc təməldə şəxsin Allaha doğru yüksəlməsidir. Adəmin yaradılış fəlsəfəsinin simvolik bir tamaşasıdır. Bir az da açıqlayacaq olsaq həcc ibadəti bir çox şeyin eyni anda nümayiş etdirilməsidir, bir "yaradılış tamaşası", bir "tarix tamaşası", "birlik tamaşası", "İslami nizam tamaşası" və bir "ümmət tamaşa"sıdır. Bu tamaşada bu ünsürlər vardır: Allah bu səhnənin yönəticisidir. Rol alan şəxslərin hərəkətləri tamaşanın motividir. Adəm, İbrahim, Həcər və şeytan bu tamaşada əsas rollardır. Səhnələr Məscidülhəram, əl-Haram bölgəsi, Səfa və Mərva təpələriarası, Ərəfat, Məş'ər və Minadır. Əhəmiyyətli simvollar Kəbə, Səfa, Mərva, gündüz, gecə, günün işığı, günəşin batması və qurbandır. Səhnə geyimi və qrim ehram, həlq və təqsirdir (saçın qırxdırılması və kəsilməsi). Sonda bu tamaşadakı rolların tək bir oyunçusu var: Sən!

Kişi və qadın, gənc və ya qoca, qara və ya ağ kim olursan ol, bu tamaşanın ən mühüm xüsusiyyəti sənsən. Allahla şeytan arasındakı qarşılaşmada Adəm, İbrahim və Həcərin rolu sənin tərəfindən oynanılır. Qısacası sən fərd olaraq "tamaşa"nın qəhrəmanısan.

Hər il dünyanın dörd bir tərəfindən gələn müsəlmanlar bu böyük "tamaşa"da yer almağa təşviq edilirlər. Hər kəs burada bərabər qəbul edilir. Heç bir irq, cins və sosial status ayrı-seçkiliyi qoyulmaz. İslamın hökmüncə ümum bir, bir də ümumdur.

Bir şəxsi öldürən bütün insanlığı öldürmüş kimidir. Bir şəxsə həyat verən də bütün insanlığa həyat verən kimidir (əl-Maidə 32).

Bəli, İslam düşmənləri İslama qarşı başlatdıqları hücumlan davam etdirirlər. İslamın insanı ona xas haqq və dəyərlərlə təchiz edilmiş bir fərd olaraq qəbul etdiyini inkar edərək hücum edirlər Bu şəraitdə həcc məfhumu da az əhəmiyyətli olan ibadət səviyyəsinə endirilmişdir (Müəllifin bu sözü bu gün də keçərlidir. Belə ki, İslamı anlamayanların və ya müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq istəyənlərin "həcc nəyə lazımdır, ondansa burada bir acın qanını doydur" sözlərini bu gün də eşidə bilərik Unutmamalıyıq ki, insanlara xərcləmək, sədəqə vermək savab əməldir. Ancaq bu, Allahın hər hansı bir hökmünün aradan qaldırılması ilə olmamalıdır - R. Vəkilov).
Mən həcdən nə öyrəndim? (Burada "mən" mənaca çox "kiçik", "həcc" isə çox "böyük"dür). Bı hadisədə nəyi nə qədər görə bildim? Oxuyacağımız sətirlər bu suallara cavab vermək üçün etdiyim aciz cəhdlərin məhsuludur. Məqsədim heç də oxuyucuya həcc boyunca nələr edilməsinin gərəkdiyini anlatmaq deyildir. Bunlar fiqh kitablarından da öyrənilə bilər. Ancaq oxuyucularla paylaşmaq istədiyin həcc boyunca məndə olan hisslər və bu həcdən anladıqlarımdır. Fikrimcə mənim bu hisslərim həcc ibadətinin müsəlmanlara nə üçün fərz olduğunu anlamağınıza yardım edəcək və ya ən azından həcc üzərində düşünməyə sövq edəcəkdir.

Həcc haram aylardan olan Zülhiccə ayında edilir. Məkkə torpağı asudəlik və mənəvi sakitliklə doludur. Bu səhra qorxu nifrət və müharibənin yerinə sülh və təhlükəsizliklə tanınır. Burada xalqın Allahla qarşılaşmağa sərbəst olduğu bir ibadət havası hakimdir.

"İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər" (əl-Həcc, 27). Sən ey palçıq, Allahın ruhunu axtar və onun ardınca get! Dəvətini qəbul et. Onu "görmək" üçün evini tərk et. O, səni gözləyir. İnsan varlığında qayə Allahın ruhuna yaxınlaşmaq olmadıqca cəfəngiyyatdan başqa bir şey deyil. Sən, səni Allahdan uzaqlaşdıran ehtiyaclarından və doymaq bilməyən arzularından sıyrıl. Həccə gedən sonsuz insan köçünə qarış, Qadir Allahı "gör".

Həcc üçün evindən çıxmadan öncə bütün borcların ödənməlidir. Yaxınlarına və dostlarına duyduğun bütün nifrət, kin və hirs yox olmalıdır. İçində bir arzu doğmalı! Bütün bu jestlər bir gün hamının başına gələcək ölümə hazırlanma sınağıdır. Bu hərəkətlər həm şəxsin vicdanı həm də malı baxımından təmizlənməsinin zəmanətidir. Vidanın son anları və insanın gələcəyi simvolizə edilir.

Artıq sonsuzluğa qatılmaq üçün azadsan. "Gözün, qulağın və qəlbin əməllərinə ən yaxşı şahidlər olduğu" o gün, Allahın məhkəməsində "heç bir şey edə bilməyəcəyin" yenidən diriliş günündə bütün əzaların etdiyin əməllərə görə cavab verəcəkdir (əl-İsra, 36).

Sən və bədəninin hər bir əzası əməllərinizdən məsulsunuz. Bu "əməl diyarında" ikən "hesab diyarına" hazırlaş. Ölmədən əvvəl ölümü hiss et. Həccə get. Həcc əzəli və əbədi, tayı və oxşarı olmayan, Hakimi-Mütləq olan Allaha dönüşü təmsil edir. Ona dönüş mükəmməlliyə, gözəlliyə, bilgiyə, qüvvətə, həqiqətə tərəf qərarlı bir hərəkətin rəmzidir. Sən bu sonsuzluğa gedən yolunda Allaha heç zaman yaxınlaşmayacaqsan. O, səni doğru yola yönəldəndir, sənin çatacağın deyildir.

Ey insan! Bütün mələklər sənə səcdə etdi. Halın bu ikən zamanla və sosial təsirlərlə çox dəyişdin. Allahdan başqa digər bir kimsəyə ibadət etməmək üzrə verdiyin sözə əməl etmədin. Əksinə, bəzisi insanlardan olan tağutların köləsi oldun.
"Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!" (əl-Qəmər, 54-55).

İndi başqalarına itaət, özünə bağlılıq, zülm, cəhalət, məqsədsizlik, qorxaqlıq, tənbəllik kimi keyfiyyətlər sənin xislətinə çevrildi. Bu həyat sənə heyvani xüsusiyyətləri qazandırdı. Artıq, sən bir "canavar", "tülkü", "siçan" və ya bir "qoyun" kimisən (Burada canavar insanlardakı despotizm və yırtıcılıq istəyinin (fironluğun), tülkü hiyləgərliyin, siçan xəsisliyin, qoyun isə zülmə boyun əymənin rəmzidir - R. Vakilov).

Ey insan! Mənşəyinə dön. Həccə get və səni ən yaxşı məxluq olaraq yaradan ən yaxşı Dostu ziyarət et. O, səni görmək üçün gözləyir. Qüvvət saraylarını, sərvət xəzinələrini və sapdırıcı məbədləri tərk et. Çobanı qurd olan bu sürüdən ayrıl. Allahın evini və ya insanların evini görməyə gedən Miqatdakı topluluğa qatıl.

 

 

0 şərh