DOĞRULUN, DURULUN, HƏZƏRAT!

     Çörək… Nemətlərin ən şirini… Hər xalqın, hər millətin özünəməxsus zəngin mətbəxində əvəzsiz yer tutan süfrələrin tacı.
     Çörək… Yaradanın Adəmdən Xatəmə insan oğluna cəzası...

     Yox, mən nə Amerika açmaq fikrindəyəm, nə də bu gözəl nemətdən ziyadə bəlağətli cümlələrlə danışmaq. Buna ehtiyac da yoxdur.


       Bildiyim, gördüyüm odur ki, bir tikə çörək çox “ac”ı “qılınca” çapdırır. 
      Bir tikə çörək milyonları qəriblikdə əsir-yesir edir. Bir tikə çörək, illərlə inandığım:“Burda çörək tapmısan,
Bəs səadət, bəs Vətən?”-- həqiqətinin sərhəddən kənarda pafosdan başqa bir nəsnə olmadığı qənaətini möhkəmləndirir.
       Vətən… Kiminə baş tacı, kiminə pul kisəsi.
       Vətən… Doğmalara yad olan, gəlmələrə isti qucaq açan ögey ana. Üstü — ahı yerdə qalan şəhid qanına bulaşan, alnında Xocalı boyda xəcalət təri olan yazıq Ana. Qeyrətli oğulları qolları bağlı, çarəsiz… Çarə edə biləcək oğulları isə özlərini, Vətənin dərdlərinə Əbabil quşlarının düşmənin başına daş salmaqla xilas ediləcəyinə inanacaq qədər ifrata uymuş halda.
        Azərbaycanlı immiqrantlar deyiləndə, öncə, ucsuz-bucaqsız Rus torpaqlarına dağılan milyonlarla Vətən övladı yada düşür. Onların içində uğurlu bizneslə ucalanı da, dövlət idarələrində yüksək postlar tutanı da var, əyyaşığa qurşanıb ömrünü puç edəni də. “Vətən” deyib, ürəyi Ana üçün darıxanı da var, nəinki Vətəni, — Anasını, — həyata gətirdiyi doğma balasını belə xatırlamayanı da...
Milli Kimliyini unudanlar da az deyil. Çünki, əsas olan “dolu portmanatdır”. Bu portmanatı şişirdən əskinaslar düşmənlə iş birliklərindən gəlsə belə… Dəfələrlə müxtəlif səviyyələrdə söhbətlər qaldırılıb və nankor qonşularımızın Qafqazın ortaq mədəniyyəti olan zəngin musiqi incənətini və mətbəx vərdişlərini öz adlarına çıxmaları tənqid olunub. Amma bir də bu işdə erməninin dəyirmanına, adı “azərbaycanlı” olan bədbəxtlərimiz su tökürsə...
Dərinə getməyim… Çünki məsuliyyətini daşıdığım ailəm var. Bu ailənin, oxuduqları Rus məktəbində keçirilən tədbirlərdə qalib gəlib, Azərbaycan bayrağını fəxrlə başı üstünə qaldıran balaca üzvləri var.
       ....amma yenə də… Mənim ürəyimdə qalınca bəzi ” Vətən oğullarının” qulağında qalsın...
       Doğrulmaq, Durulmaq Və Ayineyi- İskəndərə baxmaq vaxtıdır, Həzərat! İgidliyi Daşaltıda qalan, namusuna Xocalı boyda ləkə sürülən, vicdanına Şuşa, Laçın, Kəlbəcər… boyda xal düşən, var-dövlətini ingilis və türk sovuran Azərbaycan kişisinin təmiz adını qaytarmaq vaxtı keçir!!!
       S.A. (Söz ardı). Əlini çörəyə uzadanda 7 yaşlı oğlan yuxanın üstündəki yazını oxuyub qəfil qışqırdı:
        — Nə? Siz erməni yuxası almısınız? Mən “armyanski lavaş” yeməyəcəm.
       Sükut çökdü. Hikkədən uşağın gözləri dolmuş, boyun damarları çıxmışdı. Uzun müddət gözünü pəncərədən dikdiyi qara buluddan çəkməyən atası yaşarmış gözünü silib:

        — Çörəyini ye, oğlum. Yuxanı Pənah əminin (ad şərtidir) çörək sexində, azərbaycanlılar bişirirlər. Ermənilərin sexində bişirilən çörəyin üstündə “Kavkazskiy lavaş” yazılır bala — deyə dərindən köks ötürdü: ---Bizimkilər daha çox pul qazanmaq üçün adını “Armyanski lavaş” yazırlar. Qurban olsun, bu, adını “azərbaycanlı” qoyanlar səndəki qeyrətə!

      Günay Səma Şirvan      dayaq.org

 

0 şərh