Uşaqlarda boy artımına səbəb olan amillər

Boy fiziki inkişafın ən vacib göstəricilərindən biridir. İdeal boya sahib olmaq hər kəsin arzusudur.
Həkimlərin dediyinə görə, boy problemi uşaq yaşlarından başlayaraq özünü göstərməyə başlayır. Boy artımı üçün vitamin və minerallarla zəngin qidalara üstünlük vermək, mütəmadi olaraq idmanla məşğul olmaq əsas şərtdir. Boy artımının ləngiməsinə genetik faktorlarla yanaşı düzgün qidalanmamaq, fiziki hərəkətsizlik, kəllə-beyin travmaları və xroniki xəstəliklər səbəb olur. Eyni zamanda, orqanizmdə hormon çatışmazlığı da fiziki inkişafa mane olan amillərdəndir. Həkimlərin dediyinə görə, boy artımının ləngiməsi 2-5 yaşarası aşkar edilir, ona görə valideynlər uşaqları mütəmadi olaraq müayinədən keçirməli və qidalanmasına xüsusi diqqət yetirməlidirlər.
Uşaqlarda boy artımına səbəb olan amillər
Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova bildirib ki, uşağın fiziki inkişafına təsir göstərən amillərdən biri də yuxu rejimidir. “İlk növbədə, uşağın düzgün qidalanmaması, ikincisi, uşağın normal rejiminin olmaması çox əhəmiyyətli məsələdir. Təəssüflər olsun ki, uşaqlar çox gec saatlarda yatırlar. Halbuki uşağın boyunun normal olması üçün onun axşam maksimum 11-in yarısından sonra yuxuya getməsi lazımdır, çünki boyun artımına təsir göstərən hormonlar gecə saat 11-in yarısı ilə gecə saat 3-dək daha çox sintez edildiyinə görə həmin vaxt yuxuda olmayan uşaqda boy artımına səbəb olan hormona qarşı çatışmazlıq yaranır və onlar boy problemi ilə üzləşirlər. Düzgün qidalanmayan, normal qaydada vitamin və mikroelementlər qəbul etməyən uşaqlarda da boy qısalığı halı müşahidə olunur”.
Müsahibimiz qeyd edib ki, ana südü də boy artımı üçün vacib faktordur. Bununla yanaşı, uşağın gün ərzində ən azı 1 saat açıq havada gəzməsi lazımdır: “Boya təsir göstərən əsas faktor yay fəslində günəş şüalarıdır. Günəş şüalarının təsirindən uşaqlarda sintez olunan D vitamini boy artımında əhəmiyyətli rol oynayır. Ona görə də valideynlər səhər saat 11, uzağı 12-yə qədər, axşam saat 5-dən sonra mütləq uşağın günəş suları almasını təmin etməlidirlər. Uşağın gələcəkdə boyunun uzun olmasını istəyən analar onu ilk iki ilində ana südü ilə qidalandırmağa çalışmalıdırlar, çünki ana südünün tərkibində boyun artmasına kömək edən elementlər var. Xüsusilə də 1 yaşına çatmamış uşaqlar ilk ayda mütləq həkim nəzarətində saxlanılmalıdır. Bununla yanaşı, uşaqda qalxanabənzər vəzi problemi olduqda onu mütləq şəkildə aradan qaldırmaq lazımdır, çünki bu problem təkcə boy ləngiməsinə yox, həm də yaddaşsızlığa səbəb olur”.
 
Uşağın boy artımını ləngidən xəstəliklər
Övladlarının qısa boylu olması bir çox valideynləri narahat edir. Çox vaxt boyun qısalığı uca boyda olduğu kimi genetik səbəblərdən irəli gələ bilər. Lakin elə xəstəliklər var ki, boyun artmasına mane olur. Ona görə qısaboylu uşaqlar mütləq endokrinoloq tərəfindən müayinə edilməlidirlər.    
Az çəki və ya normadan aşağı boyla doğulan, yaxud da bətndaxili inkişafı yubanan uşaqlar ömürlərinin sonunadək qısa boylu qala bilərlər. Xromosom xəstəlikləri, məsələn Daun sindromlu uşaqlarda da boy defisiti müşahidə edilir. Lakin Terner sindromlu qızlar hormonal müalicə sayəsində orta boylu ola bilərlər.
 
Qısa boyun səbəbləri:

 – Genentik və konstitusion faktorlar;
 – Doğuş zamanı çəki və ya boy azlığı;
 – Emosional faktorlar;
 – Xromosom anomaliyaları;
 – Daxili orqanların funksional pozuntusu;
 – Bağırsaqlarda sovrulma pozuntusu;
 – Hormonal pozuntu.

Son zamanlar endokrin xəstəliklərdən danışarkən daha çox şəkərli diabet və ya zob xəstəlikləri vurğulanır. Lakin boy problemi əhəmiyyətinə görə digər endokrin problemlərdən heç də geri qalmır. Ümumiyyətlə, bizim əcdadlarımız hündürboy, cüssəli olublar, lakin son 50 ilə nəzər salsaq, bir millət kimi boyumuzun qısalmasının şahidi olarıq. Bunun səbəbləri hələ ki, müzakirə mövzusudur.
Əgər boyun uca olmasını arzulayırıqsa, bu zaman endokrinoloqun vaxtında müdaxiləsinə ehtiyac var. Boy uzanması epifizdəki sümükləşmə nöqtələrindən asılıdır. Yəni sümükləşmə nöqtəsi nə qədər açıq olsa, boyu bir o qədər də uzatmaq mümkündür.
Sümükləşmə nöqtələrinin bağlanması qızlarda təxminən 17, oğlanlarda isə 18 yaşına təsadüf edir və gənclərin bu qeyd olunan perioddan gec müraciət etməsi endokrinoloqların işini çətinləşdirir. Ona görə də artıq uşaq anadan olan gündən onun boyu nəzarət altında olmalıdır. Burada bir fərdilik də var – ola bilsin ki, 20-21 yaşlarında da boy artımı müşahidə edilsin.
 
 
Mənbə: Saglamolun.Az
 

0 şərh